Bayramınız mübarək, uşaqlar!

  

Bir körpənin təbəssümü, onun sevgi dolu baxışları bir xəzinə qədər dəyərli və əvəzsizdir. Dünyaya gəldikləri andan təkcə yaxınlarını deyil, bütövlükdə dünyamızı, cəmiyyətimizi müsbət mənada dəyişən körpələr həm də ümid dolu sabahımız, gələcəyimizdir. Gələcəyimizin daha parlaq, cəmiyyətimizin daha yaxşı və işıqlı, dövlətimizin daha qüdrətli olması isə körpələrə qayğıdan və sevgidən başlayır. Məşhur ABŞ yazıçısı Oskar Uayld yazırdı ki, uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. Doğrudan da, sağlam, dünyagörüşlükamil vətəndaş yetişdirmək üçün uşaqlara elə körpə vaxtından sevgi aşılamaq, onların ən qayğısız günlərini sevgi və sevinclə rəngarəng etmək bizim əlimizdədir. Dünyanın hər yerində böyük sevinclə qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da müxtəlif tədbirlərlə qeyd edilir.

 

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü belə yarandı

 

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasında “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra təkliflər səslənib. Elə həmin tədbirdəki müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, 1 İyun uşaqların beynəlxalq müdafiəsinə həsr edilən gün elan edilsin. Odur ki, 1950-ci ildən başlayaraq, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməyə başlanıb. Sözsüz ki, bu günün təsis edilməsi ilə milliyyətindən, cinsindən, irqindən asılı olmayaraq, dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara diqqət və qayğının vacibliyi məsələsi bəşəriyyətə mesaj olaraq ötürüldü.

BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr günü isə Ümumdünya Uşaqlar Günü kimi təsis edilib. Belə ki, 1954-cü ildə BMT -nin Baş Assambleyasının qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub. Lakin Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada və ölkəmizdə daha populyar bayram xarakteri alıb.

 

Digər ölkələrdə uşaqlarla bağlı bayramlar

 

Tarixə nəzər saldıqda, görürük ki, bir çox ölkələrdə uşaqlara olan diqqətin nəticəsidir ki, uşaqlarla bağlı özünəməxsus bayramlar var. Yəni, həmin ölkələr həm öz uşaq bayramlarını, həm də Beynəlxalq Uşaqların Müdafiəsi Gününü xüsusi təmtəraqla qeyd edirlər.

Qardaş Türkiyədə 23 aprel Milli suverenlikUşaq bayramı kimi böyük təntənə ilə qeyd edilir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün türk uşaqlarına hədiyyə etdiyi bu gün 1921-ci ildən milli bayram olaraq keçirilsə də, ­1929-cu ildən həm də uşaq bayramı kimi qeyd olunmağa başlanıb.

1979-cu ildə ilk dəfə olaraq 6 ölkənin iştirakı ilə beynəlxalq səviyyəyə qaldırılan bu bayram sonrakı illərdə digər ölkələrin uşaqlarının Türkiyəyə gəlməsi və bayrama qatılması ilə bir növ beynəlxalq status alıb. Türkiyəyə dünyanın bir çox ölkəsindən uşaqlar gələrək öz sevinclərini yaşıdları ilə bölüşüb.

Rusiyada 1 iyun xüsusi əyləncəli konsert proqramları, gəzintilər və xeyriyyə aksiyaları ilə qeyd edilir. Televiziya ilə yayımlanan xeyriyyə aksiyası çərçivəsində tanınmış idmançılar, musiqiçilər uşaq evləri, xəstəxana və reabilitasiya mərkəzlərinə baş çəkir, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşürlər.

Polşada valideynləri ilə bayram gəzintisinə çıxan uşaqları cizgi filmlərinin personajları ilə qarşılaşır, onlar uşaqları şirniyyata qonaq edirlər.

Bolqarıstanda bu gün hələ sovetlər dövründən xüsusi qeyd edilir və özünəməxsusluğu ilə seçilir. Bu Bolqarıstan KPMK-nın Baş katibi Todor Jivkovun qızı Mədəniyyət Komitəsinin sədri Lyudmila Jivkovanın təşəbbüsü ilə olub. Onun təşəbbüsü ilə 1979-cu ildə “Dünya bayrağı” adlı ilk beynəlxalq uşaq assambleyası yaradılmışdı ki, məqsəd dünya uşaqlarının sülh uğrunda səylərini birləşdirmək, sülhü təbliğ etmək idi. Hətta Sofiya şəhərinin yaxınlığında assambleyanın şərəfinə ucaldılmış abidə ətrafında hər il iyunun 1-də çalınan zəng bir çox ölkələrdən balaca qonaqları oraya toplayırdı. Tədbirdə iştirak edən uşaqlar müxtəlif müsabiqələrdə, oyunlarda iştirak edir, asfalt üzərində şəkillər çəkir, eyni zamanda, Bolqarıstanın gəzməli yerləri ilə daha yaxından tanış olurdular. Ölkədə yaradılmış bu nəcib ənənə Lyudmila Jivkovanın dünyasını dəyişməsindən sonra dayansa da, son illər onun qızı Yevgeniya Jivkovanın təşəbbüsü ilə yenidən bərpa edilib.

İspaniyada isə uşaq günü yanvarın 5-də qeyd edilir. Əslində, bu, dini bayram hesab edilsə də, “Kralın magiyası” bayramından daha çox uşaqlar sevinir. Madrid şəhərini bürüyən parad maşınları ilə “üç kraluşaqlara şirniyyat paylayır, şəhər darvazasına və ya meriyanın binasına yaxınlaşanda kralın dizi üstündə oturan istənilən uşaq ondan xüsusi hədiyyə alır. Kralın xüsusi hədiyyəsini alan uşaq ona söz verməlidir ki, dərslərini yaxşı oxuyacaq.

İsveçdə avqustun 7-də Oğlanlar Günü qeyd edilir. Bu bayramda uşaqlar xüsusi olaraq xərçəng qiyafəli kostyumlar geyinir, müxtəlif səhnəciklərdə çıxış edirlər. Ümid edirlər ki, oğlan uşaqları da xərçəng kimi cəsarətli və qorxmaz olacaqlar.

İsveçrədə isə dekabrın 13-də Lusiya İlahə – Qızlar Günü bayram edilir. İnanca görə, Lusiya İlahəsi qızları qoruyur. Bu bayramda qızlar “ilahəyə çevrilərək” uşaqları sevindirən xeyirxah işlər görür, onların qəlbini sevindirirlər.

Braziliyada isə uşaqlar 1 iyundan başqa 15 avqust gününü bayram edirlər. Həmin gün epidemiyalara qarşı mübarizə günü kimi qeyd edilir. Həmin gündə ölkədə həkimlər uşaqları müayinə edir, 5 yaşına qədər olan uşaqlara müəyyən xəstəliklərə qarşı peyvənd vurulur.

Yaponiya uşaqları ildə üç dəfə öz bayramlarını qeyd edirlər. Martın 3-də Qızlar Günü qeyd edilir. Bu bayramda balaca qızlara valideynləri xüsusi hədiyyə alır, evdə onlar üçün cürbəcür kuklakimono nümayiş etdirirlər. Mayın 5-də isə Oğlanlar Günü qeyd edilir. Giriş qapılarında üzərində cəsarəti simvolizə edən sazan balığının şəkli olan mavi bayraqlar asılır. Bu gündə uşaqlara yapon hərb tarixi, silahlar barədə məlumat verilir. Əfsanəyə görə, sazan balığı şəlaləni aşaraq əjdahaya çevrilib. Odur ki, yaponlar öz oğullarını da həmin balıq kimi həyatın çətinliklərini dəf edə bilən cəsarətli, qorxmaz vətəndaş kimi görmək istəyirlər.

Noyabrın 15-də YaponiyadaYeddi-beş-üç” adlı bayram da qeyd edilir. Yaponların fəlsəfəsinə görə, 3, 5 və 7 yaş uşağın ən xoşbəxt yaşlarıdır. Qərbi Afrikada isə təxminən bir ay davam edən “uşaq karnavalı” məşhurdur. Onlar rəqs etməklə, mahnı oxumaqla bu bayramı qeyd edirlər. Bütün dünya uşaqlarını isə bir gün--1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü birləşdirir. Bayramınız mübarək, uşaqlar!

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2019.- 1 iyun.- S.9.