Müasir ali təhsilin prioritetləri

Azərbaycan universitetlərinin inkişafı fonunda 

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son 15 ildə uğurla həyata keçirdiyi islahatlar nəticəsində respublikamızda təhsil sahəsində də böyük uğurlar qazanılmışdır. Prezident İlham Əliyev bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının təhsil alan vətəndaşların təqaüdlərinin artırılması haqqında fevralın 14-də ­imzaladığı sərəncam və fərman bunu bir daha təsdiq edir.

 

Cənab Prezidentin sərəncamı ilə təhsillə bağlı qəbul edilmiş dövlət proqramları bu sistemdə keyfiyyətcə yeni inkişaf meyillərinin yaranmasına, yüksək nəticələrin qazanılmasına gətirib çıxarmış, ölkəmizidə milli kadrların yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlara uyğun qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur. Yeni Dövlət Proqramı “2007–2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı kimi ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət daşıyan sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasıi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə ali təhsilin daha da təkmilləşdirilməsi, yeni təhsil mühitinin yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi, ilkin mərhələdə beş beynəlxalq ikili diplom proqramının təsis olunacağı və layihənin onların icrasına dair monitorinqin nəticələrinə uyğun davam etdiriləcəyi məsələsi də sənəddə öz əksini tapmışdır.

Görülən işlərin nəticəsində təhsil sahəsinin keyfiyyət göstəricilərində müsbət dinamika davam etmişdir. Bu il keçirilən qəbul imtahanlarının nəticələrini də görülən işlərin bəhrəsi hesab etmək olar. Burada həm kəmiyyət, həm də keyfiyyət yüksəlişi baş vermişdir

Ümumilikdə, 535 azərbaycanlı hökumətlərarası sazişlərə əsasən xarici ölkələrdə oxuyur. Azərbaycanda isə 2018–2019-cu tədris ilində ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən ­6000-dən çox əcnəbi tələbə təhsil alır.

Təhsil Nazirliyinin “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə ən yüksək göstərici hesab olunur.

Təhsil sahəsində aparılan siyasətin bariz nümunəsini işlədiyim Azərbaycan Dillər Universitetinin timsalında daha aydın görmək olar. ADU-da aparılan məzmun və struktur ­islahatları Prezident İlham Əliyevin təhsil sahəsinə aid imzaladığı dövlət proqramlarına, multikulturalizm və azərbaycançılıq ideyalarına uyğun şəkildə həyata keçirilir. Görülmüş işlərin nəticəsidir ki, bu gün ADU-da həm tədrisin keyfiyyəti yüksəlmiş, həm də beynəlxalq əlaqələr genişlənmişdir. Son iki il ərzində ADU-nun akademik mühiti, maliyyə-təsərrüfat fəaliyyəti, ümumi iş ritmi tamamılə dəyişmişdir. Universitet məzunlarının əmək bazarında nüfuzu artmış, universitetin cəmiyyətdəki reytinqi yüksəlmişdir.

Universitetdə 20-yə yaxın xarici dilin tədris olunması beynəlmiləl mühitin yaranmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə imkan verir. Universitetimizdə regionun təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi istiqamətində ilkin addımlar atılmışdır. Belə ki, tələbələrimiz pedaqoji təcrübələrini müxtəlif qaçqın məktəblərində keçmişlər. ­ADU-da bir çox xarici ölkələrin dil və mədəniyyət mərkəzlərinin açılması xarici tələbələrin universitetə cəlb olunmalarına imkan yaratmışdır. Hazırda universitetdə 101 xarici tələbə təhsil alır və 15 əcnəbi müəllim dərs deyir.

Universitetdə ötən il aprelin 9-dan mayın 5-dək “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı geniş miqyaslı elmi konfrans keçirilmişdir. Bakıda 12 xarici universitetin nümayəndəsinin iştirak etdiyi, iki gün davam edən konfransın açılışından sonra konfrans bir çox xarici ölkələrin universitetlərində davam etdirilmiş, ADU-nun professor-müəllim heyətinin üzvləri həmin universitetlərdə elmi məruzələr etmiş, azərbaycançılıq və multikulturalizm ideyalarının daha geniş təbliğinə nail olmuşlar.

Qloballaşan dünyanın bir hissəsi olan Azərbaycanda təhsil sahəsində qəbul olunan dövlət proqramlarından göründüyü kimi, kommunikasiyaların daha sürətlə inkişaf etdiyi dövrdə ən vacib bəşəri problemə çevrilmış şəxsiyyətin formalaşması məsələsinin həllinə öz töhfəsini verəcək və cəmiyyətin keyfiyyət cəhətdən yeni iqtisadi, siyasi, mədəni, mənəvi mərhələyə və təbii ki, yeni təhsil mərhələsinə çıxarılmasını sürətləndirəcək.

Beynəlxalq ekspertlərin fikrincə, müasir dünyada təhsil sistemləri üçün daha çox aktual olan problemlər var ki, onlara da ilk növbədə ümumilikdə təhsilin səviyyəsinin müasir tələblərə tam cavab verməməsi, şəxsiyyətin inkişafına kifayət qədər zəmin yaratmaması, praqmatik istiqamətlərin aşağı olması, dünya əhalisinin geniş kütləsi üçün təhsilin kifayət qədər əlçatan olmaması daxildir. Qeyd edilən problemlər geniş xarakter aldığı üçün onların həlli yalnız ümumdövlət xarakterli vasitələrlə mümkündür. Əgər nəzərə alsaq ki, spesifik təsir obyekti olan təhsil sistemi spesifik də təsir xarakteri tələb edir, o zaman cəmiyyətdə sistemli təhsil siyasətinin formalaşdırılmasının vacibliyi daha aydın olar.

Təhsil üzrə Beynəlxalq Komissiyanın “Təhsil: gizli xəzinə” adlı hesabatında qeyd edilir kı, son onillikdə təhsil sistemlərinin özündə bəzi ziddiyyətlər yaranmışdır.

Bunlar qlobal və milli təhsil sistemləri, müasir təhsilin universal və fərdi xarakteri, artıq mövcud təhsil ənənəsi və müasir istiqamətləri, maarifləndirmə işinin uzaq və yaxın perspektiv vəzifələri, biliklərin misli görünməmiş inkişafı ilə onların mənimsənilməsi imkanları, təhsilin mənəvi mahiyyəti ilə onun təminat vasitəsi olan maddi tərəfi arasındakı ziddiyyətlərdir.

Bu tipli qlobal ziddiyyətlər fonunda ölkəmizin son on beş illik inkişafı dövründə ali təhsil sisteminin təhlili aşağıdakı xüsusiyyətləri üzə çıxarmağa imkan verir: Əvvəla, ali təhsil strukturunun, təhsil proqram və formasının müxtəlifliyi baş vermiş, başlıca olaraq universitet təhsili sisteminə keçidi həyata keçirilmiş, təhsil sektorunda müəyyən ixtisarlar aparılmış,eyni zamanda, təhsil sahəsinin intensiv inkişafı baş vermişdir. Bununla yanaşı, ölkəmizdə yaradılmış təhsil xidmətləri bazarında dövlət və qeyri dövlət təhsil müəssisələri bərabər hüquqda fəaliyyət göstərir. Ali təhsilin demokratikləşməsi və idarəetmənin optimallaşması prosesi başlanmış, təhsilin yeni qanunvericilik və normativ-hüquqi bazaları yaradılmış, yeni dövlət standartlarının işlənməsi və tətbiqi həyata keçirilmişdir.

Bunlardan əlavə, təlimin çoxpilləli sisteminə keçid baş tutmuş, Boloniya–Avropa vahid ali təhsil məkanına inteqrasiya ­prosesinin başlanması və tətbiqi həyata keçirilmişdir.

Respublikamızda təhsil sisteminin demokratikləşdirilməsi prosesi sürətlə davam edir. Bunun sübutu kimi ali məktəblərimizdə mütəxəssis hazırlanması üzrə dövlət sifarişinin formalaşdırılmasının yeni modelini göstərə bilərik. Gələcək ixtisasın və ali məktəbin sərbəst seçimi demokratiyanın pozitiv göstəriciləridir.

Qeyd edilənlərin təhlili bizə bəzi nəticələr çıxarmağa imkan verir. Əvvəla, Azərbaycanda ali təhsil sistemi keçid dövrünün problemlərinə uğurla tab gətirmişdir. Respublika rəhbərinin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində ali təhsil sahəsində mühüm dövlət proqramları qəbul olunmuş və intellektual potensial qorunmuşdur. Bazar şəraitinə adaptasiya olunma yaxşı nəticələr vermişdir. Özəl ali təhsil sistemi formalaşdırılmış, ali təhsilin sonrakı təkmilləşdirilməsinə istiqamətlənən qanunvericilik aktları qəbul edilmişdir. Ölkənin ictimai həyatının tələblərinə uyğun olaraq, mütəxəssis hazırlığının planlaşdırılmasının effektiv sistemi artıq işə düşmüşdür.

Ali təhsilin gələcək inkişafı ilə bağlı bəzi fikirlərimi də bildirmək istərdim. Təhsil sistemində mobilliyin artması vacib məsələdir. Birmənalı şəkildə qəbul olunmalıdır ki, bizdə daha çox xarici tələbə oxumalıdır, xaricdən dəvətli müəllimlər dərs deməlidir. Yaxud, əksinə, bizim tələbələr xaricdə oxumalı, müəllimlərimiz isə xarici tələbələrə dərs demək imkanına malik olmalıdır.

Hazırda ali məktəblərimizdə xarici dillərdə tədris olunan fənlərin sayı kifayət qədər deyil və olanların keyfiyyəti də hələ arzu olunan səviyyəyə çatmayıb. Həmçinin, bizim müəllimlərin xaricdə təcrübə keçməsinin maliyyələşdirilməsi məsələsi də problem olaraq qalır.

Müasir təhsildə idarəçilik məsələsi çox mühüm rol oynayır. İdarəetmənin özü də bir elmdir. Elmdirsə, onu da öyrənmək lazımdır. Məsələn, ABŞ-da universitetlərdə magistratura səviyyəsində “Ali təhsilin idarə edilməsi” adlı ixtisas var. Hər halda, bu tipli xarici təcrübədən yararlanmaq ancaq işin xeyrinə olardı.

Bir şey hamımıza aydındır ki, bizim təhsil sistemimiz qlobal sistemə inteqrasiya edəcək. Xarici faktorların bu sahədə təsiri artacaq, bizdə xarici ali məktəblərin filialları yenə də açılacaq, bizim universitetlər isə xarici rəqiblərlə gərgin mübarizə aparmalı olacaqlar. Dəyişikliklər çox olacaq. Onda ali məktəbin bu mübarizəyə hazır olduğunu necə müəyyənləşdirmək olar? İlk növbədə, hər bir ali məktəbin güclü və zəif cəhətlərini, imkan və problemlərini nəzərə alan düşünülmüş strateji inkişaf planı olmalıdır. Əgər belə strategiya yoxdursa, universitet öz mövqeyini təkcə beynəlxalq əməkdaşlıqda deyil, həm də ölkə daxilində itirəcək.

İstisna deyil ki, ali məktəblərin bəzilərinin bir neçə ildən sonra bağlanması gündəmə gəlsin. Bizi daha çox bir məsələ – təhsil və əmək bazarı arasında uyğunsuzluq narahat edir. Məhz bu işin tənzimlənməsi ali məktəblərimizin müasir statusunu bir daha sübüt etmiş olar.

 

Əfqan ABDULLAYEV,

Azərbaycan Dillər Universitetinin prorektoru, professor

 

Xalq qəzeti.- 2019.- 20 fevral.- S.4.