Uşaqlar bizim gələcəyimizdir
Müstəqillik illərində ölkəmizin qazandığı hərtərəfli uğurlar sırasında ailələrimizin davamı, milli dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən davamlı siyasətin ürəkaçan, sevincli nəticələri də diqqətçəkəndir. Ən ümumi uğur ondan ibarətdir ki, son onilliklərdə dünyanın böyük dövlətlərində doğum azalsa da, müharibə şəraitində yaşayan Azərbaycanda əhalinin sayı yüksək templə artır. Müstəqillik dövrünə 7 milyon əhali ilə qədəm qoymuş xalqımızın sayı bu ilin aprelində 10 milyon nəfərə çatdı.
Məcburi köçkün həyatı yaşayan Həsənovların ailəsində doğulmuş 10 milyonuncu soydaşımızı xoşgördüyə getmiş Prezident İlham Əliyev bu tarixi hadisəni belə dəyərləndirdi: “Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”.
Biz Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Ermənistanın Azərbaycana 30 ildən bəri davam edən hərbi-siyasi təzavüzünün ən ağır nəticələrindən biri olara, beynəlxalq “Uşaq Hüquqları haqqında Konvensiya”nın tələblərinin kobud surətdə pozulmasının davam etməkdə olduğunu da qeyd etməliyik. Azərbaycan rəhbərliyi bu sənəddən beynəlxaq dəstək kimi istifadə edərək, Ermənistanın ərazimizə təcavüz etməsini, 300 mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşağın əzəli hüquqlarının pozulmasını, işğal olunmuş ərazilərin əhalisində uşaqların dünyaya məcburi köçkün kimi gəlməsini ardıcıl olaraq dünya ictimaiyyətinə çatdırır.
Bir daha xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın 20 faiz ərazimizi vəhşiliklə işğal etməsi gedişində 175 uşaq qətlə yetirilmiş, yüzlərlə uşaq yaralanmışdır. 214 uşağın əsir və girov taleyi yaşamış, 66 uşaq itkin dümüş, 29 uşaq isə girovluqda qalmışdır. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycan uşaqlarını qətlə yetirməsi davam etmiş və sonrakı dövrdə 34 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət uşaq siyasətini bu gün Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar.
Nəzakət ƏSƏDOVA,
Bərdə
rayonundakı A.Əsədov adına
Şorəlli kənd
orta məktəbinin müəllimi
Xalq qəzeti.- 2019.- 1 iyun.-S.9.