Azərbaycanın xarici siyasəti

milli maraqlara xidmət edir  

 

Son illərdə beynəlxalq aləmdə Azərbaycanın imici kifayət qədər güclənib. Bu da, şübhəsiz ki, ölkədə aparılan uğurlu daxili və xarici siyasətlə, ictimai-siyasi sabitliklə, həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi islahatlarla bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət son nəticədə təkcə ölkə daxilində deyil, həm də xaricdə müsbət reaksiya doğurur. Əslində, Azərbaycanın xarici siyasətinin prioritetlərini ümummilli liderimiz Heydər Əliyev müəyyənləşdirib: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur.

 

Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dovlətləri ilə bərabərhüqüqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək ücün səmərəli istifadə etməkdən ibarətdir”.

Şübhəsiz ki, bu yol indiyə qədər gözlənilir və nəticədə xarici siyasətimiz uğurlar qazanır. Uğurlarımızı şərtləndirən ən mühüm amillərdən biri də ölkənin və xalqın milli maraqlarının qorunmasıdır, xarici siyasətimiz milli maraqlarımızın təmin olunmasına xidmət edir. Bu barədə Real TV-yə müsahibəsində Prezident İlham Əliyev də danışıb. Dövlət başçısı bildirib ki, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil, bu regionda balans axtarır. “Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.

Doğrudan da, Azərbaycan xarici siyasətində milli maraqların tələb etdiyi şəkildə davranır. Bu, bir çox hallarda həm də tarixi zərurətdən irəli gəlir. Azərbaycan 70 ildən artıq sovet imperiyasının tərkibində olub, 28 il əvvəl müstəqilliyinə qovuşduqdan sonra ağır hərbi-siyasi durumla, iqtisadi böhranla qarşılaşıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi inkişafa nail olunub, Ermənistanın təcavüzü dayandırılıb, atəşkəs əldə edilib. Sonrakı illərdə dövlətin apardığı siyasət müstəqilliyin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə, bütün sahələrdə milli maraqların qorunmasına xidmət edib.

Odur ki, bu gün Azərbaycan yerləşdiyi coğrafiyada sülh və əmin-amanlıq adasına çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz son illərdə Ermənistan istisna olmaqla, bütün qonşularla dostluq münasibətlərini gücləndirib. Həm ikitərəfli formatda, həm də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatında yaxşı münasibətlər qurulub.

Məhz bu uğurlu xarici siyasət sayəsində hazırda Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Bu da qonşu ölkələrlə yaxşı münasibətlər sayəsində mümkün olub. Azərbaycan nəinki yaxın qonşularla, eyni zamanda, uzaq coğrafiyada olan ölkələrlə də uğurlu əməkdaşlıq yarada bilib. Bu əməkdaşlıq formatı imkan verib ki, ölkəmiz öz nəhəng, transmilli layihələrini uğurla icra edə bilsin.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər xüsusi yer tutur. Bu əməkdaşlığın əsası 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Avropa İttifaqının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilib. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlığın başqa bir istiqaməti Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü çərçivəsində həyata keçirilir. Bu təşəbbüs tərəfdaş ölkələrlə münasibətləri daha yüksək səviyyəyə qaldırmağı, mövcud əməkdaşlığı ikitərəfli və çoxtərəfli formatda davam etdirərək genişləndirməyi nəzərdə tutur. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” adlı sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı birmənalı olaraq dəstəklənir.

Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Qoşulmama Hərəkatının üzvüdür. Bu, dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Hərəkat Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli qətnamə qəbul edib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artırır. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra ölkəmiz öz istəyinə nail ola bilib. Bu, onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana inam, rəğbət var, ölkəmizin apardığı müstəqil siyasət dünya dövlətləri tərəfindən dəstəklənir. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Məhz buna görə Prezident İlham Əliyev bəyan edib: “Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

Onu da xatırlatmaq yerinə düşərdi ki, son illərdə dünyada, eləcə də, MDB məkanında, Yaxın Şərqdə, Avropada ictimai-siyasi vəziyyət gərginləşməkdədir. Bu və ya digər ölkədə münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, insanlar həyatını itirir, milyonlarla yeni köçkün dalğası yaranır. Ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Bu gün bunu dünyanın müxtəlif yerlərində müşahidə etmək mümkündür. Azərbaycan isə yerləşdiyi regionda sabitlik məkanıdır. Bu da səbəbsiz deyil. Səbəb, ilk növbədə, ölkədə düzgün siyasət aparılması ilə bağlıdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması bunu şərtləndirən amillərdir. Bununla bağlı Azərbaycan Prezidenti deyib: “Bu, həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir”.

Azərbaycan, eyni zamanda, müsəlman aləminin bir hissəsidir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Azərbaycan hələ də bir-biri ilə lazımi səviyyədə əlaqələr qura bilməmiş müsəlman ölkələri arasında dostluq körpüsü rolunu oynayır. Elə İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri də Azərbaycanın bu sahədəki rolunu çox yüksək qiymətləndirirlər. Ölkəmiz İslam həmrəyliyinin güclənməsinə böyük töhfələr verir. Bakıda İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, sadəcə, bir idman yarışı deyildi, bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi müsəlman aləmində Azərbaycanın rolunu daha da gücləndirdi.

Bundan əlavə, Rusiya ilə bütün sahələrdə və səviyyələrdə qarşılıqlı əlaqələrimiz çox yüksəkdir. Keçən il rekord sayda – 900 minə yaxın rusiyalı turist Azərbaycana səfər edib. Azərbaycan və Rusiya prezidentlərinin qarşlıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Azərbaycan və Rusiya arasında münasibətlər qonşular arasında münasibətlərə nümunə ola bilər. Buna görədir ki, Rusiya Patriarxı Kiril deyib: “Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan çox gözəl şəhərə çevrilir”.

Başqa ölkələrin siyasi xadimləri də Azərbaycan haqqında yüksək fikirlər söyləyiblər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson bildirib ki, Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat layihələri regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində, eləcə də Avropa ilə Asiyanın birləşdirilməsində mühüm rol oynayır. Potidə dərin özüllü yeni limanın tikintisi bu layihələrin əhəmiyyətini daha da artıracaq, Azərbaycan və Gürcüstan xalqlarının rifahının yüksəlməsinə xidmət edəcək.

Misirin “Al-Diplomasy” qəzetinin baş redaktoru Məhəmməd Salama: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, MDB və digər qurumlar çərçivəsində Ermənistan tərəfindən işğal edilmiş torpaqların geri qaytarılması üçün çox səy göstərir. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə güclü, müasir və yaxşı hazırlıqlı, müasir silahlarla təchiz olunmuş orduya malikdir. İlham Əliyev öz ölkəsini tərəqqi və davamlı inkişaf yolu ilə inamla irəli aparır. Son illərdə ölkə bütün sahələrdə nəzərəçarpacaq uğurlar qazanıb və bu gün Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur”.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver: “Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədər dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur”.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2019.- 15 fevral.- S.7.