Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının II Məclisi keçirilib
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələlər barədə tədbir iştirakçılarına məlumat verib və “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. Səttar Möhbalıyev qeyd edib ki, bu gün müzakirə edilən məsələ həmkarlar ittifaqları üçün mühüm əhəmiyyət daşıyır. Bu mövzu ətrafında dəfələrlə müzakirələr aparmış, müəyyən nəticələrə də nail olmuşuq. Lakin etiraf edək ki, bu sahədə hələ həllini tapmayan problemlər də qalmaqdadır. Bu gün bu problemlər, onların həlli yolları araşdırılacaq. Əldə edəcəyimiz nəticələr sözsüz ki, gələcək fəaliyyətimizə töhfələrini verəcək”.
AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı üzvlüyünə motivasiya dedikdə əmək kollektivlərində həmkarlar ittifaqı təşkilatının nüfuz və təsirini artıran, onun strukturlarını gücləndirən, həmkarlar ittifaqı sıralarının genişləndirilməsinə təsir göstərən kompleks tədbirlər, forma və iş metodları sistemi nəzərdə tutulur. O deyib: “Müzakirəyə çıxardığımız məsələyə gəlincə, onun əsası ötən əsrin sonlarında qoyulub. 1990-cı illərdə ölkəmizdə iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər ictimai həyatın bütün sahələrində, o cümlədən həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Həmkarlar ittifaqı üzvlərinin sayı yarıdan çox azaldı. Yeni yaranan kiçik və orta müəssisələrdə həmkarlar ittifaqının fəaliyyəti zəiflədi. Qismən, natamam məşğulluq formalarının yaranması həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın azalmasına səbəb oldu. Həmin illərdə təkcə Azərbaycanda deyil, xarici ölkə həmkarlar ittifaqı hərəkatında da üzvlüklə bağlı problemlər kəskin xarakter almışdı”.
“Bu gün cəmiyyətin sosial tərkibi dəyişir. Əhalinin böyük əksəriyyətini xidmət sahəsində çalışanlar təşkil edir”, – deyən S.Möhbalıyev bildirib ki, məşğulluq ciddi problemə çevrilib. Üzvlüyün motivasiyasına təsir edən bu problem həmkarlar ittifaqı tərəfindən vaxtaşırı olaraq qabardılır. Beynəlxalq Əmək Təşkilatının 2017-ci ilin nəticələrinə dair məruzəsində göstərildiyi kimi, dünyada 192,7 milyon insan işsizdir. 2016-cı illə müqayisədə işsizlərin sayı 2,6 milyon artıb. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder bu barədə danışarkən layiqli əmək qıtlığının geniş yayıldığı qlobal iqtisadiyyatın hələ lazımi qədər iş yerləri yarada bilmədiyini vurğulayıb.
Bununla əlaqədar olaraq bir çox ölkələrdə işsizləri özündə birləşdirən xüsusi həmkarlar ittifaqı təşkilatları və ya onlarla iş aparan bölmələr yaradılıb. Məsələn, İsveçrə Həmkarlar İttifaqı Birliyinin İşsizlər Komitəsi təsis olunub. Finlandiya həmkarlar ittifaqı hərəkatının təşəbbüsü ilə yaradılan İşsizlərin Əməkdaşlıq Təşkilatı həmkarlar ittifaqının maliyyə vəsaiti hesabına, işsizlər üçün yenidən peşə hazırlığı üzrə seminarlar təşkil edir.
Həmkarlar ittifaqları dünya ölkələrində gündən-günə çoxalmaqda olan işçi-miqrantların özünəməxsus xüsusiyyətlərinin də nəzərə alınmasına, cəmiyyətlərdə antimiqrant əhval-ruhiyyəsinin yumşaldılmasına çalışırlar. Miqrantlara yardım göstərir, onların da yerli işçilərə aid hüquqlardan bəhrələnmələrinə səy göstərirlər. Son dövrlərdə AHİK-in Rusiya, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan, Albaniya və digər ölkələrin həmkarlar ittifaqı birlikləri ilə imzaladığı əməkdaşlıq müqavilələrində miqrant işçilərin müdafiəsinin qarşılıqlı şəkildə həyata keçirilməsi məsələsinin əksini tapması da motivasiya baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübədə həmkarlar ittifaqı mərkəzlərinin və sahə həmkarlar ittifaqı təşkilatlarının daha çox işçini üzvlüyə cəlb etmək üçün öz mətbu orqanlarından və digər kütləvi informasiya vasitələrindən istifadə etməsinə mühüm əhəmiyyət verilir.
Bundan başqa, təşkilatlarda həmkarlar ittifaqı iclaslarının səmimi, bürokratiyadan və formalizmdən uzaq şəraitdə aparılması da ittifaqın üzvlüyünə daha çox insanın cəlb edilməsinə aparan yollardan biridir.
S.Möhbalıyev qeyd edib ki, AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası motivasiya işinin təşkili ilə bağlı sorğu keçirib. Respondentlər “İşçilərin həmkarlar ittifaqına cəlb olunması üçün nə etmək lazımdır?” sualına birmənalı yanaşmayıblar. Rəyi soruşulanlardan 50 faizi “onlarla ünsiyyət qurmaq”, 21,4 faizi “tələbatlarını öyrənmək”, 25 faizi isə “hüquqlarını müdafiə etmək” cavablarını veriblər. Daha maraqlısı odur ki, “Gənclərin həmkarlar ittifaqı hərəkatına cəlb olunmasına mane olan nədir?” sorğusuna qatılanların 40 faizə yaxını məlumatsızlığı səbəb göstərib.
Göründüyü kimi, bəzən gənc işçilərin həmkarlar ittifaqı barədəki məlumatsızlığı onlarda bu təşkilata qarşı biganəlik yaradır. Bu səbəbi aradan qaldırmaq məqsədilə Azərbaycan həmkarlar ittifaqları liderləri əmək kollektivlərində görüşlər keçirib, kütləvi informasiya vasitələrində, o cümlədən radio, televiziya kanallarına vaxtaşırı müsahibələr verib, qəzet səhifələrində, internet saytlarında yazıları dərc edilib. Son beş ildə bu mövzuda yazı və müsahibələrin sayı 500-dən çox olub. Regionlarımızın əksəriyyətində həmkarlar ittifaqının fəaliyyətinə dair aktual məsələlərlə bağlı seminar və konfransların keçirilməsi ənənə halını alıb.
Diqqətə çatdırılıb ki, AHİK-in İcraiyyə Komitəsinin 6 oktyabr 2008-ci il tarixli qərarına əsasən, “Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram” təsdiq edilib. Proqramın əsas məqsədi yeni üzvlərin cəlb edilməsi yolu ilə şəhər, rayon, ərazi təşkilatlarının əhəmiyyətinin və nüfuzunun yüksəldilməsi, həmkarlar ittifaqlarının təşkilati cəhətdən möhkəmləndirilməsidir. Eyni zamanda, AHİK-in İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, “Azərbaycan həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi” mövzusunda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-nəzəri konfrans təşkil olunub. Tədris ocağının həmkarlar ittifaqı kadrlarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi tərəfindən təşkil olunan kurslarda isə “Həmkarlar ittifaqı təşkilatında motivasiya işi” mövzusunda daimi tematik seminar fəaliyyət göstərir. Bu da həmkarlar ittifaqlarının aşağı vəsilələrinin liderlərinin biliklərini təkmilləşdirmək baxımından müsbət addımlardandır.
2008-ci ildə AHİK kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirmişdi. Layihə çərçivəsində respublikanın bütün regionlarında AHİK-in rəhbər işçilərinin iştirakı ilə seminarlar təşkil olundu. Layihə bütün respublikanı əhatə etdi. Layihənin uğurla həyata keçirilməsi nəticəsində 2008-ci ilin sonunda respublika üzrə 10050 nəfər həmkarlar ittifaqı üzvünü əhatə edən 136 yeni həmkarlar ittifaqı təşkilatı yaradıldı.
AHİK son dövrlər gənclər və qadın işçilərlə bağlı xeyli tədbir və layihə həyata keçirib. Konfederasiyamızın təşkilatçılığı və BƏT-in dəstəyi ilə “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu”, “Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli”, “İş yerlərində qadınların ayrı-seçkiliyinə qarşı mübarizə”, “Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə BƏT-in rolu” və başqa mövzularda təşkil olunmuş silsilə regional seminar və konfranslar bu qəbildəndir. Bir neçə il əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə hazırladığımız “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” maarifləndirmə layihəsi çərçivəsində Xaçmaz, İmişli, Masallı, Tərtər, Zaqatala, Göygöl, Sumqayıt və Bakı şəhərlərində tədbirlər keçirmişik. Tədbirlərə maraq gözlədiyimizdən də çox oldu.
Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını artırmaq üçün üzvlərimizin sağlamlığının, istirahətinin təşkili ilə əlaqədar üzərimizə mühüm vəzifələr düşür. Müraciət edən hər bir işçi güzəştli şərtlərlə yollayışlarla təmin edilməlidir. Sanatoriya, kurort və istirahət ocaqlarının illüstrasiyalı broşürləri idarə və təşkilatlara paylanmalı, güzəştli şərtlər izah olunmalı və gediləcək yerlər televiziya kanalları, kütləvi informasiya vasitələri ilə geniş reklam olunmalıdır. Ümid edirəm ki, belə təcrübə müsbət nəticə verəcəkdir.
Hazırda həmkarlar ittifaqları işçilərin sosial-əmək hüquqlarının və mənafelərinin tam həcmdə müdafiə edilməsi və həmkarlar ittifaqı üzvlüyünə həm maddi, həm də mənəvi marağın artması ilə ciddi məşğuldur. Həmkarlar ittifaqının işçilər üçün daha cəlbedici olması məqsədilə hər bir imkandan yetərincə istifadə edilməlidir. Əks halda, həmkarlar ittifaqı təşkilati işin forma və metodlarını təkmilləşdirə, üzvlərinin hüquqi müdafiəsini təmin edə bilməz.
Bilavasitə AHİK tərəfindən aparılmış müsbət işlərin nəticəsində Fövqəladə Hallar Nazirliyində, Dövlət Gömrük Komitəsində həmkarlar ittifaqı təşkilatları təsis edilmiş və bu gün uğurla fəaliyyət göstərirlər.
AHİK sədri daha sonra deyib: “Azərbaycan həmkarlar ittifaqlarının qanunvericilik bazası çox möhkəmdir. Biz ölkədə sosialyönümlü qanun və proqramların, normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak edirik. AHİK tərəfindən irəli sürülən təkliflərin, demək olar ki, hamısı ölkəmizin siyasi rəhbərliyi, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək və İnzibati Xətalar məcəllələrinə, digər normativ-hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edilib. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişiklik, həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından daha çox önəmlidir. Həmin dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu artırdı, həmçinin sıralarımıza qoşulmaq üçün işçilərdə, o cümlədən gənclərdə xüsusi stimul yaratmaqla, minlərlə insanın iş yerini itirməsinin qarşısını aldı. On il ərzində 222 nəfər işçinin məhkəmədə hüquqlarını müdafiə etmişik. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən işəgötürənin işçini işdən çıxarması ilə əlaqədar həmkarlar ittifaqına etdiyi müraciətdən sonra 5895 nəfərin öz iş yerini qoruyub saxlaması da, məncə, çox yetərli arqumentlərdir”.
Diqqətə çatdırılıb ki, BƏT-in bir sıra konvensiyası, o cümlədən təşkilatlanma hüququ ilə bağlı 87 saylı və kollektiv danışıqların aparılması ilə bağlı 98 saylı konvensiyaları da həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı üçün əsas sənədlərdəndir. Bunlar həmkarlar ittifaqı üzvlüyünə motivasiya baxımından bizim üçün böyük əhəmiyyət daşıyır.
“Vaxtaşırı həmkarlar ittifaqlarının regionlardan olan liderləri ilə keçirdiyimiz görüşlərdə yerli icra hakimiyyəti orqanlarının onların işinə əsassız müdaxilə etmələri barədə narazılıqları ilə qarşılaşırdıq. 8 fevral 2012-ci il, 11 iyul 2015-ci il və 10 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Azərbaycan Respublikasının şəhər və icra hakimiyyəti başçılarına məktub ünvanlanmışdı. Məktublarda şəhər, rayon icra hakimiyyəti başçılarına mübahisəli məsələləri “Həmkarlar ittifaqları haqqında” Qanunun müddəalarına uyğun və AHİK-in razılığı ilə həll etmək tövsiyə olunur. Bu məktublar, ilk növbədə, həmkarlar ittifaqlarının mövqeyinin möhkəmləndirilməsi və həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından dəyərlidir. Həmkarlar ittifaqlarının bütün vəsilələrinin rəhbərləri bu sənədlərdən maksimum faydalanmalıdırlar.
Azərbaycan həmkarlar ittifaqları işçilərin iş yerlərində əmək şəraitlərinin yaxşılaşdırılmasını, əməyin və sağlamlığın mühafizəsini əsas götürərək Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində əməyin mühafizəsi, təhlükəsizlik məsələləri ilə məşğul olan gənc ştatlı mütəxəssislər arasında “İlin peşəkar gənci”, yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” və digər baxış-müsabiqələr keçirir. Qaliblər mükafatlandırılır. Yaz, qış sessiyalarında ali məktəblərin ictimai həyatında fəallıq göstərən, imtahanlarda fərqlənən tələbələrə adlı təqaüdlər verilir. Bu və bu qəbildən olan tədbirləri keçirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları öz səylərini həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının artırılmasına, həmkarlar ittifaqının yaradılmasına maneçilik törədən bütün işəgötürənlərin məsuliyyətinin artırılmasına təsir etməyə, öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə inadla iş aparılmasına, həmkarlar ittifaqının strukturlarının səmərəli şəkildə formalaşdırılmasına, sahə və regional həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsinə yönəltməlidirlər”, - deyə AHİK sədri qeyd edib.
S.Möhbalıyev bildirib ki, respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə həmkarlar ittifaqının yaradılması Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsindədir. Belə ki, son 10 il ərzində 204945 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən 1609 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb. Biz mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublika ərazisində işçilərin sosial-iqtisadi hüquqlarının yüksək səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edərək üzvlərimizin və təşkilatlarımızın həm kəmiyyət, həm də keyfiyyətcə çoxalmasına çalışırıq.
AHİK sədri deyib ki, respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olub, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr verib. Hazırda sivil sosial tərəfdaşlıq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya çərçivəsində inkişaf etdirilir.
Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı, bu baxımdan irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti addımdır. Beynəlxalq əmək normalarının, əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi ölkə proqramının prioritetlərini təşkil edir.
AHİK sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi, son aylarda dövlət büdcəsinin artan imkanları sosial problemlərin həllinə yönəldilib. İqtisadi liberallaşmanı sürətləndirən, siyasi plüralizmi genişləndirən və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edilib. Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi. Statistikaya nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb. Bu dövr ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.
Hakimiyyətlə xalq
arasında anlaşma və etimad məsələsində
ölkəmizin hətta inkişaf etmiş ölkələrin
reytinqlərində ən yüksək pillələri
tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi
hesabına əldə olunmuş nəticədir. Dünya
Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə
layiq görüb. Ölkəmiz il ərzində 32 pillə
irəliləyib və ən islahatçı 10 ölkə
sırasında yer alıb. Dünyada çox az
ölkə tapılar ki, sosial siyasətin təzahür
formalarının müxtəlifliyinə görə Azərbaycanla
müqayisə oluna bilsin. Cari ilin əvvəlində ölkəmizdə
həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı,
pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə
uyğun artırılması və indeksləşdirilməsi,
əhalinin real gəlirlərinin bazar səviyyəsinə
uyğunlaşdırılması, aztəminatlı
insanların, tələbələrin, əlillərin, şəhid
ailələri və veteranların sosial müdafiəsinin təşkili,
sosial sığorta qaydalarının, ünvanlı sosial
yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə
artımlar Azərbaycan dövlətinin çoxşaxəli
sosial siyasətinin təzahür formalarının yalnız
bir hissəsidir. Ölkədə sosial sahədə görülən
işlərin miqyasını təsəvvür etmək
üçün təkcə maaş və
pensiyaların, o cümlədən minimum əməkhaqqının
son 15 ildə bir neçə dəfə
artırıldığına nəzər salmaq kifayətdir.
Uzun illər idi ki, həmkarlar
ittifaqları olaraq, minimum əməkhaqqının mərhələlərlə
yaşayış minimumuna çatdırılması məsələsi
dövlət və hökumət orqanları ilə
apardığımız danışıqlarda, partnyorlarla
bağladığımız Baş Kollektiv Sazişdə
öz əksini tapırdı. Bu məsələ
AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay
və məclislərində də qaldırılırdı.
Minimum əməkhaqqının ölkələr
üzrə aylıq əməkhaqqının 60 faizinə
çatdırılması Dəyişdirilmiş Avropa Sosial
Xartiyasının əsas tələblərindən biridir və
biz tərəfdaşlarımızla birlikdə uzun illərdir
bu məsələnin həlli yolları üzərində
işləyirdik. Bu, respublikamızın
bir neçə dövlət proqramında da öz əksini
tapıb. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin minimum əməkhaqqının məbləğinin
yaşayış minimumu ilə bərabərləşdirilməsi
barədə sərəncamı artıq bu məsələnin
həllinə imkanlar açıb. Sərəncama əsasən,
cari il martın 1-dən ölkə üzrə
minimum aylıq əməkhaqqının 180 manat müəyyən
edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə
xidmət edir. Həmin sərəncamın
imzalanması ölkədə çalışan 600 min nəfərin
əməkhaqqının artırılması deməkdir.
İmzalanan sonuncu 17 sərəncam
ölkədə sosial rifahın yüksəldilməsinin
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin
prioritet istiqaməti olduğunu bir daha təsdiq edərək
bu istiqamətdə il ərzində
artıq ikinci böyük sosial paketin
reallaşdırıldığını göstərdi. Bir
sözlə, bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə, həm
dövlət orqanlarında, həm də özəl sektorda
çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaq.
İmzalanmış sərəncamlara
ayrı-ayrılıqda nəzər yetirsək görərik
ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata
çatdırılmaqla, dövlət
qulluqçularının aylıq vəzifə maaşları
50 faiz artırılıb, pensiyaların minimum məbləği
160 manatdan 200 manata qaldırılıb, hərbi və
hüquq-mühafizə orqanlarının xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin
əməkhaqları 40 faiz artıb. Dövlət ümumi təhsil
və peşə təhsil müəssisələrində
çalışan və diaqnostik qiymətləndirmədən
keçən müəllimlərin vahid aylıq vəzifə
maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən
maliyyələşən bir sıra digər təşkilatlarda
çalışan şəxslərin aylıq vəzifə
maaşları isə orta hesabla 40 faiz artıb.
AHİK sədri Məclis
üzvlərinə müraciət edərək deyib ki, həmkarlar
ittifaqlarının müasir modeli həmkarlar ittifaqına
şüurlu üzvlüyə arxalanmaq, həmkarlar
ittifaqına üzvlüyün cəlbediciliyini yüksəltmək,
həmkarlar ittifaqına gəncləri cəlb etmək kimi əsas
xüsusiyyətlərə cavab verməklə yanaşı, həmkarlar
ittifaqına üzvlüyün motivasiyasını da gücləndirir. Belə bir şəraitdə
üzv təşkilatlar həmkarlar ittifaqına
üzvlüyün motivasiyasına dair qəbul olunmuş qərarları
yerinə yetirməli, təşkilati işin əsaslarını
nəzərdən keçirməli, təcrübə
mübadiləsi etməli, hər bir həmkarlar ittifaqı təşkilatının
möhkəmlənməsi, nüfuzunun artması, işinin səmərəliliyi
məqsədilə hər yerdə cəlbetmə prosesi aparmalı,
fəallar üçün xüsusi hazırlıq keçməli,
həmkarlar ittifaqına üzvlüyün
motivasiyasının daha da möhkəmləndirilməsində
gənclərin rolunun və yerinin müəyyənləşdirilməsi
məqsədilə iş metodlarını təkmilləşdirməlidirlər.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sosial təminatın
daha da yaxşılaşdırılması istiqamətində
atdığı ciddi addımlarla bağlı AHİK-in II Məclisinin
iştirakçılarının bəyanatı qəbul
edilib.
AHİK-in sədri bəyanat
haqqında çıxış edərək bildirib ki, son
dövrlər respublikamızda insanların yaşayış səviyyəsinin,
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində genişmiqyaslı işlər
görülür. Aparılan siyasət və görülən
tədbirlər sübut edir ki, hər bir vətəndaşın
mənafeyi Azərbaycan dövlətinin siyasətinin
başında durur. Ölkəmizin dinamik
iqtisadi inkişafı, maliyyə resurslarımızın
artması, dövlətimizin vətəndaş rifahına
yönələn sosial siyasəti məsələlərin
daha ardıcıllıqla həll edilməsinə, hökumətin
sosial siyasətinin bu istiqamətdə davam etdirilməsinə
imkan yaradır. Son 15 ildə maaşların
7, pensiyaların 9 dəfə artırılması deyilənlərin
əyani sübutudur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə ilin əvvəlində böyük həcmli sosial paket
təsdiq edilib. Bu sosial paket çərçivəsində
imzalanan qanunvericilik aktları 3 milyon nəfərə yaxın
insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində
inqilabi addım oldu. Həmin məqsədlər
üçün 1,5 milyard manat vəsait
ayrıldı. İlin əvvəlində həmin paketlə
minimum əməkhaqqı və minimum pensiyalar təxminən
40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi
köçkünlərə verilən müavinət 50 faiz
artıb. Artım eləcə də tələbələrin
təqaüdündə, şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə verilən
müavinətlərdə özünü göstərib.
Bu siyasət təkcə
maaşların, pensiyaların, təqaüd və müavinətlərin
artırılması ilə ifadə olunmur. Gündəmdə duran vacib
məsələlərdən biri yeni iş yerlərinin
yaradılmasıdır və bu proses də uğurla davam
etdirilir. Son 15 ildə 2 milyon yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyev iş yerlərinin
yaradılmasının daimi proses olmasını prioritetlərdən
biri kimi elan edib.
Əhalinin rifahına yönəldilən
əməli tədbirlərdən biri də məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasıdır. Son illərdə
ölkənin müxtəlif şəhər və bölgələrində
bu insanlar üçün yüzdən çox şəhərcik
salınıb. Təkcə keçən il
5800-dən çox məcburi köçkün ailəsinə
yeni evlər və mənzillər verilib. Bu göstərici
ondan əvvəlki illərdə verilən ev
və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri üçün
620-dən çox mənzil təqdim edilib. Bu proses də
davamlıdır. Yəni cari ildə də məcburi
köçkünlərin mənzil şəraiti
yaxşılaşdırılacaq.
Azərbaycan vətəndaşının
sosial təminatının və rifahının yüksəlişinə
təkan verən digər addım Prezident İlham Əliyevin
cari ilin iyun ayında imzaladığı çoxsaylı sərəncamlardır. Bu sərəncamlar
2 milyondan çox insanı əhatə etməklə, həm
dövlət orqanlarında, həm də özəl sektorda
çalışan insanların maddi vəziyyətini əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaq. Belə ki, həmin sərəncamlardan birinə əsasən,
minimum əməkhaqqının məbləği 40 faizə
yaxın artırılaraq 250 manata çatdırılıb.
Qeyd edək ki, bu, özəl sektorda çalışan 350 min
vətəndaşla yanaşı, dövlət sektorunda Vahid
Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilərin də əməkhaqqının
artmasına səbəb olacaq.
Sərəncamın bir
müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları
arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki
sərəncam məhz Vahid Tarif Cədvəli üzrə
işləyənləri əhatə edir ki, onların da
böyük əksəriyyətini qadınlar təşkil
edir. Vahid Tarif Cədvəli üzrə vəzifə
maaşları artdığına görə qadınların
əməkhaqqında artım olacaq. Bu gün az maaşla işləyənlərin bir
çoxu qadınlardır. Bu sərəncam
qadınların əməkhaqqının və gəlirlərinin
artmasına çox müsbət təsir edəcək.
Yeni “Minimum aylıq əməkhaqqının
artırılması haqqında” Sərəncam ölkədə
sosial rifahın yüksəldilməsinin Prezident İlham
Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti
olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük
sosial paketin reallaşdırıldığını göstərir.
Belə ki, bundan əvvəl dövlət
başçısının bu il fevralın 8-də
imzaladığı sərəncamla da minimum əməkhaqqı
130 manatdan 180 manata çatdırılmış və həmin
artım 600 minədək insanı əhatə etmişdi.
Dövlət başçısının uğurlu sosial
islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının
təqribən iki dəfəyə yaxın artırılmaqla
130 manatdan 250 manata çatdırılması kimi əhalinin
rifahına ciddi dəstək olan mühüm sosial uğura
nail olmağa imkan verib.
Minimum əməkhaqqının
artırılması ölkə iqtisadiyyatında
çalışan insanların əməkhaqlarının
yüksəldilməsinə və pensiya fonduna ödənişlərin
çoxalmasına gətirib çıxaracaq ki, bu da öz
növbəsində əmək pensiyalarının əhəmiyyətli
dərəcədə artması deməkdir. Artımdan
sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB
ölkələri arasında alıcılıq qabiliyyətinə
görə ikinci yerdə qərarlaşacaq.
Bütövlükdə,
Prezidentin sərəncamları ilə əməkhaqlarının
artımı büdcədən əlavə olaraq 1 milyard manat
vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət
büdcəsinin gəlirlərinin indiki artım sürəti
və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə
maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də
ölkədə iqtisadi aktivliyi artıracaq.
Beləliklə, Azərbaycan
dövlətinin sosial sahədə atdığı
addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə
görə heç bir ölkədə müşahidə
olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü
sosial siyasət həqiqətən də inqilabi xarakter
daşıyır. Bu, ilk növbədə,
Prezidentin dövlətin öz vətəndaşına olan
diqqət və qayğısının təzahürüdür.
Azərbaycanda əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər bu gün də davam
etdirilir. Ölkə rəhbərinin imzaladığı
sosial paket bu istiqamətdə həyata keçirilən
dövlət siyasətinin davamı, silsilə tədbirlərin
növbəti mərhələsidir. Bütün
bu tədbirlər insanların sosial müdafiəsini gücləndirmək
və onlara dövlət qayğısını daha da
artırmaq məqsədinə xidmət edir.
“Mən milyon yarımlıq
Azərbaycan həmkarlar ittifaqlarının üzvləri
adından bu inqilabi dəyişikliklərə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə dərin
minnətdarlığımı bildirir, bütün bu işlərdə
daim onun yanında olacağımızı bəyan edirəm”,
– deyə Səttar Möhbalıyev öz
çıxışını yekunlaşdırıb.
II Məclisin yekununda AHİK sədrinin
məruzəsi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası üzvlüyünə qəbul, Məclisin və
İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər
edilməsi haqqında qərarlar qəbul
olunub.
II Məclisin iclasında AHİK sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyevə Mahmud
Qaşqari adına Beynəlxalq Fondun mükafatı
və medalı təqdim edilib. AHİK sədri bu mükafata
Mahmud Qaşqarinin 1000 illiyi ilə bağlı Türk
Dünyasında mədəniyyətə, təhsilə, sənətə,
ədəbiyyata göstərdiyi dəstəyə görə
layiq görülüb.
AZƏRTAC
Xalq qəzeti.- 2019.- 6 iyul.- S.6.