Şərqlə Qərbin qovuşduğu
Bakı UNESKO tədbirinə evsahibliyi edir
UNESKO ilə
məhsuldar əməkdaşlığın nəticəsi
olaraq Azərbaycanda iki sahə – İçərişəhər,
o cümlədən Şirvanşahlar Sarayı və Qız
qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər
mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin
bəşəriyyətin qeyri-maddi mədəni
irs üzrə reprezentativ
siyahısına daxil edilmişdir.
Mehriban ƏLİYEVA
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Bir neçə gündür
ki, Azərbaycan paytaxtında UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyası keçirilir. Bu fakt bir tərəfdən
qarşılıqlı inam
və etimada söykənən Azərbaycan
– UNESKO əməkdaşlığının
qərar tutduğu səviyyədən xəbər
verirsə, digər tərəfdən də gündən-günə inkişaf
edən Bakının
bütün beynəlxalq
təşkilatların mötəbər
tədbirlərinə evsahibliyi
etməsinin növbəti
təzahürü kimi
qiymətləndirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının
BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı – UNESKO-ya
üzv qəbul olunmasından 27 il
ötür. Azərbaycan
Respublikası UNESKO-ya
1992-ci il iyunun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın UNESKO ilə əlaqələrinin
genişləndirilməsi isə,
1993-cü ilin ikinci yarısından, ümummilli
lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından
sonra başlanmışdır.
UNESKO ilə
Azərbaycan Respublikası
arasındakı əlaqələr
2004-cü ildə Mehriban
xanım Əliyevanın
UNESKO-nun xoşməramlı səfiri seçilməsindən
sonra daha sürətlə inkişaf
etməyə başlamışdır. Onun səyləri nəticəsində
ölkəmizin maddi və qeyri-maddi mədəni irs
nümunələri UNESKO-nun müvafiq siyahılarında
yer almışdır.
İki il qabaq – Azərbaycan – UNESKO əlaqələrinin
25 illiyi ilə əlaqədar olaraq Prezident kitabxanasında “Azərbaycan – UNESKO əlaqələri”
adlı elektron layihə hazırlanmışdır.
İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər
layihədə UNESKO haqqında
və Azərbaycan –
UNESKO əlaqələrinə dair ətraflı məlumat ala bilirlər.
Layihə vasitəsilə istifadəçilərə
bu mövzuda 100-dək
kitabın elektron variantını özündə
əks etdirən elektron kitabxana da təqdim edilir. Elektron layihəni Prezident
kitabxanasının kitabxana
işinin avtomatlaşdırılması
və elektron resurslar şöbəsi hazırlamışdır.
Açılış mərasimi iyunun 30-da keçirilmiş sonuncu tədbirə gəlincə
isə, qeyd etməliyik ki, bu sessiya möhtəşəm
əməkdaşlıq ənənələri
əsasında keçirilir. Belə
ki, 2013-cü ildə
UNESKO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasına
uğurla evsahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə
hər iki ildən bir həmin qurumun rəsmi tərəfdaşlığı
ilə Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Ümumdünya İrs Komitəsinin
42-ci sessiyasında qəbul
edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Gənc müstəqil dövlətimiz
üçün mühüm
əhəmiyyətə malik
belə bir qərarın qəbul olunması ölkəmizin
UNESKO ilə tərəfdaşlıq
münasibətlərinin yüksək
səviyyədə inkişaf
etdiyini göstərir.
Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini
təmin etmək məqsədilə müvafiq
sərəncam imzalayıb. Bununla da
UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının
Bakıda yüksək
səviyyədə keçirilməsi
təşkil olunub.
Yeri gəlmişkən, iyunun
30-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul edərkən də tərəflər arasındakı
əməkdaşlığın keçmişi və gələcək perspektivləri
müzakirə edilib. Xanım Odre
Azule Azərbaycanın
mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək
qiymətləndirib. Qonaq ölkəmizdə
mədəni və tarixi irsin həm
qorunması, həm də təbliği istiqamətində görülən
işlərin əhəmiyyətini
qeyd edib. O, Azərbaycanın Elm Muzeyinin
təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildrib. Prezident İlham Əliyev
isə bildirib ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə
duran ən önəmli məsələlərdən
biridir.
Bilavasitə komitənin Bakı sessiyasına qayıdaraq qeyd edək ki, açılış mərasimində çıxış
edən Birinci vitse-prezident Mehriban Əliyeva xatırladıb
ki, biz iyunun əvvəlində Azərbaycanın
UNESKO-dakı üzvlüyünün
27-ci ildönümünü qeyd etdik. Bu illər
ərzində biz mədəniyyət,
təhsil, elm, kommunikasiya,
gənclər və idman kimi bir
çox sahələrdə
uğurlu əməkdaşlıq
qura bildik: “Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə
UNESKO-nun proqramlarında iştirak
edirik. Dünyanın mədəni irsinin
qorunması Azərbaycan
ilə UNESKO arasında
əməkdaşlığın əsas istiqamətlərindən
biridir. Eyni zamanda, bizim
tarixi, dini və memarlıq abidələrimizin qorunması,
bərpası və saxlanması Azərbaycanın
dövlət siyasətinin
mərkəzində dayanır”.
Birinci vitse-prezident
qeyd edib ki, ölkəmizin
UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun
milli hüdudlarından
kənarda da öz təzahürünü
tapır: “Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində
apardığımız fəaliyyətin
coğrafiyası geniş
olmuşdur. Bununla belə, müharibələr
və hərbi münaqişələr bəşəriyyətin
mədəni irsinə
hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində,
eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrini
kobud şəkildə
pozaraq Ermənistan Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin təxminən
20 faizini, o cümlədən
Dağlıq Qarabağı
və yeddi ətraf regionu bu gün də
işğal altında
saxlamaqda davam edir. Bir milyon azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətində yaşayır.
Yüzlərlə tarixi və
memarlıq abidəsi,
muzeylər, məscidlər
və digər dini məbədlər dağıdılıb, yaxud
ciddi dağıntıya
məruz qalıb.
Bu səbəbdən Azərbaycan mədəniyyət
mülkiyyətinin qorunmasına
aid müvafiq beynəlxalq
konvensiyaların səmərəli
icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə
görüləcək işlər
hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”.
UNESKO-nun Baş direktoru Odre AZULE də öz çıxışında mühüm
və maraqlı məqamlara toxunaraq demişdir ki, biz yeni minillikdə, belə möhtəşəm
sarayda – memar Zaha Hadidin dizaynına,
onun üslubuna uyğun yaradılmış
bir sarayda ... həm Birləşmiş
Ştatları, Çini,
İranı, Rusiyanı,
Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini
narahat edən məsələləri müzakirə
edirik. Bu, onu
göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə
müzakirə edir.
Bu gün biz müzakirə
edəcəyimiz məsələlərin
siyahısını hazırlamışıq.
Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün
bir məqsədlə
toplaşmışıq ki,
universal dəyərə malik
olan sahələr haqqında söhbət aparaq. Son zamanlar
biz Rio muzeyində, həmçinin
Parisdəki Notr-Dam kilsəsində dağıdıcı
yanğınların şahidi
olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər
həssas vəziyyətlərlə
üzləşir. UNESKO
ilk cərgələrdə gedərək beynəlxalq
həmrəyliyin təzahürüdür.
Biz bu gün
sülh istəyirik, istəyirik sülh qurulsun”.
Biz isə fəxr edirik ki, hər il 10-15 dəfə mötəbər beynəlxalq
təşkilatların mühüm
tədbirlərinə evsahibliyi
edən Azərbaycan paytaxtından dünya ictimaiyyətinə sülh,
əmin-amanlıq çağırışları
səsləndirilir. Çünki
bizim xalqımız da, dövlətimiz də məhz xanım Odre Azule ilə eyni mövqedədir: “Biz bu gün sülh
istəyirik, istəyirik
sülh qurulsun”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-
2019.- 3 iyul.- S. 1-2.