Kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət edir

 

Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun... Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Təkcə ölkəmizdə deyil, Azərbaycanda davam edən ictimai-siyasi proseslərlə maraqlanan bəzi xarici dairələrdə də Prezident İlham Əliyevin reallaşdırdığı kadr islahatları böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Bu islahatlara müxtəlif ekspertlər fərqli münasibət bildirirlər. Cüzi istisnaları nəzərə alsaq, həmin rəylərin böyük əksəriyyətində həqiqət var. Hətta bunu “ölkəmizdə yeni dövrün başlandığını” deyənlərlə razılaşmamaq mümkün deyil. Azərbaycan dövləti 16 ildir ki, sürətli inkişaf yolu keçir. Bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlət başçısının iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə yanaşı, onun komandasının məsuliyyət və peşəkarlığı da xüsusi rol oynayıb. Üstəlik, bu islahatlar barədə qəbul edilmiş qəralar üç-beş ayın nəticəsi deyil.

Cənab Prezident hələ 2015-ci ilin sonlarında demişdi ki, bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq. Özü də yüksək səviyyədə.

Bu, belə də oldu. Prezident 2016-cı il dekabrın 6-da “­Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Sənəddə qeyd edilirdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir: “Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlikdinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur”.

Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq işçi qrupu yaradılmışdır.

Sərəncama əsasən, işçi qrupu yerlixarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmişyekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır.

Bütün bunların əsasında dövlət başçımız ölkənin ­perspektiv ­inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarını əhatə edən 12 istiqamət üzrə yol xəritəsini təsdiq etmişdi.

Sonrakı – 2017-ci ildə ölkənin ali icra orqanı olan Prezident Administrasiyasında kifayət qədər səmərəli olan və hamı tərəfindən yüksək qiymətləndirilən strukturkadr islahatları aparılmış və ilboyu müxtəlif qurumların yaradılması, bəzilərini birləşdirilməsi və ya ləğvi barədə sərəncamlar imzalanmışdır. Əcnəbi həmkarlarımız hələ də yazırlar ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla yaradılmış “ASAN xidmət” və “MİDA” (Mənzil İnşaatı Dövlət Agentliyi) beynəlxalq aləmdə nümunə kimi qəbul edilə biləcək islahat göstəriciləridir.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları “ Nazirlər Kabinetində aparılan islahatlar” adlandırılsa da, əslində, bir neçə il əvvəl start verilmiş və Azərbaycana beynəlxalq aləmdə “Ən islahatçı ölkə” statusu qazandırmış proseslərin məntiqi davamıdır. Prezidentin sərəncamı ilə müxtəlif sahələrə rəhbər təyin olunan daha gənc, çevik, bir neçə xarici dil bilən, xaricdə təhsil aldığına görə dünya iqtisadiyyatındakı müsbət yenilikləri və beynəlxalq tendensiyaları mənimsəmiş, təşəbbüskar kadrların hamısı məhz Strateji Yol Xəritəsində göstərilən istiqamətlərin inkişaf etdirilməsini təmin edə biləcək şəxslərdir.

Dövlət başçımızın apardığı kadr islahatları haqqında söz açan ekspertlər yazırlar ki, İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Vitse-prezidentlik institutu yaradılanda da ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirmişdilər. Nazirlər Kabinetinin yeni tərkibinin layiqli kadrlardan formalaşdırılması haqqında da eyni məzmunlu fikirlər səsləndirildi.

Cənab Prezidentin ölkədə aparılan kadr islahatlarını davam etdirmək məqsədilə son günlər imzaladığı sərəncamlar da ictimaiyyət tərəfindən böyük razılıq və məmnunluqla qarşılanmışdır. Ulu öndər Heydər Əliyevin ən sədaqətli silahdaşlarından birinin -- Azərbaycan dövlətçiliyinin qorunmasında və möhkəmlənməsində xüsusi xidmətləri olan, daxili işlər orqanlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına və intellektual səviyyəsinin qaldırılmasına nail olmuş “Şöhrət” ordenli general - polkovnik Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi ona göstərilən daha bir etimad kimi qiymətləndirilir.

Xatırladaq ki, Ramil Usubov ulu öndərin hələ Naxçıvan Muxtar Respublikasını məhrumiyyət və məşəqqətlərdən çıxardığı illərdə onunla çiyin-çiyinə çalışmış, 1994-cü il aprelin 29-da isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edilərək Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 2018-ci il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilmiş ­Ramil Usubov ümummilli ­liderimizin silahdaşı olduğu kimi, onun başqa vəzifəyə keçməsindən sonra daxili işlər naziri vəzifəsinə təyin edilmiş Vilayət Eyvazov da uzun illərin sınağından çıxmış sədaqətli və peşəkar kadrlardandır. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş Vilayət Eyvazov daxili işlər orqanlarındakı peşəkar və prinsipial fəlaliyyətinə görə qısa müddətdə nazirin birinci müavini vəzifəsinə yüksəlmiş və Azərbaycan polisinə daim üz ağlığı gətirən ali rütbəli zabit kimi tanınmışdır.

Məcburən münaqişəyə cəlb edilmiş və ərazilərinin 20 faizi işğal olunmuş Azərbaycanın ən ­mühüm dövlət postlarından birinə – müdafiə sənayesi naziri vəzifəsinə təyin edilmiş yeni kadrın Azərbaycan Respublikasının Milli Qəhrəmanı olması da ekspertlərin nəzərindən yayınmır.

Xatırladaq ki, cənab Mədət Quliyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, DİN Baş Mühafizə İdarəsinin rəisi, ədliyyə nazirinin müavini, eyni zamanda da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi kimi mühüm vəzifələrdə çalışdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. 20 iyun 2019-cu il tarixdə isə o, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edildi.

Xüsusilə vurğulanmalı məqamlardan biriodur ki, Mədət Quliyevə Milli Qəhrəman adının verilməsi haqqında sərəncamı 1995-ci il dekabrın

26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev imzalamışdı.

Dövlət başçımızın sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilmiş Əli Nağıyev də xalq və dövlətçilik qarşısında xüsusi xidmətləri olan dövlət xadimidir. Əli Nağıyev 2005-2011-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini, 2011-2019-cu illərdə isə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri, milli təhlükəsizlik nazirinin birinci müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixli sərəncamı ilə Əli Nağıyevə general-mayor hərbi rütbəsi verilib, 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yəni mütəxəssislərin “Azərbaycanda aparılan kadr islahatlarının növbəti mərhələsi” adlandırdığı son günlər imzalanmış sərəncamlar millli dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək mühüm addımlardır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti. - 2019.- 5 iyul.- S.3.