Xocalı soyqırımına hüquqi
baxış
Tarix unudulmur
əvvəli qəzetin 17 fevral
2019-cu il tarixli nömrəsində
Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı olan digər
epizodlar üzrə hazırda Azərbaycan Respublikası
Prokurorluğunda intensiv surətdə istintaq davam etdirilsə də,
ölkə vətəndaşları Xocalı genosidini törədən
canilərin, nəhayət ki, məhkəmə
qarşısında cavab verəcəyi günü səbirsizliklə
gözləyirlər. Azərbaycan Respublikasının
qoşulduğu BMT-nin “Genosid cinayətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında” 9 dekabr 1948-ci il Konvensiyasının 6-cı maddəsi,
Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual
məcəllələri, Xocalıda soyqırımı kimi
ağır cinayətləri törətməkdə ittiham
olunan şəxslərin cinayət işlərinə Azərbaycan
Respublikasının səlahiyyətli məhkəmələrində,
yaxud yurisdiksiyası tanınmış Beynəlxalq Cinayət
Məhkəməsində baxılmasını, təqsirli
şəxslərin layiqincə cəzalandırılması
üçün bütün qanuni tədbirlərin
görülməsini tələb edir.
Son
illər müxtəlif şəxslər Xocalı
soyqırımına görə ittiham olunan cinayətkarların
Haaqa Hərbi Tribunalında – Beynəlxalq Cinayət Məhkəməsində
cəzalandırılmaları barədə tez-tez bəyanatlar
səsləndirir və təkliflər irəli sürürlər.
Millətimizə qarşı belə qəddar cinayətləri
törətmiş erməni faşistlərinin, onların himayədarlarının
qanun qarşısında nəhayət ki, cavab verməli
olmalarına dair belə iddialar tamamilə haqlı olsa da, bu,
beynəlxalq və milli hüquqda ciddi prosedur qaydalara əməl
edilməsini tələb edir. Buna görə də beynəlxalq
hüquqda Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq
Cinayət Məhkəməsinin Roma statutu məsələsinə
müəyyən aydınlıq gətirilməsinə zərurət
vardır.
BMT
Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq
Məhkəmə Birləşmiş Millətlər Təşkilatının
əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis
və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən
istənilən hüquqi məsələ üzrə məsləhət
xarakterli rəy verməyi xahiş edə bilər. Beynəlxalq
Ədalət Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə
görə, BMT-nin əsas məhkəmə orqanı kimi
yaradılan Beynəlxalq Məhkəmə öz Nizamnaməsinin
müddəalarına müvafiq olaraq təşkil olunur və
fəaliyyət göstərir. O öz funksiyasını həyata
keçirmək üçün prosedur qaydalar müəyyən
etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin
yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi
bütün işlər aiddir, o cümlədən BMT Nizamnaməsində
və konvensiyalarda xüsusi olaraq göstərilmiş
bütün məsələlər üzrə işlərə
baxa bilərlər. Bütün bunlara baxmayaraq, Beynəlxalq
Ədalət Məhkəməsi Nizamnaməsinin 34-cü maddəsinin
tələbinə görə “yalnız dövlətlər məhkəmənin
baxdığı işlərdə tərəf ola bilərlər
prinsipi” birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə
ayrı-ayrı fiziki şəxslərin törətdikləri
cinayət əməllərinə baxmaq statutuna malik deyildir.
Lakin bütün bunlar o demək deyildir ki, soyqırımı
və digər ağır cinayətləri törədənlərin
əməlləri cəzasız qalmalıdır.
Tarixə
ekskurs edək. Bəşər tarixinin ən qəddar
müharibələrindən olan II Dünya müharibəsindən
sonra bəşəriyyət əleyhinə törədilmiş
ən ağır cinayətlərə görə Nürnberq
Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ,
Böyük Britaniya və Fransa hökumətləri
arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların
tribunala verilməsi və cəzalandırılması
haqqında bağlanmış dövlətlərarası
saziş əsasında, Tokio tribunalı isə 19 yanvar
1946-cı ildə müttəfiq dövlətlərin baş
komandanlarının birgə iclasında təsis edilmişdir.
Beynəlxalq
Cinayət Məhkəməsinin yaradılması üzrə
BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin
diplomatik konfransı İtaliyanın paytaxtı Roma şəhərində
15 iyun –17 iyul 1998-ci il tarixlərində Beynəlxalq Cinayət
Məhkəməsinin Roma Statutunu təsdiq etmişdir. Bu məhkəmə
beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə
görə məsuliyyət daşıyan şəxslərə
münasibətdə yurisdiksiyasını həyata keçirməyə
səlahiyyətli olan daimi bir orqan kimi
yaradılmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin
Roma statutunun 5-ci, 6-cı maddələrinə əsasən bu
məhkəmə genosid cinayətlərini icraata qəbul etmək
və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə
malikdir. Bütün bunlarla yanaşı, Roma statutunun “Ratione
temporis yurisdiksiyası”na (11-ci maddə) görə məhkəmə
yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni,
17 iyul 1998-ci ildən sonra törədilmiş cinayətlərə
münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Beynəlxalq
Cinayət Məhkəməsinin Roma statutunun 5-ci maddəsinin tələbinə
əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız
Roma statutunun iştirakçısı olan dövlətlərə
şamil edilə bilər. Haaqa Tribunalında isə məsələyə
o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma
statutunu ratifikasiya etmiş dövlətin ərazisində və
Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı
tərəfindən törədilmiş olsun.
BMT
Nizamnaməsinin VII fəslində göstərildiyi kimi, Təhlükəsizlik
Şurası hər bir halda sülhə təhlükənin
yaranması, sülhün pozulmasının və ya təcavüz
aktının olmasını müəyyən edir,... beynəlxalq
sülhün və təhlükəsizliyin qorunub
saxlanılması məqsədi ilə Nizamnamənin 41-ci və
42-ci maddələrinə uyğun olaraq, müvafiq tədbirlər
görülməsi barədə qərar qəbul etmək səlahiyyətlərindən
istifadə edir.
Soyqırımı
cinayətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə
təhlükə yaradan vəziyyətdə törədildiyi,
BMT Təhlükəsizlik Şurasının, BMT Nizamnaməsinin
VII bölməsində göstərilən halları
mövcud olduqda, Beynəlxalq Cinayət Məhkəməsinə
müraciət edilməsi soyqırımı cinayətlərinə
baxılması üçün hüquqi əsas ola bilər.
Lakin bu hüquqi əsaslar və hüquqi şərtlər
hazırda mövcud olmadığına görə, Xocalı
soyqırımını törədənlərin cinayət
işinə Haaqa Tribunalında baxılması
mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq
Cinayət Məhkəməsinin Roma statutunu
imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın
subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma
statutunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya etməmişdir.
Buna görə də Xocalı soyqırımını
törədənlərin əməlləri Haaqa
Tribunalının yurisdikasiyasının təsiri altına
düşsə belə, Azərbaycan bu statutu
imzalamadığından xalqımıza qarşı törədilən
soyqırımı cinayətinə baxılması barədə
Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir.
Digər tərəfdən, Azərbaycan Beynəlxalq Cinayət
Məhkəməsinin üzvü və Roma statutunu ratifikasiya
etsə belə, yenə də bu barədə toplanmış
materiallar icraata qəbul edilə bilməz, ona görə ki,
Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixlərində
baş verərkən, Azərbaycan bu məhkəmənin
üzvü olmamışdır. Buna görə də məhkəmə
həmin cinayət işini icraata qəbul etmək və mahiyyəti
üzrə baxmaq səlahiyyətinə malik deyildir.
Beynəlxalq
təcrübəyə əsasən, məsələnin
başqa bir hüquqi həlli yolu da vardır. Azərbaycanın
səlahiyyətli orqanlarının vəsatətləri əsasında
Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə
Ermənistanın və onun separatçı qüvvələrinin,
hərbçilərinin azərbaycanlılara qarşı həyata
keçirdikləri sülh və insanlıq əleyhinə
olan cinayətlərə görə xüsusi səlahiyyətli
Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi
Tribunalının yaradılması da tamamilə
mümkündür. Bunun üçün Azərbaycanın səlahiyyətli
orqanlarının Birləşmiş Millətlər Təşkilatı
qarşısında məsələ qaldırması zəruridir.
Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq
Cinayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə
məsələyə mahiyyəti üzrə baxılıb təqsirləndirilən
şəxslərin layiqincə cəzalandırılması təmin
edilə bilər. Bu barədə müvafiq təcrübə
də vardır.
BMT
Nizamnaməsinin VII fəslində göstərildiyi kimi,
sülhə təhlükə, sülhün pozulması və
təcavüz aktlarının baş verdiyi hallarda, məsələnin
Təhlükəsizlik Şurasında baxılması
prosedurunu nəzərdə tutsa da, Nizamnamədə BMT Təhlükəsizlik
Şurasının, fərdi şəxslərin cinayət əməlləri
üzrə məhkəmə yaratmaq səlahiyyətləri nəzərdə
tutulmamışdır. Buna baxmayaraq, keçmiş Yuqoslaviya ərazisində
sülh və insanlıq əleyhinə törədilmiş
cinayətlər üzrə ekspertlərin topladığı
materialları nəzərdən keçirən BMT-nin sabiq
baş katibi Butros Qalinin təşəbbüsü ilə BMT
Nizamnaməsində Təhlükəsizlik Şurasının
səlahiyyətlərinə dair normalar yenidən nəzərdən
keçirilmiş, ona müvafiq şərhlər və əsaslandırmalar
verilməklə, keçmiş Yuqoslaviya üzrə Beynəl-xalq
Hərbi Tribunalın yaradılması haqqında Təhlükəsizlik
Şurası 23 fevral 1993-cü il tarixdə 808 və 25 may
1993-cü il tarixdə 827 saylı qətnamələri qəbul
etmişdir. Bununla da, Təhlükəsizlik
Şurasının fəaliyyətində yeni bir presidentin əsası
qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, sonradan Təhlükəsizlik
Şurasının 8 noyabr 1994-cü il tarixli qətnaməsi
ilə Ruanda işi üzrə fəaliyyət göstərən
Beynəlxalq Hərbi Tribunal təsis edilmişdir. Ötən
dövr ərzində Yuqoslaviya və Ruanda Beynəlxalq Hərbi
tribunalları öz əsasnamələrinə müvafiq
olaraq, sülh və insanliq əleyhinə və müharibə
cinayətləri törətmiş canilərin layiqincə cəzalandırılnmasını
təmin etmək sahəsində böyük işlər həyata
keçirmişdir. Bütün bunlar BMT-nin, onun Təhlükəsizlik
Şurasının nüfuzuna əhəmiyyətli təsir
göstərmişdir.
Belə
bir təcrübədən bəhrələnərək, BMT
Xocalı soyqırımı, eləcə də Ermənistanın
təcavüzkar hərbi qüvvələrinin azərbaycanlılara
qarşı törətdiyi, sülh və insanlıq əleyhinə
olan əməllərə görə xüsusi Beynəlxalq Hərbi
Tribunalın yaradılması məsələsini həll edə
bilər. Hesab edirəm ki, münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının
dörd qətnamə qəbul etməsi və bu qətnamələrin
heç birinin indiyə qədər icra edilməməsi,
münaqişə zamanı törədilmiş ağır
cinayətlərlə bağlı “ad hoc” xüsusi beynəlxalq
tribunalının yaradılması haqqında Azərbaycan
Respublikasının qaldırdığı vəsatət
BMT-nin Təhlükəsizlik Şurası tərəfindən
təmin edilə bilər.
Hazırkı
vəziyyətdə beynəlxalq hüquqda məsələnin
daha optimal bir həlli yolu da vardır. Bu da onunla əlaqədardır
ki, konvensiyanın 6-cı maddəsinin tələbinə
uyğun olaraq Xocalı soyqırımı barədə cinayət
işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq Azərbaycan
Respublikasının səlahiyyətli məhkəmələri
tərəfindən icraata qəbul edilə və həmin
cinayəti törədənlər öz layiqli cəzalarını
ala bilərlər. Beynəlxalq hüquq, nəinki milli məhkəmələrə
belə bir imkanı verir, hətta onların üzərinə
belə bir öhdəlik də qoyur. Müxtəlif ölkələrin
milli məhkəmələrinin təcrübəsində belə
çoxsaylı işlərə baxılmışdır.
“Polyuxoviçin Avstraliya İttifaqına qarşı” işi
üzrə Avstriya Məhkəmə-sinin, Adolf Ayxmanın
işi üzrə Yerusəlim Məhkəməsinin (1961-ci
il), Rafik Sariçə qarşı Danimarka Milli Məhkəməsinin
(1994), Duşko Tadiçə qarşı Almaniya Ali Məhkəməsinin
(1994), Darko Kneceviçə qarşı Niderland Ali Məhkəməsinin
(1997) və onlarca digər faktlar üzrə milli məhkəmələrin
hökmləri buna misal ola bilər.
Dünya
təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını
törədənlərin cinayət işinə Azərbaycanın
Xocalı ərazisi üzrə Ağır Cinayət Məhkəməsində
– Gəncə Ağır Cinayət Məhkəməsində
baxıla bilər. Çünki Xocalı soyqırımı
Azərbaycan ərazisində, bəziləri Azərbaycan
Respublikasının vətəndaşları olan ermənilər
tərəfindən, Azərbaycan vətəndaşı olan
azərbaycanlılara və Axıska türklərinə
qarşı törədilmişdir. Bu, milli və beynəlxalq
hüququn tələblərinə tamamilə müvafiqdir.
Çünki universal yurisdiksiya prinsipinə görə genosid
və başqa beynəlxalq cinayət törətmiş şəxsləri
mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə
orqanlarının borcudur. Burada həm də nəzərə
almaq lazımdır ki, belə cinayətləri törətmiş
şəxslərin Ermənistanın, Rusiyanın və hər
hansı başqa bir ölkənin ərazisində
yaşamasından asılı olmayaraq, onların tutulub Azərbaycana
ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən
irəli gəlir. Belə ki, Soyqırımı
Konvensiyasının 7-ci maddəsinin tələbinə görə
təqsirləndirilən şəxslərin verilməsi məsələsində
soyqırım, eləcə də Konvensiyanın 3-cü maddəsində
sadalanan digər əməllər siyasi cinayətlər hesab
edilmir. Bu da onu göstərir ki, təqsirləndirilən
şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi
və Azərbaycana verilməkdən, ekstradisiya olunmaqdan imtina
edilməsi mümkünsüzdür.
Bütün
bunlar bir daha nəzərdən keçirilərkən
aydın olur ki, hazırki vəziyyətdə Xocalı
soyqırımını törədənlərin müəyyən
bir hissəsi haqqında respublikamızın Baş
Prokurorluğu kifayət qədər mötəbər
sübutlar toplamış, canilərin təqsirləndirilən
şəxs qismində cəlb edilməsi və haqlarında həbs
qətimkan tədbiri seçilməsi haqqında məhkəmələr
qərarlar çıxarmışlar. Həmin şəxslərin
tutulması haqqında İnterpol xətti ilə beynəlxalq
axtarış verilmişdir. Axtarışın nəticəsindən
asılı olaraq ərazi aidiyyatı üzrə Xocalı
soyqırımını törədənlərin cinayət
işinə Gəncə Ağır Cinayət Məhkəməsində
baxılması mümkün olacaqdır. Hesab edirəm ki, o
gün uzaqda deyil və müstəqil Azərbaycanın
hüquq – mühafizə orqanları bu şərəfli vəzifəni
uğurla yerinə yetirməyə nail ola biləcəklər.
Dağlıq
Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi
və Xocalı soyqırımının hüquqi təhlili
problemlərinin öyrənilməsi göstərir ki, beynəlxalq
hüququn bir sıra ciddi problemlərinin həllinin vaxtı
çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra
konvensiyalar müasir dövrün tələblərinə
cavab vermir, köhnəlmişdir, ayrı-ayrı normalar
mükəmməl hesab edilə bilməz. Eyni məsələlər
üzrə müxtəlif vaxtlarda qəbul edilən
konvensiyalar işlək deyil, dövlətdaxili qanunlarla beynəlxalq
hüquq normaları arasında aşkar uyğunsuzluqlar
vardır, onların icra mexanizmləri yoxdur. Elə “Genosid
cinayətinin qarşısının alınması və onun
cəzalandırılması haqqında” BMT Konvensiyasında
müəyyən qüsurlar vardır. Bu konvensiya müasir tələblərə
cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin
kompensasiya mexanizmləri yoxdur. Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik
Şurasının dörd məlum qətnaməsi indiyədək
icrasız qalmışdır. BMT-nin üzvü olan və bir
çox konvensiyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq
hüququn və beynəlxalq birliyin əksəriyyətinin
iradəsini ifadə edən qətnamələrə məhəl
qoymur, onları icra etməkdən qəsdən boyun
qaçırır.
Sivilizasiyaların
ən yüksək təkamül mərhələsi hesab
olunan hazırkı dövrdə, dünyada qlobal problemlərin
hüquq müstəvisində, dinc və danışıqlar
yolu ilə, qanunla və ədalətlə deyil, çox təəssüf
ki, zorla və silah gücünə həll edilməsinə
üstünlük verilir. Kiçik dövlətlərə
münasibətdə ikili standartlar kifayət qədər
geniş yayılmışdır. Bu gün hələ
dünyada yüzlərlə münaqişə ocaqları və
mübahisə predmetləri qalır. Dünyanın müxtəlif
ölkələrində və müxtəlif regionlarında ərazi,
dini, irqi, milli, etnik və digər zəminlərdə
münaqişələr və müharibələr davam edir,
minlərlə insanın ölümü ilə nəticələnir.
Bir müstəqil ölkə başqa bir müstəqil
ölkənin ha-kimiyyətini devirir, ərazisini işğal
edir, əhalisini qırır, təbii sərvətlərini ələ
keçirir. Yaşadığımız balaca planet sanki “qan
çanağı”na çevrilmişdir, tərəqqipərvər
bəşəriyyət isə aciz vəziyyətdə
gözləyir. Bütün bunlar, təəssüf ki,
günümüzün reallıqlarıdır. Demokratiya və
insan hüquqlarının müdafiəsi problemi beynəlxalq
təşkilatların və böyük dövlətlərin
əsas prioritetləri kimi təqdim edilsə də, əslində,
məsələn, Ermənistan kimi işğalçı bir
dövlətə onların münasibəti yalnız təəccüb
doğurur. Ərəb ölkələrində, Afrika ölkələrində,
Əfqanıstanda, Pakistanda baş verən hadisələr beynəlxalq
hüququn elementar standartlarına cavab vermir. Beynəlxalq təşkilatlar
isə bütün bunları yalan vədlərlə,
sükutla qarşılayır.
Suveren
Azərbaycanın ərazi bütövlüyü 26 ildən
çoxdur ki, qonşu dövlət tərəfindən silah
gücünə işğala məruz qalmışdır.
Dağlıq Qarabağın nəzarətsiz ərazilərində
terrorçu qrupların yetişdirilməsi,
narkoplantasiyaların salınması, narkolaboratoriyaların məhsullarının
dünyanın müxtəlif ölkələrinə eksport
edilməsi və əldə edilən vəsait hesabına
separatçı qurumun maliyyə problemlərinin həlli BMT-yə
də, NATO-ya da, ATƏT-də başqa böyük dövlətlərə
də tam aydındır. Əgər dünya, həqiqətən
də, terrorçuluğa və narkobiznesə qarşı
mübarizə aparırsa, onda nə üçün təcavüzkar
dövlət olan Ermənistana, separatçı və qondarma
qurum olan “Dağlıq Qarabağ Respublikası”na qarşı
biganə münasibət göstərir? Bu sualın
cavabını hamı kimi biz də yaxşı bilirik.
Çünki dünyada ikili standartlar mövcuddur, “doğma” və
“yad”, “müsəlman” və “qeyri-müsəlman” ölkələr
vardır. Ayrı-seçkiliyin də kökündə digər
amillərlə yanaşı məhz bu amil dayanır.
Bu
gün, nəhayət ki, dünyanın qüdrətli dövlətləri
beynəlxalq təşkilatlarla birlikdə bir araya gəlib
bütün bu məsələlərin həllini təmin etməyə,
XXI əsrin qlobal çağırışlarına müsbət
cavab verməyə borcludur. Birləşmiş Millətlər
Təşkilatının, Avropa Birliyinin, Avropa
Şurasının, ATƏT-in və digər bu kimi beynəlxalq
və regional təşkilatların ayrı-ayrı aktual məsələlər
üzrə vahid, yekun konvensiyalarının hazırlanması
və qəbul edilməsi vaxtı çatmışdır.
Beynəlxalq və regional münaqişələrin,
mübahisələrin və problemlərin həlli istiqamətində
qəbul edilmiş qətnamələrin icrasını təmin
edən işlək mexanizmlərin yaradılması bu gün
son dərəcə aktualdır. Bu zəmində Beynəlxalq
Cinayət Məhkəməsinin, Cinayət Məcəlləsinin
və Mülki Məcəllənin mükəmməl və
işlək formada, beynəlxalq standartlara cavab verən bir səviyyədə
hazırlanması, normativ-hüquqi bazasının təkmilləşdirilməsi
və icra mexanizmləri üzrə vahid orqanın
yaradılmasının vaxtı çatmışdır.
Bəhram Zahidov,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının müəllimi,
hüquq elmləri doktoru, professor
Xalq qəzeti.- 2019.- 19 fevral.- S.7.