Aİ-Azərbaycan: strateji tərəfdaşlığın
aktual aspektləri Tuskun səfəri fonunda
“Azərbaycan çox
nadirdir. Ölkəniz özündə ənənə və
müasirliyi birləşdirir. Bu
günün mürəkkəb coğrafi
landşaftındakı strateji mövqeyinizə görə Siz
həm Şərqə, həm də Qərbə doğru
baxırsınız. Əvvəllər də
qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın
suverenliyini, müstəqilliyini və ərazi
bütövlüyünü dəstəkləyir”.
Donald TUSK
Avropa
İttifaqı Şurasının prezidenti
Bir sıra ekspertlər son
zamanlar Avropa İttifaqı – Azərbaycan münasibətlərində
çətinliklərin olduğu və hətta Brüsselin Azərbaycanın
ərazi bütövlüyünü tanımaqda tərəddüd
etdiyi haqqında əsassız informasiyalar yaymağa
çalışırdılar. Bu baxımdan Donald
Tuskun regiona səfəri yerinə düşdü. Aİ rəsmisinin ifadə etdiyi fikirlər təxribat
xarakterli həmin informasiyaları təkzib edib. D.Tusk Azərbaycanla əlaqələrin strateji
xarakterli və çox vacib olduğunu vurğulayıb. Bu, Aİ-nin məsələyə geniş aspektdə
yanaşması ilə şərtlənir. Belə ki, Brüssel Azərbaycanı Cənubi Qafqazın
həm qüdrətli dövləti, həm də lideri kimi qəbul
edir. Bu, Bakı ilə münasibətlərin
bütövlükdə regionun geosiyasi mənzərəsində
həlledici rol oynadığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev də D.Tuskla
müzakirələrdən sonra həmin kontekstdə konkret
tezislər ifadə edib. Bu
bağlılıqda D.Tuskun Azərbaycana səfərinin
geosiyasi əhəmiyyəti üzərində geniş
dayanmağa ehtiyac duyulur.
İki aspektin vəhdəti:
Azərbaycan müstəqil dövlət və Cənubi
Qafqazın lideri kimi
Avropa İttifaqı ilə
Azərbaycan arasında münasibətlər haqqında antiazərbaycan
mərkəzlər və erməni lobbisi tərəfindən əsassız
informasiyalar yayılır. Hətta bir sıra
hallarda Aİ ilə Azərbaycan arasında ciddi ziddiyyətlərdən
bəhs edilir. Lakin bu kimi informasiyalar hər
dəfə bu və ya digər tərəfin rəsmi nümayəndələrinin
səfərləri zamanı tamamilə puça
çıxır. Bu dəfə Avropa
İttifaqı Şurasının prezidenti Donald Tuskun regiona səfəri
çoxlarının danışdığı yalanları
üzə çıxardı.
Öncə onu deyək ki,
D.Tusk ikinci dəfədir ki, Aİ Şurasının Prezidenti
kimi Azərbaycana səfər edir. Artıq onun səlahiyyət
müddəti bitib və bu səfər mahiyyətcə vida
xarakterlidir. Həmin keyfiyyətdə də
səfər, faktiki olaraq, Aİ-nin müstəqil dövlətlərlə
əlaqələrinin xarakterini müəyyən mənada qiymətləndirmə
məqsədi daşıyır. Yəni
hansı dövlətlə Aİ-nin münasibətləri
hansı səviyyədədir və onun perspektivi necədir.
Prezident İlham Əliyevlə
D.Tuskun Bakıda apardıqları müzakirələr
yuxarıda vurğulanan məqamlar baxımından çox
maraqlıdır. Aydın göründü ki, Aİ
üçün Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyəti
olan ölkədir. Regionun başqa heç
bir dövləti ilə Aİ-nin bu səviyyədə
geniş və dərin əlaqələri yoxdur. Azərbaycan müstəqil dövlət və
regionun lideri kimi Brüssellə münasibətlərini elə
qurub ki, hər zaman konkret proqramların həyata keçirilməsi
özünü göstərir. Ümumi vədlərə
əsaslanan, gəlişigözəl sözlərlə bəzənən
bir münasibət yoxdur. Məsələn,
D.Tuskun ermənilərə yanaşması nə qədər
yaxşı olsa da (hətta bir sıra məqamlarda o, ermənipərəst
siyasətçi təsiri bağışlayır), konkret məsələlər
üzrə hansısa praktiki fəaliyyət gözə dəymir.
Nikol Paşinyana qədər Aİ ilə Ermənistan
arasında münasibətlər ümumi sözlər və
dilənçi payı verməklə məhdudlaşırdı,
indi isə meydana bunlardan əlavə geosiyasi ziddiyyətlər
də çıxıb.
Azərbaycanla bağlı situasiya
tamamilə fərqlidir: Aİ Cənubi Qafqazda real imkanlara,
müstəqil siyasətə və etibarlı tərəfdaşlıq
imicinə malik nüfuzlu bir dövlətlə münasibətlər
qurmaqdadır. Brüssel Bakıya real tərəfdaş
kimi yanaşır. Məsələnin
mahiyyəti bundan ibarətdir. Prezident
İlham Əliyev D.Tuskla görüşü zamanı həmin
məqamın müxtəlif aspektlərini konkret fikirlərlə
ifadə edib. Dövlət başçısı mətbuata
verdiyi bəyanatda deyib: "Bu gün təkbətək və
nümayəndə heyətlərinin iştirakı ilə
görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza
dair geniş spektrli məsələləri, regional inkişaf
və təhlükəsizlik məsələlərini
müzakirə etdik. Biz yeni sazişlə
bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında
davam edən danışıqları müzakirə etdik".
Bu fikirlərdən
görünür ki, Aİ – Azərbaycan münasibətlərində
ikitərəfli əməkdaşlığın geniş
istiqamətləri ilə yanaşı, regional inkişaf və
təhlükəsizliyə aid məsələlər də
ayrıca yer tutur. Belə bir spektr Brüsselin Azərbaycana
həm müstəqil dövlət, həm də Cənubi
Qafqazın lider ölkəsi kimi yanaşdığını əks
etdirir. Bu iki aspektin vəhdəti Aİ –
Azərbaycan münasibətlərinin təkamül
dinamikasını göstərir.
Beynəlxalq
hüquq və ərazi bütövlüyü: Brüssel erməniləri
məyus etdi
Azərbaycanın regional
inkişaf və təhlükəsizliklə bağlı
Aİ ilə yaxın tərəfdaşlığı konkret
proqramların reallaşmasına əsaslanır. Onlar həm
Brüsselin, həm də Bakının təşəbbüsü
ilə həyata keçirilir. Bu səbəbdəndir
ki, Aİ Azərbaycanı enerji təhlükəsizliyinin təminində
vacib ölkələrdən biri kimi qəbul edir. Bu prizmadan Prezident İlham Əliyevin
vurğuladığı yeni sazişlə bağlı Avropa
Komissiyası ilə Azərbaycan arasında aparılan
danışıqlar xüsusi önəm kəsb edir.
Dövlət başçısı həmin kontekstdə ifadə
edib: "Danışıqların perspektivləri ilə
bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar
uğurla davam edir. Bir çox məsələlər
artıq öz həllini tapıb. Hazırda biz
yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər
üzərində iş aparırıq". Deməli, Aİ
– Azərbaycan münasibətləri kifayət qədər
möhkəm təməl üzərində qurulub. Söhbət nəinki bu münasibətlərin pisləşməsindən
gedə bilməz, hətta Brüssel onun daha dolğun,
uzunmüddətli və mütərəqqi olması
üçün təşəbbüs göstərir. Bu isə Bakının təklif etdiyi strateji əməkdaşlıq
sənədi üzərində aparılan işdə konkret
ifadəsini tapır.
Bu baxımdan 2018-ci il
iyulun 11-də Aİ ilə Azərbaycan arasında "Tərəfdaşlıq
prioritetləri" adlı sənədin qəbul olunması
xüsusi əhəmiyyət kəsb edir. İlham
Əliyev D.Tuskla görüşündən sonra bunu ayrıca
vurğulayıb. Ölkə rəhbəri deyib: "Bu,
çox mühüm sənəddir. Burada Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığına dəstək ifadə olunur".
Mövqe kifayət qədər aydındır: Aİ rəsmi
olaraq Azərbaycanla münasibətlərin prioritet istiqamətləri
sırasında ərazi bütövlüyü, suverenlik və
sərhədlərin toxunulmazlığını qeyd-şərtsiz
prioritet məsələ kimi qəbul edir.
Bu fikirdə, əslində,
son vaxtlar bəzi qüvvələrin Aİ – Azərbaycan
münasibətlərinə kölgə salmaq məqsədi ilə
ortaya atdıqları iftiralara cavab vardır. Belə ki,
onlar Aİ-nin Azərbaycanın ərazi
bütövlüyü məsələsini qəbul etmək
istəmədiyi kimi cəfəng fikirlər yaymağa
çalışdılar. Məsələ
təbii ki, dərhal aydınlaşdı. İndi
isə Prezident İlham Əliyevin dəqiq ifadə ilə real
vəziyyəti əks etdirməsi məsələyə
nöqtə qoymuş olur. Çünki rəsmi
olaraq prioritet statusu almış bir sənəddə ərazi
bütövlüyü, suverenlik və sərhədlərin
toxunulmazlığı konkret göstərilirsə, Aİ
üçün bu, bir qanundur. Ondan kənara
çıxmaq mümkün deyil. Və ya
bu, Aİ-nin iflası demək olardı.
Əslində, D.Tusk da eyni
fikirləri ifadə edib. O, İrəvanda da açıq bəyan etmişdi ki,
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüquq normaları və
Helsinki Yekun Aktının şərtləri daxilində həll
edilməlidir. Yəni D.Tusk məsələyə
Aİ-nin siyasi, ideoloji və hüquqi dəyərləri
müstəvisində baxır. Bakıda o,
bu mövqeyini daha aydın fikirlərlə ifadə edib.
Aİ Şurasının prezidenti deyib: "Azərbaycan
çox nadirdir. Ölkəniz özündə ənənə
və müasirliyi birləşdirir. Bu
günün mürəkkəb coğrafi
landşaftındakı strateji mövqeyinizə görə Siz
həm Şərqə, həm də Qərbə doğru
baxırsınız. Əvvəllər də
qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın
suverenliyini, müstəqilliyini və ərazi
bütövlüyünü dəstəkləyir".
Burada qaranlıq heç bir məqam
yoxdur: D.Tusk Aİ ilə Azərbaycan arasında qəbul
olunmuş "Tərəfdaşlıq prioritetləri"nin müddəalarına uyğun fikir bildirib.
O, 2018-ci ildə müəyyən edilmiş prioritetlər
kontekstində Azərbaycanla əlaqələrin perspektivini belə
ifadə edib: "Avropa İttifaqı və Azərbaycan hər
il bir-birinə yaxınlaşır. Münasibətlərimiz
intensivləşib və mənim bugünkü səfərim
buna aydın işarədir. 2018-ci ildə
biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən
etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş,
habelə yeni Aİ – Azərbaycan sazişi üzrə
danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və
bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək".
D.Tusk bundan başqa tərəflər
arasında mühüm əhəmiyyət kəsb edən
enerji və nəqliyyat layihələrinin xüsusi yer
tutduğunu da vurğulayıb. Bütün
bunların yekunu olaraq, Ermənistan – Azərbaycan
münaqişəsinin həlli ilə bağlı Prezident
İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən
fikirləri olduqca maraqlıdır. Bakı
və Brüssel münaqişənin Azərbaycanın ərazi
bütövlüyü şərti ilə ancaq beynəlxalq
hüquq normaları çərçivəsində həll
edilməsinin vacibliyini vurğulayıblar.
Beləliklə, Aİ
Şurasının prezidentinin Azərbaycana səfəri iki
aspektdə əhəmiyyətli oldu. Birincisi, Brüsselin
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq
hüquq normaları daxilində həllində maraqlı
olduğu bir daha aydınlaşdı. İkincisi,
Brüssel Azərbaycanla əlaqələrinin strateji xarakterini
tam dərk edir və onun inkişaf etməsi üçün
konkret addımlar atır. Aİ ümid
edir ki, münasibətlərdəki "müsbət məqam
tərəfdaşlığımızı daha yüksək
səviyyəyə qaldırmalı, bütün
xalqlarımız üçün birbaşa faydalı
olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi
şaxələnmə prosesini müşayiət etməlidir".
Bizcə, şərhə ehtiyac yoxdur!
Xalq qəzeti.- 2019.-
17 iyul.- S.1.