BVF Azərbaycanda aparılan sosial islahatları yüksək qiymətləndirir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, iqtisadi cəhətdən müstəqil, siyasi baxımdan azad, daim inkişaf edən demokratik, hüquqi  dövlət quruculuğu yolunda, eləcə də müxtəlif ölkələrlə ayrı-ayrı sahələr üzrə əməkdaşlığın miqyasının genişləndirilməsi yolunda uğurlu addımlar atır.

İctimai-siyasi sabitlik, reallaşdırılan mühüm layihələr nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycanın   dayanıqlı inkişafını təmin edib. İnnovativ, unikal idarəetmə texnologiyaları və bunların tətbiqi sayəsində  ölkəmiz qısa müddət ərzində böyük nailiyyətlər qazanıb. Təbii ki, bu proseslərin əsasında kadr potensialının inkişafı, Prezident İlham Əliyevin “qara qızıl”ın “insan kapitalına” çevrilməsi konsepsiyası durur.

Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: “Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir”.

Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq qurumlar ölkəmizdə demokratiyanın inkişafı, sabitlik, qanunun aliliyinin, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlılığı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, azad rəqabət üçün əlverişli şəraitin yaradılması, gömrükvergi xidməti işinin yaxşılaşdırılması, iqtisadi qanunvericiliyininzibati praktikanın yaxınlaşdırılması, qeyri-neft sektorunun inkişafı, təhsil və kadr hazırlığı, turizm, logistika, nəqliyyat, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, nəqliyyat əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirir. Məsələn, Prezident İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Reallaşdırılan layihələr nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmini ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi  2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Burada diqqəti bir məqama da yönəltməyi zəruri bilirik.    Cari ilin aprel ayında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisanın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə bu maliyyə qurumunun təmsilçisi respublikamızda əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın imzalanmasını yüksək dəyərləndirmiş, sənədin icrası istiqamətində görülən işlərin, əldə olunan nəticələrin əhəmiyyətini xüsusi vurğulamışdı. Sözügedən fərmanın həm insanların maddi vəziyyətinin yaxşılaşmasında, həm də bankların maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayacağını bildirmişdi. 

BVF-nin rəsmisi Azərbaycanda həyata keçirilən iqtisadisosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini də diqqətə çatdıraraq, maliyyə sahəsində mütəmadi islahatların gerçəkləşdirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zamanda maliyyə sektorunda əldə edilən sabitlikdən məmnunluğunu xatırlatmışdı. 

Bir neçə gün bundan əvvəl yenidən ölkəmizdə səfərdə olan BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa ölkəmizdə əməkhaqqı, pensiya, təqaüd və müavinətlərin artırılması, vergiborc yükünün azaldılması istiqamətində atılan addımları yüksək qiymətləndirib, bu layihələrin  Azərbaycanda iqtisadi inkişafın stimullaşdırılacağında önəmli rol oynayacağını diqqətə çatdırıb.  

N.Tamirisa yaxın iki il üçün bir sıra proqnozlar da verib: “Qarşıdakı 2 il ərzində ölkədə qiymət artımının 3,3 faiz təşkil edəcəyi, qeyri-neft sektorunda 2,7 faiz artım olacağı gözlənilir. 2021-ci ildən sonrakı 3-5 il ərzində isə neftdənkənar sektorun artımı, təxminən, 3 faiz olacaq. Ümumilikdə, isə bu il iqtisadi artımın 2,7 faiz, gələn il isə 2,1–2,5 faiz olacağı proqnozlaşdırılır.

N.Tamirisanın sözlərinə görə, icmal büdcənin profisiti ümumi daxili məhsulun 5,3 faizinə bərabər olacaq. Neft gəlirlərinin artması isə cari hesabın profisitini artıraraq onu ÜDM-in 10 faizinə  bərabər edəcək.

Göründüyü kimi, Azərbaycanda davamlı şəkildə gerçəkləşdirilən sosial islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və həmin ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edilib. Bu sosial paket minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən dövlətimizin başçısı bu layihənin davam etdiriləcəyini  artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf olunacağını bildirmişdi. Cari ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin ötən aylarının  yekunları da bunu bir daha sübut etdi.

İyunun 18-də imzalanan sərəncamlar sayəsində sosialyönümlü islahatların daha da dərinləşməsi və geniş təbəqələri əhatə etməsi ölkə Prezidentinin islahatçı lider kursuna sadiq qalmasını təsdiq edir. Diqqəti çəkən həm də odur ki, bu addımlar kampaniya xarakterli deyil, cari tədbirlərə bənzəmir. Cənab İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiəsini dövlət səviyyəsində gücləndirir, eyni zamanda,  özəl sahənin təmsilçilərini, biznes qurumlarının rəhbərlərini də dövlətin sosial siyasətinin reallaşmasında yaxından iştirak etməyə sövq edir.

Ekspertlər bildirirlər ki, sözügedən artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə MDB məkanında ikinci yerdə dayanır. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələri arasında isə birinci yerdəyik. Eyni zamanda, minimum əməkhaqqına görə, respublikamız Cənubi Qafqaz ölkələri arasında birinci yerdə durur. Bu gün Azərbaycanda minimum əməkhaqqı həm Ermənistan, həm də Gürcüstandan daha yüksəkdir. Respublikamızda hazırda minimum əməkhaqqı 147 dollardır, Gürcüstanda isə bu, təxminən 65 dollar təşkil edir. Başqa sözlə, minimum əməkhaqqı Azərbaycanda Gürcüstandan 2 dəfədən çoxdur.

Prezident İlham Əliyev respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmağı mühüm vəzifə kimi qarşıya qoyub. Bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və MDB məkanında lider mövqeyə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsi qarşıya qoyulan yeni hədəflərə sürətlə nail olmağa imkan verir. Ölkə əhalisinin sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır, insanları eyni amal, eyni məqsədlər uğrunda birləşdirir. Çünki əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır.

 

Vaqif  Bayramov.

Xalq qəzeti.- 2019.- 2 iyul.- S. 9.