Azərbaycanın
Avropanın
enerji təhlükəsizliyində rolu
artır
Son illərdə dünya
bazarında neftin qiymətlərində mütəmadi dəyişmələrə
baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri
artan xətt üzrə inkişaf edir. Bu, təsadüfi deyil.
Çünki SOCAR
artıq müasir qlobal enerji şirkətinə
çevrilib və son 10 il ərzində
əməliyyat səmərəliliyinin artırılması
istiqamətində bir çox zəruri islahatlar həyata keçirib.
Hazırda
Azərbaycanın qlobal brendi SOCAR gəlirlərinin
böyük hissəsini xarici ölkələrdə
reallaşdırdığı əməliyyatlardan əldə
edir, həmin gəlirləri ölkəmizin sosial-iqtisadi
inkişafı naminə təkrar investisiyaya yönəldir, təbii
ki, dövlət büdcəsinə ödənişləri də ilbəil artırır.
Ötən il SOCAR-ın əsas səmərəlilik
göstəriciləri üzrə artım davam edib. Hesabat
dövründə şirkət tərəfindən, əməliyyat
qurumları və birgə müəssisələr istisna
olmaqla, 160 min metrdən artıq qazma işi həyata
keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi
ilə müqayisədə 16,6 faiz çoxdur.
Sözügedən
müddətdə SOCAR üzrə hasilat 7,54 milyon ton neft, 6,53
milyard kubmetr qaz təşkil edərək,
əvvəlki ilin analoji göstəriciləri ilə
müqayisədə, müvafiq olaraq, 1,6 faiz və 7,2 faiz nisbətində
yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika
üzrə 38,81 milyon ton neft və 30,49
milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft
hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6 faiz artıb. Ötən il SOCAR tərəfindən 23,88
milyon ton xam neft ixrac olunub. Eyni zamanda, Azərbaycandan 1,8 milyon ton emal olunan neft və neft-kimya məhsulu
ixrac edilib.
SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının
təminatı məqsədilə istifadə edib. Beləliklə,
SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii
qazın 89 faizə yaxın hissəsi məhz Azərbaycanın
daxili tələbatına yönləndirilərək, ehtiyac tam ödənilib, qalan 2
milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub,
1,42 milyard kubmetr təbii qaz isə
birbaşa adı çəkilən şirkət tərəfindən
Türkiyə və Gürcüstan bazarlarına ixrac
edilib.
Ötən
il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci
illə müqayisədə 11 faiz
çoxdur. Bütün ixracatçılar tərəfindən
Türkiyə bazarına, ümumilikdə, 7,23
milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii
qaz ixrac olunub. SOCAR 2018-ci il ərzində
dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait
ödəyib. Şirkətin büdcə ödənişləri
əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni
6,2 faiz artıb.
“Əsrin müqaviləsi” istiqamətində əldə
edilən göstəricilər də ürəkaçandır. Qeyd edək ki, ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və
böyük səyi ilə 1994-cü il sentyabrın 20-də
imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın güclü
iqtisadi potensialının formalaşdırılmasında
mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin
gerçəkləşməsinə müsbət təsir göstərib. Məhz bu müqavilə ilə Xəzər dənizində
tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq
prosesi başlayıb. Azərbaycan öz zəngin
neft resurslarının dünya bazarlarına
daşınması üçün əlverişli imkan əldə
edib.
“Əsrin
müqaviləsi”nin imzalandığı 1994-cü il
sentyabrın 20-dən indiyədək neft və qaz
hasilatında yüksək göstəricilər əldə
edilib. Bununla bağlı bəzi rəqəmlərə
diqqət yetirək. Əvvəlcə qeyd
edək ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlarında hazırda 6 hasilat və 2 texnoloji
platforma fəaliyyət göstərir. Kompleksdən
neftin və səmt qazının çıxarılması
davam edir. Keçən ilin 9 ayında “Çıraq”dan
gündə orta hesabla 47 min barel, “Mərkəzi Azəri”dən
156 min barel, “Qərbi Azəri”dən 126 min barel, “Şərqi
Azəri”dən 97 min barel, “Dərinsulu Günəşli”dən
105 min barel və “Qərbi Çıraq”dan 57 min barel neft hasil
olunub. İndi AÇG-də ümumilikdə 112
neft hasilatı, 53 qaz və su injektor quyusu var.
AÇG böyük potensiala malik olan yataqlardır. Bu, 2017-ci ilin sentyabrında
Azərbaycana tərəfdaş şirkətlərlə
AÇG üzrə dəyişdirilmiş və yenidən
işlənmiş Hasilatın Pay Bölgüsü Sazişini
(HPBS) imzalamağa imkan verdi. Bu
saziş “Yeni əsrin müqaviləsi” adlandırıldı.
Həmin vaxta qədər buradan 440 milyon tona
yaxın neft hasil edilmişdi. Yataqların
işlənməsinə 33 milyard dollar investisiya qoyulmuşdu.
Azərbaycana təmənnasız olaraq 30 milyard
kubmetrdən çox səmt qazı təhvil verilmişdi.
Yeni müqaviləyə əsasən isə AÇG-nin
işlənməsi müddəti əsrin ortasınadək
artırılıb. Beləliklə, 2050-ci ilədək
AÇG yataqlar blokuna 40 milyard dollardan artıq investisiya
qoyulması nəzərdə tutulub. Beynəlxalq tərəfdaşlar
Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər.
Keçən il yanvarın 29-da ARDNF-yə
yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində
ilk bonus ödənişi həyata keçirilib.
ARDNF-nin məlumatına
görə, AÇG yataqlarından əldə olunan ümumi
gəlir 2001-ci ildən 2019-cu il yanvarın
1-dək 138 milyard 206 milyon ABŞ dolları təşkil edib.
Beləliklə,
Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları
ilə birgə səyləri nəticəsində Cənub Qaz
Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”, respublikamızdan başlayaraq
Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi
Qafqaz Boru Kəməri,
Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və
İtaliyanı birləşdirən TAP-la bağlı
prinsipial razılaşmalar əldə olunub və layihənin
həyata keçirilməsinə başlanılıb.
Ötən
il iyunun 12-də isə Türkiyənin
Əskişəhər şəhərində TANAP -
Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi
münasibətilə təntənəli mərasim
keçirildi. Azərbaycanın və Türkiyənin
möhkəm işbirliyi, qardaşlığa və
dostluğa söykənən fəaliyyətləri bu strateji
layihənin uğurla reallaşmasında əhəmiyyətli
rol oynadı. Ölkəmizin iqtisadi
qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP
bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı
yerini və özəlliyini nümayiş etdirdi.
Dövlətimizin başçısı, həmçinin bildirdi ki, TANAP birgə həyata keçirilən birinci layihə deyil. Bundan əvvəl -- 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı qeyd edilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı reallaşıb. Keçən il isə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Bütün bunlar isə onu göstərir ki, iki qardaş ölkənin birgə təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və Azərbaycan-Türkiyə qardaşlığı dayanır.
TANAP-la Türkiyəyə bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək.
Yeri gəlmişkən, ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Artıq
TAP-ın TANAP-la birləşməsi reallaşıb. Bu, Cənub
Qaz Dəhlizinin tamamlanması istiqamətində mühüm
irəliləyiş hesab edilir və 2020-ci ildə təbii
qazın Avropaya çatdırılacağına əminlik
yaradır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2019.- 17 fevral.- S.1-2.