Xocalı faciəsi Azərbaycan təsviri sənətində 

 

Xocalı faciəsindən keçən 27 il ərzində ­soyqırımı mövzusu nə qədər dəhşətli təsir bağışlasa da, Azərbaycan incəsənətinin əksər sahələrində öz emosional bədii ifadəsini tapmışdır. Ölkəmizin müxtəlif bölgələrində Azərbaycan xalqının məruz qaldığı faciələri əks etdirən ­xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu ­mövzuda kinofilmlər çəkilmiş, ­tamaşalar səhnəyə qoyulmuş, musiqi və ədəbi əsərlər yazılmışdır.

 

Bu gün artıq təsviri sənətdə soyqırımı mövzusu kifayət qədər strukturlaşdırılmış və işlənmişdir. Əvvəla, bu mövzu təsviri sənətin bütün sahələrində– rəngkarlıqda, qrafikada, heykəltəraşlıqda kifayət qədər geniş təcəssüm olunub. İkincisi, bu sözləri janr palitrası barədə də deyə bilərik– adıçəkilən mövzu portret, batal janrlarında, epik xarakterli müxtəlif çoxfiqurlu kompozisiyalarda, hətta mənzərə janrında belə öz dolğun təcəssümünü tapıb. Üçüncüsü, həmin mövzuya müraciət etmiş fırça və tişə ustalarının sayı heç də az deyil. Ən səthi hesablamalara görə bu müəlliflərin sayı 50-dən artıqdır. Üstəlik, rəssamların mövzu daxilinə nüfuz etmələrinin müxtəlif dərəcələrini aydın müşahidə etmək olar.

Tanınmış rəssam Nazim Məmmədov kimi elə sənətkarlarımız var ki, onlar soyqırımı mövzusuna bütöv rəsmlər seriyası həsr etmişlər. Bəzi müəlliflər mövzu ilə bağlı birdəfəlik aksiya qismində ayrı-ayrı müsabiqələrdə, tematik sərgilərdə bir-iki əsərlə iştirak edib. Nəhayət, soyqırımı mövzusu yaradıcılığının əsas xəttinin təbii davamı olan rəngkarları, heykəltəraşları və qrafikləri xatırlamaq lazımdır. Onların içərisində ən parlaq simalardan biri tanınmış rəssam Əşrəf Heybətovdur. Soyqırım mövzusu onun üçün “Türk süitası” obrazlarının davamına çevrilmişdir.

Lakin ən vacibi budur ki, rəssamlarımız tərəfindən 1990-2018-ci illərdə yaradılmış əsərlər Azərbaycan təsviri sənətinin müəyyən süjet-tematik ənənəsinə daxil olmuşdur. Bu ənənənin əsasını qoyan şübhəsiz ki, Bəhruz Kəngərlidir. Hələ 1918-1920-ci illərdə o, özünün məşhur “­Qaçqınlar” seriyasını yaratmışdı.

Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir. Xocalı mövzusunda ən təsirli, geniş təsviri-nəqledici mahiyyətə malik tablolar rəssam Nazim Məmmədov tərəfindən işlənmişdir. 1992-2004-cü illərdə Nazim Məmmədov Xocalı faciəsi mövzusunda 40-dan çox rəngkarlıq və qrafika əsərləri yaratmışdır. Müəyyən mənada bu yaradıcılıq nümunələrini Xocalı soyqırımının bədii müstəvidə sənədləşdirilmiş salnaməsi adlandırmaq mümkündür.

Bu seriyaya daxil olan əsərlərin 2002-ci ildə sərgidə nümayiş etdirilməsi bir çoxları üçün gözlənilməz oldu. Çünki Nazim Məmmədovun kolleqaları, tamaşaçılar onu multiplikator-rəssam, kitab tərtibatçısı və abstrakt rəngkarlıq tablolarının müəllifi kimi tanıyırdılar. Lakin bu, əsl “Xocalı harayı” idi – sərgi belə adlanırdı və həmin susmayan haray rəssamın qəlbində, düşüncəsində səslənirdi.

N.Məmmədovun rəngkarlıq seriyası üslub, rəng və plastika vasitələrinə görə fərqlidir. Buraya məhv edilmiş şəhərin və onun sakinlərinin faciələrini böyük planda əks etdirən “Xocalının son günü”, “Xocalı od içində”, “Ata, oğul, ər! Bizi xilas edin!”, “Köməksiz Xocalı” kimi əsasən iri formatlı çoxfiqurlu kompozisiyalar daxildir. Elə tablolar da var ki, onlarda bir ailənin, yaxud hətta bir insanın faciələri öz əksini tapır. Bu əsərlərin təkcə adları - “Ailə əsirlikdə”, “Onu asıblar”, “Mən yetim qaldım”, “Qohumlarım həlak oldu, mənsə sağ qaldım”, “Xocalı Qavroşu”, “Körpənin ölümü” – onların süjetini çox dolğun ifadə edir. “26 fevral, gecə” tablosu üslubiyyatına görə abstrakt sənətə yaxındır, başqa birisi – “Bu qız üçün günəş Xocalıda batdı” - tablosu forma quruluşu baxımından kubizmi xatırladır.

Bu əsərlər nə qədər faciəli, eyni zamanda dəyərli olsalar da, hər halda rəssamın “Xocalı seriyası”nın eriqrafı kimi “Xilaskarı gözləyən gözlər” kompozisiyasını seçmək olar. Vertikal formatlı bu əsərdə bir neçə ağlar qadın gözü, lap yuxarıda isə bir yerdə toplaşaraq sanki ağlayan buluda dönmüş gözlər təsvir olunub. Bütün seriya bədii sənətkarlığın və insan imkanlarının son həddində, dərin psixoloji sarsıntıların, tarıma çəkilmiş əsəblərin səbrlə, dözümlə çarpışdığı, kəllə-kəlləyə gəldiyi o mənəvi uçurumun lap qırağında yaradılıb. Sənətkar, belə hallarda deyildiyi kimi, ürək partlaması həddində işləyib, bu təsirli əsərləri çəkib.

Soyqırımı mövzusu Türkiyədə yaşayan Azərbaycanlı rəssam Məhəmməd Əliyevin yaradıcılığında böyük yer tutur. “Türkiyənin Pikassosu” kimi tanınan rəssam haqqında Türkiyənin nüfuzlu gündəlik qəzetlərindən biri - “Vətən”də qəzetin aparıcı yazarlarından biri M. Kemal qeyd etmişdi: “Məhəmməd Əliyevin tablolarını Pikasso ilə müqayisə etmək bəlkə də bir az şişirtmə kimi görünə bilər, amma bu əsərlər Pikasso və Salvador Dali ilə bərabər İspaniyanın üç ən modern rəssamından biri sayılan Xuan Mironun çəkdiklərindən zərrəcə geri qalmır”.

Rəssamın yaradıcılığında erməni vandalizminə qarşı etiraz xüsusi bir səhifə təşkil etmişdir. Azərbaycan xalqının fəryadı, acı səhnələri və dəhşətli mənzərələr onun əsərlərində əyaniliyi və yaddaqalanlığı ilə bədii əksini tapmışdır.

M.Əliyev Xocalı faciəsini insanlıq tarixində dəhşətli faciələrdən biri sayaraq qəlb ağrısı ilə “Xocalı vəhşiliyi” tablosunu yaratmışdır. Anaların ahı, fəryadı duyulan bu əsərdə gecə, soyuq havada silahsız sakinləri işgəncə verib öldürən ermənilər vəhşi heyvan şəklində təsvir edilmişdir. Əsərdə diqqətçəkən bir detal da əlində sülh, əmin-amanlığı simvolizə edən göyərçin tutmuş uşaqdır. Həqiqətən də daşıdığı mənasına görə çox təsirli olan bu bağlılıq rəssamın vurğuladığı kimi: - “.. Bu uşaq əlində quşu tutaraq azad olmaq istəyir, ölmək istəmir, savaşmaq istəmir...”.

M.Əliyev ermənilərin qabağına çıxan günahsız insanlar bir neçəsinin əlində bıçaqla verməklə Azərbaycanın igid oğullarının əyilməz qürurunu, mərdliyini, vətənin keşiyində durduqlarını göstərməyə çalışmışdır. Əsərin bədii təsir gücü sayəsində hər tamaşaçıda günahsız insanlara mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.

Məhəmməd Əliyevin soyqırımla bağlı digər bir əsəri “Şəhid əsgər” adlı tablosudur. Rəssam bu əsəri şəhid olmuş xalası oğluna həsr edərək, “Torpaq – uğrunda ölən varsa vətəndir” deyərək kətan üzərində onu bir heykələ, şəhidlərin ölməz bir abidəsinə çevirir. Şəhidlik əbədidir, qalıcıdır. Kəfənə bürünmüş əsgərin əlində silahı ilə təsvir edilməsi, bir əsgər üçün şərəf onun silahı ilə şəhid olmasıdır anlamına gəlir.

Qarabağda baş vermiş hadisələrlə bağlı olaraq fon, buludlar, göy üzü qara verilərək aşağıda tökülmüş qanları əks etdirən detal təsvir olunmuşdur. Bir əsgərin müharibənin bütün ağırlığını çiynində daşıyan əsas qüvvə kimi təsvir ifadəsi rənglərin təzadı ilə göstərildiyindən çox təsirlidir.

Bu mövzuda yaradılmış, əsir düşmüş Azərbaycan oğullarını simvolizə edən əsərlərdən biri də “Əsir əsgər” əsəridir. Kompozisiyada daha çox obrazın psixoloji yaşantıları qabardılıb. Rəssam əl qolları bağlı olan əsir obrazına bir neçə göz əlavə etməklə bu əsgərlə yanaşa digər əsirlərin də gözünün yolda olduğunu vurğulamağa çalışmışdır. Onun daxilində keçirtdiyi ağrıları tabloda özünün yaddaqalan ifadəsini tapmışdır. Qarabağı xatırladan tikililərin üzərində uçan qara quşlar (rəssam onları kərkəs quşları adlandırır) ermənilərə işarə olaraq onları yırtıcı quşlar kimi tamaşaçının diqqətinə çatdırılmışdır.

“Xocalıda qadın qırğını” adlı əsər acı sarsıdıcı kədər, hüzn, iztirab və dramatik əhvali-ruhiyyə ilə doludur. Rəssam bu əsərinə baxdıqda belə bir fikir söylədi: – “Dünyaya çox pis örnəkdir ki, qadını öldürüb qarnından uşağı çıxarıb başını kəsəsən və bütün bunu çəkərək videonu dünyaya göstərəsən. Bu sarsıdıcı bir hərəkətdir...” Əsərə diqqət etsək, ana və uşağın ayağında mozaikaya bənzər bir detal görərik. Rəssamın, sanki, dənəciklərə ayırdığı bu detalın həmişə belə əbədi olaraq qalacağına, yəni bu ananın ölməyəcəyinə işarə olduğunu söylədi. Bu kompozisiyada da ermənilərə işarə olan uçan qara kərkəs quşlarını görürük. “Bu qan yerdə qalmaz” əsərin ikinci adıdır.

Məhəmməd Əliyevin soyqırımına həsr edilmiş əsərlərinin hər birinin yüksək bədii əhəmiyyətlilik dərəcəsi ilə yanaşı, həm də bu əsərlər dərin humanizm, güclü vətəndaşlıq duyğuları ilə doludur. Tamaşaçısını duyğulandıran bu əsərlər soyqırımı məzmununu özündə hifz edən və erməni vəhşiliyini ifşa edən nümunələr idi.

Uzun müddət Almaniyada yaşayan, lakin öz xalqının faciələrinə biganə qala bilməyən soydaşımız Əşrəf Heybətovun “Xocalı” (2010) pannosunda da buna bənzər emosional gərginlik, ağrı və kədər hissləri özünü göstərir. Bu monumental pannonun kolorit həlli öz ifadəsini qan-qırmızı və göy rənglərin təzadlı kəsişməsində tapır və dünyanın sonu – apokalipsis görüntüsü ovqatı yaradır. İstər-istəməz yada düşür ki, ivrit dilində soyqırım “şoa” adlanır (xolokost yunan sözüdür) və bu qısa, kiçik söz böyük bəşəri kədərləri əks etdirən dəhşət, faciə anlamına gəlir. Ə.Heybətovun pannosu doğrudan da ölüm həddində olan, ətrafda ölüm və qandan savayı bir şey görməyən zavallı insanların dəhşət dolu hisslərini əks etdirir.

Xocalı faciəsi təkcə azərbaycanlı rəssamların deyil, bir insan kimi bu dəhşəti kənardan biganəliklə seyr edə bilməyən xarici rəssamların yaradıcılığında da yer alıb. Fransız rəssamı Reno Baltzinger bu mövzuya ağ fonda qırmızı və qara rənglərlə işlənmiş bir neçə əsər həsr etmişdir. Rəsmlərdəki qırmızı və qara rənglər kətan üzərində axaraq ölüm və qan assosiasiyası yaradır.

İncəsənətdə Xocalı faciəsi təkcə rənglər yox, həm də daş, plastik obrazlar vasitəsilə öz bədii təcəssümünü tapır. Bakıda, metronun “Xətai” stansiyası yaxınlığındakı o qədər də böyük olmayan sahədə T. və M. Rüstəmov qardaşları tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılıb (2008). Heykəltəraşlar soyqırımı ideyasını son dərəcə lakonik və sadə vasitələrlə ifadə etməyə müvəffəq olmuşlar. Qara mərmərlə üzlənmiş hündür, düzgün proporsiyalı postament üzərində üz-gözündə, duruşunda dərin kədər və hüzn əks olunan, irəliyə doğru uzatdığı əlləri üstündə öldürülmüş körpəsini saxlayan gənc ana fiquru ucalır. Postamentin aşağı hissəsində müəlliflər soyqırım, qurbanlarının xatirəsinə tuncdan tökülmüş əbədi qəbirüstü əklil yerləşdirmişlər.

Hazırda Heydər Əliyev Fondunun layihəsinə əsasən Xocalı qurbanları abidəsi yaxınlığında yerləşəcək Xocalı soyqırımı Memorial kompleksinin yaradılması üzrə iş aparılır. Layihənin əsasında simvolik konsepsiya dayanır. “Bu konsepsiyaya müvafiq olaraq kompleksin həyətində fevralın axırında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında Xocalıda amansızlıqla qətlə yetirilmiş günahsız insanların yarımçıq kəsilmiş ömürlərini simvolizə edir. Kompleksi dörd bir yandan çevrələyən düzbucaqlı monolit sanki Xocalı sakinlərini soyqırımından müdafiə etməyə çalışan simvolik əllər formasında həll edilmişdir. 25 əsərdən ibarən olan, müxtəlif materiallardan düzəldilmiş heykəltəraşlıq seriyasının müəllifi Azərbaycanın Xalq rəssamı ­Xanlar Əhmədovdur. Bu möhtəşəm heykəltəraşlıq əsərləri içərisində “Son ümid”, “Xocalı şəhidi”, “Xocalı faciəsi” öz plastik həlli ilə xüsusilə seçilir.

Xocalı mövzusu Azərbaycanın xalq rəssamı, istedadlı heykəltəraş Natiq Əliyevin də yaradıcılığında öz dolğun təcəssümünü tapmışdır. O, Mexikoda (2012), Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda (2012) və Ankara şəhərində (2014) Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış monumental abidələrin müəllifidir. Bu heykəllər maraqlı kompozisiya həlli, plastik formaların mütənasib quruluşu, dramatik məzmunu ilə seçilir.

Vaqif Ucatayın bütün dünyanı dolaşmış “Xocalı” plakatında köksünə xəncər sancılmış körpə təsvir olunub. Şübhəsiz ki, bu kompozisiya öz emosional təsir gücünə görə soyqırım mövzusunda işlənmiş ən riqqətli, yaddaqalan əsərlərdən biridir. Rəssam həmçinin dinc azərbaycanlıların erməni quldurları tərəfindən törədilən soyqırımına həsr olunmuş “Bax! Gör! Xatırla!” adlı qrafik əsərlər seriyası yaratmışdır. Bu seriya seyrçini ruhən sarsıdır, onu şok vəziyyətinə salır. İnanmaq çətin olsa da, burada heç bir rəssam təxəyyülü, mücərrəd bədii ümumiləşdirmə yoxdur – rəsmlərdəki dəhşətlər məhz olmuş hadisələri əks etdirir. 49 qrafik vərəqədən ibarət olan seriyada əks edilmiş tükürpərdici görüntüləri V.Ucatay möcüzə nəticəsində sağ qalaraq əsirlikdən qurtulmuş Xocalı sakinlərinin dilindən eşitdikləri əsasında işləyib. Seriyanı yaradarkən rəssam bədii ifadə vasitələrindən minimum səviyyədə istifadə edib.

Təsvirlər, əsasən, ağ kağız fonunda qara qrafik cizgilərdən və qırmızı qan ləkələrindən ibarətdir. Hamilə qadının qarnına soxulan bıçaq, diri-diri şaqqalanmış körpəsinin meyiti ilə döyülən, naləsi ərşə qalxan gənc ana, itiuclu armaturlara taxılmış kəsik başlar… əks olunan səhnələrdə qırmızı qan görüntüləri əsl dəhşət ab-havası yaradır. 2009-cu ildə Vaqif Ucatayın Xocalı faciəsinə həsr olunmuş qrafik əsərlərinin sərgisi keçirilərkən seyrçilər sözün həqiqi mənasında böyük ruhi sarsıntılar yaşadılar.

Ümumiyyətlə, Xocalı, ­soyqırımı, Qarabağ müharibəsi mövzusu müasir Azərbaycan qrafikasında mühüm yer tutur. Maraqlıdır ki, bu mövzu bəzən bütöv bir qrafik əsərlər seriyasının yaradılmasının əsasını təşkil edir. Vüqar Quliyev Xocalı mövzusuna gənc yaşlarından müraciət edir. Onun əsərləri sırasında “Xocalı qaçqını” (2012), “Qaçqın qadın” (2013), “Təcavüz” (2014), “­Soyqırımı” (2014) qravüraları, həmçinin “Faciə” triptixi (2015) xüsusilə qeyd edilməlidir. 1992-ci il fevral faciəsinə həsr olunmuş növbəti sərgidə gənc rəssam “Sönmüş ocaq” (2011) rəsminə görə mükafata layiq görülüb.

V.Quliyevin atası, tanınmış rəssam Oqtay Quliyev də soyqırımı mövzusuna həsr olunmuş bütöv bir qrafik işlər seriyasının müəllifidir. Bunlar əsasən 2013-2014-cü illərdə çəkilmiş vərəqlərdir. Seriyaya onlarla rəsm daxildir ki, bunların da az qala hər birində dərin kədərə qərq olmuş milli geyimli qadınlar təsvir edilib. Oqtay Quliyevin emosional təsir baxımından ən qüvvətli əsərlərindən biri 2013-cü ildə yaradılıb. Burada detalların sayı minimuma endirilmişdir, hər şey sadə, eyni zamanda, son dərəcə gərginləşmiş görünüşə malikdir. Böyük planda qadın siması və uşaq siması. Qara yaylıq, qara gözlər, qara göz yaşları...

Xocalı faciəsinə təsviri sənətdə bir çox əsərlər həsr edilib. Zaman keçəcək, haqq-ədalət öz yerini tutacaq. Qaçqınlarımız öz dədə-baba yurduna qayıdacaqlar. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyəcək. Bu işdə biz rəssamlarımıza da minnətdar olmalıyıq. Onların bu mövzuda yaratdığı emosional, təsirli əsərlər xalqın qan yaddaşını bədii obrazlarda təcəssüm etdirir və daim yaşadır.

 

Ərtegin SALAMZADƏ,

AMEA-nın müxbir üzvü,

sənətşünaslıq doktoru, professor

 

Xalq qəzeti.- 2019.- 23 fevral.- S.6.