Xarici siyasətimizin növbəti böyük
uğuru
Son illərdə Azərbaycanla Avropa İttifaqı arasında sıx əməkdaşlıq yaranıb. Enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı əlaqələr daha yüksək səviyyədədir. Azərbaycan Avropa İttifaqına üzv olan bir neçə ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb.
Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı bu əməkdaşlığı daha da möhkəmləndirməklə bağlı məsələlər müzakirə edildi. Aİ ilə Azərbaycan arasında imzalanacaq yeni saziş ətrafında davam edən danışıqlara toxunuldu. Prezident İlham Əliyev danışıqların uğurla davam etdiyini bildirdi. "Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”.
Təbii ki, Azərbaycan Prezidentinin Tuskla görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də çox ətraflı müzakirə olunub. Dövlət başçımız bununla bağlı deyib ki, Aİ rəsmisinə problemin həlli üzrə Azərbaycanın mövqeyini çatdırıb: "Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”, -- deyə Prezident İlham Əliyev bildirib.
Diqqətimizi cəlb edən məsələlərdən biri də cənab Tuskun ölkəmizin mövqeyini dəstəkləməsidir. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. 2018-ci ildə tərəfdaşlıq üzrə prioritetlər müəyyən edilib. Ümumi Aviasiya Məkanı üzrə Saziş və yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir: "Regionda sabitliyə istinad edərək biz həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.
Təbii ki, istər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmiz üçün mühüm hadisədir və bu, Prezident İlham Əliyevin uzun və inadlı səylərinin, uğurlu xarici siyasətinin nəticəsidir. Biz, Azərbaycan vətəndaşları, əminik ki, cənab Prezidentin həyata keçirdiyi çoxvektorlu xarici siyasət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcək.
Azər VERDİYEV,
Qlobal Araşdırmalar
Liqası
İctimai Birliyinin
sədri, politoloq
Xalq qəzeti.- 2019.-11 iyul.- S. 8.