Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi “Keşikçidağ”
kompleksi ərazisində törədilmiş
insidentlə bağlı AZƏRTAC-ın suallarını
cavablandırıb
Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov “Keşikçidağ” mağaralar kompleksi ərazisində bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Məlum olduğu
kimi, iki gün əvvəl bir qrup şəxs “Keşikçidağ”
mağaralar kompleksi ərazisində
Gürcüstandan Azərbaycan istiqamətində
sərhədi pozaraq Azərbaycan sərhədçilərinə
hücum edib,
onları nalayiq ifadələrlə təhqir
edib və güc tətbiq
edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?
– Bəli, təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.
– Bu günə qədər “Keşikçidağ” mağaralar
kompleksi ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir.
Bu barədə
danışmağınızı xahiş
edirik.
– Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.
– Növbəti mərhələdə komissiyalar
çərçivəsində hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
– Təəssüf hissi ilə qeyd etməliyəm
ki, Gürcüstan və
Azərbaycan komissiyalarının işində uzun
fasilələr olub. Bu
fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi
komissiyaların iclaslarının davamlı və
ardıcıl olması üçün səylər
göstərib. Bu il mayın 23-24-də Bakı
şəhərində keçirilmiş
Azərbaycan Respublikası ilə Gürcüstan
arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə növbəti 12-ci iclasda
komissiyaların işçi qrupları səviyyəsində
dövlət sərhəd xəttinin
razılaşdırılmamış sahələrinə
yerində baxış və müvafiq
ölçmə işlərinin aparılması barədə
razılıq əldə olunub və tərəfimizdən
bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi
təklif edilib. Həmin görüşün
nəticələrinə görə, komissiyaların növbəti
iclasının Gürcüstanda
keçirilməsi nəzərdə tutulur.
Xalq qəzeti.- 2019.-17 iyul.- S.2.