“Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”
monoqrafiyası çapdan
çıxıb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən ikicildlik “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” monoqrafiyası nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın hər iki cildi akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə işıq üzü görüb.
Monoqrafiyanın 2018-ci ildə çap olunmuş birinci cildi akademik İsa Həbibbəylinin “Ədəbiyyatın yüksək amalı və böyük borcu”, “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” sərlövhəli yazıları ilə açılır.
Birinci kitabda filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın “Dahiyə layiq bədii-sənədli epopeya”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” və filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyevin ədəbi-filoloji portreti” məqalələri yer alıb.
İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur.
2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub.
Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb.
İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.
İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.
Xalq qəzeti.- 2019.-12 iyul.- S.4.