Azərbaycan–ATƏT əməkdaşlığı yeni mərhələyə qədəm qoyub
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də beynəlxalq təşkilatlara üzv olmaq və əlaqələri genişləndirmək olub. Bu siyasətin əsas istiqaməti dövlətçiliyi və müstəqilliyi möhkəmləndirməyə, inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Lakin müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı və bunun sayəsində də baş verən qarşıdurmalar, anarxiya və özbaşınalıq qarşıya qoyulan vəzifələrin yerinə yetirliməsinə imkan verməmişdir. Yalnız 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təzyiqlərin və təhdidlərin, ilk növbədə, ölkəmizə qarşı Ermənistan tərəfindən edilmiş hərbi təcavüzün nəticələrinin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Həmin vaxtdan başlayaraq, ölkəmiz müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara – Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər qurumlara üzv oldu, bu istiqamətdə fəaliyyətini daha da artırdı. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Qürurverici haldır ki, respublikamız həm də GUAM regional qrupunun təsisçilərindən biridir.
Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirmiş, müstəqilliyini daha da möhkəmləndirmiş, ölkəmiz haqqında əsl reallıqları dünya birliyinə çatdırmışdır. 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (Budapeşt Sammitinin nəticəsinə əsasən, ATƏM 1995-ci il yanvarın 1-dən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyənləşdirən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevrilmişdir) ilə əlaqələri getdikcə genişləndirilmiş və bu gün həmin əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoymuşdur. Onu da qeyd edək ki, ATƏT Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Ölkəmiz təşkilatın əsas sənədləri olan Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999).
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Ölkəmiz, həmçinin ATƏT-lə demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. Xatırladaq ki, ölkəmizdə keçirilən seçkilərdə bu qurumun nümayəndələri müşahidə aparmış, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xətti ilə müxtəlif layihələr həyata keçirilmişdir. Bu nüfuzlu qurumla əlaqələr getdikcə genişləndirilmiş və bu gün yeni mərhələyə qədəm qoymuşdur. Hazırda Azərbaycan ilə ATƏT arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu günlərdə ölkəmizdə səfərdə olmuş ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli də dövlətimizin başçısı ilə görüşərkən bunu etiraf etmişdi. Görüş zamanı Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulanmış, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirilmişdi.
Ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın
demokratiya, insan hüquq və azadlıqlarının
qorunması və digər dəyərlərini qəbul edir və bölüşür.
Beynəlxalq ekspertlər də bu
əməkdaşlığı yüksək qiymətləndirərək
etiraf edirlər ki, Azərbaycan
bu gün ATƏT-in ən
fəal üzvlərindəndir. Ölkəmiz bu
qurumla əməkdaşlıq etdiyi uzun müddət ərzində
xeyli nailiyyət əldə etmişdir. Yəqin ki, ATƏT-in Lissabon Sammiti hər birimizin yaxşı yadındadır. 1996-cı ilin dekabrında Lissabonda keçirilən
ATƏT üzvü ölkələrin
dövlət və hökumət başçılarının
zirvə görüşündə
üç mühüm
sənəd (ATƏT-ə üzv
ölkələrin Lissabon
zirvə görüşünün
bəyannaməsi, XXI əsrin
Avropası üçün
ümumi və hərtərəfli təhlükəsizlik
modelinə dair bəyannamə və Avropadakı adi silahlı qüvvələrin
məhdudlaşdırılması prosesinin parametrləri və əhatə dairəsi haqqında sənəd) qəbul olunmalı idi. Lakin zirvə toplantısının
bəyannaməsində öz
əksini tapmış
müddəalardan biri
– Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
prinsiplərini özündə
ehtiva edən 20-ci maddə Ermənistan tərəfinin etirazına
səbəb olmuşdu.
İşğalçı dövlət
Ermənistan həmin maddəyə veto qoymuşdu.
Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın
mətnindən çıxarılmasına
qəti etirazını
bildirərək sammitin
bütün sənədlərinə
veto qoyacağını bildirmişdi
və elə də olmuşdu. Aparılmış danışıqlara baxmayaraq, ulu öndər öz mövqeyini dəyişməmiş
və ölkəmiz öz hüququndan istifadə edərək, sammitin bütün sənədlərinə veto qoymuşdu.
Bu isə Lissabon
Sammitinin nəticəsiz
başa çata biləcəyi demək idi.
20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç
prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi:
Azərbaycan və Ermənistanın ərazi
bütövlüyünün toxunulmazlığı, Dağlıq
Qarabağa Azərbaycan
Respublikasının tərkibində
öz müqəddəratını
təyinetmə hüququ
əsasında muxtariyyət
və özünüidarə
statusunun verilməsi və Dağlıq Qarabağın bütün
əhalisinin təhlükəsizliyinin
təmin olunması. Sözügedən prinsiplər ATƏT-in Minsk qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə keçirilmiş
iclasında münaqişənin
həlli formulu kimi qəbul olunmuşdu və təxminən eyni layihəni elə həmin ilin fevralında ATƏT-in fəaliyyətdə
olan sədri Flavia Kolti irəli
sürmüşdü.
Bütün maneələrə və çətinliklərə baxmayaraq,
Azərbaycan Prezidenti sona qədər öz prinsiplərinə sadiq qaldı və bir çox
dövlət başçıları
ilə keçirilmiş
görüşlərində də mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı. Uzun və gərgin
müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə
olan sədrinin xüsusi bəyanatında
təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: “Minsk qrupunun həmsədrləri
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinin
tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər”.
1999-cu ildə
ATƏT-in İstanbul zirvə
toplantısında da Azərbaycan öz ədalətli mövqeyini
dünyaya bəyan etmək üçün mühüm addımlar atmışdı. İstanbul sammitində Prezident
Heydər Əliyevin apardığı səmərəli
danışıqlar Ermənistanın
qeyri-konstruktiv mövqeyini
bir daha nümayiş etdirmişdi.
Rəsmi
Yerevan faktiki olaraq sülh sazişinin imzalanması prosesini hər vəchlə ləngitməyə çalışmışdı.
Halbuki sammitdən əvvəl bir çox beynəlxalq müşahidəçilər,
o cümlədən zirvə
görüşünün iştirakçıları sülh
sazişinin imzalanacağına
böyük ümid bəsləyirdilər.
İstanbul Sammitində qəbul olunmuş qətnamənin
20 və 21-ci maddələri
tamamilə Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə həsr
olunmuşdu və burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi
qəti şəkildə
bildirilmişdi.
Bütün bunlara baxmayaraq, ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın
genişləndirilməsinə xidmət edən bir təşkilat kimi Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllində
vasitəçilik missiyasını
yerinə yetirsə də, işğalçı
ölkəyə qarşı
heç bir sanksiya tətbiq etməmiş və münaqişənin nizamlanması
istiqamətində konkret
addım atmağa nail
olmamışdır.
Dövlətimizin başçısının münaqişənin nizamlanmasında mövqeyinin qəti olması artıq beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i işğalçı dövlət haqqında ikili standartları dəyişməyə vadar edib. Bu, həm də təşkilatın rəhbərləri ilə aparılan danışıqlardan sonra özünü büruzə vermişdir. Danışıqlar zamanı münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar beynəlxalq qurumların qəbul etdiyi sənədlər diqqətə çatdırılmış, ATƏT-in münaqişənin həlli ilə bağlı ədalətli mövqe tutması, məsələyə fundamental yanaşması, qəbul olunan sənədlərin icrasının zəruriliyi bildirilmişdir. Ən əsası isə bu qurumun rəhbərliyinə xatırladılmışdır ki, təcavüzkar ilə təcavüzə məruz qalan tərəflər fərqləndirilməlidir. ATƏT, eləcə də digər beynəlxalq qurumlar Ermənistanı təcavüzkar dövlət kimi tanımalı və ona qarşı sanksiyalar tətbiq etməlidir. Əks halda, münaqişənin həllində heç bir irəliləyiş olmayacaqdır.
Bütün bunlardan sonra qurumun baş katibi də Azərbaycanın ATƏT-in ən fəal üzvlərindən biri olduğunu etiraf edib və ölkəmizlə əməkdaşlığı yüksək qiymətləndirib. Deyib ki, Azərbaycan ATƏT-in fəaliyyətinə mühüm töhfələr verir. Bu da ATƏT-lə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasında mühüm rol oynamışdır. Son illər bu qurumun Parlament Assambleyasının qəbul etdiyi qərarlar da bunu təsdiqləyir. İlk növbədə, ATƏT PA-nın Helsinkidə keçirilən və Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyinə həsr olunan 24-cü yay sessiyasında qəbul olunan qətnaməni xatırlatmaq istərdik. Bu sənəd Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Ermənistan üçün isə, tam əksinə idi. Çünki bu qətnamədə Ermənistan işğalçı ölkə kimi təqdim edilirdi. Eyni zamanda, işğalçı ölkəyə sanksiyalar tətbiq etmək üçün hüquqi baza yaradırdı.
Bu günlərdə isə Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentarinin iştirakı ilə Lüksemburqda keçirilən ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyasında Azərbaycan diplomatiyasının yeni bir uğurunun şahidi olduq. Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının – Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü “paket şəklində”, ikili standartlar tətbiq edilmədən dəstəkləndi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapıb.
Azərbaycan– ATƏT münasibətlərinin yeni mərhələyə qədəm qoymasını, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin, həmçinin Ermənistanın işğalçı dövlət olmasının bu qurum tərəfindən rəsmən etiraf edilməsini təsdiqləyən belə qətnamələrin qəbul edilməsi düzgün müəyyənlədirilmiş xarici siyasətimizin uğurlarıdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2019.-16 iyul.- S.2