Azərbaycanın beynəlxalq aləmdə növbəti
uğuru
Son ilər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanınması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq təşkilatlarla, xüsusən də dünya mədəniyyətinə, təhsil və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Əməkdaşlığın belə bir yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu misilsizdir. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat Xan sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbrikini xatırladıb: "Təbrikdə qeyd edilib ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin olan Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılıb. Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab edilir”.
R.Əliyev bildirib
ki, buna qədər Azərbaycandan
bu siyahıya Bakı şəhərinin tarixi incisi olan
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar
Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib. Bundan əlavə,
müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə
22, o cümlədən 5 təbii və 17
mədəni abidə daxil edilib:
"Bütün bunlar
Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə
verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha
etirafıdır. Bu, Azərbaycanın beynəlxalq
aləmdə əldə etdiyi növbəti
uğurdur. Azərbaycanla
UNESKO arasındakı əməkdaşlığın
müxtəlif istiqamətlərdə inkişaf
edərək belə yüksək səviyyəyə
çatdırılması və bu əməkdaşlığın
davam etdirilməsi imkan
verəcək ki, xalqımıza məxsus,
böyük əhəmiyyət
daşıyan digər tarixi, maddi və mədəniyyət abidələrinin
də UNESKO-nun Dünya
Mədəniyyət İrsi
Siyahısına salınması məqsədi ilə
aparılan işlər uğurla nəticələnsin".
Xalq qəzeti.-
2019.-9 iyul.- S.6.