Azərbaycanı inkişaf yoluna çıxaran qurucu lider

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bir qərinəlik dövrün  1969–1982-ci illəri əhatə edən birinci mərhələsi xalqımızın yaddaşında hərtərəfli

inkişafsosial-iqtisadi və mədəni yüksəliş, irimiqyaslı tikinti-quruculuq dövrü kimi qalmışdır. Həmin illərdə   respublikanın şəhər və kəndlərində əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşmış, yeni yaşayış massivləri tikilmiş, fərdi evlərin sayı çoxalmış, insanların rifahı xeyli yüksəlmişdir.

Üç beşilliyə yaxın həmin dövrdə Heydər Əliyevin təşəbbüskarlığı və bilavasitə rəhbərliyi ilə Azərbaycanda aparılmış kompleks quruculuqsosial-ekoloji problemlərin həlli ilə bağlı işlər – yaşıllaşdırma və abadlaşdırma, atmosfer, su və torpağın ekoloji cəhətdən qorunması, əhalinin içməli su ilə təmin edilməsi, mənzil tikintisi, şəhərsalma və s. tədbirlər son nəticədə əhalinin məişət mədəniyyətinin yüksəldilməsində öz əksini tapmışdır.

Respublikanın yeni rəhbəri yaxşı bilirdi ki, sosioloji baxımdan yaşayış məskənlərində ekoloji problemlərin həll edilməsi əhalinin güzəranı, mənzil-məişət şəraiti ilə qarşılıqlı əlaqədədir. O illərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müxtəlif tədbirləri şərh etməzdən əvvəl, bildirək ki, əhalinin məişət ekologiyasının və bütövlükdə, yaşam mədəniyyətınin yüksəldilməsi istiqamətində görülən işlərin miqyasını tarixi-sosioloji aspektdə araşdırmaq bugünkü həyatımız üçünmühüm əhəmiyyət kəsb edir. Əvvəla, məişət mədəniyyəti, demək olar ki, insanın həyat və fəaliyyətinin bütün tərəflərini əhatə edir. İkincisi isə bu anlayış ekoloji problemlərin məhək daşı funksiyasını yerinə yetirən sosial məkan rolu oynayır. Elə buna görə də  Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən respublika iqtisadiyyatının inkişaf etdirilməsi məsələləri ilə bərabər, əhalinin məişət şəraitinin yüksəldilməsinin də vacib olduğunu həmişə ön plana çəkirdi. Xalqının xoş güzəranını ictimai-siyasi fəaliyyətinin başlıca məqsədi sayan respublika rəhbəri 1971-ci ilin 5 fevralında keçirilmiş  Bakı Şəhər Partiya Komitəsinin 40-cı konfransındakı çıxışında bu barədə demişdi: “Respublikanın və Bakı şəhərinin iqtisadiyyatını inkişaf etdirərkən biz zəhmətkeşlərin rifahının yaxşılaşdırılması, onlar üçün ən əlverişli məişət şəraitinin yaradılması ilə əlaqədar ictimai problemin həlli ilə çox fəal məşğul olmalıyıq”.

Əhalinin məişət şəraitinin yaxşılaşdırılmasını mühüm ictimai problem hesab edən Heydər Əliyev özünün bütün fəaliyyəti dövründə həmişə bu məsələni diqqət mərkəzində saxlamış və onun həll edilməsi üçün çalışmışdır. Onun Azərbaycana rəhbərliyi dövründə bütün dövlət əhəmiyyətli tədbirlərdə xalqın güzəranının yüksəldilməsi, bütövlükdə, məişət mədəniyyətinin inkişaf etdirilməsi müzakirə obyekti olmuşbu sahədə müəyyən irəliləyiş əldə edilmişdir.

Ümummilli lider yaxşı başa düşürdü ki, respublikada sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq hər bir fərdin sosial fəallığından asılıdır. Bu isə təbii olaraq, onların güzəranının yaxşılaşmasından, gündəlik həyatının səmərəli təşkil olunmasından, tələbat və ehtiyaclarının dolğun ödənilməsindən, xalqın rifahına göstərilən qayğıdan, ümumiyyətlə, əhalinin məişət mədəniyyətinin yüksəldilməsindən asılıdır.

Bunları nəzərə alan Heydər Əliyev Azərbaycan KP XXVIII qurultayındakı məruzəsində demişdi: “Zəhmətkeşlərin maddi rifahını daha da yüksəltməyə, adamların əmək və məişət şəraitini daha da yaxşılaşdırmağa daim qayğı göstərmək bizim ən doğma işimizdir. Bu partiya təşkilatının bütün fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Partiya, sovet, həmkarlar ittifaqları və təsərrüfat orqanlarının vəzifəsi zəhmətkeşlərin güzəranının yaxşılaşdırılması ilə əlaqədar olan bütün beşillik tapşırıqların danışıqsız yerinə yetirilməsini təmin etməkdən, onların ehtiyac və tələbatlarının hər vasitə ilə ödənilməsinə nail olmaqdan ibarətdir. Yadda saxlamaq lazımdır ki, biz hər bir adama nə qədər çox qayğı göstərsək, təsərrüfat quruculuğunun və mədəni quruculuğun bütün sahələrində müvəffəqiyyətimiz də bir o qədər artıq olar”.

Buradan göründüyü kimi, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsini əlaqədar orqanların əsas vəzifəsi hesab edən ulu öndər bunu ölkənin təsərrüfat və mədəni quruculuğunun vacib şərti kimi dəyərləndirmişdir. Məhz, 1969--1982-ci illərdə Azərbaycanda həyatın bütün sahələrində quruculuq işlərinin vüsətini Heydər Əliyevin xalqın rifahının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətin nəticəsi kimi qiymətləndirmək olar.

Məişət mədəniyyətinin yüksəldilməsində əsas şərtlərdən biri də mənzil tikintisi və şəhərsalmanın düzgün planlaşdırılmasıdır. Əhalinin yaşam mədəniyyətinin yüksəldilməsində şəhərsalmanın əhəmiyyətini dəqiq qiymətləndirən ümummilli lider Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlarda Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir vermişdir. 1971-ci ildə Bakı şəhər partiya təşkilatının 40-cı konfransındakı çıxışında respublika rəhbəri şəhərsalma məsələlərindən danışaraq bu sahədə Bakıda xeyli işlər görüldüyünü xüsusi qeyd etmişdir: “Şəhərsalmanın elmi əsaslarla planlaşdırılması və tikilməsi işlərinin davam etdirilməsi Bakı şəhəri üçün mühüm problemdir. Xüsusən son illərdə şəhərsalmanın inkişafı cəhətdən bizim Bakıda az görülməmişdir. İndi şəhərimiz yaraşıqlıdır və buraya gələn hər kəsin xoşuna gəlir. Bizim hamımız öz şəhərimizi sevirikonunla haqlı olaraq fəxr edirik”.

Respublikada mənzil tikintisi və şəhərsalma məsələlərinə qayğı və diqqətlə yanaşan Heydər Əliyev əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və urbanizasiya prosesini məqsədyönlü şəkildə inkişaf etdirmək üçün əvvəlki illərdə şəhərsalma ilə bağlı görülən tədbirlərin həyata keçirilməsində buraxılmış nöqsanları ciddi tənqid etmişdir. O, Azərbaycan KP XXVIII qurultayında demişdir: “Həyata keçirilən tədbirlər kompleksində şəhərsalma və əhalini yerləşdirmə məsələlərinin həllindəki ciddi nöqsanları aradan qaldırmaq çox vacibdir. Yeni şəhərlər salınması, köhnə şəhərlərin yenidən qurulması, inkişaf etmiş maddi məişət və mədəni xidmət sisteminə malik olan abad kənd qəsəbələrinin salınması şəhər və kənd zəhmətkeşlərinin həyat şəraitinin bir-birinə yaxınlaşmasına kömək edəcəkdir”.

Əhalinin güzəranının yüksəldilməsində mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini dərindən bilən dahi rəhbər Azərbaycana rəhbərliyinin ilk günlərindən və aylarından müvafiq təşkilatlar qarşısında bu problemin həll edilməsi üçün ciddi vəzifələr qoyaraq demişdir: Bizim qarşımızda istifadəyə verilən mənzillərin sayını, ən azı, iki dəfə artırmaq, kooperativ tikintilərinin genişlənməsini və yaxşılaşmasını təmin etmək, yeni mənzil sahələrinin bölünməsi işində nəzarəti və məsuliyyəti artırmaq vəzifəsi durur. Bütün zəhmətkeşləri abad mənzillə təmin etmək problemi ən mühüm problemlərdən biri olaraq qalır və bütün partiya, sovet, həmkarlar ittifaqı və təsərrüfat orqanlarının diqqəti bu problemin həllinə yönəldilməlidir”.

Bu illərdə Bakı şəhərində mənzil tikintisini sürətləndirmək üçün görülən mühüm tədbirlərdən biri Heydər Əliyevin təşəbbüsü ilə iripanelli evtikmə kombinatlarının yaradılması oldu. Sənaye üsulu ilə evtikmə kombinatlarının qüvvəsi ilə Bakının Yeni Əhmədli, Günəşli, Hövsan, Yeni Yasamal, 9-cu mikrorayon kimi yaşayış massivləri inşa olunmuş, on minlərlə ailə yeni mənzillərə köçmüşxeyli adam öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır.

Böyük Bakının inkişafına dair Baş Planın həyata keçirilməsinə şəxsən nəzarət edən Heydər Əliyev şəhərin bəzi yerlərində köhnə, uçmaq təhlükəsi olan, sanitar-gigiyena tələblərinə cavab verməyən və kommunal rahatlığı olmayan yaşayış binalarının, hətta bütöv məhəllələrin yerində müasir binalar tikilməsi məsələsinə də ciddi diqqət yetirirdi. Ötən yarım əsrlik zaman ulu öndərin şəhərsalma ilə bağlı olan uzaqgörən siyasətinin düzgünperspektivli olduğunu bir daha sübut etmişdir. Yeri gəlmişkən deyək ki, son illərdə Bakının bir çox yerlərində müasir layihələr əsasında tikilən çoxsaylı hündürmərtəbəli yaşayış evlərinin və ictimai binaların, park və istirahət obyektlərinin şəhərimizə müasir yaraşıq verməsi, bütövlükdə, paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin nəticələri dahi rəhbərin həmin illərdə irəli sürdüyü təşəbbüslərin onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin parlaq göstəricisidir.

Məlumdur ki, şəhərsalma məsələlərində arxitektorların rolu böyükdür. Yüksək memarlıq təxəyyülünə malik insan, öz Vətəninin baş quruculuq memarı sayılan lider olaraq gözəl memarlıq işlərini yüksək qiymətləndirən Heydər Əliyev memar və arxitektorların əməyinə həmişə qayğı ilə yanaşmış, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirmişdir. Bu baxımdan 1979-cu il dekabrın 7-də Azərbaycan Arxitektorlar İttifaqının XII qurultayının nümayəndələrini qəbul edərkən cəmiyyət həyatında arxitektorların rolundan bəhs edərək demişdir: Respublika iqtisadiyyatının dinamik inkişafı, adamların rifahının durmadan yüksəlməsi, istehsal obyektlərinin, mədəniyyət, elm, təhsil müəssisələrinin, yaşayış evlərinin yüksək sürətlə tikilməsini, şəhərlərin, qəsəbələrin, kəndlərin daha tez abadlaşdırılmasını tələb edir. Bütün bu işlərdə arxitektorların rolu böyükdür. Bu məsələləri kompleks həll etmək zərurəti şəhərsalma sahəsində işin gücləndirilməsini tələb edir... Biz nə tikiriksə hamısı gözəl, orijinal olmalı, adamların estetik tələblərinə cavab verməlidir”.

Görüşün sonunda arxitektorlara öz işlərində uğurlar arzulayan Heydər Əliyev yeni tikilən binalarda milli arxitektura formalarına geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyə etmişdir ki, bu da ulu öndərin milli mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir. Bütün bunlardan aydın olur ki, ötən əsrin 70--80-ci illərindən başlayaraq respublikamızın iri şəhərlərində şəhərsalma işlərinin elmi əsaslarla və uzaqgörənliklə planlaşdırılması, urbanizasiyanın tələblərinə əməl edilməsi, bacarıqlı, yurdsevər və uzaqgörən rəhbərin misilsiz təşkilatçılığı ilə əlaqədardır. Bu baxımdan yarım əsr əvvəlin uzaqgörənliyi ictimai həyatın başqa sahələrində olduğu kimi, şəhərsalma, urbanizasiya, məişət mədəniyyəti və sosial-ekologiya sahəsində də özünü göstərməkdədir.

Yaşam mədəniyyətinin inkişaf göstəricilərindən biri də şəhər, kənd və qəsəbələrdə əhaliyə göstərilən xidmətin səviyyəsidir. Əhaliyə göstərilən gündəlik zəruri xidmətlərin yaxşılaşdırılması, yeni xidmət növlərinin yaradılması və səviyyəsinin yüksəldilməsi ulu öndərin həmişə diqqət mərkəzində olmuşdur. O illərdə yüksək səviyyəli partiya və təsərrüfat yığıncaqlarında əhaliyə göstərilən məişət xidmətlərinin vəziyyəti mütəmadi müzakirə olunur, bu məsələyə ayrıca müşavirələr də həsr edilirdi. Əhaliyə göstərilən məişət xidmətinin yüksəldilməsinə həsr edilən belə tədbirlərdən biri də 1979-cu ilin aprel ayında keçirilmişdir. Şəhər əhalisinə göstərilən məişət xidmətinin vəziyyətini və onu daha da yaxşılaşdırmaq tədbirlərini müzakirə edən müşavirə iştirakçıları qeyd etmişlər ki, Bakı şəhərinin əhalisinə 300 növdən artıq məişət xidməti göstərilir.

Respublikanın o dövrdəki partiyasovet rəhbərlərinin iştirak etdiyi həmin yığıncaqda qeyd edilmişdir ki, son illərdə əhaliyə göstərilən məişət xidmətinin həcmi xeyli artmış, məişət xidməti şəbəkələri genişlənmiş, yeni xidmət növləri həyata keçirilmiş, bəzi məişət xidmətləri obyektlərində təzə texnoloji avadanlıqlar qurulmuşdur. Şəhərin 160-dan çox müəssisə və təşkilatında əhaliyə məişət xidmətinin göstərildiyi qeyd olunmuşdur. Bununla yanaşı, yığıncaq iştirakçıları əhaliyə göstərilən məişət xidməti sahəsində hələ də nöqsanlar olduğunu göstərməklə bəzi məişət xidməti təşkilatlarının əhaliyə yüksək xidmət göstərə bilmədiklərini, ayrı-ayrı müəssisələrdə bu işin tələbata cavab vermədiyini də qeyd etmişlər.

Əhalinin gündəlik ehtiyaclarının ödənilməsində iaşə və ticarət təşkilatları da önəmli rol oynayır. O zaman bu sahələrdə əhaliyə göstərilən xidmət tələbata cavab vermədiyinə görə vaxtaşırı ciddi tənqid olunmuşdur. Azərbaycan KP MK respublika rəhbərinin təşəbbüsü ilə “Ticarəti və respublika əhalisinə xidməti inkişaf etdirmək sahəsində” məsələ müzakirə edərək Ticarət Nazirliyinin yarıtmaz işi haqqında qərar qəbul etmişdir. O dövrdə ulu öndər Heydər Əliyevin göstərişi ilə xidmət sahələrinə tez-tez ictimai baxışlar keçirilir və nəticələr respublikanın rəhbər orqanlarında müzakirə edilərək müvafiq qərarlar qəbul edilirdi.

1969–1982-ci illərdə Heydər Əliyevin səyi və rəhbərliyi ilə mənzil tikintisi və abadlıq işləri şəhərlərdə olduğu kimi, kəndlərdə də böyük vüsət almışdı. Xüsusən, o zaman kənd əhalisinin maddi rifahı və pul gəlirləri artdıqca bölgələrdə müasir tələbata cavab verən mənzillərin tikilməsi sürətlənməyə başlamış, yerlərdə məişət şəraiti yaxşılaşmışdır. O illərdə aqrar sahədə qazanılan tarixi uğurlara uyğun olaraq kəndlərin siması dəyişmiş, abadlıq işləri genişlənmiş və yaşam mədəniyyəti inkişaf etmişdir. Dahi rəhbər mənzil tikintisində Şərq memarlığı üslubuna, milli mədəniyyətimizin ənənələrinə həmişə üstünlük verərək, bu məsələnin önəmini hamıya xatırladırdı.

Ümummilli lider 1981-ci ilin aprel ayında keçirilən ümumrespublika iməciliyi zamanı Bakıda aparılan yaşıllaşdırma, abadlaşdırma və şəhərsalma işləri ilə tanış olmaq üçün şəhəri gəzərkən demişdir: “Bakının siması keçmişinmüasir şəhərsalma nailiyyətlərinin təkrarsız vəhdəti ilə fərqlənməlidir. Arxitektorlar, layihəçilər öz işlərində Azərbaycan memarlığının binalara Şərq koloriti verən ünsürlərindən geniş istifadə etməli, unutmamalıdırlar ki, hazırda inşa edilən ansambllar və tikililər Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir”.

1982-ci ilin noyabrında Moskvaya yüksək dövlət vəzifəsinə gedərkən respublikanın rəhbər işçiləri və fəalları ilə görüşən ümummilli lider Heydər Əliyev Bakı şəhərində abadlıq və şəhərsalma işlərinə diqqət yetirməyi, əhalinin rifahının yüksəldilməsinə qayğı göstərməyi tövsiyə etmişbunun üçün uzunmüddətli kompleks proqram hazırlamağı tapşırmışdı. Bütün bunlar ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969–1982-ci illərdə respublika əhalisinin rifahının, yaşam mədəniyyətınin yüksəldilməsi üçün göstərdiyi qayğı və diqqətinin tarixə hopmuş silinməz izləridir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə, ölkənin bölgələrində aparılan genişmiqyaslı, kompleks abadlıq işləri, dünyanı heyran edən müasir binaların tikilməsi, şəhər və kəndlərimizin daha da gözəlləşdirilməsi, bütün bunların yekunu olaraq ümumi yaşam mədəniyyətimizin yüksəldilməsi ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70–80-ci illərində həyata keçirdiyi tədbirlərin, 30 ildən artıq bir müddətdə formalaşdırdığı ənənənin davamı və təntənəsidir.

 

Sakit HÜSEYNOV,

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2019.-13 iyul.- S.3.