Ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi
1 İyun
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Azərbaycan
cəmiyyəti həmişə uşaqlara
məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və
vətənpərvər böyümələri üçün hər cür
şərait yaratmağa
çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Bəli, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür.
Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, uşaqlar Heydər Əliyevlə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar. Bu səmimi və kövrək görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Özünüz diqqət yetirin. Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda nə qədər tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.
Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2019.- 1
iyun.- S.9.