Dünyanın Şəkiyə marağı daha da artacaq
Qədim tarixi irsə malik olan Azərbaycan mədəni abidələrlə zəngin bir ölkədir.Bu abidələr arasında elələri var ki, təkcə ölkə üçün deyil, həm də bəşəriyyət irsinin bir hissəsi kimi çox əhəmiyyətlidir. Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də bu baxımdan mədəniyyətimiz üçün çox əhəmiyyətli bir hadisədir. Bu barədə “Xalq qəzeti”nə açıqlamasında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məlumat verib. O deyib:
– Sözsüz ki, bu uğurlu nəticənin əldə edilməsi gərgin əməyin və böyük fəaliyyətin bəhrəsidir. Şəkinin Xan Sarayı dövlət qoruğunun, eləcə də Dövlət Turizm Agentliyinin əməkdaşlarının, digər mütəxəsisslərimizin Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla, bu sahədə məqsədyönlü və səmərəli iş apardıqlarının şahidi olmuşuq. Fəxrlə deyə bilərik ki, özünəməxsus memarlıq üslubuna görə hər kəsi heyran qoyan Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməklə bəşəri dəyərini təsdiqlədi. Bu hadisənin Azərbaycan mədəni irsinin dünyaya təqdimatında çox böyük rolu vardır. Bu, iftixar duyulası böyük hadisə olmaqla yanaşı, həm də məsuliyyətdir. Çünki artıq Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzi həm də bəşəri bir abidəyə çevrilib. Onun qorunub gələcək nəsillərə çatdırılması yalnız Azərbaycan üçün deyil, həm də bəşəri mədəni irsin yaşadılması üçün vacibdir.
Tarixçi olaraq deyə bilərəm ki, yerli və xarici turistlərin ən çox üz tutduğu rayonlarımızdan olan Şəki hələ tam olaraq araşdırılmayıb. Qala içərisində arxeoloji tədqiqatların aparılmasına, arxeoloji təbəqənin daha dərindən öyrənilməsinə ehtiyac var. Şəki təkcə maddi mədəni irslə deyil, həm də qeyri-maddi mədəni irsi ilə zəngin bölgələrimizdəndir. Düşünürəm ki, Şəkidə maddi və qeyri maddi mədəni irs nümunələrinin birgə təqdim edilməsi gözəl örnək ola bilər. Şəki hər iki nümunənin sintezindən ibarət muzeyə çevrilə bilər. Şübhəsiz, Şəkiyə diqqət və maraq bundan sonra ikiqat artacaq, bu bölgənin tarixi və mədəni irsinin daha ətraflı öyrənilməsi işləri tədqiqatçılar tərəfindən bundan sonra da davam etdiriləcək.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Məhz bu sessiyada Şəki Xan Sarayının UNESKO-nun siyahısına daxil edilməsi ölkə ictimaiyyətində böyük rəğbətlə qarşılandı və biz tarixçilərin də ürəyincə oldu. Bu nailiyyətin əldə edilməsində, milli mədəni irsimizin qorunmasında Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqətin, xüsusilə də Birinci vitse-prezident, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin rolu böyükdür.
Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin də bu siyahıya əlavə edilməsi Azərbaycanın növbəti uğurudur. Bir tarixçi kimi, Şəkinin tarixinin araşdırılması, mədəni irsimizin tanıdılması və öyrənilməsində öz töhfəmi verməyə hazıram.
Söhbətləşdi:
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti. - 2019.-11 iyul.- S.8.