Sosial siyasət strategiyası
uğurla reallaşdırılır
Son 15 ildə Azərbaycanda sosial sahədə aparılan uğurlu
siyasət ciddi nəticələrin əldə
olunmasına gətirib çıxarıb. Hökumətin daxili siyasətində ölkə vətəndaşlarının
yaşayış şəraitinin yüksəldilməsi prioritet təşkil edib. Bunu cari ilin
ötən bir ay 20 günü ərzində sözügedən
istiqamətdə atılan addımlar da təsdiqləyir.
Aydın görürük ki, “bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır, onun
maraqlarıdır, onun rifahıdır” deyən
ölkə Prezidenti üçün
vətəndaşların sosial məsələlərinin
həlli bir qayda olaraq ön sırada yer alır.
Dövlət başçısının cari ilin başlanğıcından ötən müddətdə vətəndaşların sosial problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Bu gün respublika iqtisadiyyatının real durumu və ölkənin maliyyə vəziyyəti dövlətimizə heç bir çətinlik çəkilmədən insanlarımızın əməkhaqlarını və təqaüdlərini birdən-birə 30-40 faiz, özü də ardıcıl şəkildə artırmağz imkan verir.
Cari ilin yanvar ayında dövlət başçısı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanında dəyişiklik edərək, şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirilməsi barədə qərar verdi.
Bu ilin fevral ayının 7-də isə Prezidentin imzaladığı yeni sərəncamla əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Bunun ardınca da ölkə rəhbəri əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, əhatə dairəsi isə kifayət qədər genişdir.
Son illər, demək olar ki, dövlət başçısı ilin başlanğıcında insanların əməkhaqlarının və təqaüdlərinin artırılması ilə bağlı qərar qəbul edir. Xatırladım ki, cənab İlham Əliyev belə bir addımı dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi, yəni 2017-ci ilin yanvar ayında da atmışdı. Bu il isə iqtisadi yüksəliş gözlənilir və bu səbəbdən də Prezident builki əməkhaqqı və təqaüdlərin artımlarını sözügedən reallıqlara uyğun bir səviyyədə olmasını istədi. Məhz minium əməkhaqının birdən-birə 38,5 faiz, yəni 50 manat artımına qərar vermək bu məsələdə Prezident qətiyyətinin ifadəsi idi. Bu fərmanla Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata qaldırılır. Beləliklə, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunur.
Minimum əməkhaqqının artımı ilə birbaşa olaraq 600 minədək insanın əhatə edilməsi nəzərdə tutulub. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artımın reallaşacağı qərara alınıb.
Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istənilən nəticələrin əldə olunmasına imkan verəcək.
Minimum əməkhaqqının 180 manat səviyyəsində müəyyənləşdirilməsi o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə orada çalışan işçilərə bundan az əməkhaqqı verə bilməz. Yeri gəlmişkən, xatırladım ki, əmək qanunvericiliyinə əsasən, əməkhaqqı müvafiq iş vaxtında əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyənləşdirilən, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.
Xatırladım ki, cənab Prezidentin əhalinin sosial məsələlərinin həllində göstərdiyi qayğının yeni bir təzahürü onun sərəncamı ilə bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasıdır. Mərkəzin qarşısına ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək kimi vəzifələr qoyulub. Bir sözlə, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, sözügedən sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək, dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq. Qurum bütün bunlarla bərabər, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini, habelə sosial tədqiqatlar aparılmasını reallaşdıracaq, hazırladığı elmi-analitik təhlilin nəticələrini aidiyyatı dövlət orqanlarına təqdim edəcək.
Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət başçısı tərəfindən vətəndaşların sosial problemlərinin vaxtında aşkar olunması və onların operativ həlli istiqamətində atılanı çox önəmli bir addımdır.
Azərbaycan Prezidentinin fevral ayının 14-də ölkənin ali məktəblərində təhsil alan tələbələrin təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncam da mühüm əhəmiyyətə malikdir. Bu sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, elə həmin gün ölkə başçısının imzaladığı digər bir sərəncamla doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə təqaüdlər təyin edilib.
Əhalinin sosal məsələlərinin həlli istiqamətində atılan son addımlardan biri də Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin təsdiq olunmasıdır. Həmin qanunla respublikamızda əmək pensiyalarının minimum məbləği 44 manat və ya 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılacaq ki, bu da bütövlükdə 233 min nəfərin pensiyasında artımı reallaşdıracaq. Bir sözlə, minimum pensiya məbləğinin artırılması, ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək ki, onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında isə 16 faiz (27 manat) və s. artım baş verəcəkdir.
Azərbaycan Prezidentinin cari ilin 1 ay 20 günü ərzində ölkə əhalisinin sosial həyatı ilə bağlı qəbul etdiyi qərarların qısa mənzərəsi belədir. Bu siyasətin davamlı olacağı isə şübhəsizdir.
Fikrət
YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2019.- 21 fevral.- S.6.