Xocalı soyqırımına beynəlxalq
hüquqi qiymət
verilməlidir
Xocalı faciəsindən 27 il
keçir. Bu faciə hər bir soydaşımızın
yaddaşına əbədi həkk olunub. Həmin gün
xatırlanan zaman insanların hüznlü çöhrələrinə
baxanda hiss olunur ki, ötən illər Xocalının dinc
sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini
yaddaşlardan silə bilməyib. Bircə gecədə yerlə-yeksan
edilmiş bu Azərbaycan şəhərinin adı indi
Xatın, Liditse və Sonqmi ilə yanaşı çəkilir.
Xocalı
faciəsi erməni millətçilərinin yüzilliklər
boyu xalqımıza qarşı apardıqları
soyqırımı və etnik təmizləmə siyasətinin
qanlı səhifəsi, öz amansızlığına və
qəddarlığına görə, bəşəriyyətə
və insanlığa qarşı törədilən cinayətdir.
Dünya
Xocalı qırğını haqqında əsl həqiqəti
bilməli, başa düşməlidir ki, XX əsrin sonunda
bütün sivil bəşəriyyətin gözü
qarşısında törədilmiş bu vəhşiliyə
göstərilən biganəlik yüzlərlə dinc
insanın ölümündə təqsirkar olanların bu
vaxta qədər cəzasız qalması belə faciələrin
planetin hər bir regionunda təkrarlanmasına gətirib
çıxara bilər. Ermənilərin bu cəza tədbiri
hərtərəfli planlaşdırılmış və
yeganə bir məqsədlə – dinc sakinləri milli mənsubiyyət
əlamətinə görə qismən və ya tamamilə məhv
etmək üçün törədilmişdi. Beynəlxalq
hüquqa görə belə hərəkətlər “genosid”,
başqa sözlə “soyqırımı” anlayışına
uyğundur və dünya ictimaiyyəti tərəfindən bu
cür tanınmalıdır. Qəddarlığı və
amansızlığı ilə fərqlənən Xocalı
soyqırımı erməni millətçilərinin təcavüzkar
siyasətinin ən qanlı səhifələrindən biridir
Hər
il ölkəmizdə Xocalı qurbanlarının xatirəsi
ehtiramla yad edilir. Bu il də faciə qurbanlarının
anım mərasimlərinin keçirilməsi ilə əlaqədar
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı
ilə “Xocalı soyqırımının iyirmi yeddinci
ildönümünün keçirilməsinə dair tədbirlər
planı” təsdiq edilib.
Tədbirlər
planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində
və Ağcakənd qəsəbəsində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət
nümayəndələri tərəfindən Şəhidlər
xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici
ölkələrdəki səfirliklərində,
konsulluqlarında və diaspor təşkilatlarında
soyqırımı ilə bağlı tədbirlərin təşkili,
xarici və yerli kütləvi informasiya vasitələri, o
cümlədən teleradio kanallarında qanlı
qırğını əks etdirən materialların
yayılması və internet şəbəkəsində
mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan
başqa, Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr olunan anım tədbirləri təşkil ediləcək,
xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə
görüşlər keçiriləcək, Azərbaycanın
ərazi bütövlüyü uğrunda mübarizəyə
həsr edilən sənədli və bədii filmlər
nümayiş olunacaq. Tədbirlər planına əsasən
xocalıların müvəqqəti məskunlaşdıqları
şəhər və rayonlarda dövlət qurumları rəhbərlərinin,
Milli Məclisin deputatlarının və ziyalıların
şəhid ailələri ilə görüşləri təşkil
ediləcək.
Hər
il olduğu kimi, bu il də fevralın 26-da təhsil müəssisələrində
ilk dərslər Xocalı soyqırımına həsr
olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad ediləcək. Xocalı
soyqırımı günü ilə əlaqədar
respublikanın şəhər və rayonlarında, kənd və
qəsəbələrində Azərbaycanın dövlət
bayraqları endiriləcək.
Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, bu faciənin
xalqımıza qarşı soyqırımı aktı kimi
tanınması üçün bütün imkanlardan istifadə
olunur. Bu istiqamətdə ilk məqsədyönlü fəaliyyət
ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə
qayıdandan sonra başlanıb. Ümummilli liderin təşəbbüsü
ilə 1994-cü il fevralın 24-də Azərbaycan
Respublikasının Milli Məclisi “Xocalı
Soyqırımı Günü haqqında” qərar qəbul
etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın
gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq
ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər
görməyə çağırmışdır. Ulu
öndərin təşəbbüsü ilə Xocalı
soyqırımına siyasi-hüquqi qiymət verilmiş,
fevralın 26-sı “Xocalı Soyqırımı Günü”
elan edilmişdir.
Soyqırımı
cinayətini törədən şəxslər vətəndaşlığından
və cinayətin törədildiyi dövlətdən
asılı olmayaraq, istənilən ölkə tərəfindən
cinayət məsuliyyətinə cəlb edilə, mühakimə
oluna bilər. Müasir şəraitdə bunu həyata
keçrimək üçün bir sıra mexanizmlər
mövcuddur. Soyqırımı ilə bağlı milli
qanunvericilikdə, Cinayət Məcəlləsində müddəalar
da öz əksini tapıb. Məndə olan məlumata görə
bu soyqırımı ilə bağlı 39 nəfərin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr
tərəfindən barələrində həbs qətimkan tədbiri
seçilib və həmin şəxslər axtarışa
verilib.
Beynəlxalq
hüquqa görə, soyqırımı sülh və bəşəriyyət
əleyhinə yönələn əməl olaraq, ən
ağır beynəlxalq cinayətlərdən biri
sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr
tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki,
soyqırımı, insan qruplarının yaşamaq
hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dayaqlardan məhrum edir. Belə bədnam əməllər
BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT
Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiş “Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən
şərtlər də Xocalı faciəsinin məhz
soyqırımı adlandırılmasına tamamilə imkan
yaradır. Konvensiyaya qoşulan dövlətlər sülh,
yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürmüşlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunmuşdur. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin
Xocalıda törətdikləri dəhşətli cinayətlərin
genosid olduğuna heç bir şübhə qalmır. Məlum
hadisələr də təsdiqləyir ki, həmin gecə mənfur
erməni silahlı birləşmələri Xocalı əhalisini
məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək
qətlə yetirmək, məhv etmək məqsədini
qarşıya qoymuşdular.
“Müharibə
zamanı mülki şəxslərin müdafiəsinə
dair” IV Cenevrə Konvensiyasının 34-cü maddəsinə
görə mülki əhalinin girov götürülməsi
qadağandır. Lakin təkcə Xocalıda 1000-dən
artıq insanı girov götürən ermənilər bu
prinsipə də aşkar saymazlıq nümayiş
etdirmişlər. Ermənistan silahlı qüvvələri
beynəlxalq hüquq normalarına məhəl qoymamış,
Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar
üsullara əl atmışlar.
Xocalı
soyqırımı və işğalçı Ermənistanın
torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində
“İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”,
“İnsan hüquqlarının və əsas
azadlıqlarının müdafiəsi haqqında” Avropa
Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit
olunmuş hüquq və azadlıqlar, o cümlədən
insanların yaşamaq hüququ kobud şəkildə,
kütləvi surətdə pozulmuş, insanların şərəf
və ləyaqəti tapdalanmışdır.
İşğal
edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu
beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və
884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət”
adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, AŞPA-nın
2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı
tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla
bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha
sübut edir.
Belə
dəhşətli faciələri törədənlərin,
günahsız insanları amansızcasına qətlə yetirənlərin
cəzalandırılmaması beynəlxalq hüquqa, BMT-nin
prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə
ziddir.
Göründüyü
kimi, beynəlxalq hüquq, qəbul olunmuş konvensiyalar da təsdiqləyir
ki, Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən
hüquqi-siyasi qiymət verilməlidir. İnanırıq ki,
haqq-ədalət qalib gələcək, Azərbaycanın ərazi
bütövlüyü, qaçqın və məcburi
köçkün soydaşlarımızın pozulmuş
hüquqları bərpa olunacaq, soyqırımı törədən,
dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə
ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının prorektoru,
hüquq üzrə elmlər
doktoru
Xalq qəzeti.- 2019.- 26 fevral.-
S.8.