Azərbaycanlı pianoçular
isveçrəlilərin rəğbətini qazanıblar
Azərbaycan mədəniyyətinin, musiqisinin səs-sorağı ölkə hüdudlarından xeyli uzaqlardan gəlir. İstər klassik, istər bəstəkar mahnı ifaçıları iştirak etdikləri müsabiqələrdən həmişə yüksək nailiyyətlərlə qayıdıblar.
Bu günlərdə daha bir xoş xəbərə şahidlik etdik. İsveçrənin Val-de-Traver kantonunun Kuve (Couvet) qəsəbəsində keçirilən Beynəlxalq piano müsabiqəsində azərbaycanlı gənc ifaçılar Rüstəm Zeynalov və Leyla Kazımova da iştirak ediblər. Bu barədə diaspor.gov.az saytı məlumat verir. Bildirilir ki, müsabiqə cərcivəsində qəsəbənin “Temple de Couvet” kilsəsində gənc pianoçularımızın konserti təşkil olunub.
"Azərbaycanın dostları" birliyinin təşkilati dəstəyilə baş tutan konsertdə yerli ictimaiyyət nümayəndələri və İsveçrədəki səfirliyimizin əməkdaşları iştirak ediblər. Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edən istedadlı soydaşlarımızın çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Moskvanın Caykovski adına Dövlət Konservatoriyasinın aspirantı Rüstəm Zeynalov və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Kazımova beynəlxalq müsabiqələr laureatıdırlar. Onlar Rusiya və Avropa dövlətlərində Azərbaycanın musiqi mədəniyyətini uğurla təmsil və təbliğ edirlər.
Gənclərə yeni-yeni sevinclər, uğurlar diləyirik.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 21 iyul.- S.7.