Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli və “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 may tarixli 125 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 61           

  Bakı şəhəri, 23 fevral 2019-cu il

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1291-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 364 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 695; 2013, ¹ 10, maddə 1228; 2014, ¹ 1, maddə 56; 2017, ¹ 4, maddə 666; 2018, ¹ 11, maddə 2431) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 7.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“7.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 5, maddə 613; 2016, ¹ 6, maddə 1200, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə 671; 2018, ¹ 11, maddə 2430; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 545 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 3.1.2-1-ci yarımbənd əlavə edilsin:

“3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;”;

2.2. 4.4-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqifiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 26 fevral.- S.3.