Yaqub Mahmudov və Azərbaycan
tarix elmi
Azərbaycan xalqı öz müstəqilliyini
bərpa etdikdən sonra qədim dövlətçilik ənənələrmizin,
siyasi varlıq tariximizin araşdırılmasına, dirçəldilməsinə
böyük ehtiyac yaranmışdır. Etiraf edək ki,
tarixçi alimlərimiz bu yolda hələ çox iş
görməlidirlər. Çünki yaxın keçmişdən
– totalitarizm dövründən bizə yurdumuzun tarixi
keçmişinin bütün dövrlərini hərtərəfli
və dərindən əks etdirən zəngin tarixi tədqiqatlar
xəzinəsi deyil, başlıca olaraq mərkəzin göstərişi
əsasında xüsusi qəliblər vasitəsilə
ştamplama üsulu ilə nəşr olunmuş tonlarla
kitablar miras qalmışdır.
Xalqımızın
qədim və zəngin tarixi keçmişinin
unutdurulması, qəsdən saxtalaşdırılması və
təhrif olunması dövlət siyasətinə
çevrildiyi dövrdə, nə yaxşı ki rəsmi
mükafat və təltiflər, yüksək vəzifələr
və təriflər dalınca qaçmayıb, təqiblərdən
qorxmayıb, ömrünü doğma xalqın həqiqi
tarixini, əsl keçmişini araşdırmağa həsr
edənlər də tapılırdı. Belələrindən
biri də indi ömrünün 80-ci baharını yaşayan
Yaqub Mahmudov idi.
Azərbaycan
tarix elmində yeni səhifə açan Yaqub Mahmudovun adı
gələndə, ilk növbədə güclü məntiq,
möhkəm iradə, dərin savad, hər şeyi sistemləşdirmək
bacarığı, həyata, hadisələrə yüksək
münasibət, ən əsası qəlbi Vətən, Torpaq
sevgisi ilə çırpınan bir insan canlanır
gözümüz önündə.
A.A.Bakıxanov
adına Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi
üzvü, Əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı, Milli Məclisin deputatı və YAP
Siyasi Şurasının üzvü Yaqub Mikayıl oğlu
Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş
Göynük kəndində anadan olmuşdur.
O, 1962-ci
ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirmiş, həmin ildə orta əsrlər
tarixi ixtisası üzrə aspiranturada
saxlanılmışdır. 1966-cı ildə o,
“Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə
qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci
illəri)” mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Yaqub Mahmudov XV əsrin 60-cı illərinin
sonunda meydana gəlmiş Azərbaycan Ağqoyunlu dövlətinin
Avropa dövlətləri ilə münasibətləri tarixini
tədqiq etməklə bir tərəfdən Azərbaycan
dövlətçiliyi tarixinin pioneri kimi şöhrət
qazandı, digər tərəfdən Azərbaycanın Qərb
dövlətləri ilə diplomatik əlaqələrinin
yaradılmasının tədqiqatçısı kimi
nüfuz qazandı.
1989-cu ildə
Yaqub Mahmudov M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi
dövlətlərinin Qərbi Avropa ölkələri ilə
qarşılıqlı əlaqələri (XV əsrin II
yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan
dövlətçiliyi tarixində böyük önəm
daşıyan Ağqoyunlu və Səfəvi
imperiyalarının tarixini dünya miqyasına
çıxarmaq üçün “Ağqoyunlu və Səfəvi
dövlətlərinin Qərbi Avropa ölkələri ilə
qarşılıqlı əlaqələri (XV əsrin II
yarısı – XVII əsrin əvvəlləri)” adlı
fundamental monoqrafiyasını Moskvada, Nyu-Yorkda, Londonda və
Romada nəşr etdirdi. Bu əsər təkcə
Yaqub Mahmudovun yox, həm də Azərbaycan tarix elminin
böyük uğuru oldu.
Yaqub
Mahmudov 1966-1986-cı illərdə Azərbaycan
Ensiklopediyasında müxtəlif vəzifələrdə
çalışmış, Ensiklopediyanın elmi işlər
üzrə baş redaktor müavini olmuş, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin baş müəllimi, dosenti,
Bakı Dövlət Universitetində qədim dünya və
orta əsrlər tarixi kafedrasının dosenti, həmin
kafedranın müdiri, tarix fakültəsinin dekan müavini vəzifələrində
fəaliyyət göstərmiş, 1986-2004-cü illərdə
tarix fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda,
1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali
Attestasiya Komissiyası sədrinin müavini, “Azərbaycan
Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş
direktoru işləmişdir.
Yaqub
Mahmudov 2004-cü il sentyabrın 13-dən
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun
direktorudur.
Yaqub Mahmudov Azərbaycan tarixinin müxtəlif dövrlərinə
dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti,
elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc
olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin,
o cümlədən, irihəcmli tərcümələrin
müəllifidir. Onun “Azərbaycan və Avropa: orta əsrlərdə
diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi
dövrü)” kitabı Moskvada, Nyu-Yorkda, Vaşinqtonda və
Romada, “Azərbaycan və Avropa: Ağqoyunlu dövründə
qarşılıqlı əlaqələr (XV əsrin ikinci
yarısı)”, “Azərbaycan tarixi: Erkən intibah dövrü
(IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli)”
monoqrafiyaları Los-Ancelesdə, “Azərbaycanın qısa
dövlətçilik tarixi” kitabı İslamabadda və
Kiyevdə, “Heydər Əliyev ideyalarının zəfər
yürüşü” monoqrafiyası Kiyevdə nəşr
edilmişdir.
Alimin
müəllifliyi və rəhbərliyi ilə fundamental
“Qarabağ: real tarix, faktlar, sənədlər” (6 dildə),
“Naxçıvan: tarixi və abidələri” (2 dildə)”,
“İrəvan xanlığı: Rusiya işğalı və
ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi” (8 dildə), “Tarixi adlara
qarşı soyqırımı” (2 dildə), “Qubadlı: Azərbaycan
torpağı Zəngəzurun qapısı” (üç dildə),
“Real tarix: və ”böyük Ermənistan” uydurması“ (5 dildə),
“1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman
əhalisinə qarşı soyqırımları (3 dildə)”,
“Azərbaycan xalqına qarşı 1918-ci il
soyqırımları: təşkilatçılar və cəlladlar”,
“Azərbaycan xalqına qarşı 1918-ci il
soyqırımları”, “Şuşa-Pənahabad”, “Azərbaycan
Tarixi Atlası” işıq üzü görmüşdür.
Yaqub
Mahmudov ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası”nın baş redaktoru, Azərbaycan
Milli Ensiklopediyası Baş Redaksiya şurasının və
“Naxçıvan Ensiklopediyası” redaksiya heyətinin
üzvüdür.
Yaqub
Mahmudov ilk dəfə olaraq Azərbaycan dövlətçiliyi
tarixində xüsusi çəkisi olan “Kitabi-Dədə
Qorqud” eposunu ədəbiyyatçıların “inhisarından”
çıxarmış və onu “tarixi təfəkkürün
məhsulu kimi” tədqiq və təbliğ etmişdir. Bu, Yaqub Mahmudovun Azərbaycan dövlətçiliyi
tarixinə gətirdiyi növbəti yeniliklərdən biri
oldu. O, “Kitabi-Dədə Qorqud” eposundakı faktları və
məlumatları orta əsr mənbələrinin məlumatları
ilə tutuşduraraq eposda əks olunan yer adlarının tarixiliyini
sübut etdi və “Kitabi-Dədə Qorqud”un dili ilə “Azərbaycan
haradır?” sualına cavab tapdı. Yaqub Mahmudov
sübut etdi ki, Azərbaycan xalqı dünyanın ən qədim
dövlətçilik ənənələrinə malik olan
xalqlarındandır.
Yaqub
Mahmudov öz tədqiqatlarında Oğuz türklərinin, o
cümlədən Azərbaycan xalqının soykökündə
duran Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Cənubi
Qafqazın qədim tayfalarından olduğunu, hələ
VI-VII əsrlərdən bu bölgədə
yaşadıqlarını, Göycə gölü ətrafı
bölgələrin Azərbaycan Oğuz tayfalarının qədim
məskənlərindən olduğunu sübuta yetirmişdir.
Yaqub Mahmudov tarixi tədqiqatlara Azərbaycanın orta əsrlərindən
başladı.
O zaman bu dövrün tədqiqinə böyük ehtiyac var
idi. Amma Yaqub Mahmudov Azərbaycanın çətin
günlərində, onun qədim tarixi ilə bağlı tədqiqatlara
ehtiyac duyulanda bu dövrün tədqiqatçısı
olmaqdan imtina etmədi. Kutiləri, lullubiləri,
iskitləri, kimmeriləri Azərbaycan Ağqoyunlu və Səfəvi
dövlətlərinin sələfi kimi tədqiq etdi. Və bu tarixdən şərəf duydu. O,
Tomiris, Cavanşir, Babək, Saray Xatun, Qara Yusif, Uzun Həsən,
Şah İsmayıl və bir çox fəxr etdiyimiz tarixi
şəxsiyyətlərin sırasına yenilərini də əlavə
etdi. Yaqub Mahmudov sovet dövründə qəddar,
qaniçən kimi təbliğ olunan Nadir şah
Əfşarı və Ağa Məhəmməd şah
Qacarı aydınlığa çıxardı. Yaqub
Mahmudov əsaslandırdı ki, əfşarlar da, qacarlar da
bizlərdəndir, necə ki biz onlardanıq!
Yaqub
Mahmudovun elmi fəaliyyətində ulu öndər Heydər
Əliyev irsinin hərtərəfli tədqiq edilməsinə
və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin
araşdırılmasına mühüm diqqət yetirilmiş
və bir sıra fundamental əsərlər
yazılmışdır: “Azərbaycan dövlətçiliyinin
xilaskarı”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”,
“Heydər Əliyev ideyalarının zəfər
yürüşü” (3 dildə), “Heydər Əliyev” (2 cilddə),
“İlham Əliyev və Azərbaycan tarix elmi”. Yaqub Mahmudov ilk
dəfə olaraq Azərbaycan dövlətçiliyi tarixində
Heydər Əliyevin tarixi rolunu qələmə aldı və
onu, dünyanın ən görkəmli dövlət
başçıları olan Mustafa Kamal Atatürk, Corc
Vaşinqton, Otto Bismark, Cəvahirləl Nehru, Şarl de Qolla
müqayisə etdi. Yaqub Mahmudov ilk dəfə
olaraq Heydər Əliyevin dövlətçilik fəaliyyətini
mərhələlərə böldü və bu mərhələlərin
hər birinin xarakterik xüsusiyyətlərini təhlil etdi.
Bütün bunların hamısına yekun vuran Yaqub Mahmudov
Heydər Əliyevlə bağlı tədqiqatlarını bu
cümlə altında birləşdirdi: “Heydər Əliyev
Böyük Azərbaycanlı və Böyük Azərbaycançıdır”.
Yaqub
Mahmudovun təşəbbüsü ilə Tarix İnstitutunda
“Əliyevşünaslıq” şöbəsi
yaradılmış və ulu öndərin irsi, həyat və
fəaliyyətinin tədqiqinə həsr edilmiş “Heydər
Əliyev irsində Azərbaycan tarixi məsələləri”,
“Heydər Əliyevin inkişaf strategiyası və
Naxçıvan Muxtar Respublikası” kimi müxtəlif tədqiqat
əsərləri və “Heydər Əliyev Azərbaycan
elminin keşiyində” (2 cilddə) adlı sənədlər
toplusu nəşr olunmuşdur.
Ulu
öndərin və ölkə Prezidentinin
çağırış, tövsiyə və
tapşırığı ilə Yaqub Mahmudovun rəhbərliyi
altında və baş redaktorluğu ilə az vaxt içərisində
Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırmalardan
və təhriflərdən təmizlənməsi, indiyədək
öyrənilməyərək qalmış problemlərinin tədqiq
olunması, Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən
yazılması və digər problemləri ilə
bağlı ciddi elmi araşdırmalar həyata
keçirilmişdir. Az vaxt içərisində
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif problemləri
ilə bağlı ciddi elmi araşdırmaları
özündə əks etdirən iki cildlik Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopediyası (Bakı: 2004-2005; yeni nəşri
- 2014) nəşr olunmuşdur. Yaqub Mahmudov Azərbaycan Xalq
Cümhuriyyəti ilə bağlı da öz tarixçi
sözünü dedi: “Azərbaycanda parlamentarizmin tarixi 1918-ci il dekabrın 7-dən yox, 1918-ci il mayın 28-dən
Azərbaycan Milli Şurasının fəaliyyətə
başladığı gündən hesablanmalıdır”.
Yaqub Mahmudov Azərbaycanın istiqlalı yolunda xidməti
olmuş hər bir insanı ensiklopediyaya daxil etməklə,
bir tərəfdən Vətən tarixini zənginləşdirdi,
digər tərəfdən isə 23 ay fəaliyyət göstərmiş
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
tariximizdə oynadığı rolu milyonlarla Azərbaycan vətəndaşına
çatdırdı.
Prezident
İlham Əliyevin birbaşa tapşırığı əsasında
Yaqub Mahmudovun müəllifliyi və elmi redaktorluğu ilə
nəşr olunan 5 kitabdan ibarət ikicildlik “Azərbaycan
Respublikasının tarixi” fundamental elmi-tədqiqat əsəri
Azərbaycan tarix elminin son 15 il ərzində
qazanılmış ən mühüm uğurlarından biridir.
Əsərin I cildi Heydər Əliyev
dövrünə, II cildi isə Prezident İlham Əliyev
dövrünə həsr olunmuşdur.
Yaqub
Mahmudovun təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə AMEA-nın A.Bakıxanov adına
Tarix İstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə”
layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində
Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis,
Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli kimi
şəhərlərin arxivlərində Azərbaycan tarixi ilə
bağlı saxlanılan qiymətli sənədlər Tarix
İnstitutuna gətirilmişdir. Bu layihənin həyata
keçirilməsi ilə Azərbaycan tarixinin xüsusi məqsədlərlə
təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin
yenidən yazılması, Azərbaycanın müxtəlif
tarixi dövrlərdə itirilmiş torpaqlarının
tarixinin araşdırılaraq bugünkü nəsillərə
olduğu kimi çatdırılması əsas tədqiqat
obyektinə çevrildi.
Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunmuşdur. Bu qiymətli əsərlərin bəzilərinin adlarını oxucuların nəzərinə çatdırmağı lazım bilirik: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində”;“Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild; “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 1-ci kitab. Gəncə quberniyası; “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı; “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr”; “İrəvan əyalətinin müfəssəl dəftəri”;“İrəvan əyalətinin icmal dəftəri”; Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”;“Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”; “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində” (rus dilində); “Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (aprel-dekabr 1920-ci il). II cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). I cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu – XX əsrin əvvəlləri), I cild. Britaniya kitabxanasının arxiv sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). II cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). II cild. Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrlər). III cild. Rusiya Dövlət Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri”;“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Gürcüstanın Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918-ci il). I cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri”;“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 1-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”;“Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). III cild, 2-ci kitab. Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). I cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”;“Azərbaycan tarixi arxiv sənədlərində (1921-ci il). III cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri”;“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). III cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin sənədləri”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XX əsrlər). II cild. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin və Dağıstan Respublikası Elmlər Akademiyasının Əlyazmalar Fondunun sənədləri”; “Ðóññêîÿçû÷íûå èñòî÷íèêè ïî èñòîðèè Àçåðáàéäæàíà ïåðâîé ïîëîâèíû XVIII âåêà Ò. II (1726-1750 ãã.)”; “Ðóññêîÿçû÷íûå èñòî÷íèêè ïî èñòîðèè Àçåðáàéäæàíà ïåðâîé ïîëîâèíû XVIII âåêà Ò. III (Ïðèëîæåíèÿ)”; “İrəvan əyalətinin kameral təsviri. I cild. İrəvan şəhərinin Kameral təsviri”; “Àçåðáàéäæàíñêàÿ Äåìîêðàòè÷åñêàÿ Ðåñïóáëèêà. Äîêóìåíòû Íàöèîíàëüíîãî àðõèâà Èíäèè”.
Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunda həyata keçirilən elmi layihələrdən biri də ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və burada məskunlaşdırılması, xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımları və etnik təmizləmənin araşdırılmasıdır. Bu elmi-tədqiqat istiqamətini əks etdirən sənəd topluları nəşr olunmuş və institutun əməkdaşları bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında və Şərqi Anadoluda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarına qiymətli tədqiqat əsərləri həsr etmiş, (“Ãåíîöèä àçåðáàéäæàíöåâ â Èðåâàíñêîé ãóáåðíèè (1918-1920)”; “Ãåíîöèä àçåðáàéäæàíöåâ â Êàðàáàõñêîì ðåãèîíå Àçåðáàéäæàíà (1918-1920)”; “1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”; “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920”); “Bakıda 1918-ci il mart soyqırımı; Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”; “Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”; “Quba qəzasında türk-müsəlman soyqırımı; Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)”; “1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı”), erməni saxtakarlığını tutarlı dəlillərlə ifşa edən ciddi elmi araşdırmalar ortaya qoyulmuşdur: (“Èñòîðè÷åñêèå ôàêòû î äåÿíèÿõ àðìÿí íà Àçåðáàéäæàíñêîé çåìëå”; “Tarixi adlara qarşı soyqırımı”; “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (kollektiv monoqrafiya) (Azərbaycan, rus, ingilis, rumın, ispan, italyan, ərəb, türk dillərində); Mahmudov Y.M. “Real tarix və “Böyük Ermənistan” uydurması” (Azərbaycan, rus, ingilis, ispan, gürcü dillərində) və s.
Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunda “Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri” layihəsinin həyata keçirilməsi sayəsində mühüm elmi uğura imza atılmışdır. Belə ki, institutun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, t.ü.e.d., professor Şahin Fərzəliyev tərəfindən Səfəvi tarixşünaslıq məktəbinin ən böyük nümayəndəsi azərbaycanlı İsgəndər bəy Münşinin fars dilində yazmış olduğu “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarix-i aləmara-yi Abbasi”) adlı möhtəşəm əsərinin geniş elmi şərh və izahlarla doğma dilimizə tərcüməsinin akademik nəşri həyata keçirilmiş və XVI əsr Səfəvi tarixşünaslıq məktəbinin tanınmış nümayəndəsi azərbaycanlı Həsən bəy Rumlunun fars dilində yazmış olduğu “Tarixlərin ən yaxşısı”, (“Əhsən ət-təvarix”) adlı möhtəşəm əsərinin doğma dilimizə tərcüməsi, geniş elmi şərh və izahların yazılması başa çatdırılmış və iki cildlik əsər nəşrə təqdim olunmuşdur.
Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. İnstitutda aparılan bütün mühüm elmi-tədqiqat işləri birbaşa ölkə başçısının tövsiyə və tapşırıqları əsasında həyata keçirilmişdir. Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı informasiya müharibəsinin getdikcə daha kəskin xarakter aldığını və ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli xarici siyasətinə tələb olunan səviyyədə informasiya təminatı yaratmaq məqsədilə “Azərbaycan tarixinin tədqiqi və təbliği üzrə Dövlət Proqramı (2008-2015-ci illər)” hazır-lamışdır. Qısa müddət ərzində Qarabağ, Naxçıvan və İrəvanın tarixi ilə bağlı silsilə tədqiqat əsərləri yazılmışdır.
Yaqub Mahmudov Azərbaycan tarixşünaslığında “itirilmiş torpaqların tədqiqi” elmi istiqamətinin müəllifi və rəhbəridir. “İtirilmiş torpaqların tədqiqi” Azərbaycan tarixşünaslığında həm elmi, həm də siyasi baxımdan, demək olar ki, eyni dərəcədə aktuallıq kəsb edən istiqamətlərdən biridir. Bu problemin elmi tərəfi Azərbaycanın tarixi ərazisi, sərhədləri, vilayətləri, siyasi və iqtisadi əlaqələrinin kompleks araşdırılması ilə bağlıdırsa, siyasi tərəfi – müasir dünyada sürətlə gedən inteqrasiya və qloballaşma prosesləri ilə paralel, millətlərin öz müqəddəratını təyinetmə hüququ və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinə riayət edilməsi şəraitində Azərbaycan xalqının öz tarixi torpaqlarına və tarixinə sahib çıxma zərurəti ilə əlaqədardır.
Azərbaycan tarixşünaslığında “İtirilmiş torpaqlar”ın tarixi uzun müddət unudulmuş və bu üzdən də tədqiqata cəlb edilməmişdir. İstər Cənubi Azərbaycanın, istərsə də Qərbi Azərbaycanın, həmçinin Azərbaycanın şimal və şimal-şərq torpaqlarının tarixi müvafiq olaraq İran, Rusiya, Ermənistan və Dağıstan tarixçilərinin “inhisarında” olmuşdur. İmperiyapərəst İran və Rusiya tarixçiləri üçün Azərbaycanın tarixi ərazisi heç bir zaman Dərbənddən Zəncanadək olan məkan çərçivəsində verilməmişdir. Rusiyanın imperiyapərəst qüvvələrinin təzyiqi ilə Dağıstan, Gürcüstan və özünün daxili xəyanətkarlığının nəticəsi olaraq Ermənistanın bir sıra mürtəce tarixçisi “Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarının heç bir vaxt akademik dairələrdə qəbul edilməsinə imkan verməmişdir. Nəticədə Azərbaycanın İrəvan, Dərbənd, Borçalı kimi tarixi vilayətləri digər dövlətlərin tarixinin tərkibində tədqiq edilmiş və bu tədqiqatlarda təbiidir ki, obyektiv gerçəkliklər nəzərə alınmamışdır.
Məhz Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutunun elmi-tədqiqat planında çox mühüm siyasi və elmi əhəmiyyət kəsb edən bu məsələyə – Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqi məsələsinə xüsusi diqqət yetirilmişdir. Yaqub Mahmudovun təşəbbüsü ilə Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektinə çevrilmişdir. Azərbaycanın Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur bölgələri, Borçalı mahalı, Tiflis əmirliyi, Car-Balakən camaatlığı, İlisu sultanlığı, Dərbənd, Samur vadisinin və ən nəhayət Qarabağın tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara başlanılmışdır. “İtirilmiş torpaqların tədqiqi” istiqamətində ciddi elmi araşdırmalar davam etdirilərək qısa müddət ərzində Şimal-Qərbi Azərbaycan torpaqlarının tarixi ilə bağlı hərtərəfli və dərin elmi tədqiqatlar aparılmış, fundamental əsərlər yazılaraq nəşr olunmuşdur (“İlisu sultanlığı”, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, “Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)”, “Car-Balakən camaatlığı”, “Haylada unudulan tariximiz və tanbur”, “Şimal-Qərbi Azərbaycan tarixi”, “Dərbənd şəhərinin tarixindən”, “Dərbənd XIX-XX əsrin əvvəllərində” və s.).
Dövlətimizin başçısı Tarix İnstitutunu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirmişdir. İnstitut tərəfindən nəşr edilən fundamental elmi əsərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox yüksək dəyərləndirilmiş və onun sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir. Məhz dövlətimizin başçısının qayğısı sayəsində son on beş ildə Tarix İnstitutunda 500-dək tədqiqat əsəri işıq üzü görmüşdür.
Yaqub Mahmudovun rəhbərliyi ilə Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif lisey və orta məktəblərində və Şəki şəhərində “Heydər Əliyev”, “Həsən Padşah”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız – Tomiris”, “Hacı Çələbi xan” mövzusunda elmi-praktik konfranslar keçirmişdir. Bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.
Qeyd etmək yerinə düşər ki, bu gün Tarix İnstitutunda aparılan əsaslı islahatlar – milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərini institutumuza gətirilib nəşr edilməsi ulu öndərin və dövlət başçımızın tövsiyəsinin, qayğısının nəticəsidir.
Bu diqqət və qayğı olmasaydı, yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik Ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatlar yazılıb, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı. İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Mexikoda, Nyu-Yorkda, hətta Los-Ancelesdə də nəşr olunur.
Yaqub Mahmudovun təşəbbüsü və rəhbərliyi altında “Ortaq türk tarixinin yazılması” məqsədilə Şəkidə “Ortaq türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş” I Beynəlxalq elmi konfrans keçirilmiş, Türkiyə Cümhuriyyəti tarixçiləri ilə birgə dəfələrlə Bakıda və Türkiyənin müxtəlif şəhərlərində elmi seminarlar təşkil olunmuş, “Türk dövlətləri” və “Türk məşhurları (Siyasi xadimləri)” adlı kitabların yazılması başa çatdırılmışdır.
Yaqub Mahmudovun təşəbbüsü və rəhbərliyi altında ulu öndərə həsr olunmuş “Dahi Azərbaycanlı”, Prezident İlham Əliyevə həsr olunmuş “Tariximizin keşiyində”, həmçinin “İrəvan: gizlədilmiş həqiqətlər”, “Şuşa-Pənahabad”, “İrəvan xanlığı”, “Zəngəzur”, “Qarabağ: əcdadlarımızın mirası”, “Sürgün” və digər tarixi-sənədli televiziya filmləri ərsəyə gəlmişdir.
Yaqub Mahmudov ölkədə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir. O, 40 ilə yaxın bir müddətdir ki, Bakı Dövlət Universiteti və AMEA-nın Tarix İnstitutunda ixtisaslaşdırılmış Dissertasiya şuralarına rəhbərlik edir. Bilavasitə onun elmi rəhbərliyi ilə 65 nəfər tarix üzrə elmlər doktoru və fəlsəfə doktorundan ibarət tarixçilər elmi məktəbi formalaşmışdır. Bu iş hazırda uğurla davam etdirilir.
Yaqub Mahmudov dünyanın müxtəlif elmi mərkəzlərində – Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda iştirak və çıxışlar etmişdir.
Yaqub Mahmudovun elmi fəaliyyəti beynəlxalq aləmdə də diqqət mərkəzindədir. Belə ki, Beynəlxalq Sokrat Komitəsinin Dublin Sammitində böyük elmi nəaliyyətlərinə görə “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna (12.07. 2012), Oksford sammitində isə böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə “ən yaxşı baş menecer” fəxri adına (26.10.2012) layiq görülmüş, rəhbərlik etdiyi Tarix İnstitutu isə elmi-tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə - “Best Enterprises-2012” diplomuna layiq görülmüşdür. Müəllifə Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent İdarəsi tərəfindən marketinq məqsədləri üçün 5 illik (20.10.2012- 20.10.2017) “Best Enterprise” lisenziyası verilmişdir. Y.Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir. Müəllif, 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində “Elm və təhsil: Yeni imkanlar və istiqamətlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür.
Yaqub Mahmudov Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası”nın, Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Yaqub Mahmudov Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev, Rəsul Rza, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” milli mükafatlarının laureatıdır. O, Azərbaycan Kazakları İcmasının “Ataman Anton Qolovatıy” adına ordeni ilə də təltif olunmuşdur (10.02.2013). Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (26.05.2012) fəxri adlara və müxtəlif mükafatlara layiq görülmüşdür.
Alim ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fərmanları ilə “Şöhrət (1999)” və “Şərəf (2009)” ordenləri ilə təltif olunmuşdur.
Yaqub Mahmudov Azərbaycanın görkəmli ictimai-siyasi xadimidir. O, Respublika parlamentinin (Milli Məclisinin) deputatı kimi (II, III, IV və V çağırış) ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı məsələlərdə prinsipial vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, prezident seçkilərində ümummilli lider Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş, bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət etmişdir.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırmışdır.
Qətiyyətlə deyə bilərik ki, bu gün AMEA-nın Tarix İnstitutunda aparılan köklü islahatlar, bütün fundamental araşdırmalar, milli tariximizin dirçəldilməsi prosesi, bilavasitə Yaqub Mahmudovun rəhbərliyi altında həyata keçirilir.
Yaqub müəllimi, xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin, xalqımızın milli tarixinin dirçəliş konsepsiyasının yaradılması və həyata keçirilməsinə həsr olunmuş, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə mübarizə apararaq Vətən naminə yaşanan şərəfli ömrünün 80-ci baharında tarixçilərimiz, qədirbilən oxucularımız, bir sözlə, Vətən ruhlu bütün yurddaşlarımız adından təbrik edir, cansağlığı və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq!
Tofiq Nəcəfli,
A.A.Bakıxanov
adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor
müavini,
tarix üzrə
elmlər doktoru
Xalq qəzeti.- 2019.- 9 yanvar.- S.6.