Son əlli ildəki bütün uğurlarımızın təməlinin qoyulduğu gün

 

Təkcə onu demək kifayətdir ki, sovet dövründə – 1970-ci illərdə, ­1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

1969-cu ilin 14 iyulu ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikanın inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası, dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc günü olub. Onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verib. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açıb. 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkə faktiki surətdə uzaqgörənliklə gələcək milli müstəqilliyə hazırlanıb. Bunun üçün lazımi kadr potensialı formalaşdırılıb, milli ruhlu ziyalılar müxtəlif vasitələrlə təqiblərdən və təzyiqlərdən qorunub.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumundan cəmi 20 gün sonra keçirilən 5 avqust 1969-cu il tarixli plenumu respublikada yeni inkişaf mərhələsinin başlanğıcı – dönüş kimi yaddaşlarda qalıb. 1969-cu ilin iyuluna qədər respublikanın iqtisadi vəziyyəti ürəkaçan deyildi. Xüsusən kənd təsərrüfatında vəziyyət daha acınacaqlı idi.

Bu həqiqətləri həmin illərin statistikasını əks etdirən tarixi sənədlər daha yaxşı ifadə edir. Məsələn, 1971-ci ildə pambıq istehsalı 381,6 min ton idisə, 1981-ci ildə 1 milyon tona, üzüm istehsalı 381,9 min tondan 1 milyon 616 min tona, taxıl istehsalı 211,9 min tondan 1 milyon 150 min tona çatdırılmışdı. Bu iqtisadi irəliləyişlə paralel olaraq 70-80-ci illərdə respublikada 500 mindən artıq yeni yeri açılmışdı.

Başqa bir mənbədən oxuyuruq ki, XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialını yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoyub. O, bütün həyatı boyu şəxsi nümunəsi ilə sübut edib ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeş himayəçisidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 50 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, müxtəlif mərhələlərdə, xüsusən 70-80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir.

Ölkəmizin və xalqımızın son 50 ildəki tərəqqisi barədə danışarkən bir məsələni xüsusilə vurğulamaq zərurəti var. Belə ki, həmin dövrdə – ötən əsrin 70-80-ci illərində müstəqillikdən danışmaq olduqca çətin məsələ idi. Bir çox hallarda isə hətta təhlükəli idi. Hamının yadındadır ki, o illərdə müstəqil Azərbaycan haqqında ancaq düşünmək olardı. Ancaq Heydər Əliyev həmin illərdə müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaradırdı. Bu, sadəcə bir siyasətçi uzaqgörənliyi deyil, lider müdrikliyi idi. O, Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etməyi bacardı. Qısa müddətdə – 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük aqrar-sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan özünün milli ənənələrini yaşatmağa başladı.

Ötən əsrin 60-cı illərinə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan artıq 70-ci illərdə dünyanın 65-dən çox ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft -- qaz avadanlığı istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi.

Heydər Əliyevin həmin illərdə SSRİ-nin və digər dövlətlərin ən nüfuzlu ali məktəblərində oxumaq üçün göndərdiyi gənclər sonradan gənc müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaratmışdı. Həmin gənclərin təhsili başa vurduqdan sonra ölkəmizə qayıtmayanları isə postsovet məkanında bugünkü Azərbaycan diasporunun ən nüfuzlu təmsilçiləri kimi fəaliyyət göstərirlər. Onun Azərbaycan paytaxtında yaratdığı hərbi məktəbin bugünkü əhəmiyyəti barədə isə ulu öndərin öz dilindən eşitdiyimiz fikirləri yada salmaq daha məqsədəuyğun olardı.

 Ümummili liderimiz 2003-cü il aprelin 21-də Cəmşid ­Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki nitqində demişdi: “Hamıya məlumdur ki, o illərdə mən hər il bu məktəbə gedirdim. Bunun da səbəbləri vardı. Məktəbdə siniflərdə olarkən və xüsusən, kursantlar meydanda hərbi qaydada sərrast addımlarla gedəndə mən hər dəfə düşünürdüm ki, bu uşaqların 14-15 yaşı var, 16 yaşı var, onların qarşısında böyük həyat var, özü də çətin həyat var. Bu yolu onlar keçə biləcəklər, yoxsa yox? Təbiidir ki, mənim arzum-istəyim o idi ki, onların hər biri Naxçıvanski adına məktəbi, indiki liseyi bitirib, sonra ali hərbi məktəblərə daxil olsunlar və nəhayət, yüksək səviyyəli zabit olsunlar. O vaxt mən bunu istəyirdim, buna inanırdım, amma, eyni zamanda. bilirdim ki, həyatda nə qədər çətinliklər var. İndi isə, Allaha şükür olsun ki, o kursantların tam əksəriyyəti bu çətin yolu uğurla keçiblər, indi bizim ordunun zabitləri, generallarıdır və ordunu gücləndirən kadrlarımızdır”.

Məhz onun təşəbbüsü ilə 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdi və bu gün də göstərirlər. Təkcə həmin dövrdəki yeniyetmə kursantların bu gün hərbçi general səviyyəsinə yüksəlməsi deyil, ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan naminə reallaşdırdığı bütün layihələrin nəticələri elə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları kimi xalqın üzünü ağardıb, liderin arzu-istəklərini reallığa çevirib.

Hamının yadındadır. İctimai-siyasi fəaliyyətinin bütün dövrlərində xalqın arasında, ölkə vətəndaşının yanında olan Heydər Əliyev məhrumiyyətlər və məşəqqətlərlə dolu olan 1993-cü ildə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüşonun sürətli icrasına başlamışdı. Təbii ki, bütün bu işlərin reallığa çevrilməsi məhz onun hakimiyyətinin birinci dövründə yaradılan baza əsasında mümkün olmuşdur. Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən qurtuluş tapdı.

Ancaq həmin qurtuluşun əbədi olması üçün hələ çox işlər görülməli idi. Hansı işlər? Bu sualın ən doğru cavabını hamıdan yaxşı bilən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda və dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Səkkiz ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 30-dan çox sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.

Ölkənin istənilən vətəndaşı etiraf edir ki, bu gün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi olan Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.

Dövlət başçımız ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolnüfuzunu artırır.

Prezident İlham Əliyev xalqın problemlərinin həll edilməsi məsələsini daim diqqət mərkəzində saxlayır. Bu isə regionda ən mükəmməl “xalq-iqtidarbirliyinin məhz Azərbaycanda formalaşması ilə nəticələnib. Təsadüfi deyil ki, xalqımız 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində ona olan inam və etimadın səviyyəsini növbəti dəfə ortaya qoydu. İnsanlar qətiyyətlə ona inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursubu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır.

Biz fəxr edirik ki, Heydər Əliyev siyasəti geridə qalan yarım əsrdə ölkəmizi Avrasiya məkanında seçilən, inanılan, etibar edilən bir dövlətə çevirmişdir. Gənc müstəqil Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatın iclaslarına sədrlik etməsi də, ölkəmizin “kosmik ailə”yə üzv olması da, ABŞ, Rusiya Federasiyası və NATO-nun ən ali səviyyəli nümayəndələrinin çətin həll olunan problemlərin müzakirəsinə evsahibliyi üçün Bakını seçməsi də, ümumiyyətlə, Azərbaycan paytaxtının bütün beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi də. Eləcə də, bütün uğurlarımız məhz Heydər Əliyev siyasətinə sədaqətimizin nəticəsidir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.-12 iyul.- S.4.