İlham Əliyev. Əli xalqın
nəbzində olan islahatçı
Prezident
Azərbaycanın
və onun xalqının taleyinə görə məsuliyyət
İlham Əliyevin üzərinə gənc yaşlarında
düşmüşdü. Prezident seçiləndə onun 42
yaşı vardı. Müasir dünya tarixinə nəzər
yetirsək, bu yaşda dövlət başçısına
nadir hallarda rast gələrik. Şəkkaklar vardı: bacaracaqmı?
Bacardı. Zamanın çağırışı və
xalqın seçimi ilə ona həvalə olunan bu
missiyanın öhdəsindən heyrətamiz dərəcədə
uğurla gəldi.
İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan 16 illik prezidentlik dövrü...
Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik
o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi
baxışları bu məktəbdə formalaşıb.
İdarəetməni dahi siyasi xadim, müasir
müstəqil dövlətimizin banisi, xalqımızın ulu
öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham
Əliyevin bir çox çıxışlarında
qırmızı xətt kimi keçir. Onu
dünya liderlərindən fərqləndirən ən
üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə
olmasıdır. Müsahibələrindən birində
deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın
nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək
və əlbəttə qərarların yerinə yetirilməsinə
nəzarət etmək imkanı verir”.
Adı tariximizə islahatçı lider, inkişaf
etmiş Azərbaycan dövlətinin qurucusu kimi
düşmüş Prezidentimizin həyat yolunun bəzi səhifələrini
birlikdə vərəqləyək.
MDBMİ-nin ən gənc məzunu və
müəllimi
Valideynləri onu məktəbə 6 yaşı tamam
olmamış göndərmişdilər. Orta məktəbi
bitirəndə isə 16 yaşı tamam olmamışdı.
Bu yaşda pasport verilmədiyindən İlham Əliyev
Moskvaya, ali məktəbə qəbul
olunmağa arayışla getmişdi. İmtahanları
uğurla verərək elə ilk cəhddə nüfuzlu ali məktəblərdən sayılan Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
(MDBMİ) ən gənc tələbəsi adını
qazandı. İlk müstəqil həyat və
ünsiyyət təcrübəsinə burada yiyələndi.
İnstitutu bitirəndən sonra SSRİ-nin xarici ölkələrindən
birindəki səfirliyinə təyinat alsa da, MDBMİ-də
qalmağa üstünlük verdi. Aspiranturaya daxil oldu, dissertasiya müdafiə etdi və
23 yaşında alma-materdə müəllim işləməyə
başladı.
Ümumiyyətlə,
İlham Əliyevin həyatının 15 ili
MDBMİ ilə bağlı olub. Həmin dövrü unudulmaz
illər adlandıran İlham Əliyev Rusiya telekanallarına
müsahibəsində belə deyib: “Tələbəlik illəri
hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm
qoymaq illəridir. Həmin illər mənə
bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi
idi”.
Prezident
İlham Əliyevin sözügedən müsahibəsi mənə
Ulu Öndərimizin öz siyasi varisi barədə 16 il əvvəl dediyi sözləri
xatırlatdı: “O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsdir”.
İlham Əliyevin sonrakı siyasi fəaliyyətində,
kamil dövlət xadimi kimi formalaşmasında MDBMİ-də
yiyələndiyi bilik və təcrübə, oradakı
ab-hava mühüm rol oynayıb. Bu nüfuzlu institut da,
öz növbəsində, məzunları arasında ilk
Prezident olan İlham Əliyevlə qürur duyur. Bununla
bağlı araşdırma apararkən MDBMİ-nin sabiq rektoru
Nikolay Lebedevin İlham Əliyevə müraciətlə dediyi
bu sözlərə rast gəldim: “Mən Sizə həmişə
beş vermişəm. Siz bu
qiymətə çiçəklənən dövlətin rəhbəri
kimi də layiqsiniz”.
Məncə, İlham Əliyevin tələbəlik illərini
və Prezidentlik fəaliyyətini ikicə cümlə ilə
bu qədər dəqiq səciyyələndirən digər
lakonik ifadə tapmaq çətindir.
Çətin neft
danışıqları və
opponentləri inandırmaq məharəti
Azərbaycan müstəqilliyin ilk illərində
ağır iqtisadi böhran yaşayırdı. Heydər
Əliyevdən əvvəl iqtidarda olanlar ona ağır miras
qoymuşdular. Dövlət xəzinəsi
boş idi. Belə vəziyyətdə heç bir iş
görmək mümkün deyildi və ümid yalnız dənizin
dibindəki neftə qalırdı.
Ulu Öndər çox böyük uzaqgörənliklə
xarici şirkətləri Xəzər neftinin
çıxarılmasına cəlb etməyə
çalışırdı. Lakin o vaxt Azərbaycan
riskli ölkə sayılırdı. Ulu
Öndərin Vətəni və xalqı qarşısında
tarixi xidmətlərindən biri də əcnəbi
investorları Azərbaycana sərmayə yatırmağın
hədər getməyəcəyinə inandırması oldu.
Danışıqlar isə çətin gedirdi. Tərəflərdən
hər biri öz marağından çıxış edirdi.
1994-cü ilin martında Bakıda başlayan
danışıqlar sonralar İstanbulda və Hyustonda davam
etdirildi. Qarşı tərəf çox
ağır şərtlər qoyurdu. Hətta
belə bir şərt irəli sürülmüşdü ki,
Azərbaycan Rusiya ilə razılaşıb Xəzərin
hüquqi statusunu həll etməsə, danışıqlar
dayandırılacaq. Status məsələsinin
həlli isə bir-iki ilin işi deyildi. Bu barədə məlumat
alan Ulu Öndər o vaxt Dövlət Neft
Şirkətinin xarici əlaqələr üzrə
vitse-prezidenti vəzifəsində işləyən İlham
Əliyevi Vaşinqtona göndərdi. O, okeanın o tayında
çox faydalı görüşlər keçirib məsələni
yoluna qoydu.
Uzun illərin müşahidələri göstərir
ki, İlham Əliyev şəxsi xidmətlərini
qabartmağı xoşlamır. Neft
danışıqlarında iştirakı barədə də
nadir hallarda danışır. Bu yaxınlarda “Əsrin
müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən
mərasimdəki çıxışında yalnız onu dedi
ki, Amerikanın Hyuston şəhərində bir aydan çox
davam edən danışıqlar həlledici rol oynadı:
“Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim
dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə,
Valeh Ələsgərov, mən və digər əməkdaşlar
çalışırdıq investorları inandıraq ki, Azərbaycana
sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və
Azərbaycana bu gün sərmayə qoyan sabah böyük
fayda görəcək. Belə də oldu.
“Əsrin kontraktı”nın icrasına
qoyulmuş sərmayə artıqlaması ilə
qaytarıldı. Xarici investorlar milyardlarla dollar
gəlir əldə etdilər. Azərbaycan
dövləti yüz milyard dollardan çox gəlir əldə
etdi”.
Danışıqların
iştirakçısı olmuş Xoşbəxt Yusifzadə
xatırlayır: “Nəzərə almaq lazımdır ki, o
vaxt müstəqillik yoluna təzəcə qədəm
qoymuş Azərbaycanda neftçi mütəxəssislərin
xarici şirkətlərlə danışıqlarda kifayət
qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq
Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi
almış və sonra da həmin institutda dərs demiş
İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini
gözəl bilməsi, tərəfdaşlarımızla
birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən
çıxış yollarını tapmaq və gərginliyi
aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli
şəxslərlə görüşlərdə də
özünü göstərdi”.
Beləliklə, “Əsrin müqaviləsi” adını
almış həmin neft kontraktı Azərbaycanı
inkişaf yoluna çıxardı və neft sənayesinin,
bütövlükdə ölkənin sonrakı taleyində həlledici
rol oynadı.
Kontrakt çərçivəsində “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan indiyədək 500 milyon ton neft
çıxarılması, iki il əvvəl
kontraktın müddətinin 2050-ci ilədək
uzadılması 1994-cü ildə nə qədər
düzgün qərar qəbul edildiyini bir daha təsdiqləyir.
Zamanın
çağırışı və xalqın müdrik
seçimi
On
altı il əvvəl Azərbaycan
zamanın yeni çağırışı ilə
üz-üzə qalarkən xalqımız növbəti dəfə
müdrik seçim edərək, gələcək taleyini Ulu
Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi. Sözsüz ki, bu seçim Heydər Əliyev
kursunun uğuru ilə yanaşı, onun varisinə inam və
etimaddan qaynaqlanırdı.
İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək
olar? Bir
cümlə ilə desək, bu illər ərzində Azərbaycan
qədər inkişaf edən ikinci ölkə olmayıb: istər
iqtisadi-sosial və siyasi baxımdan, istərsə də idarəçilik
sisteminin təkmilləşdirilməsi və islahatların
dinamizmi baxımından.
Digər baxış bucağından yanaşsaq, bu illər
ərzində Azərbaycanın modernləşərək yeni
keyfiyyət mərhələsinə qədəm qoyduğunu
görəcəyik. Ölkə həyatının
bütün sahələri yenilənərək tanınmaz dərəcədə
dəyişib. Bu yeniləşmə
xalqın rifah halının davamlı olaraq yüksəlməsi,
mövcud problemlərin böyük qisminin həlli ilə
müşayiət olunub, dövləti və xalqı vahid
platformada birləşdirib.
Gözlərimiz qarşısında baş verən
misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər
– neft, qaz, bərəkətli torpaqlar hesabınamı
mümkün olub? Yox, nefti və qazı Azərbaycandan
qat-qat çox olan ölkələr var ki, səfalət
içərisində yaşayır, münaqişələr
girdabında boğulur.
Söhbət, ilk növbədə, liderin həlledici
rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət
siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik
və prinsipiallıq, yüksək idarəçilik və
humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas
olan liderlik keyfiyyətləridir. Azərbaycanın
inkişafı, milli maraqlarımızın yüksək səviyyədə
qorunması və təmin edilməsi dövlətimizin
başçısının bu və digər ali
keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı
zamanın çağırışlarına məharətlə
uyğunlaşdıra bilib.
Prezident İlham Əliyev öz əsas vəzifəsini
xalqına xidmətdə görür və hər bir məmurdan
da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində
Azərbaycan vətəndaşı, onun qayğıları
dayanır. Elə buna görə də
xalq öz liderinə bütün zamanlarda böyük dəstək
göstərib və göstərir. Bunu
son bir ildə keçirilən rəy sorğuları əyani
şəkildə təsdiqləyir.
Etimad əmsalı və daim yüksələn
reytinq
Dünya praktikasına nəzər salsaq, prezident
seçkilərindən sonra liderlərin reytinqinin adətən
aşağı düşdüyünü görərik. Bu, onunla izah
olunur ki, dövlət başçıları
seçkiqabağı vədlərinin heç də
hamısını yerinə yetirə bilmir, yaxud cəmiyyətin
mənafeyi və maraqları ilə toqquşan addımlar
atırlar. Onların fəaliyyətinin bəyənilmə
əmsalı ən yaxşı halda 50-60 faizdən yuxarı
qalxmır.
Prezident İlham Əliyevin reytinqi isə sabit və kifayət
qədər yüksəkdir. Fransanın “Opinion Way” sosioloji tədqiqat
institutunun Azərbaycanda son prezident seçkilərindən bir
il sonra keçirdiyi rəy sorğusunun
(2019-cu ilin apreli) nəticələri əhalinin 85 faizindən
çoxunun İlham Əliyevin rəhbərliyi ilə
görülən işləri dəstəklədiyini göstərdi.
Prezidentin seçkiqabağı vədlərinin yerinə
yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin
75,6 faizi müsbət cavab verdi. İnstitutun rəhbəri Brüno Jaubar etiraf edir ki,
sorğu azərbaycanlıların öz siyasi rəhbərliyindən
çox razı olduğunu birmənalı şəkildə təsdiqlədi.
Azərbaycan Prezidentinin fəaliyyəti ilə
bağlı daha bir rəy sorğusu bu yaxınlarda Sosial Tədqiqatlar
Mərkəzi tərəfindən aparılıb. Sorğu
zamanı, ümumilikdə, 1316 respondentdən İlham
Əliyevin oktyabr ayındakı fəaliyyətini qiymətləndirmək
xahiş olunub. Onların 77,5 faizi
ölkə Prezidentinə inam və etimadın daha da
artdığını, 18,1 faizi həmişəki inam və
etibarın qorunub saxlanıldığını bildirib:
üst-üstə 95,6 faiz.
Digər suallara verilən cavablar da maraq doğurur. Məsələn, Azərbaycanda
həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və
bu sahədə Prezidentin son bir ildə apardığı islahatları
respondentlərin 90,5 faizi, bölgələrin
inkişafı üzrə görülən işləri isə
93,1 faizi müsbət qiymətləndirib.
Ölkəmizdə mövcud ictimai-siyasi və
sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını respondentlərin
80 faizindən çoxu Prezident İlham Əliyevin fəaliyyətinin
ən uğurlu nəticəsi kimi dəyərləndirib. Bu yüksək qiymətin səbəbi
adi gözlə görünə biləcək qədər
aydındır: regionda və dünyada bir çox mənfi
proseslər yaşanmasına baxmayaraq, Azərbaycan öz
dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı
və rifahı naminə bütün zəruri addımlar
atılıb, ardıcıl tədbirlər görülüb.
Ekspertlər Prezident İlham Əliyevin müsbət
imicini şərtləndirən amillər sırasında
2018-ci ilin aprelindən 2019-cu ilin aprelinədək olan dövrdə
həyata keçirilən struktur və kadr
islahatlarını, dövlət idarəetməsinin səmərəsinin
artırılması və şəffaflaşdırılması,
cəmiyyəti narahat edən mənfi halların aradan
qaldırılması istiqamətində atılan ciddi
addımları xüsusi qeyd edirlər.
Vədlə işin vəhdəti
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, dövlət
başçılarının reytinqinə birbaşa təsir
edən ən mühüm amil seçkiqabağı vədlərə
nə dərəcədə əməl olunmasıdır.
“Opinion
Way” sosioloji tədqiqat institutunun bununla bağlı
sualını rəyi soruşulanların 75,6
faizi müsbət cavablandırıb. Bu qiymət
təbii ki, sözlə əməlin vəhdətindən
qaynaqlanır, Prezident İlham Əliyevin indiyədək
verdiyi heç bir vəd söz olaraq qalmayıb. Xatırlayırsınızsa, neft gəlirlərinin
kəskin şəkildə azaldığı, dünyanın
qlobal maliyyə böhranı ilə üzləşdiyi
vaxtlarda belə, Azərbaycanda sosial proqramların
hamısı icra edilib. İlham Əliyev
başladığı hər bir işi uğurla başa
çatdırmağa nail olub. Azərbaycanın
təşəbbüsü və iştirakı ilə həyata
keçirilən transmilli energetika və nəqliyyat layihələrini,
ölkəmizin azsaylı kosmik dövlətlər
sırasına daxil olmasını da bura əlavə etsək,
mənzərə daha da aydınlaşar.
Əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti
düşündürən hər bir məsələdə
xalqla həmrəylik nümayiş etdirərək
qaldırılan məsələlərin həlli ilə
bağlı operativ tədbirlər görüb. Çoxlarının
yadında olar, İlham Əliyev 2003-cü ildə ilk dəfə
Prezident seçilərkən 600 mindən çox iş yeri
yaradılacağını bildirmişdi. O vaxt bəziləri
buna fantastika kimi baxırdı. Prezident bu vədini
də yerinə yetirdi. Bu gün ölkəmizdə
işsizlik 45 faizdən 5 faizə, yoxsulluq 50 faizdən 5 faizə
enib.
2000-ci ilin əvvəllərində bölgələrin
elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu, məktəblərin,
xəstəxanaların vəziyyəti qənaətbəxş
deyildi.
Prezident əhalini narahat edən bu məsələlərin
tezliklə yoluna qoyulacağını dedi. Çox
gözləmək lazım gəlmədi. Hazırda
ölkə ərazisinin 95 faizi qazlaşdırılıb.
On altı ildə 16 min kilometrə yaxın yol
çəkilib. Üç mindən
çox məktəb tikilib, 600-dən çox tibb müəssisəsi
yenidən inşa olunub və ya təmir edilib. Bu müddətdə 30-dan çox elektrik
stansiyası istifadəyə verilib və Azərbaycan elektrik
enerjisi ixrac edən ölkəyə çevrilib.
İlham Əliyev Prezident seçildiyi ilk gündən
ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə
söz vermişdi. Demişdi ki, hər bir vətəndaşın
Prezidenti olacaq. Bu və digər vədlərin
hər biri əməli işlərlə tamamlanıb.
Azərbaycan heç vaxt tarixdə bu qədər
güclü, bu qədər müstəqil və azad
olmayıb. Bu güclü, sözün hər bir mənasında,
müstəqil, gündən-günə modernləşən
Azərbaycan İlham Əliyevin əsəridir.
Skeptiklərə cavab: iş və nəticə
Adətən yeni ideya, yaxud təşəbbüs irəli
sürüləndə buna şübhə ilə baxanlar çox
olur, xüsusən belə bir ideya ilə Azərbaycan kimi yeni
formalaşan kiçik bir ölkə çıxış
etdikdə. Vaxtilə Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan
neft kəməri ideyasının necə
qarşılandığını yadınıza salın.
Skeptiklər Azərbaycandan Aralıq dənizinə
boru kəməri çəkilməsini xəyal
adlandırırdılar. Ona hətta
üç dəniz əfsanəsi adı verilmişdi.
Yaxud Prezident İlham Əliyevin ideyası olan Cənub
Qaz Dəhlizi layihəsini götürək. TANAP boru kəmərinin
çəkilməsi təşəbbüsünə də
eyni skeptik yanaşma müşahidə olunurdu. Fikir vermişdinizsə, bunun baş tutmayacağı
ilə bağlı çox söz-söhbət gedir, məqalələr
yazılırdı.
Həmin məqam Çin televiziyası müxbirinin də
diqqətindən yayınmamışdı. Çinli müxbirin bu barədə
sualını cavablandıran Prezident İlham Əliyev dedi ki,
Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında
uzunluğu təxminən 2 min kilometr olan boru kəməri
çəkilməsi ilə Azərbaycan skeptik
düşüncəni darmadağın etdi. Həmin
layihə başlayanda Azərbaycan indi olduğu qədər
güclü deyildi, xarici maliyyə dəstəyindən
çox asılı idi. Buna baxmayaraq, layihə
uğurla başa çatdırıldı.
Cənub
Qaz Dəhlizinə gəlincə, o, daha böyük layihədir:
7 ölkəni əhatə edən, dəyəri 40 milyard
dollar olan bu layihədə 10-a yaxın beynəlxalq bank,
çoxsaylı şirkətlər iştirak edir. “Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi,
texniki çətinliklər, maliyyə mürəkkəbliyi
və digər məsələlərlə bağlı
çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu
başlamışıqsa, bunu edəcəyik. İndi
demək olar ki, həmin layihə tamamlanmaq üzrədir.
Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil,
atdığımız addımlarla, gördüyümüz
işlərlə cavab verməliyik”, - deyə Azərbaycan
Prezidenti müsahibəsində vurğulayırdı.
Təbii ki, bu gün skeptiklərin səsi eşidilmir. Xüsusən
Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin
açılışı Azərbaycanın gücünü
və qərarlılığını bir daha nümayiş
etdirdi.
Ümumiyyətlə, Azərbaycanın
başlatdığı və ya qoşulduğu bütün
layihələr onun tərəfindən tamamlanıb. İki il
əvvəl Bakıda Türkiyə və Azərbaycanı, Mərkəzi
Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin açılışı oldu. Avropa
və Cənub-Şərqi Asiya arasında sürətli və
sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi
daşıyan digər mühüm layihənin - Şimal-Cənub
nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi
demək olar yekunlaşıb.
Skeptik və
qərəzli yanaşma Azərbaycanın ev
sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlər ərəfəsində
də özünü göstərirdi. Belələrinə
cavab yenə iş və uğurlu nəticə ilə verildi.
Siyahı yetərincə zəngin və çoxspektrlidir:
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu,
BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu,
Dünya Dini Liderlərinin Sammiti, həmçinin birinci Avropa
Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Forumula 1
yarışları...
Mövzunu
yekunlaşdırarkən onu da qeyd etməyi lazım bilirəm
ki, bir müddət əvvəl Bakıda yüksək səviyyədə
təşkil olunan Qoşulmama Hərəkatının Zirvə
Görüşü dünyada güclü əks-səda
doğurdu, skeptiklərə də, bədxahlarımıza da
növbəti tutarlı cavab oldu.
Yerində və vaxtında deyilən
söz
Son 16 ildə biz möhtərəm Prezidentimizin bir
çox beynəlxalq tribunalarda cəsarətli, dərin məntiqə
söykənən çıxışlarının
şahidi olmuşuq. İlham Əliyev ikili standartları
çəkinmədən tənqid edir, milli maraqları qətiyyətlə
qoruyur. Liderin qətiyyətinin, iradəsinin
nəticəsidir ki, ən ağır vəziyyətlərdə
belə Azərbaycan heç kimin qarşısında baş əymir,
sözünü cəsarətlə və açıq deyir.
Yerində və vaxtında deyilən söz, əlbəttə,
daha kəsərli, daha təsirli olur. Çox da uzağa
getmədən son vaxtlar baş vermiş iki hadisəni
xatırlamaq kifayət edər. Ermənistanın
baş naziri Paşinyan Dağlıq Qarabağın mənsubiyyəti
ilə bağlı sərsəm fikirlər səsləndirmişdi.
Azərbaycan Prezidenti ona cavab verməyə tələsmədi,
bunun üçün münasib məqam gözlədi.
Nəhayət, belə bir məqam yetişdi. İlham Əliyev
sözünü Rusiyada, “Valday” Diskussiya Klubunun tribunasından
dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Mötəbər tribunada, canlı efirdə deyilən
bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır.
Azərbaycanın lideri münaqişə ilə
bağlı haqlı mövqeyindən bir addım da geri
çəkilən deyil.
Ermənistan rəhbərliyinin əsl mahiyyətini
açıb göstərən, ifşa edən növbəti
bəyanat bir neçə gün sonra Aşqabadda, MDB dövlət
başçılarının zirvə görüşündə
səsləndi. Azərbaycan Prezidenti diqqəti Ermənistanda
nasist Qaregin Nijdeyə ucaldılmış abidəyə
yönəltdi. Dedi ki, MDB məkanında faşistlərə
abidələr ucaldılması yolverilməzdir və
Yerevandakı abidə sökülməlidir. İlham
Əliyevin səsləndirdiyi bu fikir ətrafında hələ
də müzakirələr gedir, Ermənistan rəhbərliyinin
mövqeyi pislənir.
Dünyada artmaqda olan islamofobiyanı kəskin tənqid
edən İlham Əliyev müsəlman və İslam həmrəyliyinə
inadlı çağırışları ilə də yadda
qalıb.
Bununla bağlı son çıxışlarının birində
səsləndirdiyi fikir hamımızın ürəyindən
xəbər verdi: “Mən müsəlman
ölkələrinə dəfələrlə müraciət
etmişəm. Açıq müraciət
etmişəm ki, siz Ermənistanla necə
qucaqlaşırsınız? Siz bunların
liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü
ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir
etdilər? Gedin, baxın, o şəkillər var, onlar
Ağdam məscidini, Şuşa məscidlərini,
işğal edilmiş digər torpaqlardakı məscidləri
nə günə qoydular? Bu, axı təkcə
bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin
məscidləridir. Buna necə göz
yummaq olar?”
İnqilabi islahatlar və brend
layihə olan “ASAN xidmət”
Bu gün dünya İlham Əliyevi islahatçı
Prezident kimi tanıyır və qəbul edir. Dünya
Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən
islahatçı 20 ölkə sırasında yer alıb.
Davos Ümumdünya İqtisadi Forumunun
hesabatında hökumətin uzunmüddətli strategiyasına
görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara
meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir.
Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin
şüurlu seçimi olan islahatların bilavasitə
şahididir, onun müsbət nəticələrini gündəlik
həyatda hiss edirlər. Son bir ildə isə islahatlar daha dərin,
inqilabi xarakter alıb. Dövlətimizin
başçısı bunun anonsunu 2018-ci ilin aprelində,
prezident seçkiləri ərəfəsində vermişdi:
“Gələcəkdə əsas məsələ yenə də
idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin
səmərəsinin artırılması, sahibkarlar və
iqtisadiyyatın şaxələndirilməsi üçün
daha yaxşı şərait yaradılması olacaq”.
Bakı Dövlət Universitetinin 100 illik yubileyində
çıxışı zamanı da islahatların önəmini
vurğulayan Prezident İlham Əliyev bu sahədə daha
böyük addımlar atılacağını bildirdi. Çox
keçmədən dövlət idarəçiliyi sistemində
növbəti köklü islahat və kadr dəyişiklikləri
aparıldı. Ardınca V
çağırış Milli Məclis buraxıldı və
parlamentə yeni seçkilər təyin olundu.
Hər bir islahatın inkişafa və xalqın
rifahına xidmət etdiyi göz qabağındadır. Bir fakta diqqət yetirmək
kifayət edər: son iqtisadi islahatlar nəticəsində təkcə
bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox əlavə
gəlir daxil olub. Həmin vəsait sosial sahəyə,
əhalinin rifahına yönəldilib.
Reallaşdırılan böyük sosial paket 4,2
milyon nəfərdən çox insanın büdcəsinə
müsbət təsir edib. Minimum əməkhaqqı
iki dəfə, minimum pensiya 70 faiz artırılıb. Tələbələrin təqaüdlərində,
məcburi köçkünlərə verilən sosial
yardımlarda da əhəmiyyətli artımlar olub.
Daha bir məqam
diqqət çəkir: həyatın bütün sahələrini
əhatə edən, dünyada maraqla qarşılanan
islahatların təşəbbüskarı Prezidentin
özüdür. İlham Əliyevin
mühüm təşəbbüslərindən olan “ASAN xidmət”
Azərbaycanın intellektual brendi kimi dünyaya səs
salıb. Əhalinin gündəlik təmasda olduğu
xidmət sektorunda korrupsiyaya, rüşvətxorluğa,
bürokratiyaya, süründürməçiliyə sipər
çəkən “ASAN xidmət” sıradan bir layihə deyil,
mahiyyət etibarilə bütün ölkədə vətəndaş
məmnunluğu doğuran, ictimai şüurda inqilabi dəyişikliklər
yaradan köklü islahatdır. Son rəy sorğularına əsasən,
vətəndaşların xidmətdən məmnunluğu 99,4 faiz təşkil edir. Şəbəkəsi
getdikcə genişlənən “ASAN xidmət” mərkəzlərinə
indiyədək 34 milyondan çox müraciət olub. Həm məmnunluq əmsalı, həm də
müraciətlərin sayı layihənin çox
böyük səmərəsindən xəbər verir.
Ailə ocağı və uğura
yol
Prezident İlham Əliyev müsahibələrinin birində
asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat
üçün enerjini məhz ailəsində
aldığını deyib. Bu da öz sözüdür: “Mən
o insanlardanam ki, işə sevinə-sevinə gedir və
işdən evə sevinə-sevinə qayıdıram”.
İlham Əliyev və Mehriban xanım uzun illərdir həyat
yollarında birgə addımlayırlar. Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan,
yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan
birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini,
rəğbətini qazanıb. Onun 15 ildir
ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz
mühüm proqramları, bənzərsiz layihələri ilə
ölkəmizin inkişafına dəyərli töhfələr
verir. Bu illər ərzində “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı çərçivəsində
üç mindən çox məktəb binası əsaslı
təmir olunub və ya yenidən tikilib. Fondun
xətti və dəstəyi ilə minlərlə insan tibbi
müalicə alıb. Fond, həmçinin
maddi-mənəvi irsimizin qorunmasında əvəzolunmaz rol
oynayır. Odur ki, Mehriban Əliyevanın
Birinci vitse-prezident təyin olunması gördüyü
işlərin məntiqi nəticəsi kimi rəğbətlə
qarşılandı.
Mehriban xanım Prezidentin ən yaxın
silahdaşıdır. Birinci xanım kimi üzərinə
düşən missiyanın məsuliyyətini dərindən
dərk edərək ölkə üçün
taleyüklü məsələlərin həllində
dövlətimizin başçısına çox
böyük dəstək verir. Hesab edir ki,
dövlət qurumlarında çalışan hər kəs
gündəlik fəaliyyətində “insanpərvərlik, mərhəmət,
qarşılıqlı hörmət,
mehribançılıq” kimi mənəvi dəyərləri
uca tutmalıdır və yalnız bu halda ən yüksək
qələbələr əldə etmək, ən
böyük zirvələrə qalxmaq olar.
Zənnimcə, İlham Əliyevin uğur yolu
başlanğıcını məhz ideal ailə
ocağından götürüb. O, zəmanəmizin dahi siyasi xadimlərindən
biri olan Heydər Əliyevin və görkəmli alimimiz Zərifə
Əliyevanın əlindən su içib, onların tərbiyəsini
görüb. Sonradan tale ona Mehriban xanım kimi əsil-nəcabətli,
həssas qəlbli, mənən zəngin ömür-gün
yoldaşı nəsib edib. Prezidentin və
birinci xanımın ictimai-siyasi baxışları
üst-üstə düşür, bir-birini tamamlayır və
bu, Azərbaycanın uğurlarını şərtləndirən
amillərdən biridir. Birinci vitse-prezident
Mehriban Əliyevanın bu ilin noyabrında Moskvaya etdiyi
uğurlu səfər, RF Prezidenti Vladimir Putin və Baş
Nazir Dmitri Medvedevlə apardığı danışıqlar
onun beynəlxalq imicinin göstəricisi kimi diqqət çəkir.
Ulu Öndərimiz təcrübəsini zamanında
addım-addım öz varisinə ötürüb, ona
müxtəlif vəziyyətlərdə necə davranmaq
lazım gəldiyini öyrədib. Bunun nəticəsidir
ki, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham
Əliyev öz dövrünü, zamanı qabaqlayan, möhkəm
xarakterə malik kamil şəxsiyyət kimi yetişib və
bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə
atdığı hər bir addımda özünü göstərir.
O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik
adasına, müasir iqtisadiyyata malik ölkəyə,
dünyada söz və nüfuz sahibinə çevirib. Xüsusən nəhəng transmilli layihə olan
TANAP-ın reallaşması Prezident İlham Əliyevin
şöhrətini daha da artırıb. Onun
liderliyi ilə bağlı yalnız son bir ayda səsləndirilən
fikirlərə diqqət yetirək.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan: TANAP-ın
reallaşmasında qardaşım İlham Əliyevin
liderliyini unutmaq əsla mümkün deyil.
Gürcüstan
Prezidenti Salome Zurabişvili: TANAP layihəsinin həyata
keçirilməsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.
O, zəmanəmizin ən uğurlu liderlərindən biridir.
İordaniya
Kralı II Abdullah: Beynəlxalq arenada Siz çox vacib rol
oynayırsınız. Sizə regionda və
dünyada oynadığınız rolunuza görə təşəkkürümü
bildirirəm. Mən Sizin liderliyinizə,
ölkəmizə münasibətdə
xeyirxahlığınıza və dəstəyinizə hər
zaman arxalanıram.
Dünya liderlərinin dilindən bu sözləri
eşitmək çox xoşdur. Xalqımız və hər
bir qədirbilən azərbaycanlı zəmanəmizin ən
uğurlu liderlərindən biri olan, beynəlxalq arenada
mühüm rol oynayan Prezidenti ilə qürur duyur.
Çünki 16 il əvvəl başlayan
uğur yolu Azərbaycanı zirvədən-zirvəyə
aparmaqdadır...
Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin
sədri,
OANA-nın vitse-prezidenti
Xalq qəzeti.- 2019.- 21 dekabr.- S.3.