Multikulturalizm siyasəti Azərbaycanın
beynəlxalq nüfuzunu daha da
artırır
Azərbaycan dinlərin və mədəniyyətlərin
qovuşduğu məkan olaraq bu gün də vacib funksiyanı
yerinə yetirir. Ölkəmiz sivilizasiyalararası və
dinlərarası dialoqun aparılmasına öz güclü
töhfəsini verir. Ölkəmiz dini azadlığın və
multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində
formalaşmış tolerantlıq ənənələrinin
qorunmasına görə də fərqlənir. Moskvanın və
bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri
və səfər çərçivəsində səsləndirdiyi
fikirlər bunu bir daha təsdiqləyir.
Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Dayanıqlı səmimi dostluq, açıq, səmərəli və konstruktiv qonşuluq münasibətlərinin inkişafı tərəflərin milli maraqlarına cavab verir. Uzun illər ortaq tarixi paylaşan və dəyərləri inkişaf etdirən xalqlar arasında da münasibətlərin səviyyəsi yüksəkdir. Bu mühüm prosesin daim inkişaf etdirilməsində və gücləndirilməsində hər iki xalqın dini nümayəndələrinin dəyərli fəaliyyətləri də mühüm rol oynayır. Xüsusilə də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanda dini mühit və dövlətin başqa dinlərə olan xoş münasibəti barədə səsləndirdiyi fikirlər iki xalq arasında dost və mehriban münasibətlərin formalaşmasından xəbər verir.
Patriarx Kirill Prezident İlham Əliyevlə görüşündə Azərbaycana səfərini hər zaman mühüm mənəvi-mədəni hadisə adlandıraraq əlavə etmişdir ki, zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən Azərbaycan həm ətraf xalqların müdrikliyini, həm də, əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz etmişdir.
Bu, bir həqiqətdir ki, Azərbaycan dini tolerantlıq məsələsində uzun illərdir dünyaya güclü mesajlar verir. Heç kimə sirr deyil ki, əsrlərdən bəri müxtəlif dinə mənsub xalqların nümayəndələri ölkəmizdə rahat şəkildə yaşayır, öz dini ayinlərini sərbəst yerinə yetirirlər. Rusiyalı din xadimi də Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirdiyini vurğulamış və bütün bunların sadə insanların həyatına birbaşa aid olduğunu demişdir.
Bundan başqa, Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində çox müsbət işlər görən Şeyxülislam Allahşükür Paşazadənin rolunu xüsusi qeyd edən Patriarx Kirill Qafqazın ali dini rəhbərinin Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında da böyük işlər gördüyünü demişdir. Rusiyalı qonaq Şeyxülislam Allahşükür Paşazadənin sülhməramlı rolunun, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığının çox yüksək qiymətləndirildiyini də nəzərə çatdırmışdır.
Patriarx Kirill Moskvada, ümumiyyətlə Rusiyada çox sayda azərbaycanlının yaşadığını xatırlatmış və onların müasir Rusiyanın həyatında – həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynadıqlarını demişdir. O, Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlərin də çox uğurlu və dinc şəkildə qurulduğunu diqqətə çatdırmışdır: “Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir”. Rusiyalı din xadimi bunun, həm də əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlı olduğunu vurğulamışdır.
Azərbaycanda müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşılması, milli-mənəvi dəyərlərə həssas münasibət göstərilməsi dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilmişdir və bu ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmlənməsinə xidmət edir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar böyük rəğbətlə qarşılanır. Son illərdə ölkənin bir sıra məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Bundan başqa, dövlət başçısının şəxsi yardımı sayəsində yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi dindarların, bütün Osetiya – Alaniya xalqının son günlərdə yaşadığı böyük sevincinə səbəb olmuşdur.
Prezident İlham Əliyev Patriarx Kirilli patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik edərək, bu əlamətdar hadisədən az sonra Azərbaycana səfər etməsini ölkəmizə göstərilən hörmət əlaməti kimi qiymətləndirdiyini açıqlamışdır. Azərbaycanda Patriarx Kirillə və onun fəaliyyətinə böyük hörmətlə yanaşıldığını vurğulayan Prezident İlham Əliyev əlavə etmişdir ki, dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Moskvanın və bütün Rusiyanın Patriarxının rolu ümumiyyətlə, dünyada, o cümlədən Azərbaycanda da çox yüksək qiymətləndirilir. “Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız”, – deyən ölkə başçısı bildirmişdir ki, Patriarx Kirillin Azərbaycana budəfəki səfəri də münasibətlərimizin – həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya – Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev bu gün hər ölkənin bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığı bir vaxtda bu əməkdaşlığın Qafqaz regionunda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb etdiyini də demişdir.
Prezident İlham Əliyevin dinlərarası münasibətlərə yüksək qiymət verdiyi Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin ölkə başçısına ünvanladıqları minnətdarlıq məktubunda da qeyd edilmişdir. Məktubda ölkə başçısının multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüslərin bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət etdiyi vurğulanmışdır. Din xadimləri Azərbaycanda Beynəlxalq Humanitar və Mədəniyyətlərarası dialoq forumlarının keçirilməsini yüksək qiymətləndirir və bütün bunların multikulturalizm ideyalarının təbliği baxımından alqışlayırlar. Qafqazın din xadimləri Prezident İlham Əliyevin hər zaman xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyduqlarını da məktubda qeyd etmişlər.
Bundan başqa, din xadimləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlərin ümumbəşəri irsə dəyərli töhfələr olduğunu vurğulamışlar. “Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli təşəbbüsləriniz sayəsində əminik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir”, – yazan Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ümidvar olduqlarını da bildirmişlər ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır.
Bir sözlə, bu gün Azərbaycan beynəlxalq arenada çox böyük nüfuza malik olan ölkə kimi tanınır. Xalqlararası münasibətlərin inkişafında və güclənməsində böyük rol oynayan din xadimlərinin də Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərin daha da güclənməsinə və sivilizasiyalararası dialoqun güclənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirmələri Azərbaycan liderinin bəşəri dəyərlərə çox yüksək dəyər verdiyini bir daha təsdiqləyir. Ən əsası, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin, başqa sözlə, multikulturallığın ən ideal modelinin formalaşmasında ölkə başçısının yürütdüyü siyasət həyati əhəmiyyət kəsb edir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2019.-7 fevral.- S.1.