Bakı
sessiyası UNESKO-nun fəaliyyətində
ən önəmli tədbirlərdən biridir
“Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bizim üzərimizə böyük məsuliyyət qoyur. İyunun 30-da bizim bir sıra məhsuldar görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə UNESKO-nun rəhbərliyi arasında görüş keçirildi. Həmçinin çox möhtəşəm açılış mərasimində iştirak etdik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də jurnalistlər üçün mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, sessiya iyulun 10-dək işini davam etdirəcək. Təxminən 2500 iştirakçı qeydiyyatdan keçib. Ümumilikdə 150-dən artıq dövlətin nümayəndəsi bu sessiyada iştirak edir. Sessiyanın davam edəcəyi günlərdə mədəni proqramlar da nəzərdə tutulur.
Əbülfəs Qarayev deyib ki, təqdim olunan nominasiyaların sırasında Şəki şəhərinin tarixi yerləri də var. Bu tarixi məkanların UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müəyyən şərtlər var. Təbii ki, bu şərtlər komitədə müzakirə ediləcək.
Bakıda olmasından məmnunluğunu
ifadə edən UNESKO Baş direktorunun müavini Ernesto Ottone Ramirez sessiyanın əhəmiyyətindən
danışıb. Bildirib ki,
bu gün bir sıra təqdimatlar da
keçirildi. İclasın
başlanğıcında Bakı Bəyannaməsi qəbul edildi. UNESKO hər zaman öz işinin öhdəsindən
məharətlə gəlib. “Biz
konvensiyaların icrasını daha
yaxşı təmin etməyə
çalışırıq. Azərbaycan belə tədbirlərə
evsahibliyi etməkdə böyük
təcrübəyə malikdir. Burada müzakirələr şəffaf şəkildə
aparılacaq. Konsensus
əsasında Orta Şərqə aid olan qərarlara da nail olmuşuq. Bu istiqamətdə də işimizi davam etdirəcəyik”, - deyə Ernesto bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
toxunan UNESKO rəsmisi
deyib: “Biz münaqişə
tərəflərindən təhlükəsizliyi
təmin etmələrini
istəyirik. Belə olan halda
UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”.
Onun sözlərinə görə,
ekspert missiyasının
keçirilməsi üçün
şərtlər var. Birincisi,
təhlükəsizlik təminatı
olmalıdır. Bundan başqa, regionda
tərəflərin iradəsi
olmalıdır. Bu razılaşma olmazsa,
UNESKO müdaxilə edə
bilməz.
UNESKO-nun Ümumdünya
İrs Mərkəzinin
direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini
vurğulayaraq deyib: “Bildiyiniz kimi, biz Azərbaycana və Qobustan qoruğuna həsr olunmuş toplu nəşr etmişik. Urbanizasiya və iqlim dəyişikliyi bizim mədəni tədqiqlərə
əngəllər yaradır.
Ancaq buna baxmayaraq, biz mədəni irslərimizi
qoruyuruq. On gün ərzində Bakıda 30-dan çox nominasiya nəzərdən
keçiriləcək. Ümumdünya Mədəni İrs
Komitəsi bu barədə qərarlar qəbul edəcək.
Spesifik qərarlarımız olacaq.
İki məkan var
ki, onlar UNESKO-nun təhlükə altında
olan siyahısından
çıxarılaraq ümumi
siyahıya salınacaq.
Bu, bir daha
ondan xəbər verir ki, biz mədəni
irsin qorunmasına qismən də olsa nail oluruq. Təhlükəni görür, həyəcan
təbili çalır
və onun bərpasına nail oluruq”.
Sonra jurnalistləri maraqlandıran
suallar cavablandırılıb.
Xalq qəzeti.- 2019.- 2 iyul. S. 8.