Prezidentin gücü insanların

səmimi sevgisindən qaynaqlanır 

 

İnsan dara düşəndə arxa-dayaq axtarır, kiminsə əlini onun çiyninə qoyub təsəlli verməsini gözləyir. Əlin təmasının onun canına, qanına hopması ilə də insanın ürəyində bir ümid göyərir, təskinlik tapır, hər şeyin yaxşı olacağına fövqəltəbii bir hisslə inanır. Fevralın 7-də Şamaxı rayonunun zəlzələdən zərər çəkən sakinləri də dövlət başçısının onların görüşünə gəlməsi ilə həmin duyğulu anları yaşadılar.

 

 Hadisənin ertəsi günü zəlzələdən zərər çəkənlərlə bağlı verilən məlumatlarla kifayətlənməyən, hadisə nəticəsində sakinlərin düşdükləri vəziyyətlə yerindəcə tanış olmaq üçün Prezident İlham Əliyev Şamaxıya səfər etdi. Dövlət başçısının ölkə həyatının bütün sahələrini daim nəzarətdə saxlaması, vaxtaşırı bölgələrdə olaraq, mövcud problemlərin həlli üçün tədbirlər görməsi hamıya tanış mənzərədir. Ölkə rəhbəri Azərbaycanda baş verən ekstremal proseslərə də hər zaman çevik münasibət bildirir, hadisə yerində olur, insanlarla görüşür, onların qayğıları, problemləri ilə dərindən maraqlanır, çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumlarının rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verir.

 Prezidentin Şamaxıda təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olması, zərərçəkən vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, dövlət başçısı xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir.

 Şamaxı şəhərinin ­Salman ­Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezidentə məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb. Divarları uçmuş evin mənzərəsini təəssüf hissi ilə seyr edən Prezidentin onların kədərinə məyus olduğu açıqca hiss olunurdu. Zarafat deyil, qışın oğlan çağında, şaxtada-qarda evsiz qalmaq nə deməkdir? Cənab Prezident bu çətinliyi yaxşı duyurdu.

Yaşının bu ahıl çağında baş verən fəlakətdən üzülən, eyni zamanda, dövlət başçısının mehribanlığından cəsarətlənən ağbirçək Saray nənə: – “Xoş gəlmisiniz, Allah Sizi var eləsin. Çox sağ olun, Sizdən çox razıyıq”, – deyə dil-ağız elədi.

Prezident İlham Əliyevin ona ürək-dirək verərək: – “Yeni ev tikiləcək, narahat olmayın”, – deməsi ağbirçəyin alqış-dualarına qarışdı. Dövlət başçısının qadına yaxınlaşaraq hədsiz mehribanlıq göstərməsindən fərəhlənən ağbirçək: – “Başına dönərəm”, – dedi. – “Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki, varsınız. Biz Sizinlə qürur duyuruq”.

 Prezident dedi: “Çox sağ olun. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Haradaki, bərpa etmək mümkündür, bərpa olunacaq. Haradaki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, məncə, bu evin bərpası mümkün deyil. Ev tikilənə qədər hansı kömək göstəriləcək”?

 Qeyd edək ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə zəlzələnin baş verdiyi andan hadisə yerində olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat vermişdilər.

 Prezidentin sualına dərhal cavab verən K. Heydərov imkanı, həyətində başqa bir yeri olanların orada məskunlaşdıqlarını, qalanlarını rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdirdiklərini bildirdi: “Sizin tapşırığınızla, cənab Prezident, artıq dünəndən 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-sının qəzalı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur, 750 müraciət olunub. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, sizin tapşırığınızı daha tez icra edək”.

Qeyd edək ki, Azərbaycan ­PrezidentiReal” televiziyasına müsahibə verərkən də, həmin ağbirçəklə bağlı maraqlı və dəyərli fikirlər səsləndirdi. Saray nənə kimi Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirən anaların milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olduğunu dedi. Evi dağılmış 92 yaşlı bu qadında olan nikbinliyi dövlətin həmişə onun yanında olacağına böyük inamla əlaqələndirdi. Saray nənə kimi nənələrin Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirdiyini qeyd etdi. Görüşün onda çox böyük təəssürat yaratdığını deyən dövlət başçısı, tezliklə Saray nənə ilə bir daha görüşəcəyini və yeni evinin açarını ona təqdim edəcəyini bildirdi.

 Dövlət başçısının həmişə xalqın yanında olduğunu, onun kədərinə də, sevincinə də şərik olduğunu sübut etməyə bu faktdan əlavəsinə ehtiyac varmı?

 Prezident Vidadi Məmmədov küçəsində Mailə Quliyevaya məxsus 7 nömrəli evdə də oldu. Bu evin bir otağının divarının zəlzələ nəticəsində tam dağıldığını və qəzalı vəziyyətə düşdüyünü müşahidə etdi. Sonra Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evə baş çəkdi. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılmışdı. Evə dəymiş ziyanla tanış olan Prezident İlham Əliyev ona ümid yeri kimi baxan sakinlərlə söhbət etdi. Dövlət başçımız sakinlərin yanında özünü onlardan biri kimi, Azərbaycan dövlətinin sıravi bir vətəndaşı kimi hiss etdirdi ki, kimsə ondan çəkinməsin, digər problemlərini də desinlər. Bu gəlişdən, görüşdən qəlblərinə işıq gələn sakinlər: “Xoş gəlmisiniz, cənab Prezident. Dar gündə dadımıza çatdınız. Allah canınızı sağ eləsin”, – deyə alqış etdilər.

 Sakin Xatirə Rəhimzadə dedi: “Cənab Prezident, bir daha xoş gəlmisiniz. Biz Sizin gələcəyinizə inanırdıq. Çünki həmişə xalqının ağır günündə onun yanında olan, xalqına dəstək olan Prezidentin bu təbii fəlakət zamanı şamaxılıların yanında olacağına çox-çox inanırdıq. Nə yaxşı ki, varsınız. Xalqa göstərdiyiniz dəstəyə, köməyə görə Sizə həmişə minnətdarıq. Çox sağ olun! – deyirik. Nə yaxşı ki, bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik. Həmişə Sizin yanınızdayıq. Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük. Bu gün bir daha bunun sübutudur”.

 Prezident İlham Əliyev təşəkkür edərək Şamaxıya tez-tez gəldiyini dedi. Burada tədbirlərdə iştirak etdiyini, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olduğunu diqqətə çatdırdı: “Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar”.

 Daha bir sakin, Xanlar Rəhimzadə əlavə etdi ki, əhali tam sakit oldu, cənab Prezident. Yerli hakimiyyətin nümayəndələri gecəyarısı bütün evləri gəzirdilər. Hamısı yanımızda idi. Ona görə də heç bir narahatlıq yoxdur.

Sakinlər Prezidentə arxalandıqlarını, xalqı, bu qədər dəstək olduğuna görə onunla qürur duyduqlarını bildirdilər. ­Prezidentimizin belə qayğıkeşliyini, xalqa xidmətini görüb “Azərbaycanın etibarlı əllərdə olduğuna bir daha inanırıq”, – dedilər.

 Prezident dedi: “ Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq”.

 Yeri gəlmişkən, xatırladaq ki, dövlətimizin başçısı Bakıya qayıtdıqdan dərhal sonra Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosialinfrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

 Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər etdi. Səfər çərçivəsində dövlət başçısının bir sıra obyektlərin – Mingəçevir -- Stansiya Mingəçevir – Bəhrəmtəpə – Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, əsaslı şəkildə yenidən qurulan Beyləqan tarix – diyarşünaslıq muzeyinin və “Beyləqan – 1” yarımstansiyasının açılışında iştirak etməsi və rayonn sakinləri ilə görüşü hər kəsdə sevinc və məmnunluq doğurdu.

 Ali Baş Komandan rayon ərazisində inşa edilən hərbi hissədə də oldu. Burada şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə tikilən yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları ilə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. Prezident, həmçinin yeməkxanada yaradılan şəraitlə maraqlandı və hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi. Dövlət başçısının bu jesti Vətənin keşiyində dayanan əsgərlərdə böyük ruh yüksəkliyinə səbəb oldu.

 Tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak edən Prezident sonra muzeyin yerləşdiyi parkda istirahət edən sakinlərlə görüşdü. Onlar dövlət başçısını sevinclə, mehribanlıqla qarşıladılar. Yaşlı bir qadının dövlət başçısına “balam” deyə müraciət etməsi, “Azərbaycanın fəxrisən, Beyləqan Sənin arxandadır”, – deməsi Prezidentin həqiqətən də xalq tərəfindən necə böyük məhəbbətlə sevildiyinin təsdiqidir. Prezidentin onların hər bir probleminə diqqət və qayğı göstərdiyinə əmin olan sakinlərdən biriRafiq Hacıyev yaxınlaşaraq, oğlunun Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisi olduğunu dedi. Eyni zamanda, indi xəstə olduğunu, əməliyyat məsləhət görüldüyünü bildirdi.

 Dövlət başçısı dərhal onun müraciətinə reaksiya verərək, kömək edəcəyini bildirdi və “ad-familiyasını yazın”, – deyə tapşırıq verdi. Parkda toplaşan beyləqanlıların hər biri Prezidentə yaxınlaşıb ürək sözlərini, məhəbbətini çatdırmaq istəyirdi.

 Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində beyləqanlılara müraciət edərək, Azərbaycan Prezidentini sevgi ilə qarşıladıqlarına görə onlara təşəkkür edib. “Bizim Prezidentin gücü insanların səmimi sevgisindən qaynaqlanır”, – deyə hisslərini ifadə edib.

 Xalqın sevgisini başqa yolla qazanmaq olmaz. Sevməlisən ki, qarşılığını da alasan. Azərbaycanda Xalqla Prezident arasında məhz belə qarşılıqlı sevgi var. Xalqla təmas qurmaq sahəsində digər dövlətlərin də başçılarına örnək olan bu addımlar ölkə vətəndaşlarının öz rəhbərinə olan inamını bir daha artırır. Onlar görür, ümid edir və ürəkdən inanırlar ki, ən dar gündə belə sevimli Prezidentləri onların yanında olur və maddi-mənəvi dəstəyini əsirgəmir.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2019.- 17 fevral.- S.3.