Mədəni irsin qorunması diqqət
mərkəzindədir
Paytaxtımızın UNESKO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi etməsi ölkəmizin bu beynəlxalq qurumla səmərəli tərəfdaşlıq münasibətlərini göstərir. Xatırladım ki, Prezident İlham Əliyev sessiyanın Bakıda yüksək səviyyədə keçirilməsini reallaşdırmaq məqsədilə müvafiq sərəncam imzalayıb.
UNESKO-nun məramı dünyada ölkələr arasında adından da göründüyü kimi elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq körpüsü salmaqdır. Məqsəd beynəlxalq miqyasda sülhə və təhlükəsizliyə töhfələr verməkdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əksər mötəbər beynəlxalq təşkilatlarla olduğu kimi, UNESKO ilə də əlaqələr qurub. Ötən 27 il ərzində respublikamız UNESKO ilə fəal əməkdaşlıq həyata keçirib.
Bu təşkilatla Azərbaycan arasında əlaqələrin təməlinin qoyulmasında ümummilli lider Heydər Əliyev böyük xidmətlər göstərib. Ulu öndər 1993-cü ilin dekabrında Fransaya səfəri zamanı UNESKO-nun Baş direktoru ilə görüşü zamanı respublikamızla bu təşkilat arasında əlaqələri müzakirə edib. Dahi şəxsiyyət səfərdən sonra, 1994-cü il fevralın 21-də UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev də Azərbaycana rəhbərliyi dövründə bu mötəbər qurumla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayıb. 2004-cü ilin sentyabr ayında Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyi təsis olunub. Bundan iki il sonra isə ölkəmizdə UNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası təsdiq edilib.
Ötən dövr ərzində respublikamızla UNESKO arasında sıx əməkdaşlıq münasibətləri yaradılıb. Əlaqələrin inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESKO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük səy göstərilib.
Mehriban xanım Əliyevanın 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə xarici ölkələrdə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil edilib. Beləliklə, Azərbaycanın mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsi gerçəkləşdirilib.
Təbii ki, bütün bunlar UNESKO-nun diqqətindən yayınmayıb. 2004-cü il avqustun 13-də Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun “Xoşməramlı səfiri” adına layiq görülüb. Azərbaycanın Birinci vitse-prezidenti, həmçinin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun “Qızıl Motsart” medalı ilə də təltif edilib.
Xatırladım ki, ölkəmizlə bu mötəbər təşkilat arasında əməkdaşlıq münasibətləri barədə paytaxtımızda səfərdə olan UNESKO-nun Baş direktoru Odre Azulenin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində ətraflı bəhs edilib.
Fikrimi yekunlaşdırıb bir daha vurğulamaq istərdim ki, belə bir mühüm beynəlxalq əhəmiyyətə malik tədbirə Bakının evsahibliyi etməsi Azərbaycanla UNESKO arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından xəbər verməklə yanaşı, ölkəmizin tarixi, dini və memarlıq abidələrinin qorunması, bərpası və saxlanmasının prioritet istiqamətlərdən biri olduğunu, bunun Azərbaycanın dövlət siyasətinin mərkəzində dayandığını göstərir.
İsmayıl MƏMMƏDOV,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2019.-6 iyul.- S.7.