Donald TUSK: Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır

 

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr prioritet istiqamətlərdən biridir. Xüsusilə, beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, o cümlədən ölkəmiz Aİ dövlətlərinin etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm rol oynayır.

Bu mənada, ilk növbədə, qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiyaqeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Həmin müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Bundan başqa, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olanAvropa qonşuluq siyasətinə” qoşulmuşdur. 2006-cı ildə isə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Nəhayət, 2008-ci ildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Eyni zamanda, qeyd etmək vacibdir ki, Azərbaycan --Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl, bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi üzərində hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edərək bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının ­prezidenti Donald Tuskun dəvəti ilə 2017-ci il noyabrın 24-də iştirak etdiyi, Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında demişdir: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

2019-cu il iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri zamanı keçirilən görüşdə Prezident İlham Əliyev bildirmişdir: Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq və qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik ki, bu da Azərbaycanın maraqlarına xidmət ediruğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək”.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi qəbul olundu: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”.

Eyni zamanda, Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verən dövlət başçısı diqqətə çatdırdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır: “Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Əminəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbul edilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir və Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də, son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir. Azərbaycan mühüm tranzit ölkəyə çevrilir və gələcəkdə bizim tranzit ölkə kimi rolumuz, sözsüz ki, artacaq. Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır”. Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edibya imzalayıb və bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın çox nadir ölkə olduğunu və özündə ənənə ilə yanaşı, müasirliyi birləşdirdiyini diqqətə çatdıraraq, bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə ölkəmizin həm Şərqə, həm də Qərbə doğru baxdığını vurğuladı. Avropa İttifaqı Şurasının prezidenti təmsil etdiyi təşkilatın Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək qeyd etdi ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır və münasibətlərimiz intensivləşib. Bununla yanaşı, 2018-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq üzrə prioritetlərin müəyyən edildiyiniÜmumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ --Azərbaycan sazişi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu diqqətə çatdıran Avropa İttifaqı Şurasının prezidenti qeyd etdi ki, iqtisadiyyatlarımız bunlardan faydalanacaqbizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək.

Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını bildirən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ölkəmizin Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı Beynəlxalq Dəniz Limanına da səfər etdi. Limanda ona məlumat verildi ki, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yüklər yeni liman kompleksində toplanır və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınır.

Avropa İttifaqı Şurasının prezidenti regionda sabitliyə istinad edərək qeyd etdi ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır və Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini, eləcə də Helsinki Yekun Aktının əsas prinsipləri əsasında münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.

Ümumilikdə, Azərbaycan --Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olmuş və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələrin xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olmuşdur.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının professoru,

siyasi elmlər doktoru,

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin

Azərbaycanlı İcması” İctimai Birliyi sədrinin müavini

 

Xalq qəzeti.- 2019.-11 iyul.- S. 8.