Əsrə bir il qalmış...

 

Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyi qarşısında

 

Dekabrın 14-də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 99 yaşı tamam oldu.Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ertəsi gün özünün “Facebook” səhifəsinndə maraqlı və səmimi bir status paylaşdı: “Sabahınız xeyir, uşaqlar, qalxın, yatmaq vaxtı deyil. Kimlərsə sərbəst işlərini, kimlərsə kurs işlərini və ya layihələrini təhvil verməli, tədris semestrinin sonunun hazırlıqlarını görməlidir. Artıq biz Aqrar Universitet olaraq 100 yaşa qədəm qoymuşuq. Bu fakt da bizdən daha məsuliyyətli olmağı tələb edir. Xoş həftə başlanğıcı arzusu ilə, Sizin İbrahim müəllim”.

 

Yeri gəlmişkən qeyd edək ki, İbrahim Cəfərov “Facebook”un fəal istifadəçisidir. Ali məktəb rektorları arasında bəlkə də yeganə şəxsdir ki, bu sosial şəbəkədə ən ciddi vacib ictimai-siyasi məsələlərlə bağlı müntəzəm olaraq öz mövqeyini gizlətmir, fikir irəli sürür, təşəbbüslərlə çıxış edir. Məhz bu və ya digər keyfiyyətlərə görə o, artıq 6-cı ildir ki, ­“Facebook” səhifəsinin “Azərbaycan universitetləri” sorğusunun qalibi olur və “İlin rektoru” seçilir.

...Beləliklə, Aqrar universitet yubiley yaşına qədəm qoyub. Qısaca da olsa, yaşı bir əsrə yaxınlaşan bu qocaman ali məktəbin tarixinə nəzər salaq.

1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə –  neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılır.

1929-cu ilədək fəaliyyət göstərmiş fakültədə tədris prosesini təmin etmək üçün Cənubi Qafqaza sürgün olunmuş bir qrup görkəmli rus və digər əcnəbi alim cəlb edilir. 1924-cü ildə ilk   buraxılış olur. Həmin dövrdə ölkəyə yüzlərlə kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan ayrıca bir ali məktəb yaradılması zərurəti yaranır. 

Kənd Təsərrüfatı İnstitutunun yaradılması məsələsi yalnız 1929-cu ildə gündəmə gəlir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. İnstitut 1931-ci ildə Gəncəyə köçürülür. Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun  (AKTİ) tərkibinə birləşdirilir.

Respublikada ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar ilk yubiley 1932-ci ildə keçirilir. Dar bir çərçivədə, AKTİ-nin özündə. Bu münasibətlə hətta 50 çap vərəqi həcmində 1000 nüsxə toplu da nəşr olunur.

1940-cı ildə yenə AKTİ-də bu ali məktəbin 20 illik yubileyi keçirilir. Kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə institutun bir qrup əməkdaşı Sovet  İttifaqının orden və medalları ilə təltif olunur.

1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə institutun 30 illik yubileyi də məhdud çərçivədə keçirilir.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etməyə başladıqdan sonra instituta diqqət və qayğı daha qabarıq hiss olunur. Təsadüfi deyil ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ümummilli liderin təşəbbüsü və təklifi ilə  cəmi bir həftə sonra, dəqiq desək, iyulun 22-də AKTİ-nin 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında Mərkəzi Komitənin və Nazirlər Sovetinin qərarı qəbul olunur. Bir qədər sonra yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə institut “Şərəf nişanı” ordeni ilə təltif edilir. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovet İttifaqının rəhbərliyi adından ali məktəbin kollektivinə təntənəli şəkildə təqdim edir.

Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamışdır. Onların arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər,türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur.

Bu ali məktəbin məzunları arasında yüzlərlə görkəmli alim və siyasi xadimlər, SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatları, Sosialist Əməyi qəhrəmanları olub. İndiyədək məzunlardan 14 nəfəri AMEA-nın həqiqi üzvü, 9 nəfəri isə müxbir üzvü seçilmişdir.

Bu gün ADAU-nun 6 fakültə və 32 kafedrasında bakalavriat, magistratura və doktorantura səviyyələrində 34 ixtisas və 72 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır. Onların tədrisi ilə təqribən 500 nəfərlik çox professor-müəllim heyəti məşğul olur.

Son illər universitet çox inkişaf edib. Xarici ölkələrdən gələn qonaqlar öz heyrətlərini gizlətmir, “bizdə belə bir şərait yoxdur” – deyirlər. Bütün bunları universitetin rektoru İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ali məktəbə göstərdiyi sonsuz diqqət və qayğı ilə əlaqələndirir.Söhbət zamanı professor fikrini konkret rəqəmlərlə və faktlarla bir daha təsdiqlədi:

Ñənab Prezidentimizin aqrar sahəyə və təhsilə qayğısı sayəsində 2014-2018-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yenidən qurulmuş, tədris binaları əsaslı təmir olunmuş, yeni korpuslar inşa edilmişdir. 

Prezidentimizin Gəncəyə səfəri çərçivəsində çoxsaylı sosial-mədəni obyektlərlə yanaşı, 2016-cı il fevralın 17-də birinci, 2017-ci il noyabrın 10-da isə ikinci “Tələbə evi”nin açılışlarında şəxsən iştirakı, xoş sözlər söyləməsi, universitetimizin gələcək inkişafı naminə tövsiyələri ADAU ailəsini daha yaxşı işləməyə ruhlandırmışdır. Həmin açılış zamanı xahişimizi nəzərə alaraq dərhal göstəriş verməsi və aqronomluq fakültəsi üçün yeni tədris korpusunun tikintisinə vəsait ayrılması bir daha göstərdi ki, cənab Prezident kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi naminə əlindən gələn köməyi əsirgəmir. Artıq yeni korpus bu günlərdə öz qapılarını tələbələrin üzünə açacaqdır. Eyni vaxtda 2500 tələbənin dərs keçməsinə şərait yaradan belə bir bina harada var?! Bütövlükdə, dünya standartları səviyyəsində inşa edilmiş binalar, yataqxanalar tələbələrin normal təhsili və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynamaqla yanaşı,əcnəbilərin də universitetə cəlb olunmasına şərait yaradır...

Rektor danışdıqca gözləri işıqlanır, “xoşbəxtəm ki, arzuladığım, xəyallarımda yaşatdığım işləri cənab Prezidentimiz gerçəkləşdirdi”- deyir.

Son illər universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində əsaslı müsbət dəyişikliklər baş verir. Bir vaxtlar 150- 200 balla universitetə daxil olmaq mümkün idisə, bu gün hətta 300, 400 bal toplayan abituriyent istəyinə nail ola bilmir. Hazırda 400-650 arasında bal toplamış abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayı xeyli artmışdır. Bu, onunla əlaqədardır ki, universitetdə bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxsaylı mərkəzlər, müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalar, kabinələr, rahat yaşayış üçün nümunəvi yataqxanalar yaradılmışdır. Bununla yanaşı, universitetdə vaxtaşırı olaraq müxtəlif mövzularda müsabiqələr, yarışlar, sərgilər keçirilir, tələbələr layihələrdə iştirak edir, qaliblər mənəvi və maddi cəhətdən mükafatlandırılırlar. Universitetin xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələri olduğundan həmin universitetlərdə tələbələrə təhsil almaq imkanı yaradılır.

Rektorla birlikdə universitetin tədris-təcrübə təsərrüfatına getdik. Nələr yoxdur?! Təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib. Açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar tikilib. Auditoriyalar bütün avadanlıqlarla tam təmin edilib. Ərazinin yolları abadlaşdırılb və tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib, növbəli otarma sistemi yaradılıb. Hara baxırsan yaşıllıqdır, asfalt yollar diqqəti cəlb edir. Halbuki bu təsərrüfat əvvəllər baxımsız vəziyyətdə olub və deməli tələbələrin təcrübə keçməsi də formal xarakter daşıyıb. Şərait olmayan yerdə nə təcrübə?

Səksən hektarlıq bir ərazi gözəl istirahət parkını xatırladır. Eyni zamanda, burada qoyunçuluq və maldarlıq kimi iki böyük ferma inşa edilib. Rektor deyir ki, daha 5 hektarın bir hektarında “ağıllı bağ” salınır, qalan 4 hektarda isə Türkiyədən gətirilən və tez məhsul verən meyvə tingləri əkilir.  Burada axar su ilə yanaşı, 4 subartezian quyusu əsaslı şəkildə təmir edilib və istifadəyə yararlı hala gətirilib. Bunula yanaşı, 110 tonluq ehtiyat su hovuzu da tikilib. Bütün bunlar eyni vaxtda 100 nəfər tələbənin burada təcrübə keçməsinə, tədqiqat işləri aparmasına imkan yaradır.

Ümumiyyətlə, universitetin tədris auditoriyaları da dünənki auditoriyalar deyil. Hər cür şəraiti var. Onların da bir çoxuna baş çəkdik. Mühəndislik korpusunun uzun illər baxımsız qalmış yarımzirzəmisində elə təmir-bərpa işləri aparılıb ki, heyran qalırsan. Burada 20-dək auditoriya, kabinet yaradılıb, hər biri dünyanın ən məşhur şirkətlərinin istehsal etdiyi avadanlıqlarla təchiz olunub. Gördüklərimdən, sözün həqiqi mənasında, heyrətlənərək rektora yarızarafat, yarıciddi dedim:  – “Adam az qalır yenidən tələbə olsun”.

Universitet burada özünün internet televiziyasını da yaradıb, nəfis şəkildə studiya təşkil olunub,  müxtəlif müasir, zəruri avadanlıqla təchiz edilib. Hər gün bir-birindən maraqlı, məzmunlu, başlıcası tələbələr üçün gərəkli olan verilişlər hazırlanır. İbrahim müəllim deyir ki, kənd təsərrüfatı naziri İnam Kərimov bizə hər bir işdə dəstək olur, kömək göstərir.

Məlumat üçün qeyd edək ki, 2013-cü illə müqayisədə bu gün ADAU-da hər 4 tələbəyə bir kompüter dəsti düşür ki, bu rəqəm də ölkənin ali təhsil müəssisələri arasında ən yüksək göstəricilərdəndir.

Son 7 ildə professor-müəllim heyətinin tərkibi gənc, perspektivli və xarici dilli mütəxəssislər hesabına nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır. 6 minədək tələbəsi olan ADAU-da Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 6 ixtisasda isə ingilis dillərində tədris aparılır. Hazırda 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq olunmuş  Qaydalar”ın tələblərinə uyğun olaraq, bu il 7 xarici ölkədən 65 əcnəbi gənc müxtəlif ixtisaslar üzrə bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuşdur.

Aqrar sektoru kamil mütəxəssislərlə təmin etmək üçün bu gün universitetdə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlıgına daha çox diqqət yetirilir.   Kənd yerlərində aqronoma, torpaqşünasa, aqrokimyaçıya, baytar həkiminə, zoomühəndisə, meşəçiyə, aqromühəndisə və digərlərinə indi böyük ehtiyac duyulur.

Ölkə Prezidentinin tapşırığına əsasən 2018/2019-cu tədris ilindən  qəbul imtahanlarında 500 və 400-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına   qəbul olunmuş tələbələrə müvafiq olaraq 200 və 100 manat əlavə təqaüd verilir. Bununla yanaşı, Elmi Şuranın qərarına əsasən qeyri- kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilir.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən daim diqqət və qayğı göstərilir . Belə ki, sessiyaların yekunlarına görə fənlərdən 100 bal toplayanların aylıq təqaüdlərinə 100, 80 və 60 manat məbləğində  əlavələrin edilməsi, ingilis dilli ixtisaslarda təhsil alanlara 70 manat məbləğində aylıq yardımlar edilməsi  artıq ənənə şəklini alıb.

Universitetdə ustad dərslərinə də ciddi önəm verilir. ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohammad Babadoost tərəfindən nəzəri və praktiki formada keçirilən dərslərdə aqronomluq fakültəsinin tələbələri və professor-müəllim heyəti, fermerlər, torpaq mülkiyyətçiləri və iş adamları iştirak edirlər.

Yeni zelandiyalı baytar həkimi, Beynəlxalq dərəcəli ekspert Brayan Maylston baytarlıq təbabəti və zoomühəndislik fakültəsində üç aylıq fəaliyyəti dövründə baytarlıq cərrahiyyəsi, mamalıq , ginekologiya və patoloji anatomiya fənlərindən mühazirələr və laboratoriya məşğələləri aparmışdır.

Bu ilin aprel ayında Təhsil Nazirliyində ADAU ilə Türkiyə Respublikasının Ege Universiteti arasında niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir.

Peşəyönümü məqsədilə Gəncənin əksər orta məktəblərinin yuxarı sinif şagirdləri öz müəllimləri və ADAU-nun məsul işçilərinin müşayiəti ilə universitetə məxsus avtobuslarla maddi-texniki baza ilə tanış olur, professor-müəllim heyəti ilə görüşlər keçirirlər ki, bu da şagirdlərdə və onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır. Eyni zamanda, universitetin rektoru bir qrup professor-müəllim heyəti ilə birlikdə vaxtaşırı olaraq respublikanın müxtəlif rayonlarında orta məktəb məzunları ilə görüşlər keçirir, bu zaman universitet haqqında video-çarxlar nümayiş etdirilir, maraqlı söhbətlər aparılır.

İki ildir ki, ADAU-da Beynəlxalq yay məktəbləri keçirilir. 2018-ci il 16-28  iyul tarixlərində 11 ölkənin  ali təhsil müəssisələrindən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbi keçirildi. Universitetin beynəlxalq nüfuzunun artırılması dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq 2019-cu ilin 9-18 iyul tarixlərində “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi,  perspektivlər  adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olundu.

Yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə yanaşı, Bolqarıstan, Çin Xalq Respublikası, Gürcüstan, İran İslam Respublikası, Hindistan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan İslam Respublikası, Polşa, Rusiya Federasiyası, Türkiyə və Ukraynanın ali təhsil müəssisələrindən 42 tələbə iştirak etdi.

Yay məktəbi dövründə tələbələrə ABŞ-ın Texas A&M Universitinin professoru Steven Hauge, İllinoys Universitetinin professoru Mohammad Babadoost, BMT-nin Ərzaq və  Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, aparıcı şirkətlərin və ADAU-nun əməkdaşları tərəfindən ingilis dilində mühazirələr oxunmuşdur. Bununla yanaşı, tarixi yerlərə ekskursiyalar, Gəncə “ASAN xidmət  mərkəzinin fəaliyyəti ilə tanışlıq, Qəbələ rayonuna, Göygölə, habelə aparıcı aqrobiznes şirkətlərinə səfərlər də təşkil edilmişdir.

Bu gün universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi,  aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə,  kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası tələbələriin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.

Universitetdə bir neçə ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi və ikili diplom alınması üçün müvafiq işlər görülür.

ADAU dünyanın 20-dən çox ölkəsinin 90-a yaxın universiteti ilə, eyni zamanda, aqrar sahə ilə əlaqəli müxtəlif təşkilat və birliklərlə ikitərəfli münasibətdədir. Bunlar ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Polşa, İtaliya, Norveç, Macarıstan, Sloveniya, Çexiya və sair kimi ölkələrin aparıcı aqrar universitetləridir. 

Son 7 ildə yüzlərlə müəllim və tələbə təhsil almaq, təcrübə  dərsləri keçmək, seminarlarda iştirak etmək və ikitərəfli əlaqələrin qurulması məqsədi ilə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərinə göndərilmişdir.

...Bəli, bir əsrlik yaşına bir il qalmış Azərbaycan Dövlət Aqrar Universiteti, necə deyərlər, özünün intibah dövrünü yaşayır. Bəzən adam inanmaq istəmir ki, regionda belə bir ali təhsil ocağı var. Bəlkə də bunu gəlib öz gözləri ilə görməyənlər belə düşünə bilər. Elə isə gəlin, baxın, tanış olun.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2019.- 22 dekabr.- S.7.