Azərbaycan
Respublikasının Qızılağac
Milli Parkı haqqında
ƏSASNAMƏ
Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi
müddəalar
1.1. Azərbaycan Respublikasının Qızılağac Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılmışdır.
1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, ətraf mühiti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə edilən təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusu olan ərazidir.
1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) normativ hüquqi aktlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və həmin ərazidəki torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
1.5. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkla hüquqi və fiziki şəxslər arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.
1.6. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə onun sanitariya-mühafizə zonası müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonasının müəyyən edilməsi və zonanın mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
1.7. Milli Park Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi fondlarının vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan qrantlar və ianələr hesabına maliyyələşdirilir.
1.8. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fondunun və vəsaitlərinin yaradılması və istifadəsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
1.9. Milli Parkın pasportunu Nazirlik hazırlayır. Pasportda Milli Parkın
adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti,
torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışın seriyası və
nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri,
onun ümumi görünüşünün sxemi, ərazisində
müəyyən edilən fəaliyyət zonaları, qorunan
nadir fauna və flora növləri, fəaliyyət prosesində
aparılan dəyişikliklər barədə qeydlər
öz əksini tapmalıdır. Pasport Nazirlikdə
dövlət qeydiyyatına alınmaqla Milli Parkda
saxlanılır.
1.10. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin
qiymətləndirilməsi və
proqnozlaşdırılması, bu ərazinin perspektiv
inkişaf şəbəkəsinin müəyyən edilməsi,
mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin
gücləndirilməsi məqsədilə xüsusi
mühafizə olunan təbiət ərazilərinin və
obyektlərinin dövlət kadastrı aparılır.
1.11. Milli
Parkın müstəqil balansı, istifadəsində olan
dövlət əmlakı, üzərində Azərbaycan
Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və
Milli Parkın adı həkk olunmuş möhürü,
blankları və ştampları, xəzinə hesabları,
bayrağı və emblemi vardır.
2. Milli Parkın
yaradılmasının məqsədləri
2.0. Milli
Parkın yaradılmasının məqsədləri
aşağıdakılardır:
2.0.1. təbiət komplekslərini, genetik fondu, bioloji
müxtəlifliyi, nadir və etalon təbiət ərazilərini,
tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
2.0.2. turizm və rekreasiya üçün şərait
yaratmaq;
2.0.3. təbiəti mühafizənin və ekoloji
maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq
etmək;
2.0.4. əhalini ekoloji cəhətdən maarifləndirmək;
2.0.5. ekoloji monitorinqi həyata keçirmək;
2.0.6. zədələnmiş təbiət, tarix-mədəniyyət
komplekslərini və obyektlərini bərpa etmək.
3. Milli Parkın xüsusi mühafizə
rejiminin xüsusiyyətləri
3.1. Milli Parkın ərazisi və obyektləri hər
hansı fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və mənafelərinə xələl gətirmədən
Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə
bilməz.
3.2. Milli Parkın fiziki və hüquqi şəxslərin
idarəçiliyinə, istifadəsinə və icarəsinə
verilməsi qadağandır.
3.3. Milli
Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət
və ekoloji xüsusiyyətləri nəzərə
alınmaqla, xüsusi mühafizənin rejimləri tətbiq
olunur və aşağıdakı fəaliyyət zonaları
müəyyən edilir:
3.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq
edilən zonalar;
3.3.2. təsərrüfat fəaliyyətinin tənzimlənən
rejimi tətbiq edilən zonalar;
3.3.3. turizm və rekreasiya zonaları;
3.3.4. turistlərə, elmi və maarifləndirmə
məqsədli şəxslərə xidmət göstərilən
zonalar;
3.3.5. Milli Parkın fəaliyyətini təmin etmək
üçün təsərrüfat-istehsalat zonaları.
3.4. Milli Park ərazisinin xüsusi mühafizənin
ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət
zonalarına bölgüsünü Nazirliyin təqdimatı əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən
edir.
3.5. Milli Parkın turizm və rekreasiya zonalarında turizm
və rekreasiya məqsədləri üçün təbiətdən
istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və
digər su bioresurslarının idman və həvəskar ovu və
s.) yol verilir.
3.6. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və
tədris tədbirləri keçirilir.
3.7. Milli
Parkın ərazisində aşağıdakılar qadağan
edilir:
3.7.1. təbiət komplekslərinə, genetik fonda,
bioloji müxtəlifliyə və tarix-mədəniyyət
obyektlərinin varlığına təhlükə yaradan hər
bir fəaliyyət;
3.7.2. geoloji kəşfiyyat və faydalı
qazıntı işlərinin aparılması;
3.7.3. hidroloji rejimin dəyişməsinə səbəb
olan işlərin aparılması;
3.7.4. kimya sənayesi, metallurgiya, nüvə
energetikası və xüsusi ekoloji təhlükə yaradan
digər müəssisələrin fəaliyyəti;
3.7.5.
Milli Parkın fəaliyyəti ilə bağlı olmayan
magistral yolların tikintisi, Milli Parkın fəaliyyəti ilə
bağlı olmayan boru kəmərlərinin, elektrik xətlərinin
və digər kommunikasiyaların çəkilməsi;
3.7.6. müəyyən olunmuş yerlərdən kənarda
tonqal yandırılması, turizm və rekreasiya zonaları
istisna olmaqla, dayanacaqların təşkili və
çadır qurulması;
3.7.7. bu məqsədlər üçün müəyyən
olunmuş yerlərdən və ümumi istifadə olunan quru və
su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin
hərəkəti və dayanacağı, ev
heyvanlarının köçürülməsi;
3.7.8. meşələrdə əsas istifadə
qırıntısı;
3.7.9. yerli fauna və flora növlərinə
uyğun olmayan növlərin introduksiyası.
3.8. Milli Parkın ərazisində onun ekoloji, elmi, estetik,
mədəni və rekreasiya dəyərini aşağı
sala bilən digər fəaliyyət növlərini də
Milli Park məhdudlaşdırır və ya qadağan edir.
3.9. Milli Parkın mühafizəsini Nazirliyin vəzifəli
şəxslərindən ibarət mühafizə xidməti həyata
keçirir. Bu işə Milli Parkın direktoru və direktorun
mühafizə işləri üzrə müavini öz səlahiyyətləri
daxilində rəhbərlik edirlər.
3.10. Milli
Parkın mühafizəsini həyata keçirən Nazirliyin vəzifəli
şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən
üzərində fərqləndirici nişan
olan xüsusi forma geyinirlər. “Xidməti və
mülki silah haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həmin şəxslərə xidməti
silah saxlamaq və gəzdirmək hüququ verilir.
3.11. Milli
Parkın mühafizə xidmətinin aşağıdakı
hüquqları vardır:
3.11.1.
Milli Parkın ərazisində və onun mühafizə
zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini
yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrinə
və gəmilərə baxış keçirmək,
sübut əhəmiyyəti olan əşyaları və sənədləri
götürmək, inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olan
predmetin aşkar edilməsi məqsədilə şəxsi
axtarış həyata keçirmək və əşyaları
(o cümlədən ov və balıq ovu alətlərini, əldə
olunmuş ov məhsullarını) yoxlamaq;
3.11.2. fiziki və hüquqi şəxslərin Milli
Parkın ərazisində və onun mühafizə zonasında
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini
dayandırmaq;
3.11.3.
Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin
ərazinin mühafizə rejiminin pozulmasına görə
inzibati xəta haqqında protokol tərtib etmək;
3.11.4. Milli Parkın ərazisində və onun mühafizə
zonasında mühafizə və istifadə sahəsində
pozuntu hallarını aradan qaldırmaq məqsədilə
icrası məcburi olan göstərişlər vermək.
3.12. Milli Parkın rejiminin pozulmasında təqsirli olan
şəxslər Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
3.13. Milli Parka vurulmuş zərər Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq ödənilir.
4. Milli Parkın elmi tədqiqat fəaliyyəti
4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya
məqsədilə istifadə şəraitində ekoloji vəziyyətin
proqnozlaşdırılmasına və qiymətləndirilməsinə,
səciyyəvi və nadir təbiət komplekslərinin, o
cümlədən bioloji müxtəlifliyin elmi cəhətdən
əsaslandırılmış üsullarla qorunmasına
yönəldilir.
4.2. Milli Parkda elmi tədqiqat fəaliyyətini Milli
Parkın elm şöbəsinin işçiləri həyata
keçirirlər.
4.3. Milli Parkda elmi tədqiqatlara kənar elmi müəssisə
və təşkilatların, habelə mütəxəssislərin
cəlb edilməsinə yol verilir.
4.4. Milli Parkda elmi tədqiqat, mədəni-maarif, tədris
tədbirlərinin həyata keçirilməsi və ekoloji
maarifləndirmə işinin təşkili məqsədilə
Şura yaradıla bilər. Şuranın fəaliyyətinə
Milli Parkın direktoru rəhbərlik edir. Şuranın
tərkibini və Əsasnaməsini Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri təsdiq edir.
4.5. Milli Parkın elmi və herbari fondları
yaradılır və daimi saxlanılır.
4.6. Milli Parkın elmi əsərlər çap etdirmək
hüququ vardır.
4.7. Milli
Parkda aparılan elmi tədqiqat işlərində əldə
edilmiş nəticələrdən aşağıdakı məqsədlər
üçün istifadə olunur:
4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub
saxlanılmasının, artırılmasının və
onlardan səmərəli istifadənin elmi əsaslarını
işləyib hazırlamaq və Milli Parkın ərazisində
yayılmış vəhşi heyvanların sayının
optimal normadan artığının müvafiq ərazidə
yayılmış və nəsli kəsilmiş heyvan növlərinin
əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə
uyğun olaraq köçürülməsini həyata
keçirmək;
4.7.2.
Milli Parkın ərazisində təbiət komplekslərinin təbii
halda saxlanılmasını təmin edən tədbirləri,
təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının
qiymətləndirilməsi və yüksəldilməsi
metodlarını işləyib hazırlamaq;
4.7.3.
Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat
məqsədləri üçün istifadənin səmərəliliyini
müəyyənləşdirmək və nəticələrini
aşkara çıxarmaq;
4.7.4. ziyanverici heyvanlara və alaq otlarına
qarşı mübarizə metodlarını, ilk növbədə,
bioloji metodların layihələrini işləyib
hazırlamaq;
4.7.5. su rejimində, torpağın və bitki
örtüyünün xassələrində, heyvanların
sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında
dəyişikliklərin proqnozlaşdırılması məqsədilə
həmin dəyişikliklərin səbəbini öyrənmək;
4.7.6. təbiətdə cərəyan edən proseslər
haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri
nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat
məqsədləri üçün istifadə edilən ərazilərdə
eyni və ya oxşar bioekoloji metodları hazırlamaq.
4.8. Elmi tədqiqatların
aparılması metodları Milli Parkın rejiminin tələblərinə
zidd olmamalıdır. Aparılan işlərin nəticələri
hazırlanmış elmi təkliflər çərçivəsində
tətbiq edilir.
4.9. Milli
Park elmi tədqiqat işlərini, həyata keçirəcəyi
elmi-texniki və digər elmi tədbirləri hər təqvim ili üçün Nazirliyin təsdiq etdiyi və
maliyyələşdirdiyi planlar üzrə aparır. Milli
Parkla bu sahədə əməkdaşlıq, Nazirliyin təsdiq
etdiyi müqavilələr əsasında, müvafiq profilli
elmi müəssisə və təşkilatlar, habelə ali təhsil müəssisələri ilə
birgə həyata keçirilir.
5. Milli Parkın təsərrüfat
fəaliyyəti
5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət
və tarix-mədəniyyət obyektlərinin mühafizəsindən,
onlara xidmət və onların bərpası üzrə tədbirlərin
həyata keçirilməsindən, təbiətdə idarə
olunan istirahət və turizm tədbirlərinin təşkilindən
ibarətdir.
5.2. Milli Parkın turizm və rekreasiya, turistlərə,
elmi və maarifləndirmə məqsədli şəxslərə
xidmət göstərilən zonalarının ərazisində
yerləşən binalar və qurğular fiziki və
hüquqi şəxslərə icarəyə və ya istifadəyə
turizmin, o cümlədən təbiətdə istirahətin inkişafı
məqsədilə verilir.
5.3. Milli
Parkın turizm və rekreasiya, turistlərə, elmi və
maarifləndirmə məqsədli şəxslərə xidmət
göstərilən zonalarının ərazisində
mehmanxanaların, kempinqlərin, turbazaların və digər
iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin
istirahəti məqsədilə digər şəraitin
yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında”,
“Turizm haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq Milli Parkla fiziki və hüquqi
şəxslər arasında bağlanılmış və
ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında
həyata keçirilir.
6. Milli Parkın mühafizəsinə,
qorunmasına və istifadəsinə dövlət nəzarəti
Milli Parkın vəziyyətinə, onun mühafizəsi,
qorunması və bərpası ilə bağlı tədbirlərin
icrasına dövlət nəzarətini Nazirlik həyata
keçirir.
7. Milli Parkın fəaliyyətinin təşkili
7.1. Milli Parkın strukturunu, ştat cədvəlini və
xərclər smetasını Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri təsdiq edir.
7.2. Milli Parka onun direktoru rəhbərlik edir. Milli Parkın
direktoru və direktorun müavinləri Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər
naziri tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilirlər.
7.3. Milli
Parkın direktoru aşağıdakı səlahiyyətləri
yerinə yetirir:
7.3.1.
Milli Parka ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir;
7.3.2. təbiəti mühafizə, elmi tədqiqat və
biotexniki planların layihələrinin hazırlanmasını
və yerinə yetirilməsini təmin edir;
7.3.3.
Milli Parkda elmi tədqiqat işlərinin planlarının,
tapşırıqların yerinə yetirilməsinin gedişi
haqqında struktur bölmələrinin hesabatlarını dinləyir;
7.3.4.
Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini
təşkil edir, kadrların əlavə təhsili istiqamətində
qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər
görür;
7.3.5.
Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və
onların tətbiqinin nəticələri haqqında
hesabatları, statistik və maliyyə hesabatlarını aidiyyəti
üzrə təqdim edir;
7.3.6.
Milli Parkın maddi-texniki təminatını təşkil
edir;
7.3.7. Milli Parkı təmsil edir.
7.4. Direktor Milli Parkın fəaliyyətinə görə
şəxsən məsuliyyət daşıyır.
7.5. Milli Parkın işçiləri Milli Parkın
rejiminin pozulması hallarının qarşısının
alınmasında mühafizə xidmətinin işçilərinə
kömək edirlər.
7.6. Milli Parkın təbiət ərazilərindən və
obyektlərindən ödənişli istifadə “Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tətbiq edilir.
7.7.
Əhalinin və qeyri-hökumət təşkilatlarının
Milli Parkın mühafizəsi ilə bağlı təqdim
etdiyi təkliflərin məqsədəuyğun
olub-olmadığına Milli Parkda baxılır.
Xalq qəzeti.-
2019.- 24 fevral.- S.2.