Poeziya qardaşlarının qoşa yubileyi
Ağalar Bayramov – 65, Ramiz Qusarçaylı – 60
Həssas oxucu söhbətin nədən getdiyini bu rubrika və başlıqdan, yəqin ki, dərhal anladı. Bəli, söhbət adları tez-tez yanaşı eşidilən, ürəkləri eyni sevgi ahəngi ilə vuran iki tanınmış ziyalımızdan – çağdaş poeziyamızdan şeir xiridarlarının zövq və tələbatına yaşıl bir yol salmış mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun və populyar məfkurə şairi, Prezident təqaüdçüsü Ramiz Qusarçaylının 60 yaşa çatmalarından gedir.
Azərbycan poeziyasının ən gözəl nümunələrindən ibarət əhatəli və nadir bir poeziya teatrı yaratmış Ağalar Bayramovun “sinə dəftəri”ndə məslək və zövq ortağı Ramiz Qusarçaylının seçmə seirləri ayrıca yer tutur. Yeri düşəndə Ağalar deyir: “Ramiz mənim ən saf, incə düyğu-düşüncələrimi misralara çevirir. Sanki, o, məni coşdurmaq və başqalarını da özümə qoşmaq üçün yazır”. Ramiz isə Ağaların ifasını, bir qayda olaraq, belə dəyərləndirir: “Ağalar mənim ən həssas, özüm qədər doğma bir oxucumdur. Şeirlərimi onun dilindən eşidəndə elə bilirəm ki, bunları mən yox, Ağalar yazıb”.
Bu könül ortaqlığı, qəlb genişlıyi hər iki poeziya fədaisini seiriyyət göylərində qoşa qanad kimi eyni səmtli uçuşun, sənətin polad yolunda yanaşı rels kimi bir yönlü gedişin əkiz yolçusuna çevirib. Buna görə də sənət qardaşları ömürlərinin və yaradıcılıqlarının növbəti hesabat ünvanını da ortaqlaşdırdılar. Ortaq məslək və məramlı yaradıcılığı ilə bir-birini forma və məzmunca tamamlayan hər iki sənətkar bugünlərdə dostlarını-yaxınlarını, ölkənin poetik söz xiridarlarını Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən birgə yubiley məclisinə dəvət etmişdilər.
Bu xəbər qısa müddətdə Ağalar Bayramovun və Ramiz Qusarşaylının çoxsaylı pərəstişkarlarına da yetişib nəzərdə tutulduğundan, az qala, ikiqat çox milli məfkurə fəalını, yüksək zövqlü şeirsevəri ünlü sənət ocağının o qədər də böyük olmayan divarları arasına səsləyib gətirmişdi. Ölkənin bir çox qurumlarını əhatə edən, müxtəlif peşə və sənət sahibi olan insanları bu ünvana bir düyğu-düşüncə toplamışdı: ürəkdən sevdikləri, məfkurəvi yaradıcılıqlarından bol-bol mənəvi qida aldıqları, qəlbən zənginləşdikləri hər iki ustad sənətkarın şərəfinə qurulmuş təntənəyə qovuşmaq, bu yüksək məqamın şahidi olmaq, ən xoş arzu-istəklərini onlara üzbəüz çatdırmaq.
Gur meydana bənzər bu qələbəlikdə Milli Məclisin deputatları, yüksək vəzifəli rəsmilər, tanınmış ziyalılar, şair və yazıçılar, incəsənət nümayəndələri, jurnalistlər məşhurluqlarına görə xüsüsi seçilirdilər. Hamının oturmasına yer çatmadığından öz yerlərini cavanlar yaşlılara, kişilər qadınlara verirdi. Yerdə qalanların bir hissəsi başqa tədbirlər zamanı, adətən, boş qalan lojalara qalxır, xeyli adam isə keçidlərdə ayaqüstə durmaqla, dəhlizdə dayanıb məclisi açıq qapılardan izləməklə də kifayətlənirdi.
Mərasimə toplaşanları hər iki yubilyar adından salamlayan Ramiz Qusarçaylı özünün 60, dostu Ağaların 65 olmaqla ikisinin birlikdə 125 illik ömür hesabatına toplaşanları səmimi salamladı, hamıya dərin razılığını bildirdi. O vurğuladı ki, hər kəsi buraya yüksək duyğu-düşüncələr gətirdiyindən məclisin məqsədi də hamının qədərincə zövq alması, bir yerdə sevinib-şadlanmasıdır.
Elə belə də oldu. Şairin yubiliyar dostunu da səhnəyə dəvət etməsi salonda gur, davamlı alqışlar doğurdu. Hamı ayaq üstə əl çalır, təbrik peplikaları ilə bu təntənəli anları bir az da coşdurdu. Ağalar Bayramov da bu axşamın milli şerimizin, məfkurəvi poeziyanın şərəfinə düşünüldüyünü söylədi, yüksək sənətin qədirbilənlərinə minnətdarlığını çatdırdı. “Elə sənin yubileyin mənim, mənim yubileyim sənin yubileyindir”-- deyən məslək və sənət dostları aparıcılığı da özləri etdilər.
Ədəbiyyatımızın və incəsənətimizin istedadlı nümayəndələrinin əlamətdar məclislərində nüfuzlu sözü ilə seçilən, bu axşam da giriş sözü demək üçün səhnəyə dəvət edilən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışına Ramiz Qusarçaylının salonda xoş ovqat doğurmuş “iki dostun bir yerdə 125 illik yubileyi” mənalandırmasından başladı:
– Bu axşam bu möhtəşəm salonda iki sənət adamının– çağdaş poeziyamızın və ədəbi qiraətin çox sevilən, çox da tanınan nümayəndələri – Prezident təqaüdçüsü Ramiz Qusarçaylının və mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun mədəni həyatımızda ilk belə hadisə olan birgə yubiley mərasimi keçirilir. Onlar öz doğmaları, dostları, sənət pərəstişkarları ilə birlikdə 125 yaşlarını qeyd edirlər. Daha doğrusu, bir-birinə qovuşub ortaqlaşmış 125 illik həyatlarının, qoşa yaradıcılıqlarının birgə hesabatlarını verirlər. Bu 125 yaşdan Ağalar Bayramovun payına 65, Ramiz Qusarçaylıya isə 60 il düşür.
Yubilyarların bənzərsiz yaradıcılıqlarını qısaca səciyyələndirən akademik bildirdi ki, Ramiz Qusarçaylının poeziyasında Vətəni tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur. Görkəmli söz ustalarımız onun yaradıcılığına yüksək dəyər veriblər. Hələ ilk şeir kitabı çapdan çıxanda Xalq şairi Osman Sarıvəlli gənc şair barədə yazmışdı ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyü hadisələri qələmə alır, fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır. Ustadının bu etimadını yüksək səviyyədə doğruldan Ramizin özü bu gün bir ustaddır.
Ramiz Qusarçaylının şeirləri öz poetik intonasiyası, bədii təsvir vasitələrinin orijinallığı ilə də diqqəti cəlb edir. O, bugünkü şeirimizdə ənənəyə çox sadiq qalan, lakin təzə söz deməyi də bacaran şairlərimizdəndir. Poeziyamızın çoxrəngli, çoxsəsli mənzərəsində Ramiz Qusarçaylının şeirləri ahənginə, ictimai məzmununa görə dərhal seçilir. Elə götürək onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirini. Bu şeir Səməd Vurğunun xalqımızın poetik pasportu sayılan “Azərbaycan” şeiri ilə bir sırada durmaq qüdrətindədir, çağdaş poeziyamızın ən gözəl siyasi lirika nümunələrindəndir.
Ağalar Bayramov haqqında isə onu demək vacibdir ki, o, xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardır. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına, 50 milyonluq soydaşlarımıza çatdırılmasına həsr etmişdir. Ağalar ürəyəyatımlı səsi ilə şeirlərə, sanki, yeni nəfəs verir. Neçə-neçə ədəbi dühanın, görkəmli şair və yazıçıların əsərləri onun səsi ilə sevilib, ölməzlik qazanıb və insanların yaddaşında dərin izlər buraxıb. Onun repertuarında məslək ortağı Ramiz Qusarçaylının şeirləri isə ayrıca yer tutur.
Uzun illərdir
ki, Ağalar Bayramov professional bədii qiraətlə məşguldur. Teleradio yayımlarının
saysız-hesabsız ədəbi-bədii
verilişlərində və
şeir məclislərində,
sevimli şairlərimizin
yubileylərində və
görüşlərində, kütləvi el şənliklərində
və dövlət tədbirlərində o, davamlı
olaraq poeziyamızın
canlı ifasına, danışan dilinə çevrilib. Audio-videyazılarda və sosial şəbəkə
yayımlarında çıxışları
ən çox izlənən sənətçilərdən
biridir. Bütün bunlara görə
ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla
Ağalar Bayramova Əməkdar artist adı
verilmişdir. İnanırıq
ki, xalqın çox sevdiyi sənətkar bir gün Xalq artisti
adına da layiq görüləcək.
Milli Məclisin deputatı, şair Musa Urud iki sənətkarın birgə yubiley məclisini söz bayramı kimi dəyərləndirərək bildirdi ki, Ramiz
Qusarçaylı və
Ağalar Bayramov fikir, əqidə qardaşlarıdır. Məhz bu
doğmalığın nəticəsidir
ki, Ramiz Qusarçaylının yazdıqları
Ağalar Bayramovun ifasında yeni rəng çalarları qazanır. Onun Aprel döyüşlərinə
həsr etdiyi “Toy” şeiri buna gözəl misaldır.
Milli Məclisin deputatı, poziya həvəskarı Qənirə Paşayeva isə qeyd etdi
ki, Ağalar müəllim neçə
illərdir öz əzəmətli səsi
ilə Qarabağ dərdimizi, Xocalı yaramızı əks etdirən bədii nümunələri böyük
yanğı ilə təqdim edir. Səngərlərdəki oğullar onun
səsindən güc
alırlar. Ramiz Qusarçaylı
isə Xalq şairi Osman Sarıvəllinin 17 yaşında
ona verdiyi “Qusarçaylı” təxəllüsünü
yurd sevgisi ilə doğrultmuşdur.
Onun şeirləri cəmiyyətdə
vətəndaşlıq duyğularını
yüksəldir.
Azərbaycan Prezidenti Administrasiyasının
məsul işçisi
İsrafil Qurbanov bildirdi ki, Ağalar
Bayramovun nadir sənəti
hamımıza dilimizin
ğözəlliyi və
şirinliyini, azərbaycanlı
olduğumuzu anladır. Ramiz Qusarçaylının
isə yaşadığı
Qubanın bənzərsiz
mənzərələrini poetik
lövhələrə çevirməsi
onun həssas və zəkalı bir şair olduğunu
göstərir. Ramizin şeirləri,
sanki, sözlə yox, rənglə qələmə alınıb.
Hər iki sənətkarı Azərbaycan Yazıçılar
Birliyi adından səmimi təbrik edən tanınmış
şair Əjdər Ol, eyni zamanda,
ən yaxın sənət və məslək dostları olan Ağalar Bayramova və Ramiz Qusrçaylıya yaradıcılıqlarının yetkin çağında ayrı-ayrılıqda və
birgə yaradıcılıqlarında
daha böyük uğurlar arzuladı.
Ramiz Qusarçaylının çalışdığı
“Azərmətbuatyayımı” ASC-nin kollektivi adından qurumun sədr müavini İlham Ələsgərov,
Ağalar Bayramovun doğulduğu torpağın
ictimaiyyəti adından
Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Məhəmməd Bayramov,
respublika ziyalıları
adından filoloq
professor Buludxan Xəlilov,
xanəndə, Xalq artisti Alim Qasımov
və başqaları
hər iki yubilyarı təbrik etdilər, onlara xalqımızın xoş
arzularını çatsırdılar.
Məclisdə yubilyarlara rəssamların
çəkdiyi portretlər,
xatirə hədiyyələri,
fəxri fərman və təbriknamələr
təqdim edildi.
Mərasim boyu çıxışları
müşayiət edən
tanınmış aşıq
Ədalət Dəlidağlı,
xanəndə Nuriyyə
Hüseynova və digər sənətçilər
yubilyarları ən yaxşı ifaları ilə təbrik etdilər. Nuriyyə Hüseynova öz
çıxışına keçid olaraq bildirdi ki, sənət
dostu Ağalar Bayramovun ifasında Ramiz Qusarçaylının
“Azərbaycan bayrağı”
şeiri onu bu mətnə bir mahnı həsr etməyə həvəsləndirib.
Yubiley gecəsi
məhz Ramiz Qusarçaylının dövlət
bayrağını dalğalandırması
fonunda Ağalar Bayramovun “Azərbaycan bayrağı” şeirini xüsusi bir coşqunluqla səsləndirməsi
ilə sona çatdı. Bir hissəsi səhnəyə
qalxıb bu ifaya qoşulan iştirakçılar və
ayağa qalxmış
salon təkrarsız bir
mənzərə yaratdılar:
Sənsən Azadlıq eşqim, sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı! Azərbaycan bayrağı!
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2019.- 17
fevral.- S.7.