Ana dili mənəvi
sərvətimizdir
21 fevral Beynəlxalq Ana Dili Günüdür
Bu il l Beynəlxalq Ana Dili
Günü bütün dünyada iyirminci dəfədir qeyd
olunur. Belə ki, 1999-cu ilin noyabr ayında BMT Banqladeş səfirinin
təşəbbüsü ilə fevral ayınının
21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu
günün elan olunması 1999-cu ilə təsadüf etsə
də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki
dövrə gedib çıxır. Daha dəqiq desək,
1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan
edilməsinə etiraz əlaməti olaraq keçirilmiş
aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi
nəticəsində 4 nəfər tələbə şəhid
olmuşdu. Bununla əlaqədar olaraq, Banqladeş nümayəndələri
həmin şəhidlərin xatirəsinə hörmət əlaməti
kimi fevralın 21-nin Ana Dili Günü
adlandırılması haqqında müraciət ediblər.
Nəticədə
UNESCO-nun Baş Konfransında 21 Fevral – Beynəlxalq Ana Dili
Günü elan olunub və üzv ölkələrə
bildirilib ki, həmin gün məktəblərdə,
universitetlərdə Ana dilinin əhəmiyyəti ilə
bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Bütün
dünya dövlətlərində olduğu kimi,
respublikamızda da bu gün qeyd olunur. Sevindirici haldır ki,
dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ
etmək kimi məsələlər ölkəmizdə təkcə
bu gün aktuallaşdırılmır, müntəzəm
olaraq həyata keçirilir. Demək olar ki, il ərzində
Azərbaycan dili ilə bağlı mühüm işlər
görülür, konfranslar keçirilir, tədqiqatlar
aparılır.
Eyni
zamanda, Azərbaycan dövləti də dövlət dili olan
ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi
sahəsində mühüm addımlar atır. Ötən
müddət ərzində ölkə rəhbərliyi tərəfindən
Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət
Proqramı, fərman və sərəncamlar bunun ən gözəl
nümunələri sayıla bilər.
Bir məqamı
xüsusilə qeyd edək ki, ulu öndər Heydər Əliyev
ardıcıl və məqsədyönlü dil siyasəti
aparmış, Azərbaycan dilinin qorunub saxlanmasında misilsiz
xidmətlər göstərmişdir. Ulu öndər 18 iyun
2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanında qeyd etmişdir: “Bütün xalqlarda
olduğu kimi, Azərbaycan xalqının da dili onun milli
varlığını müəyyən edən
başlıca amillərdəndir.
Dilimiz
xalqın keçdiyi bütün tarixi mərhələlərdə
onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi
problemlərlə qarşılaşmışdır. O,
xalqın ən ağır günlərində belə onun
milli mənliyini, xoşbəxt gələcəyə olan
inamını qoruyub möhkəmləndirmişdir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə
malikdir. Ona görə də xalqımıza ulu babalardan miras
qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan
övladı göz bəbəyi kimi qorumalı, daim
qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs
vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin
fikirləri ən incə çalarlarınadək olduqca
aydın bir şəkildə ifadə etmək qüdrətinə
malik dillərdəndir. Düşüncələrdəki dərinliyi,
hisslərdəki incəlikləri bütünlüklə ifadə
etmək kamilliyinə yetişə bilməsi üçün
hər hansı xalqa bir neçə minillik tarix
yaşaması lazım gəlir. Azərbaycan dilinin
bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan
xalqı dünyanın ən qədim xalqlarındandır.”
Ulu
öndərin bu fikirləri bu gün də öz
aktuallığını qoruyur və həmin ideyalar dövlət
başçımız tərəfindən uğurla həyata
keçirilir. “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci
il tarixli fərmanında da vurğulanır ki, Azərbaycan
Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18
iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” 2001-ci il
9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul
edilmiş “Azərbaycan Respublikasının dövlət dili
haqqında” Azərbaycan Respublikasının qanunu dilimizin
hüquqi statusunu, onun işlənməsi, qorunması və
inkişafı üçün zəruri olan tədbirləri
müəyyənləşdirmişdir. Bu mənada 1 noyabr fərmanı
dilimiz, dilçiliyimiz, onun gələcək inkişafı
üçün olduqca mühüm əhəmiyyət kəsb
edir. Belə hesab edirik ki, həmin fərmana görə
2013-2020-ci illəri əhatə edən “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il
9 aprel tarixli sərəncamda nəzərdə tutulmuş məsələlərin
həlli istiqamətində mühüm işlər
görüləcək. Yaradılacaq “Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzi” publik hüquqi şəxsi dövlət
proqramının əsas məqsədini, dəqiq desək, Azərbaycan
dilinin istifadəsinə və tədqiqinə dövlət
qayğısının artırılmasını, Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin
aparıcı istiqamətlərində fundamental və tətbiqi
tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsini
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini təmin etməyi həyata
keçirəcək.
Respublika
Prezidentinin Azərbaycan dili haqqında apardığı siyasətin
əsasında ana dilimizin saflığı və onun
qorunması məsələsi xüsusilə diqqət çəkir.
Bu məsələ dövlət
başçımızın, demək olar ki, hər
çıxışında, hər fərman və sərəncamında
qabarıq şəkildə vurğulanır. Bununla da cənab
Prezident dilçi alimlərimizi, soydaşlarımızı,
xüsusən də gənclərimizi bu məsələyə
yönəldir. Məsələn, 5 noyabr 2018-ci ildə
Ağdam Muğam Mərkəzinin
açılışında ölkə
başçısı muğam ifaçıları ilə
görüşü zamanı bu münasibətlə
demişdir: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan
dəyərlərinin inkişafı, qorunması
üçün ədəbiyyatımızın, musiqimizin
çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır,
həm musiqidir, həm də Azərbaycan dilinin
saflığını qoruyan sənətdir. Mən bu
yaxınlarda Azərbaycan dilinin saflığının
qorunması ilə bağlı fərman imzalamışam. Buna
ehtiyac var, mən bu məsələ ilə bağlı bir
neçə dəfə öz fikirlərimi bildirmişəm.
Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı
bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma
prosesləri, digər proseslər istər-istəməz dilimizə
də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq.
Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım
deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən
fikri, istənilən məsələni ifadə etmək
mümkündür. Ancaq biz görürük ki, bəzi
hallarda həm kütləvi informasiya vasitələrində, həm
digər sahələrdə dilimizə yad kəlmələr
daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə,
bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir
və mən bunun qəti əleyhinəyəm. Bu gün bu
fürsətdən istifadə edərək, bir daha bildirmək
istəyirəm ki, hamımız öz dilimizi
qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin
ənənəvi növləri, o cümlədən muğam
sənəti bu sahədə xüsusi rol oynayır”.
Göründüyü
kimi, bu fikir ulu öndərin yuxarıda qeyd etdiyimiz fikri ilə
səsləşir və eyni zamanda, “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair” Dövlət
Proqramının, “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” fərmanın ümumi ideyası ilə vəhdət
təşkil edir.
Düşünürük
ki, dil məsələsi elə bir həssas, milli əhəmiyyətli
məsələdir ki, burada kimliyindən, peşəsindən
asılı olmayaraq, hamılıqla əl-ələ verib eyni
mövqedə olmaq lazımdır. O zaman dilimizi daha çox
qoruyub yaşada, tədqiq edib öyrənə bilərik. Bu mənada
ana dilimiz bizi birləşdirən bir milli-mənəvi dəyər
kimi ali varlığımız, qürur mənbəyimizdir.
İlkin ƏSGƏR,
ADPU-nun Azərbaycan dili və onun
tədrisi metodikası
kafedrasının müəllimi
Xalq qəzeti.- 2019.- 21 fevral.- S.10.