ZİRƏDƏ MİRZƏ BALA
MƏHƏMMƏDZADƏ GÜNÜ
Bugünlərdə Azərbaycan Xalq
Cümhuriyyətinin, milli məfkurə irsinin qoruyucusu və
davamçısı, böyük ictimai-siyasi xadim, ədəbiyyatşünas,
publisist, tarixçi, düşüncə adamı Mirzə
Bala Məhəmmədzadəni xalqımıza bəxş etmiş
Bakının Zirə qəsəbəsində cəfakeş
istiqlal mücahidinin
adını daşıyan küçənin və
barelyef-abidənin açılışı oldu.
Respublikanın
tanınmış ziyalılarının, alimlərinin,
ictimaiyyətin tanınmış nümayəndələrinin,
kənd ağsaqqallarının, məktəblilərin
iştirakı ilə keçirilən mərasimi AYB-in katibi,
yazıçı-dramaturq, şair, əslən zirəli olan
İlqar Fəhmi açdı. Çıxış edənlər
Mirzəbala Məhəmmədzadənin öz vətənində
ən böyük ehtirama layiq olduğunu vurğuladılar,
xatirəsinin əbədiləşdirilməsi
üçün görülən işlərdən
razılıqlarını bildirdilər.
M.B.Məhəmmədzadə
günü Zirə Mədəniyyət Mərkəzində elmi konfransla davam etdirildi.
AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məclisi
əhatəli giriş sözü ilə açdı.
AYB katibi İlqar Fəhmi “Mirzə
Bala Məhəmmədzadə və Azərbaycan Cümhuriyyəti”,
professor , Mirzə Balanın ömür yolunun tədqiqatçısı
Asif Rüstəmli isə “Mirzə Bala Məhəmmədzadənin
həyat və yaradıcılığının Bakı
dövrü” mövzusunda məruzə etdilər.
Konfransda Bakı Dövlət Universitetinin
professorları Cahangir Məmmədli, Nəsir Əhmədli,
Türkiyə Səfirliyinin mətbuat müşaviri Hamid Qaradəniz,
M.B.Məhəmmədzadənin tədqiqatçısı,
sosial elmlər doktoru Əfqan Vəliyev, professor Bədirxan
Əhmədli, Xəzər Rayon İcra
başçısının müavini Arif Balayev unudulmaz istiqlal mücahidinin bəlalı
və dönməz mübarizəsinin ayrı-ayrı məqamlarından
söz açdılar.
Sonda Mirzə Bala Məhəmmədzadənin yeni çapdan çıxmış "İstiqlal mücadiləsi" (Tərtibçi və ön sözün müəllifi A.Rüstəmli) toplusu və professor Asif Rüstəmlinin "Zirədən başlanan yol. M.B.Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti" monoqrafiyası iştirakçılara təqdim olundu
Konfrans iştirakçıları Zirə Eko-Parkında görülən genişmimiqyaslı yaradıcılıq və abadlıq işləri ilə tanış edildi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2019.- 8 iyun.- S.6.