Azərbaycan multikulturalizminin banisi

 

Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib.

Heydər Əliyev

Ümummilli lider

 

Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Əvvəlki rəngarəngliyini və çoxtərəfliliyini tədricən itirən dünya bütövləşməyə doğru addım-addım yaxınlaşır. Müxtəlif ölkələrdə insanlar eyni kommunal xidmətlərdən və nəqliyyat vasitələrindən istifadə edir, eyni model paltar geyinir, oxşar qidalanır, ümumi televiziya verilişlərinə baxır, eyni xəbərləri dinləyirlər. Müasir sivilizasiyaların yaratdığı texnologiyalar, əmtəə, xidmətlər, informasiyalar və s. müxtəlif xalqların həyatına daxil olaraq onları bir-birinə oxşar edir. Bu gün inteqrasiya prosesini obyektiv əks etdirən ictimai şüur forması olan qloballıq da insanların kollektiv təfəkkür tərzinə can atdıqlarını, dünya sivilizasiyası ilə eyniləşdirmə tendensiyasını, artıq təkbaşına inkişafın mümkün olmadığını, multikultural şüurun və öz maraqlarını dərk edən sosial qrupların rol və əhəmiyyətinin artdığını göstərir.

Azərbaycan bu mühüm proseslə çox spesifik bir şəraitdə üzləşdi. XX əsrin sonlarında imperiya buxovlarından azad olaraq siyasi müstəqillik əldə edən ölkəmiz iqtisadi, mədəni, mənəvi sahələrdə də müstəqilləşərək, öz milli-mədəni irsini qoruyub inkişaf etdirmək şansı qazandı. Lakin müstəqilliyini qazandıqdan sonra dövlətimiz vətəndaş müharibəsi ərəfəsində suverenliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Ulu öndər bununla da milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həmçinin dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bəyan etdi.

Məlumdur ki, hər bir xalqın mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bu günədək məhz zəngin milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu və özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir.

Xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin bu məntiqə söykənərək müəyyənləşdirdiyi, milli maraqlara əsaslanan mütərəqqi inkişaf strategiyası ölkədə sabitliyin, demokratiyanın qorunmasına, bərqərar olmasına və davamlı yeni iqtisadi modelin formalaşmasına zəmin yaratdı. Ən əsası isə böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan Prezidenti seçildikdən sonra dövlət müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi təmin olundu. Ulu öndər öz nadir keyfiyyətləri sayəsində həmin mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərcmərclik, dərin iqtisadi, mənəvi və sosial-siyasi böhran vəziyyətindən çıxararaq, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ona görə də, Azərbaycan XXI yüzilliyə möhkəm siyasi, iqtisadi və mədəni təminatlı bünövrə üzərində qədəm qoyaraq milli təhlükəsizliyini, onun mühüm tərkib hissələri olan iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bildi və beləliklə, qısa tarixi dövr ərzində qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə yol açdı.

Bu dövrdə Heydər Əliyev müdrik siyasəti ilə həm də Azərbaycanda əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini, multikultural dəyərləri, tolerantlığı, insan hüquqlarının aliliyini özündə ehtiva edən son dərəcə mütərəqqi milli-ideoloji konsepsiyanın konturlarını müəyyənləşdirərək ölkədə multikulturalizm fenomeninin formalaşmasına nail oldu.

Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra əsas məsələlərdən biri də ölkədə tolerantlıq və multikulturalizm məsələsinin dövlət tərəfindən nizama salınması məsələsi idi. Çünki, XX əsrin sonlarında istər dünyada, istərsə də postsovet məkanında milli münaqişələrin artdığı bir zamanda müstəqillik yoluna qədəm qoymuş gənc bir dövlət üçün tolerantlıq və multikulturalizm kimi həssas məsələ olduqca vacib idi. Nəzərə alsaq ki, Azərbaycan tarixən tolerantlıq və multikulturalizm diyarı olub və xalqımızın tarixi qədər onların da tarixi qədimdir, o zaman multikulturalizm və tolerantlığın dövlət tərəfindən tənzimlənməsi yeni qurulmaqda olan vətəndaş cəmiyyəti üçün zəruri idi. Müdrik rəhbər uzaqgörənliklə insan təfəkküründə baş verən böhranlı məqamlar içərisində ən önəmlisinin insan fikrinin və bəşəri ideyaların transformasiyası olduğunu görürdü.

 Azərbaycan İslam ölkəsi olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. İslam dini ölkəmizdə tarixi- mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilir. Azərbaycan tarixinin heç bir dönəmində milli- dini zəmində qarşıdurmanın və ayrı- seçkiliyin olmadığı nadir ölkələrdəndir. Əsrlər boyu müxtəlif xalqların, dini konfessiyaların təmsilçiləri Azərbaycanda dinc yanaşı və əmin – amanlıqda yaşamışlar. Ulu öndər Heydər Əliyev deyirdi: “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır”.

Ümummilli lider haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi. Buna uyğun olaraq, Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Tarixən dinlərin və mədəniyyətlərin və Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan dövlət müstəqilliyinin bərpa etdikdən sonra da eyni funksiyanı uğurla davam etdirir.

Son illərdə ölkəmizdəki dini dözümlülük , tolerantlıq mühiti ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Qədim tarixə və zəngin ənənələrə malik olan xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış və bu sahə dövlətin qayğısı ilə əhatə olunmuşdur.

 Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını ortaya qoymaqla Azərbaycanda tolerantlıq və multikulturalizmin daha da sürətlə inkişaf etməsinə geniş şərait yaratdı. Azərbaycanda multikulturalizmin bütün problemləri, demək olar ki, azərbaycançılıq ideologiyası ətrafında yoxa çıxmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan milli azlıqlarla görüş keçirdiyi zaman demişdir ki, “mən milli azlıqlarla yox, Azərbaycan xalqı ilə görüş keçirirəm”.

Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının birinci qurultayında azərbaycançılığın mahiyyətini məhz bu cür ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu öndər həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Akademik Ramiz Mehdiyev özünün “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” adlı əsərində yazır: “Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır”.

Akademik S.Xəlilov özünün “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı kitabında yazır: Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir. Eyni zamanda, bütün azərbaycanlılar harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, rəsmi vətənləri ilə yanaşı, həm də özünün mədəni- mənəvi vətəni olan Azərbaycan Respublikasını düşünür, onun nüfuzunu uca tuturlar”.

Azərbaycançılıq ideologiyasının iqtisadi əsasları isə bunlardır: Azərbaycanı xammal istehsal edən ölkədən hazır məhsul istehsal edən ölkəyə çevirmək, iqtisadi islahatların milli maraqların qorunmasına yönəldilməsi, dövlət mülkiyyətinin qorunması və s.

Heydər Əliyevin fəaliyyətinin istər ölkə, istərsə də dünya miqyasında yüksək qiymətləndirilməsi azərbaycançılıq ideologiyasının təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Bu irsin qorunması və təbliği, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirilən müxtəlif tədbirləri təkcə bu dahi insanın şəxsiyyətinə münasibətlə əlaqələndirmək olmaz. Bu tədbirlər böyüməkdə olan gənc nəslin dövlətçilik duyğularının inkişaf etdirilməsi ba-xımından da çox böyük əhəmiyyətə malikdir.

 Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Ölkəmizdə formalaşan tolerantlıq mühitinin nəticəsidir ki, burada yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist qlduğu üçün respublikamızda yaşayan digər xalqların nümayəndələri özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünü qorunmasında qeyri- azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirmişlər və bu gün də bu davam edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyev olduğu üçün əsrlər boyu ölkəmizdə formalaşan multikultural dəyərlər məhz onun hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoyaraq geniş vüsət almışdır. Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində formalaşmasının, sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdı.

 Ölkədə yaşayan hər bir millətin , etnik qrupun nümayəndəsi vahid Vətən olan Azərbaycan uğrunda çalışması üçün güclü hakimiyyət və siyasi iradə tələb olunurdu. Məhz, Heydər Əliyevin siyasi müdrikliyi sayəsində bu gün Azərbaycanda yaşayan bütün millətlər və din mənsubları rahat şəkildə yaşayır və öz adət - ənənələrinə , dinlərinə sadiqdirlər.

Ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan , tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının tolerantlıq və multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət bu gün uğurla inkişaf edir.

 Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanımızda multikultural məsələlərdə çox önəmli addımlar atmışdır. Belə ki, o, digər dinlərin və xalqların xidmətlərini də həmişə yüksək qiymətləndirmişdir. 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşündə bu anı xüsusi olaraq qeyd etmişdir: “Əlbəttə Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının – həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca din olan İslam dininin, xristian pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir”.

 Azərbaycan Respublikası çoxmillətli bir dövlət olduğundan burada müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə , dinindən, irqindən dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. İslam dininin də multikultural sahədə tarixdə görünməmiş hadisələri olmuşdur. Bunun təsirini Azərbaycanda və hətta Qafqazda da büruzə verdiyini Heydər Əliyev belə ifadə etmişdir: “Dünyada çox yer vardır. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də , yəhudi dini də əsrlərlə birgə yaşayıb və indi də yaşayır”.

Təsadüfi deyildir ki, Roma papasının Bakıya səfərə gələrkən söylədiyi : “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün nümunə ola bilər” – fikri dünya üçün bir mesajdır.

 Bu gün ulu öndər Heydər Əliyevin ideyaları bütün sahələrdə olduğu kimi, multikulturalizm və tolerantlıq sahəsində də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirirlər. Azərbaycan dünyaya tolerantlıq nümunəsi ilə təqdim olunur. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kart rolunu oynayır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi mütəmadi beynəlxalq toplantılar, konfranslar, tədbirlər buna sübutdur.

 Bu gün Azərbaycan multikulturalizminin özəlliyi ondadır ki, multikulturalizmin bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə ölkəmiz multikulturalizmi özünün dövlət siyasəti bəyan etmişdir. Azərbaycan dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.

Azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə onun məzmununu daha da zənginləşdirməkdə, milli özünüdərk hissini gücləndirməkdə və Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini yüksəltməkdədir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

Bütün bu tolerantlıq ənənələrinin dünyada təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da danılmaz rolu var. Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilmişdir. Əsrlər boyu iki dünyanın Avropa və Asiyanın təkcə coğrafi deyil, həm də mədəni baxımdan “kəsişmə nöqtəsində” yerləşən Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanılmasına xidmət edən siyasi kurs, yuxarıda qeyd etdiyimiz kimi uğurla aparılır. Bu kursu həyata keçirməkdə dövlətin yanında vətəndaş cəmiyyəti institutu olan Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva durur. Tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasında, qorunub saxlanmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm proqramlar həyata keçirir. Bu proqramlar Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Bu, ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfəsini verməkdədir. Heç də təsadüfi deyildir ki, Prezidentimiz cənab İlham Əliyev istər ölkə hüdudlarından kənarda , istərsə də ölkə ictimaiyyətinin qarşısında çıxış edərkən deyir: “Multikulturalizm ölkəmizdə hər bir insanın həyat tərzinə çevrilmişdir”.

 

İbrahim CƏFƏROV,

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor