Azərbaycan idman sahəsində daha bir beynəlxalq uğura imza atdı

 

Azərbaycan paytaxtında uğurla başa çatan növbəti mötəbər idman yarışları da dünyada böyük maraqla gözlənilir izlənilirdi. Bu isə təsadüfi deyildi.

Belə ki, bu gün beynəlxalq aləmdə sürətlə artan dostlarımız təcrübəli idman təşkilatçısı kimi tanıdıqları Azərbaycanın bu sınaqdan da uğurla çıxacağına inanırdılar. Bədxahlarımız isə “görək, Azərbaycanın idman təşkilatçıları nədə səhvə yol verəcəklər?” – deyə, marıqda durmuşdular. Nəticədə dostlarımızın, tərəfdaşlarımızın sevinci çox oldu, marıqdakıların isə təəssüfü. İnanırıq ki, bundan sonra da ölkəmizdə keçiriləcək bütün beynəlxalq tədbirlərin yekun təəssüratları məhz belə olacaq. Yəni stadionlarda, arenalarda yarışan, mübarizə aparan idmançılar olsa da, “uduzan”, peşmançılıq içərisində çapalayan məhz bədxahlarımız, qaragüruhçular olacaqlar.

Fakt göz qabağındadır. Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. “Zirvələrə hazır olan” yeniyetmə idmançılar Bakıda öz hünərlərini göstərdilər. Təbii ki, turnirin uğurlu təşkilini təmin edən mühüm amillərdən birison illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir neçə ildə “Formula-1” Qran-prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə təşkil etməklə, bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Ötən şənbə günü XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin keçirdiyi sonuncu mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils NayqardAvropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki ölkəmizə üzağlığı gətirən kifayət qədər maraqlı fikirlər səsləndirdilər.

Azad Rəhimov təkcə öz idmançılarımız haqqında deyil, eləcə də, Bakının qonağı olan avropalı atletlər haqqında da sözün həqiqi mənasında, fəxr və iftixarla danışdı: Biz festival müddətində yeniyetmə atletlərin timsalında əzmkarlığı, mübarizliyi ilə, demək olar ki, Olimpiya çempionlarından heçgeri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılırlar”.

Tamaşaçı marağı barədə danışan nazir idman yarışlarının daha çox televiziya vasitəsilə izləndiyi müasir dünya üçün o qədər xarakterik olmayan bir faktı yada salıb: “Həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalar üçün nəzərdə tutulan bütün biletlər satılırdı, güləş, cüdo gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmaq lazım gəlirdi”.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasında da özünəməxsus nümunə formalaşıb. Belə ki, nazir obyektlərdə hər gün, orta hesabla” 110-120 jurnalistin çalışdığını bildirdi. Bundan başqa, festival çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil”, “Yeni liderlərin idman liderliyi” və “Dopinqdən istifadəyə qarşı monitorinq” proqramlarının, eləcə də digər tədbirlərin reallaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Əvvəlki idman tədbirlərində olduğu kimi, bu yarışlardan sonra da ölkəmizin ünvanına təqdiredici fikirlər səsləndirilib. Məsələn, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Onun fikrincə, bu festival gənclərin karyerasında özünəməxsus yer tutacaq. Avropa rəsmisi qeyd edib ki, “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalı bütün Avropada gənclər ­arasında yeni dostluqlara yol açdı.

Festivalın hazırlanmasında və keçirilməsində daim təşkilat komitəsinin yanında olan, deməli, Azərbaycan həqiqətlərini ən incə məqamlarına qədər izləmiş, ölkəmizdə idmana olan marağın və dövlət qayğısının şahidinə çevrilmiş Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki də etirafını dilə gətirib: “Bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq. Avropalı idmançılar və nümayəndə heyətlərinin üzvləri Azərbaycandan xoş təəssüratlarla ayrılırlar”.

Həqiqətən, Bakı 7 gündə XV Avropa Gənclər Yay Olimpiya Festivalına layiqincə evsahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətləri üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

 Heydər Əliyev Fondunun vitse-­prezidenti

Leyla Əliyeva və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin də iştirak etdiyi bağlanış mərasimində də maraqlı fikirlər səsləndirildi. Məsələn, qeyd edildi ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. Bakıda keçirilən XV festivalın devizi də maraqlı idi: “Zirvələrə hazırıq!” Yəni Azərbaycan paytaxtının idman qurğuları 7 gün ərzində “zirvələrə hazır olan” yeniyetmələrin ixtiyarına verilmişdi. Xüsusilə qeyd edilməli məqamlardan biri də Azərbaycanda vüsət almış və beynəlxalq aləmdə yüksək qiymətləndirilən könüllüllər hərəkatının bu tədbirdə də hamı tərəfindən təqdir edilməsi idi. Qeyd edək ki, festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.

 Sonda daha maraqlı olan bir fakta nəzər salaq. Belə ki, başda Azərbaycan idmançıları nümayəndə heyətimiz olmaqla, Avropanın bütün gənc idmançıları, onların məşqçiləri idman nümayəndə heyətləri Bakının Bayıl ərazisindən, Xəzər sahilindəki “Baku Crystal Hall”da Slovakiyanın Banska Bistritsa şəhərinə dəvət aldılar. Belə ki, 2021-ci ildə növbəti -- XVI Festival Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək. Ona görə Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Noskoy festivalın bağlanış mərasimidə dedi:

Mən sizi öz cazibəsi ilə seçilən bir məkana dəvət etmək istəyirəm. Baxmayaraq, o, kiçik bir yerdir, lakin orada böyük potensial gizlənir... Bir halda ki, məhəbbət ürəkdə doğulur, sizi öz ölkəmin qəlbinə dəvət edirəm. Bilirsiniz niyə? Çünki bizim şəhər Slovakiyanın tam mərkəzində yerləşir o, hər yerə yaxındır. Çünki o, Olimpiya çempionlarının dünya şöhrətli idmançıların şəhəridir... 2021-ci ildə Avropanın mərkəzinə gəlin. Hamımız sizi Slovakiyada, Banska Bistritsada səbirsizliklə gözləyirik. Biz 2017-ci ildə Avropanın idman şəhəri adını fərəh hissi ilə daşıdıq 2021-ci ildə biz Avropa Gənclər Olimpiya Festivalının məşəlini fərəhlə daşıyacağıq. Hamınız dəvətlisiniz!”

Yaxşı yol, Avropa Gənclər Olimpiya Festivalının bayrağı! Uğur olsun estafeti Bakıdan götürmüş dağlar qoynundakı Banska Bistritsa şəhəri! Hazırlaş, azərbaycanlı yeniyetmə, növbəti gənclər festivalına!

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.-31 iyul.- S.1; 2.