Qloballaşan dünyada dinlərarası
münasibətlər mühüm əhəmiyyət
kəsb edir
Möhtərəm
Şeyx həzrətlərindən Moskva səfərinə dəvət
alanda çox sevindim. Düzü, Moskvaya çoxdandır ki,
yolum düşmürdü. Moskvanın qışı,
Puşkin və Teatr meydanları, Qorki adına park və başqa
gəzməli-görməli guşələri
üçün darıxmışdım. Xəyalıma ilk gələn
məkanlar Tver küçəsindəki “mənim sevimli kitab
mağazam” və Yeni Arbatdakı böyük kitab evi oldu. Evimdə
və iş yerimdəki kitabxanamda Moskvadan alıb gətirdiyim
xeyli nadir kitab vardır. Doğrudan da, səfərə
çıxmaq insanın ruhunu oxşayan, qəlbinə
rahatlıq gətirən bir vasitədir.
Tale elə gətirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycandan kənarda dəfələrlə səfərdə olmuşam. Onun müxtəlif xalqların dini rəhbərləri ilə görüşlərində və mötəbər beynəlxalq konfranslarda iştirak etmişəm. Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətimizin bu səfərlərdə necə hörmət və izzətlə qarşılandığının şahidi olmuşam. Ötən ayın sonunda Moskva səfərində bir daha şahidi oldum ki, bizim möhtərəm Şeyximiz həm də xristian aləmində böyük nüfuz və ehtiram sahibidir.
Təsadüfi deyil ki, müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini “Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirən Roma Papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
... Budur, Rusiyanın paytaxtı Moskva şəhərindəyik. Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçirilən mərasimlərə dəvət olunmuşdu. Nümayəndə heyətinin tərkibinə mənimlə birlikdə deputat həmkarım Cavanşir Paşazadə, Hikmət Babaoğlu və media nümayəndələri daxil idi.
Rusiyanın paytaxtına gəldiyimiz ilk gün nümayəndə heyətini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəs Danil monastırında qəbul etdi. Çıxış zamanı Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadəyə “mənim qardaşım” deyə müraciət edi. Etiraf edim ki, bu müraciət məndə iftixar hissi doğurdu. Patriarx Allahşükür Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu xüsusi qeyd etdi.
Şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbriklərini çatdırdı. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan Şeyx həzrətləri hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək qeyd etdi ki, din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük.
Onu da qeyd edim ki, görüşdə qarşılıqlı münasibətlərdən söz açan Şeyx həzrətləri də Patriarxa “qardaş” deyə müraciət edərək bildirdi ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi Kirillin sayəsində dini münaqişəyə çevrilmədi: “Bu işdə Sizin rolunuz danılmazdır. Buna görə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanıram”.
Şeyxülislam dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxın əməkdaşlığına şərait yaratdığını vurğuladı. O, diqqətə çatdırdı ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam, həmçinin Moskvada azərbaycanlılar üçün məscid inşa olunması ilə bağlı Rusiya patriarxına müraciət edərək dedi: “Mən Sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.
Səmimi şəraitdə keçən görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli Azərbaycana səfərə dəvət etdi.
Ümumi görüşdən sonra hər iki din xadimi arasında təkbətək görüş oldu.
Yanvarın sonuncu günü Kremlin möhtəşəm Dövlət Sarayında düzənlənən mərasimdə Rusiya Prezidenti Vladimir Putin çıxış etdi. O, Rus Pravoslav Kilsəsinin rəhbərinin bütün ənənəvi dinlərin nümayəndələri ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq salonda əyləşən müxtəlif dinlərin nümayəndələrini salamladı.
Antrakt zamanı Putin ön sırada oturmuş Şeyxülislama yaxınlaşdı və onunla çox səmimi görüşüb dedi: “İştirakınıza və dəstəyinizə görə çox sağ olun!” Məncə, bu minnətdarlıq hissi Rusiya dövlət başçısının Şeyxülislama, Azərbaycana böyük hörmətindən qaynaqlanan bir jest idi. Çünki möhtərəm Şeyx həzrətləri ilə yanaşı ön sırada bir çox xalqların din xadimləri əyləşmişdilər.
Moskvada işgüzar səfərdə olan Moldova Prezidenti İqor Dodon Patriarx Kirilli Moldova xalqı adından təbrik etdi. O, Moldovada pravoslav kilsələrinə göstərdiyi qayğıya görə Patriarxa təşəkkürünü bildirdi.
Patriarx Kirillin çıxışı böyük maraq doğurdu. O, çıxışında bəşəriyyəti düşündürən bütün problemlərdən, hətta bu gün məişətimizə daxil olan müasir texnologiyadan, sosial şəbəkələrdən danışdı.
Sonra Xilaskar İsa Məbədində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə təntənəli qəbul təşkil olundu. Mərasimdə Şeyx həzrətləri Qafqazda yaşayan bütün müsəlmanlar adından Patriarx Kirili təbrik etdi.
Patriarx Kirill 1946-cı ildə Sankt-Peterburqda anadan olub, 2009-cu ildə Moskvanın və Bütün Rusiyanın Patriarxı seçilib. 2010-cu ildə Rusiya Pravoslav Kilsəsinin rəhbəri kimi Patriarx Kirill Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun erməni işğalçılarında qalmış nəşinin doğmalarına qaytarılmasında vasitəçi olmuşdur. O zaman Moskvanın və Bütün Rusiyanın Patriarxı bu addımı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin xahişinə əsasən atmışdı. Allahşükür Paşazadə həmin ərəfədə Patriarx Kirillə görüşəndə demişdir: “Siz bizim xalqın, bizim müsəlmanların böyük dostu kimi qalacaqsınız və bu, gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həlli üçün çox vacibdir”.
2016 –cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Patriarx “Şərəf” ordeninə layiq görülmüşdür.
Rusiya Patriarxı çox nadir hallarda
jurnalistlərə müsahibə verir. Amma o, Moskvaya bizim
nümayəndə heyəti ilə gedən Real TV-nin baş
direktoru Mirşahin Ağayevə müsahibə verməyə
razılaşdı. Bunu patriarxın Azərbaycan xalqına,
dövlətimizin başçısına və Şeyx həzrətlərinə
ehtiramı kimi qiymətləndirirəm.
Şeyxülislam Hacı
Allahşükür Paşazadə Moskvada səfəri çərçivəsində
Azərbaycan icmasının nümayəndələri ilə
də görüşdü. Azərbaycanın Rusiyadakı səfirliyində
keçirilən bu görüşdə Moskvanın
“Otradnı” rayonundakı “İnam” məscidi ətrafında
yaranan problemlər müzakirə olundu. Görüşü
giriş sözü ilə Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu açdı.
Görüşdə
Şeyxülislam Moskvadakı azərbaycanlı dindarların
problemləri ilə yaxından maraqlandı: “Azərbaycanlıların
Moskvada məscid problemi hər zaman mənim diqqətimdə
olub. Hətta, Otradnıdakı məscidlə bağlı
problem yaranmazdan əvvəl bu məsələ mənim diqqətimdə
olub. Özümə borc bildim ki, bu gün sizinlə
görüşüm və imkan daxilində sizə məsələnin
həllində köməkçi olum. Əlbəttə, mən
bir Şeyxülislam kimi, çox istəyərdim ki, burada bir
məscid yox, bir neçə məscid fəaliyyət göstərsin,
azərbaycanlıların ibadətlərini həyata
keçirməsi üçün yer olsun”.
QMİ sədri qeyd etdi ki, 10 ildən
çoxdur ki, bu məsələ ilə məşğuldur:
“Mənim bu məsələ ilə bağlı Rusiya Prezidenti
Vladimir Putinə, Baş nazir Dmitri Medvedevə, Patriarx Kirillə
və Moskva meri Sergey Sobyaninə müraciətlərim var. Təəssüflər
olsun ki, o zaman bu məsələnin həllinə
maneçilik törədildi. Prezident Putinin Bakıya səfərində
mən ona “Şeyxülislam” ordenini təqdim edərkən də
bu məsələ ilə bağlı müraciət elədim
ki, bizə yer versinlər məscid tikək. Yəni, siz bu
gün bu məsələni mənim qarşımda qoymursuz.
Bu, çoxdan mənim istəyimdir. Otradnı rayonunda baş
verən hadisə bir təkan oldu ki, bu məsələ yenidən
gündəmə gəlsin. Bura gəlməmişdən
öncə Patriarx Kirill həzrətlərinə müraciət
etdim. Bugünkü görüşdə də ondan məscid
tikilməsi üçün yer ayrılmasını xahiş
etdim ki, bizə kömək etsin. Bu, başlanğıcdır.
Bu gün hadisənin nə üstündə baş verdiyini və
məscidin nə səbəbdən
bağlandığını öyrənmək istəyirəm...
Düşünürəm ki, nə baş verirsə bu
yaxşılığadır. Biz səfirlə bərabər
sizə söz veririk ki, bu məsələnin həlli
üçün əlimizdən gələni edəcəyik”
.
Moskvadakı Azərbaycan
dindarları adından Əhli Beyt Cəmiyyətinin sədri
Nizami Baloğlanov çıxış edərək
yaranmış problemlə bağlı Azərbaycan Prezidenti
İlham Əliyevə müraciətin əks olunduğu məktubu
Allahşükür Paşazadəyə təqdim etdi.
... Tədbirlərdən
sonra adətim üzrə yuxarıda adlarını qeyd etiyim
kitab mağazalarına baş çəkdim. Bir neçə
kitabla yanaşı, Osmonkul İbraimovun JZL (görkəmli
adamların həyatı) seriyasından mərhum dostum,
dünya şöhrətli qırğız
yazıçısı Çingiz Aytmatov haqqında ötən
il “Molodaya Qvardiya” nəşriyyatında çap olunmuş
kitabını aldım. Kitabı vərəqləyə-vərəqləyə
Çingiz ağa ilə Belçikada, Moskvada və
Bakıdakı görüşlərim kino lenti kimi gözlərimin
önündən keçdi.
Kitabdan söz düşmüşkən,
başlığa çıxartdığım fikir də
ABŞ-da mühacirətdə yaşamış əslən
livanlı ərəb filosofu, yazıçı və şair
Cübran Xəlil Cübrana məxsusdur. Katolik ailəsində
dünyaya göz açmış ərəb ədəbiyyatının
görkəmli nümayəndəsi öz vəsiyyətinə
görə Livanın Bşarriyə şəhərində
monastırda dəfn olunub. Onun başdaşında bu sözləri
yazılıb: “Mən də sizin kimi sağam.
Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza
baxın. Məni qarşınızda görəcəksiniz”.
Xəlil Cübranın 100-dən
çox dilə tərcümə edilmiş “Peyğəmbər”
əsəri yaradıcılığının zirvəsi
hesab olunur, o, xristianlıq, İslam, iudaizm, sufizmdən təsirlənərək
universal məhəbbət, həyata tam fərqli və yeni
baxış, insanlara olan sevgidən ibarət olan janrda
yazıb-yaradırdı. O, deyirdi: “Sən mənim
qardaşımsan və mən səni sevirəm. Sən məsciddə
səcdədə olanda da, kilsədə diz çökəndə
də, sinaqoqda ibadət edərkən də səni sevirəm.
Sən və mən inamın - Allahın övladıyıq.
Filosof müdrik kəlamlarının birində belə deyir:
“Tanrı ağıl dünyasının vicdanıdır!” Bəli,
kimi Ona Tanrı, kimi Allah, kimi Xuda, kimi Boq, kimisi də başqa
bir adla xitab edərək sitayiş edir. Fəqət bu müqəddəs
adların hamısı tək və vahid bir ünvanda birləşir
– YARADAN.
“Yaradan” anlayışı yaranandan
onun mövcudluğuna və qüdrətinə inam hissi
insanlara dini fikirlərlə aşılanıb. Dinin bu gün
nəinki insanlar arasında, hətta ölkələr, qitələr
arasında sülh körpüləri qurmağa qadir bir sistem
olduğu danılmaz faktdır. Dinlər müxtəlif cəmiyyətlərin
mövcudluğunun, onların mənəvi mədəniyyətlərinin
mühüm elementlərindən biridir. Təbii ki, getdikcə
dərinləşən sivilizasiyalararası toqquşmalar və
ziddiyyətlər hər bir xalqın milli-mənəvi və
dini dəyərlərinin qorunması zərurətini
zamanın aktual məsələlərindən birinə
çevirib. Bəlkə elə buna görə də
qloballaşan dünyamızda din xadimlərinin çiyninə
böyük məsuliyyət düşür.
Qərbli sosioloqların özləri
də təsdiq edirlər ki, cəmiyyət həyatında
baş verən əxlaqi böhranların səbəbi də
dinin zəifləməsi ilə bağlıdır.
Vaxtilə xalqımızın
ümummilli lideri Heydər Əliyev İstanbulda keçirilən
“Sülh və Səbr” adlı beynəlxalq dini konfransdakı
çıxışında belə demişdir: “Yer üzərində
yaşayan insanlara Allahın ən böyük tövsiyəsi
ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda,
sülh şəraitində, bir-birinə
qarşılıqlı hörmət, qarşılıqlı
ehtiram şəraitində yaşasınlar. Ona görə də
din xadimlərinin vicdana çağırış, səbir,
sülhün təmin olunması ilə bağlı təşəbbüsləri
həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm
də Yer üzərində insanların sülh şəraitində
yaşamalarına böyük köməkdir”.
“Əgər Qarabağ məsələsində
hər şey dini liderlərdən asılı olsaydı, biz
bu məsələni həll edərdik. İnanırıq ki,
vaxt gələcək bu çətin məsələ də
öz həllini tapacaq”. Bu fikirləri Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Şeyxülislam Hacı
Allahşükür Paşazadə ilə Moskvada
görüş zamanı Rusiya Patriarxı Kirill söylədi.
Bu gün biz hər iki dini liderin münaqişənin sülh
yolu ilə həllinə
çalışdığını görürük.
Bəli, bu gün din təkcə
inanc sistemi deyil, həm də insanların həyat tərzidir.
Dinin vətəni olmur. Mən bu fikrə Yaponiyada səfərdə
olanda gəldim. İslamla ən gec tanış olan bu uzaq
Şərq ölkəsi məni bura elə ilk səfərimdə
heyrətləndirmişdi. Sanki İslam dini Yaponiyada
yaranmışdı... Burada söhbət islamdan və ya
Allahdan getmir. Sadəcə, yaponlar Quranı hətta oxumasalar
belə, Allahın buyurduqlarına, ərəblərdən də
mükəmməl əməl edirdilər. Söz yox ki,
yaponların tapındığı buddizm Kainatı yaradan bir
qüvvənin mövcudluğu fikrini inkar edir. Yəni buddizm
Allahın adını dilə gətirmir. Ancaq söhbət
dürüstlükdən, haqdan, mənəvi saflıqdan və
zənginlikdən gedirsə, onda yaponlar “Allah” səviyyəsinə
qaldırdıqları buddizmin qurucusuna çox bağlı
qalırlar. Onların, yəni yaponların özünütərbiyə
sahəsindəki əsas amallarını məhz
özünü idarə edə bilmək vərdişləri
ilə əlaqələndirmək olar...
Buna ən parlaq misal kimi, Tokionun
dünyanın həm ən təmiz və həm də ən
vicdanlı şəhəri kimi tanınmasını göstərmək
olar. Üç il əvvəl aparılmış
araşdırmalara görə, Tokionun sakinləri və
qonaqlar fantastik məbləğdə – 3 milyard 424 milyon 11 min
977 yen itiriblər. Bu, həmin şəxslərin market, nəqliyyat
vasitələri və digər ictimai yerlərdə
unutduğu və yerli sakinlər tərəfindən
tapılaraq polisə təhvil verilən məbləğdir.
Hazırkı məzənnəyə görə bu, təqribən
32 milyon ABŞ dollarına bərabərdir.
Yaponlara görə kədər
içində olan adam öz bədbin əhval-ruhiyyəsini təbəssümləri
arxasında gizlətməli və elə etməlidir ki, onun qəlbindəki
acı duyğulardan heç kəs xəbər tutmasın.
İslama aid hədisi-şəriflərdə də
insanların bir-birinə təbəssüm bəxş etməsi
ehsandan sayılır…
Əlbəttə
ki, bu və ya digər dinə milli mənsubiyyətindən
asılı olmayaraq tapınan bütün xalqların, eləcə
də dövlətlər arasında həmrəyliyə
böyük ehtiyac var. Dünyanın ziddiyyətlər
içində boğulduğu və fəlakətlərin
baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün
Azərbaycan tərəfindən irəli sürülməsi
çox aktual məsələlərdən biridir.
Dövlətimizin
başçısı, möhtərəm İlham Əliyev tərəfindən
2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması XXI əsrdə
bəşəriyyətin mənəvi ehtiyac duyduğu və
zamanın tələblərinə cavab verən QLOBAL
ÇAĞIRIŞ kimi, mühüm tarixi əhəmiyyət
daşımaqla bərabər, zamanın böyük probleminə
çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin
aradan qaldırılmasına, həmrəyliyin
formalaşdırılmasına yönələn səmimi təşəbbüs
kimi tarixə düşdü.
Azərbaycanda
mövcud olan dini dözümlülük və tolerantlıq
dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Dövlətimizin siyasəti milli maraqlara söykənir...
Dövlət başçımızın həyata
keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə
müxtəlif dinlərə etiqad edən insanlar mehriban və
qarşılıqlı hörmət şəraitində
yaşayır, respublikamız tolerantlıq nümunəsinə
çevrilib.
Almaniyanın sabiq Prezidenti Kristian
Vulf deyirdi: “Xristianlıqla yanaşı, bu gün İslam dini
də Almaniyanın bir hissəsidir”. Bu fikir mənə XX əsrin
birinci yarısında Azərbaycana köç etmiş
almanları xatırlatdı. Ölkəmizdə məskunlaşmış
almanlar da, yəhudilər də bizimlə birlikdə dostluq və
səmimi əməkdaşlıq şəraitində
yaşadılar.
Bu il fevralın əvvəllərində
Roma Papası Fransiskin Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) üçgünlük
tarixi səfərini və dünyanın müxtəlif
ölkələrindən gəlmiş dini liderlərin
iştirakı ilə ümumbəşəri
qardaşlığa həsr olunmuş görüşü də
dinlərarası münasibətlərə töhfə verəcəkdir.
“Bəşər
qardaşlığı görüşü” çərçivəsində
keçirilən bu tədbirdə dünyanın müxtəlif
yerlərindən gələn müsəlman, xristian, yəhudi,
buddist və başqa dini liderlərlə bir araya gələn
katolik kilsəsinin rəhbəri – Papa Fransisk Abu-Dabi şəhərində
kütləvi ayin zamanı italyan, ingilis, ərəb,
latın, fransız, Koreya və bir sıra başqa dillərdə
danışaraq Yaxın və Orta Şərqdə Yəmən,
Suriya, İraq, Liviyadakı qanlı hadisələrə tezliklə
son qoyulmasını, dünya dinləri təmsilçiləri
arasında sülh və həmrəyliyin bərqərar
olmasını diləyib.
Həmin günlərdə
(fevralın 4-5-də) Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam Allahşükür
Paşazadə İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) baş katibinin və Misir hökumətinin dəvəti
ilə Qahirədə səfərdə olub. İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) birinci festivalının
təşkil olunduğu Qahirə Opera evində İslam
dünyasına xüsusi töhfələri olan 5 görkəmli
şəxsin təltif edilməsi mərasimi keçirilib.
Mükafata layiq görülən beş görkəmli şəxsin
biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadədir. Biz
möhtərəm şeyx həzrətlərini bu münasibətlə
təbrik edirik, ona fəaliyyətində uğurlar diləyirik.
Təltif olunan digər 4 nəfər
– Şarca əmiri Şeyx Sultan Əlqasimi, Burkina-Faso dövlətinin
birinci xanımı Vafor Adjvafi, Səudiyyə Ərəbistanı
Krallığının xarici işlər üzrə sabiq
dövlət naziri Nizar bin Obeyd Mədəni və Misir
şairi Faruq Givaydadır.
İslam
Əməkdaşlıq Təşkilatının Baş katibi
Yusif bin Əhməd əl-Useymin Şeyxülislamın müsəlman
dünyasında oynadığı roldan bəhs edərək
qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə
daxilində, həm də xaricdə ona rəğbət
qazandırıb.
İƏT-in
baş katibi Prezident İlham Əliyevin Şərq və Qərb
sivilizasiyasını dialoq platforması ilə daha da
yaxınlaşdırmaq təşəbbüsünün real nəticələr
verdiyini diqqətə çatdırıb. Azərbaycanın
Şərqlə Qərb arasında mənəvi körpü
rolunu oynadığını, eyni zamanda, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə
gördüyü işlərin mədəni
yaxınlığı daha da sürətləndirdiyini deyən
baş katib onun bütün müsəlman xanımları
üçün bir nümunə olduğunu bildirib.
Baş katib Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair
İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə
ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin
toxunulmazlığının birmənalı şəkildə
dəstəkləndiyini və bu mövqeyin dəyişilməz
qalacağını qeyd edib.
Moskvanın və bütün
Rusiyanın Patriarxı Kirillin dövlətimizin
başçısı İlham Əliyev və Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə
görüşü də dinlərarası dialoqun, iki ölkə
nümayəndələri arasında qarşılıqlı
anlaşmanın möhkəmlənməsi işində əhəmiyyət
kəsb edən hadisədir. Patriarx Azərbaycana səfərin
onun üçün hər zaman mühüm mənəvi-mədəni
hadisə olduğunu dilə gətirib bildirdi: “Mən Azərbaycana
səfər edərkən həmişə dinlərarası
münasibətlərin yüksək səviyyəsinə diqqət
yetirirəm. Azərbaycandakı pravoslavlar da müsəlmanlar
kimi bütün imkanlardan istifadə edirlər. Azərbaycanda
millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində
müsbət işlər görən dostum Şeyxülislam
Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, təkcə
Azərbaycanın müsəlmanlarının deyil, həm də
Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya
müsəlmanları ilə münasibətlərin
inkişafında böyük işlər görür. Biz də
onun sülhməramlı rolunu, həm də dinlərarası
münasibətlər sahəsində mürəkkəb məsələləri
həll etmək bacarığını çox yüksək
qiymətləndiririk”.
Kirill, eyni zamanda, Azərbaycanda
yaşayan pravoslavların heç bir narahatlıq hiss etmədiklərini
bildirib: “Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə
əlaqədar Sizə xüsusilə təşəkkür
etmək istərdim. Həmişə zati-müqəddəsləri
Aleksandr ilə görüşəndə o, bu münasibətləri
çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki,
bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda
yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər.
Onlar öz ölkələrinin vicdanlı vətəndaşlarıdır,
eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə,
həm də ənənəyə görə tarixi vətənləri
– Rusiya ilə bağlayan çox şey var”.
Bu gün heç kimə sirr deyil
ki, Rusiyanın Patriarxı dünya
pravoslavlığının lideri kimi xüsusi çəkiyə
malikdir və rus hakim elitasının ən hörmətli
şəxslərindəndir. Onun Azərbaycana növbəti səfəri
Azərbaycan ilə Rusiya arasında münasibətlərin
inkişafı üçün vacib şərtlərdəndir.
Sonda qeyd etmək istəyirəm ki,
bu gün dövlətimizin başçısı İlham
Əliyev ilə çiyin-çiyinə Azərbaycanın
çiçəklənməsinə və beynəlxalq
nüfuzunun artmasına böyük töhfələr verən
Mehriban xanım Əliyeva da müxtəlif xalqlar arasında
humanizm, həmrəylik və dözümlülük kimi bəşəri
dəyərlərin bərqərar olmasına böyük səy
göstərir. Onun rəhbərliyi ilə
“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi
çərçivəsində ölkədəki məscidlərdə,
kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri
aparılır.
Rusiyanın Patriarxı Kirill Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi
köməyə və Həştərxan şəhərinin
abadlaşdırılmasına qayğısına görə
II dərəcəli Müqəddəs Mələksima
Knyaginya Olqa ordeni ilə təltif edib.
Mehriban xanımın təşəbbüsü
ilə Romada müqəddəs Sebastian kilsəsinin, eləcə
də Müqəddəs Marçellinio və Pietro
katakombaları bərpa olunub. Dünya mədəniyyəti,
xüsusilə də xristianlar üçün böyük mənəvi
dəyəri olan katakombaların müsəlman ölkəsi
Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən
bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası
dialoqa verdiyi növbəti töhfədir.
Mehriban xanım Əliyevanın həyata
keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti
ilə yanaşı, bu fikri də diqqətəlayiqdir: “Xalqlar
arasında ənənəvi dostluq və qardaşlıq
münasibətlərinin, tolerantlığın hökm
sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir
və bu amil ictimai-siyasi həyatımızın
aparıcı normasına çevrilmişdir. Ölkəmizdə
yaşayan müxtəlif xalqlara öz milli- mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək
üçün demokratik şərait təmin edilmişdir.
Azərbaycanın bütün vətəndaşları dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq,
əsas insan hüquq və azadlıqlarına malikdirlər.
Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri
üçün tolerantlıq örnəyi hesab olunur və
bir çox dövlətlər bizim təcrübəmizdən
yararlanmağa çalışırlar”.
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2019.- 16 fevral.- S.9.