Azərbaycan korrupsiyaya
qarşı
mübarizədə barışmaz mövqe tutur
Korrupsiya əməlinin yaşı bəşəriyyətin
tarixi qədər qədimdir – desək,
yanılmarıq. Tarixin müxtəlif inkişaf mərhələlərində bu faktlara rast
gəlinməsi də dediyimizi təsdiqləyir.
Buna görə də, cəmiyyətin
inkişafına əngəl olan korrupsiya ilə mübarizə prosesi
daim aparılır. İkinci
dünya müharibəsindən sonra bu prosesə daha geniş vüsət verilmiş və günümüzə qədər
davam etməkdədir.
SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycanda da korrupsiyaya qarşı sistemli mübarizə aparılır və hökumətin həyata keçirdiyi genişmiqyaslı islahat nəticəsində məmur-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Lakin bir çox hallarda Azərbaycanın korrupsiya ilə mübarizə fəaliyyətinə verilən bəzi beynəlxalq qiymətlər situativ xarakter daşıyır və real mənzərəni əks etdirmir.
Bu bir faktdır ki, antikorrupsiya fəaliyyəti uzun müddəti əhatə edir və qısa zaman kəsiyində 100 faizlik nəticə gözləmək real deyil. Yəni korrupsiyaya qarşı mübarizə dayanmayan prosesdir. Azərbaycanda hökumət korrupsiyaya qarşı mübarizə məqsədilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atır və qanunların işlək vəziyyətdə olmasına daim nəzarət edir. Ən əsası, bu gün vətəndaşlar da dövlət xidməti sahəsində həyata keçirilən genişmiqyaslı dəyişiklikləri gündəlik həyatlarında hiss edirlər. Ancaq “Beynəlxalq Şəffaflıq Təşkilatı” hazırladığı “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə subyektiv amillərə söykənərək, Azərbaycanın reytinqini aşağı salmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın “Beynəlxalq Şəffaflıq” Təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə nəticəsi sonuncu 2018-ci il hesabatı istisna olmaqla həmişə irəliləmişdir. Lakin Azərbaycanın “Korrupsiya Qavrama İndeksi”nin nəticələri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatları heç vaxt tam əks etdirmir.
Oxucuya tam
aydın olsun deyə, “Korrupsiya
Qavrama İndeksi”
haqqında qısa məlumat vermək yerinə düşər.
“Transparency International”
təşkilatının tərtib etdiyi “Korrupsiya Qavrama İndeksi” dövlət sektorunda
mövcud olan korrupsiya haqqında təsəvvürlərin
dərəcəsindən asılı olaraq,
ölkələrin sıralamasını müəyyən edir. İndeks
hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı
apardığı sorğulara, qiymətləndirmələrə
istinad olunur. Təşkilatın
saytında “Korrupsiya Qavrama
İndeksi” barədə qeyd
olunur ki, bu indeks dövlət sektorunda korrupsiyanın
qavrayışının qiymətləndirməsidir. Bu, bütövlükdə dövlətin və
ya cəmiyyətin korrupsiyaya
uğraması kimi qiymətləndirilməməlidir.
Bəs, indeks necə hesablanır? Burada qeyd etmək yerinə düşər ki, “Korrupsiya Qavrama İndeksi” “Transparency International” təşkilatının
1995-ci ildən etibarən dərc etdiyi ən
başlıca hesabatlardan biridir.
2013-cü ildən hesabatda xallar
100 bal (çox
yaxşı), 0 bal (çox
korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 2012-ci ilə qədər qiymətləndirmə
10 bal (çox yaxşı), 0 bal (çox
korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. 2017-ci il KQİ-nin hazırlanmasında ümumilikdə
13 fərqli hesabatın göstəriciləri nəzərə
alınmışdı. Azərbaycanla bağlı
isə 7 mənbənin
məlumatlarından istifadə
olunmuşdu.
Diqqətə çatdırmaq zəruridir
ki, 2017-ci il hesabatının hazırlanmasındakı
mənbələr World Economic Forum
Executive Opinion Survey (EOS), Bertelsmann Foundation Transformation Index
2017-18, Political Risk Services International Country Risk Guide, Economist
Intelligence Unit Country Risk Ratings, Global Insight Country Risk Ratings,
Freedom House Nations in Transit və Varieties of
Democracy (VDEM) Project olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın nəticəsi hesablanarkən
7 təşkilatın tədqiqatı
nəzərə alınırdı.
Lakin bu il Dünya
İqtisadi Forumunun hesabatı nəzərə
alınmamışdır. Bunun səbəbi
isə Dünya İqtisadi Forumu tərəfindən öz
metodologiyalarına edilən
dəyişikliklərlə bağlıdır.
Xatırladaq ki, ötən il Dünya
İqtisadi Forumunun tədqiqatına əsasən
Azərbaycana 52 bal verilmişdi
və bu il həmin balın
olmaması ümumi bala mənfi təsir etmiş və Azərbaycanın “Korrupsiya Qavrama İndeksi”ndə reytinqi zəifləmişdir. Mütəxəssislərin
fikrincə, “Korrupsiya Qavrama İndeksi” 1995-ci ildən nəşr edilməsinə baxmayaraq,
2012-ci ildə nəticələrdə
olan qüsurlar və kəskin fərqlərlə bağlı
tənqidlər səbəbindən
bu indeksin hazırlanma metodologiyası
dəyişdirilmişdir. Bununla belə, indeksə münasibət dəyişmir
və bu gün də həmin indeks ciddi araşdırmalar və ya islahatların,
tədbirlərin hazırlanması
zamanı etibarlı mənbə sayılmır.
Təşkilat özü də
bu tənqid və iradları qəbul edir, çünki korrupsiyanın
ölçülməsi və
xüsusilə müqayisəli
sıralanması çox
çətin işdir.
Bu səbəbdəndir ki, həmin indeksin ümumiyyətlə,
ləğv edilməsi
ilə bağlı təşkilata mütəmadi
çağırışlar olur. Təşkilatın
rəsmi saytında qeyd olunur ki,
mövcud materiallar, məsələn, cinayət
işləri və ya məhkəmə qərarlarının miqdarı
əsasında müxtəlif
ölkələr üzrə
korrupsiya səviyyəsinin
müqayisəli təhlilini
aparmaq çox çətin, hətta bəzi hallarda mümkünsüzdür: “Odur
ki, təsəvvürlərə
əsaslanma bu mənada ən müvafiq üsuldur”. Bəli, korrupsiyanın miqyası təsəvvürlər əsasında
ölçülür.
Azərbaycanda aparılan islahatların
dərinliyi, korrupsiyaya
qarşı mübarizə
istiqamətində əldə
olunan nailiyyətlər,
institutsional dəyişikliklərin
daha genişmiqyaslı
olması, korrupsiyanın
aşağılarda məhdudlaşdırılması
istiqamətində görülən
tədbirlər Azərbaycanın
“Korrupsiya Qavrama İndeksi”ndə daha yüksək bal almasını şərtləndirir.
Azərbaycan brendinə çevrilən
ASAN xidmətin təşkili
və milyonlarla insana bu sistem
çərçivəsində göstərilən xidmət
məişət korrupsiyasını
tamamilə məhdudlaşdırmışdır.
Bundan başqa, son illərdə
elektron xidmətlərin
sayı da getdikcə genişlənir,
“Elektron Hökumət”
portalına qoşulmayan
dövlət orqanı
qalmamışdır. Mütəxəssislər bildirirlər ki,
Azərbaycan hökumətinin
həyata keçirdiyi
islahatlar korrupsiyaya qarşı mübarizədə
əhəmiyyətli irəliləyişlərə
nail olmağa imkan vermişdir. Amma bu reallıq , “Korrupsiya Qavrama
İndeksi”ndə öz
adekvat əksini tapmamışdır.
Bu indeksin nəticələrini
düzgün hesab etməyən ekspertlər
və beynəlxalq təşkilatlar indeksin hazırlanmasında qüsurların
olduğunu açıqlayırlar. Belə ki,
indeksin hazırlanmasında
bütün ölkələr
üzrə bərabər
sayda və eyni mənbələrdən
istifadə edilmir.
Azərbaycan üzrə 6, Serbiya
üzrə 8, Rusiya və Moldova üzrə 9,
Montoneqro üzrə isə cəmi 5 mənbədən istifadə
olunmuşdur. Misal
üçün, bu indeksin hazırlanmasında
istifadə edilən mənbələrdən biri
olan “Dünya Ədalət Layihəsi – Hüququn Aliliyi İndeksi” Gürcüstana
100 baldan 63 bal vermişdir, bu isə Gürcüstanın
ümumi nəticəsinə
əhəmiyyətli dərəcədə
təsir edir. Amma qeyd edilən təşkilat Azərbaycanı,
qiymətləndirməmişdir. Və ya əksinə, bəzi təşkilatlar Azərbaycanı qiymətləndirsə
də, digər ölkələri qiymətləndirməyib.
Bu halda ölkələrin
ümumi nəticəsini
necə müqayisə
etmək olar? Əlbəttə ki, bu, müqayisə obyektiv ola
bilməz. Buna görə də ölkələrin nəticələri
müxtəlif illər
ərzində kəskin
yaxşılaşır və
ya zəifləyir.
Mütəxəssislərin sözlərinə
görə, “Korrupsiya
Qavrama İndeksi”nin formalaşması zamanı göstəricilər
iqtisadi və siyasi sahədə fəaliyyət göstərən
təşkilatların qiymətləndirməsinə
söykənir. İqtisadi sahədə
fəaliyyət göstərən
qurumların hesabatlarında
Azərbaycan həmişə
yüksək qiymətləndirilir.
Məsələn, Dünya İqtisadi
Forumunun qiymətləndirilməsində
Azərbaycan həmişə
yüksəlir. Amma siyasi
sferadakı hesabatlarda
isə Azərbaycanla bağlı qiymətləndirmədə
qeyri-obyektiv yanaşmaların
şahidi oluruq. Hər zaman “Freedom House” təşkilatının
Azərbaycana qarşı
qərəzli münasibətini
hamı bilir. Amma Azərbaycanın Dünya
Bankının “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerə
yüksəlməsi faktı,
nədənsə, diqqətdən
yayınır. Fəxrlə
demək lazımdır
ki, Azərbaycan Dünya Bankından yardım alan
ölkədən qısa
müddətdə donor ölkəyə
çevrilmişdir. Bu da son iyirmi ildə
Azərbaycanda bütün
sahələrdə həyata
keçirilən islahatların
nəticəsində mümkün
olmuşdur. Eyni zamanda,
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda
texnologiyaların insanlara
əlçatanlığına, vətəndaşların rəqəmsal
həllərdə iştirakına
görə dünyada
15-ci yerdədir. “İqtisadi azadlıq –
2019” indeksində də
Azərbaycan investisiyaların
azadlığı alt indikatoruna
görə irəliləyişə
nail olmuşdur.
Bir sözlə, “Beynəlxalq Şəffaflıq Təşkilatı”nın sonuncu “Qlobal Korrupsiya Barometri”ndə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olması və korrupsiyanın səviyyəsinin azalması göstərilir. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır. Bu baxımdan ölkəmizin “Korrupsiya Qavrama İndeksi”ndə yeri reallığa uyğun deyil. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsi (MONEYVAL), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin alt qurumlarının müvafiq qiymətləndirmə raundlarını uğurla keçmiş Azərbaycan korrupsiyaya qarşı mübarizədə böyük irəliləyişlərə nail olmuşdur və bu proses vətəndaşların rihafının daha da yüksəlməsinə xidmət edir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2019.- 7
fevral.- S.8.