Suraxanıda “Xalqa xidmətdə keçən ömür” adlı tədbir

 

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xalqa xidmətdə keçən ömür” adlı tədbir  keçirilib. 

Mərasimin əvvəlində RİH başçısı yanında Şuranın üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən Yeni Suraxanı qəsəbəsinin “14 İyul” küçəsində ulu öndərin siyasi hakimiyyətə gəldiyi günün şərəfinə ucaldılan xatirə kompleksi ziyarət olunub. 

YAP rayon təşkilatının akt zalında başlanan tədbirdə Dövlət himni səsləndirildikdən, Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ümummilli lider haqqında film nümayiş olunub.

Mərasimi giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 1969-cu il iyulun 14-də  ümummilli liderimiz Heydər Əliyev siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycan tarixində böyük dönüş dövrü başlanıb. Məhz həmin vaxtdan etibarən respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Doğma xalqının təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı sovetlər birliyinin ən qabaqcıl respublikalarından birinə çevirib. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlayıb və onların icrasına nail olub. Nəticədə 1969-1982-ci illər Azərbaycan Respublikasının tarixinə ən parlaq quruculuq illəri kimi yazılıb. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başlanıb. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilib. 

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev 14 iyulun xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlandığını və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək isə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edib. İstər keçmiş SSRİ, istərsə də mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına ləyaqətlə xidmət Heydər Əliyevin həyat  devizi  olub. 

Rəşad Hacıyev daha sonra bildirib ki, ölkə vətəndaşlarının tam etimad bəslədiyi, alternativsiz lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev tərəfindən Azərbaycan bütün sahələrdə dünyaya güclü, müstəqil və inkişaf yolu ilə uğurla irəliləyən ölkə kimi tanınıb, regionun nüfuzlu dövlətinə çevrilib.

Natiq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətini də diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. Dahi öndər hər şeydən əvvəl uzaqgörən siyasətçi idi, müdrik siyasəti ilə xalqımızın,   birliyini təmin edibqoruyub.

YAP Siyasi Şurasının üzvü,  ekologiya və təbii  sərvətlər   nazirinin müavini Firdovsi Əliyev çıxışında bildirib ki,  XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunan ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Milli Məclisin deputatı,  YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi, tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Ulu öndər Heydər Əliyevin xaosanarxiyadan xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2019.-13 iyul.- S.3.