İlk Milli Yaylaq
Festivalında ikinci gün
maraqlı anlarla yadda
qaldı
Azərbaycanda yaylaq və elat ənənələrinin
yaşadılması və
təbliği məqsədilə
iyulun 26-da açılış
mərasimi keçirilən
Milli Yaylaq Festivalının ikinci günü də maraqlı anlarla yadda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli
yaylağında, nadir konsepsiya
əsasında təşkil
olunan ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan
minlərlə iştirakçı-turist
etno-qəsəbənin ərazisində
yaşayış yurdları
(alaçıqlar), Cıdır
meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq
guşəsi”, “Dədə
Qorqud ocağı” (tamaşalar üçün
səhnə), “Yaylaq yatağı”, “Pəhləvan
meydanı”, “Aşıq
Ələsgər ocağı”,
“Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar.
El şənliyində
yaradılan mədəni-etnoqrafik,
milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların
diqqətini çəkib.
Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, əski xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub.
Meydana daxil olan çaparların Qarabağ atları ilə şousu alqışlarla qarşılanıb.
Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.
Festival çərçivəsində bir tərəfdə at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, ox atma yarışları keçirilir, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun-yarışları da təşkil olunur.
Qeyd edək ki, Milli Yaylaq Festivalının təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarətdir.
İyulun 28-dək davam edəcək festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
Xalq qəzeti.- 2019.- 28 iyul.- S.10.