Latviyanın Yekabpils
şəhərində “Azərbaycan
guşəsi”nin açılışı olub
Latviya Respublikasının Yekabpils şəhərində ənənəvi “Şəhər günü” bayramı keçirilib. Xatırladaq ki, 350 illik tarixi olan Yekabpils ölkənin iri şəhərlərindən biri hesab olunur və beynəlxalq əməkdaşlıq əlaqələri getdikcə genişlənir.
Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda ölkəmizə aid guşənin açılışı olub.
“Azərbaycan guşəsi”nin açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekabpilsin meri Ayvars Karps, şəhərinin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, Latviya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeri gəlmişkən, Yekabpils şəhəri ilə Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi 2012-ci ilin 15 avqustunda imzalanan qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşıb. İndiyədək Yekabpilsin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarusun Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradılıb. Xüsusi tərtibatla salınan istirahət guşələrində həmin şəhərlər və mənsub olduqları ölkələr haqqında məlumatlar öz əksini tapıb. Məlumatlar latış, rus, ingilis və həmin ölkələrin dilində yerləşdirilib.
Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunub. Guşədə Azərbaycan, Bakı və Suraxanı haqqında məlumat latış, rus, ingilis və Azərbaycan dillərində verilib. Guşənin yanında Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılıb.
Açılış mərasimində Yekabpils şəhərinin meri Ayvars Karps Suraxanı rayonu ilə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdıraraq, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışıb və yeni salınan istirahət guşəsinin məhz Azərbaycana həsr edilməsini böyük məmnunluqla vurğulayıb. O, həmçinin Dauqava çayının sahilindəki xiyabanda dostluğun simvolu olan Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu da xatırladıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək, bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti bir töhfə olduğunu qeyd edib. İlqar Abbasov öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışıb, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi vurğulayıb. Bildirib ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı, respublikamız haqqında məlumatın verilməsi Yekabpils sakinlərində ölkəmizə qarşı xüsusi maraq yaradacaq.
Daha sonra tədbir iştirakçıları “Azərbaycan guşəsi”ndə xatirə şəkilləri çəkdiriblər.
Açılış mərasimində
Azərbaycan Respublikasının Latviya
Respublikasında səfirliyinin birinci katibi Tural Rəhimov iştirak edib.
Xalq qəzeti.- 2019.-9 iyul.- S.7.