Ömrünü elmin və təhsilin

inkişafına həsr etmiş nurlu insan

 

İSLAM TAĞIYEV – 85

 

Respublikanın tanınmış geoloq-alimi, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar akademiyalarının həqiqi üzvü İslam Tağıyevin 85 yaşı, əmək fəaliyyətinin 62 ili tamam olur.

 

İslam Tağıyev 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini, sonrakı illərdə Patentşünaslıq və Siyasi İqtisadiyyat universitetlərini və SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Təhsildən sonra o, keçmiş Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə işə göndərilmiş və 2001-ci ilə qədər burada müxtəlif vəzifələrdə çalışmışdır.

İslam Tağıyev 1972-1977-ci illərdə Geologiya, Geofizika, Geodeziya və Xəritəçəkmə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1977-1998-ci illərdə Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədrinin 1-ci müavini, 1998-2001-ci illərdə Dövlət Komitəsinin sədri, 2001-2005-ci illərdə ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2005-ci ildən bu günə qədər isə ADNSU-nun Neft-qaz geologiyası kafedrasında pedaqoji fəaliyyət göstərir.

 İslam Tağıyev 1971-ci ildə akademik Mirəli Qaşqayın elmi rəhbərliyi ilə Neft Akademiyasının Elmi Şurasında müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. Dünya şöhrətli, SSRİ-də geotermiya elminin əsasını qoymuş akademik F.Makarenko dissertasiyanın opponenti kimi Bakıya gəlmiş və elmi şuranın iclasında dissertasiyanı yüksək qiymətləndirmişdir. Azərbaycanın zəngin filiz faydalı yataqlarının, yeraltı su hövzələrinin, bütünlükdə Yerin təkinin hərtərəfli tədqiq olunmasında alimin böyük rolu olmuş, onun rəhbərliyi və iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılmasında qabaqcıl texnologiyalar müvəffəqiyyətlə tətbiq edilmişdir.

Azərbaycan ərazisinin, bütünlükdə, Qafqazın ən aktiv seysmik regionlarından biri olması nəzərə alınaraq İslam müəllimin tövsiyəsi ilə yüksək seysmikliyə malik regionlarda seysmogenerasiya strukturlarının və dərinlik tektonik qırılmalarının vəziyyəti və zəlzələ ocaqlarının dinamikasının proqnozlaşdırılmasında yeraltı suların əsas hidrogeoloji parametrlərinin istifadəsi məqsədilə Quba, Şamaxı, Bakı (Novxanı), Şəki və digər ərazilərdə xüsusi rejim-müşahidə quyuları qazılmış və uzun illər müşahidələr aparılmışdır. AMEA-nın Geologiya İnstitutu və digər qurumları ilə aparılan bu tədqiqatlar SSRİ-nin tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

1999-cu il avqustun 17-də Türkiyənin Adapazar bölgəsində çox faciəvi-dağıdıcı zəlzələ nəticəsində 18 min insan həlak olmuşdu. Bu hadisədən bir neçə gün sonra ABŞ, Türkiyə və NATO-nun iştirakı ilə İstanbulda keçirilən elmi simpoziuma İslam Tağıyev də dəvət olunmuş və zəlzələnin proqnozlaşdırılması sahəsində Azərbaycanda görülən işlər barədə məruzə ilə çıxış etmişdir. İslam Tağıyevin məruzəsi ilə bağlı Azərbaycan rəhbərliyinə Türkiyədən minnətdarlıq məktubu göndərilmişdir.

Geologiya sahəsində görkəmli xidmətlərinə görə İslam Tağıyev XXVII Beynəlxalq Geologiya Konqresinin qızıl medalına layiq görülmüşdür. 2000-ci il martın 7-də baş vermiş Bayıl sürüşməsinin və 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün yaradılan Dövlət komissiyalarının üzvü kimi İslam Tağıyev yorulmadan çalışmış, belə təbii fəlakətlərin fəsadlarını aradan qaldırmaq üçün əlindən gələni etmişdir. Təkcə onu demək kifayət edər ki, o dövrdə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarının rəhbərləri ilə Bakıya gəlmiş və ümummilli liderimiz Heydər Əliyev ilə görüşərkən demişdir ki, çox mürəkkəb bir ərazidə, şəhərin mərkəzində və dəniz sahilində gecə saat 02:00 radələrində baş vermiş torpaq sürüşməsindən 8 saat əvvəl 30-a yaxın kiçik yaşayış evlərinin sakinləri sahədən vaxtında köçürülmuş, ona görə də insan itkisi olmamışdır. O dövrdə İslam müəllimin iştirakı ilə SSRİ-də ilk dəfə olaraq, Ukraynanın “Magellan Aerokosmik Agentliyi”nin xüsusi avadanlıqlarla təchiz olunmuş təyyarəsi vasitəsilə 1500-6000 metr yüksəklikdən aeroteplovizor planalma tədqiqatları aparılmış və müvafiq monitorinq şəbəkələri qurulması üçün təkliflər irəli sürülmüşdür.

İslam müəllim keçmiş SSRİ dövründə 25 ilə yaxın Respublika Dağ-Mədən Elmi Cəmiyyətinin sədri olmuşdur. Görkəmli alim SSRİ-nin Əməkdar kəşfiyyatçı geoloqu kimi Moskva, Sankt Peterburq, Kiyev, Alma–Ata, İstanbul, Antalya, Tehran və Təbrizdə keçirilən konfrans və simpoziumlarda Azərbaycan geologiya elmini uğurla təmsil etmişdir.

İslam Tağıyev 1998-ci ildə ingilis dilində çap olunmuş böyük həcmli “Geotermal Atlas of Azerbaijan”ın müəlliflərindən və AMEA Geologiya və Geofizika İnstitutu, ETSN və Neft Şirkəti tərəfindən 2008-ci ildə tərtib edilmiş 1:500000 miqyasında Azərbaycanın geoloji xəritəsinin redaktorlarından biridir (akademiklər A.Əlizadə və X.Yusifzadə ilə birlikdə).

İslam müəllim müxtəlif dövrlərdə respublika qəzetlərində geologiya və Yerin təki sahəsində olan problemlər və naliyyətlər haqqında yazılmış 100-dən artıq məqalənin, xarici ölkələrdə çap olunmuş 200-ə yaxın məqalənin, monoqrafiyaların və dərsliklərin müəllifidir. Onun elmi, intellektual potensialını və fəaliyyətini AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vaxtilə Elmlər Akademiyasının prezidentləri olmuş akademik Fərəməz Maqsudov, Mahmud Kərimov və görkəmli akademik Azad Mirzəcanzadə yüksək qiymətləndirmişlər.

Cəmiyyətin tərəqqisinə, elmin və mədəniyyətin yüksəlişinə həsr edilmiş ömür İslam müəllimə ucalıq və şərəf gətirmişdir. Xalqımızın dəyərli ziyalısı İslam Tağıyevi 85 illik yubileyi münasibəti ilə həmkarları, dostları və tələbələri adından təbrik edir, ona uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

 

Kamal ABDULLAYEV,

Azərbaycanın Əməkdar elm xadimi,

texnika elmləri doktoru, professor

Yusif İSRAFİLOV,

AMEA Geologiya və Geofizika İnstitutunun şöbə

müdiri, geologiya-mineralogiya elmləri doktoru

Nəriman BABAYEV,

geologiya-mineralogiya elmləri doktoru

 

Xalq qəzeti.- 2019.- 1 iyun.- S.10.