“Xocalıdan sonra yaşamağa
ümidimi itirmişdim”...
Hamı kimi o da
xoşbəxt olmaq istəyirdi. Ailə quranda da ürəyində
min bir arzu, istəklə həyatının firavan günlərini
düşünərək bu addımı atmışdı.
Həyat yoldaşı sayılıb-seçilən, Vətən
üçün gərəkli sənət sahibi idi. İctimai asayişi qoruyanların biri kimi, Xocalı
aeroportunda polis zabiti idi.
Gövhər
Fətullayevanın valideynləri Dərələyəzdən
idilər. Amma məlum səbəblərdən
İsmayıllıya köç etmişdilər. 1988-ci ilin
sentyabrında İsmayıllıdan Xocalıya yön alan toy
karvanı Şahin Haqverdiyevlə Gövhərin şərəfinə
düzənlənmişdi. Bəzənmiş
maşınların irəlilədiyi uzun yol xəyalında
onu xoşbəxtliyə aparırdı, arzuların gerçəkləşməsinə
istiqamət götürmüşdü...
...Üç
il beş aylıq ailə həyatı ona dünyaları bəxş
etmişdi. Qəlbindəki böyük sevgiyə indiyədək
də sahiblənən Gövhər həyat
yoldaşının ağır və məsuliyyətli
işindən usanmırdı. Bəzən gecəni səhərə
qədər oyaq qalır, hansı tapşırığı
isə yerinə yetirən Şahini sübhədək gözləyirdi.
Çox mehriban dolanırdılar.
Ta ki...
Fevralın
24-də artıq Xocalı sakinləri bilirdilər ki, şəhərə
hücum olacaq. Amma, təbii ki, nəticənin belə
olacağını düşünmək mümkünsüz
və həm də tez idi. Buna baxmayaraq, imkan olduqca, vertolyotla
yaşlıları, qadın və uşaqları şəhərdən
çıxarırdılar. Həmin gün ailə üzvlərini
vertolyota mindirən Gövhər özü yerdə
qalmışdı. Getməyə könlü də yox idi.
Şahini od-alovun içində qoyub getmək istəmirdi.
Gövhər
xatırlayır: “Havaya qalxan vertolyotda kimsə “Şahinin
yoldaşı qaldı”, – deyə dillənib. Təzədən
yerə enməyə məcbur qalan pilot istiqaməti dəyişib.
Vertolyotu aşağı tam endirmədilər,
qapısını açdılar. İçəridəkilərdən
kimsə əl uzatdı və qollarımdan tutub məni
qaldırdı. Bizi Ağdama gətirdilər. Qaynanam Həvva
oğullarını orada qoyub gəlməyə dözəmmədi.
Ertəsi gün geri – Xocalıya qayıtdı.
Qırğında ailəm pərən-pərən
düşdü, məhv oldu”...
1992-ci
ilin fevralında amansız çalağan sürüsü
kimi Xocalı sakinlərinin başının üstünü
alan düşmən əsl vəhşilik törətdi.
Ayın 26-na keçən gecə silahlı dəstələrlə
şəhərə hücuma keçib, dinc sakinləri
gülləbaran etdilər. Onlara bəşər tarixində ən
qanlı və amansız faciələrdən birini
yaşatdılar: qadın, uşaq, gənc, yaşlı demədən,
qarşılarına çıxanı, hətta daldada gizlənəni
belə tapıb gülləyə tuş etdilər.
Bütün Xocalı ailələri kimi, Gövhərgilin ailəsi
də o soyqırımı, o nəsil kəsiminə istiqamətlənmiş
terroru gözləri ilə görüb, ürək
sızıltısı ilə yaşadı.
Güllə
yağışı, BTR-lərin səsi, bədnam
qonşuların hay - harayı dinc sakinlərin kömək,
imdad diləyən səslərini eşidilməz etmişdi.
Kimisi qaçmaq, kimisi harada isə gizlənmək, kimisi də
sakitcə oturub ölümünü gözləmək barədə
düşünürdü. Ara elə
qarışmışdı ki, ağız deyəni qulaq
eşitmirdi... Dinc sakinlərin qanına susayan, yaxşı təlimlənmiş
düşmən isə bir addımlıqda idi.
Faciənin
ertəsi günündən meyitləri Ağdama daşımağa
başladılar. Gövhərin 43 yaşlı qaynı David
Haqverdiyev Naxçivanik düzündə Əlif Hacıyevlə
bir yerdə şəhid oldu. Qayınanasının meyiti
meşədə qalmışdı. Həyat yoldaşı
Şahinin öldü-qaldısından isə xəbər yox
idi.
20 gün
baldızıgildə qalan Gövhər gecə-gündüz
gözlərini Xocalı yolundan ayırammayıb. 20 gün
Ağdam məscidinə meyit daşınıb. “Bu dəfə
Şahini mütləq gətirərlər”, – deyə-deyə
gözləri yol çəkib, ürəyi qubar
bağlayıb. Çünki erməni yaramazlar xəbər
göndərirdilər ki, “sizə bir saat icazə veririk, meyitlərinizi
götürün”. Fasilələrlə verilən o bir saata nə
qədər daşımaq mümkün idisə, onu edirdilər.
Bir saat sonra atəş başlayırdı. Allahverdi
Bağırovun dəstəsi, xocalılar və
ağdamlılar hamısı bu ağır işə
çiyin vermişdilər. Gətirilənlərin içindən
hərə öz ailə üzvünü tapır və dəfn
edirdi. Hamının gözü öz ölüsünü
axtarırdı. 30 yaşlı Şahindən isə xəbər
çıxmadı ki, çıxmadı. ...Bu qərib eldə
Şahin ona bütün doğmalarını əvəz eləmişdi.
İndi onun yoxluğuna heç vəchlə inanmaq istəmirdi.
Düşünürdü ki, hansısa
tapşırığın dalınca gedib və tezliklə
dönəcək. Amma Şahin dönmədi. Gövhərin həyata,
yaşamağa nə ümidi qalmışdı, nə də
inamı.
...Gövhərin
digər qaynı Cavanşir Gülablı meşəsinə qədər
gəlib çıxa bilir və bir gecə yaralı halda orada
qalır. Ertəsi gün Ağdama gələndə artıq
ayaqlarını don vurduğundan sonradan barmaqlarını
amputasiya etməli olurlar. 23 yaşlı Gövhər oradan
İsmayıllıya ata-anasının yanına qayıdır
və beləliklə, 3 illik xoşbəxt, hər
anını indi göz yaşı ilə
xatırladığı ailə həyatına son qoyulur.
Gövhər
indi İsmayıllıdan Bakıya köçmüş
doğmaları ilə bir yerdə Binəqədi rayonunun
“Xutor” adlanan ərazisində yaşayır.
Mən
ondan “Bəlkə toy şəkillərinizdən, xoşbəxt
anlarınızdan fotolarınız qala”, – deyə soruşdum.
“Bir canımızdan başqa, nə götürə bildik ki?
Bu şəkli də qohumlardan birinin evindən
götürmüşdüm”, – deyib kövrəldi.
... Onu da
deməyə bilmirəm ki, gənc yaşından tək qalan,
elçi düşənlərə birmənalı şəkildə
“yox” cavabını verən, Allahın övlad payından da məhrum
etdiyi bu xanım o böyük sevginin istisini hələ də
qəlbində saxlayır, bir an belə sevdiyi insanı unutmur.
Ürəyini ovundurmağa Şahinin qəbrinin olmaması isə
başqa ağrılı mövzudur...
Etiraf etdiyinə görə, Gövhərin
qəlbini ovutduğu yeganə yer Xocalı prospektindəki “Ana
fəryadı” abidəsində şəhid polis Haqverdiyev
Şahin Məşədi oğlunun adı yazılmış
lövhədir.
Cənab Prezidentin imzaladığı humanist fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni şəhid polis zabitinin həyat yoldaşı Gövhər də alacaq. Bu, onun yurd dərdini, şəhidinin faciəsini unutdurmasa da, böyük kömək, dayaqdır. Gövhərin adını həm də dövlət tərəfindən mənzillə təmin ediləcək şəhid ailələrinin siyahısına salıblar. O deyir: “Bilirik ki, müharibə olan dövlətlərdə qan da tökülür, şəhidlər də olur. Kaş ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Onda bizim yanan qəlbimizə su səpilər. Şəhidlərimizin nigaran ruhları rahatlıq tapar”.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 22 fevral.- S.9.