“Xocalı – XX əsrin
soyqırımı”
Fevralın 22-də Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı
soyqırımının 27-ci ildönümünə həsr
olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı
kitab sərgisinin açılış mərasimi və Ulduz
Qasımın “Xocalı şikəstəsi” adlı
kitabının təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan
Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə reallaşan sərginin açılışından
öncə kitabxananın direktoru Kərim Tahirov
çıxış edərək Xocalı faciəsi
haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev
“Xocalı soyqırımının iyirmi yeddinci
ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam
imzalanıb və müvafiq tədbirlər planının həyata
keçirilməsi nəzərdə tutulub. Hər il olduğu
kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin
diqqətinə çatdırılması məqsədilə
müvafiq Sərəncamla “Xocalı soyqırımının
iyirmi yeddinci ildönümünün keçirilməsinə
dair tədbirlər planı” təsdiq edilib və icra olunur.
Direktor
bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə
və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı
tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan
tarixinin qanlı səhifəsi olan Xocalı
soyqırımından 27 il ötməsinə baxmayaraq, hər
birimiz bu faciəni ağrısını yaşayırıq.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı dəstələri keçmiş SSRİ
dövründə Xankəndi şəhərində yerləşdirilmiş
366-cı motoatıcı alayının zirehli texnikası və
hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini
zəbt edib, yüzlərlə dinc sakin
öldürülüb, şikəst edilib, qocalar, uşaqlar,
qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir və
həqarətlərinə məruz qalıb.
Xocalı
qırğının təkcə Azərbaycan xalqına
qarşı deyil, insanlıq əleyhinə törədilmiş
cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha
geniş miqyasda tanıdılması, soyqırımı
aktı kimi qəbul olunması istiqamətində mühüm
addımların atıldığını vurğulayıb.
Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə
bir çox ölkələrdə və şəhərlərdə
həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq
təbliğat kampaniyası Xocalı faciəsinin dünyada
soyqırımı aktı kimi tanınmasında mühüm
rol oynayır.
Milli
Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun
qurbanları haqqında yüzlərlə kitablar nəşr
edilib, yerli və xarici mətbuat səhifələrində
yazılar dərc olunub. Ulduz Qasımın müəllifi
olduğu “Xocalı şikəstəsi” adlı romanı da
Xocalı faciəsini və hadisələrin sonrakı
inkişafını ümumiləşmiş şəkildə,
bədii obrazlar vasitəsilə dolğunluqla əks etdirən
bir əsərdir. Bildirib ki, hələ Xocalı haqqında
çox kitablar yazılmalı, xalqımızın
başına gətirilən bu müsibətlər ədəbiyyatımızda
layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin
ağrı–acılarını tarixi faktlarla yanaşı, belə
əsərlərdən də oxuyub öyrənməlidirlər.
Sonra
kitabın müəllifi Ulduz Qasım çıxış edərək
romanın bədii əsər olsa da, real hadisələr əsasında
yazıldığını bildirib. O, Xocalıda baş verən
hadisənin hər bir azərbaycanlıya təsir etdiyini,
buranın Qarabağın yaralı yeri olduğunu söyləyib.
Yazıçı-publisist
Rəhilə Gülgün çıxışında kitab
haqqında fikirlərini bölüşüb, gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği
üçün bu əsərin əhəmiyyətli
olduğunu vurğulayıb.
Daha
sonra Milli Kitabxananın əməkdaşları Səyyarə
Məmmədli, Tərlanə Əliyeva Xocalıya həsr
etdikləri şeirləri söyləyiblər.
Sonda
tədbir iştirakçıları Xocalı faciəsini
özündə əks etdirən 300-dən artıq Azərbaycan
və digər dillərdə nəşr olunmuş kitab və
dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə
edən sərgi ilə tanış olublar.
Xalq qəzeti.- 2019.- 24 fevral.- S.6.