Böyük istiqlal mücahidinin
amalı milli ideallarda
yaşayır
Əhməd bəy Ağaoğlu
– 150
Böyük türkoloq və
istiqlal mücahidi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Şuşa
Rayon İcra Hakimiyyətinin,
Azərbaycan Mətbuat
Şurasının və
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin birgə
təşkilatçılığı ilə ölməz məfkurə sahibinin yetirməsi olduğu təhsil ocağının
varisi Şuşa şəhər 1 nömrəli
tam orta məktəbdə
təntənəli yubiley
mərasimi keçirilib.
Köçkünlük illərində Bakının Yasamal rayonu ərazisində fəaliyyətini davam etdirən məktəbin dəhlizlərində rayon musiqiçilərinin
təşkil etdiyi çal-çağır, Rəsm
Qalereyasının təqdim
etdiyi ekspozisiya Milli Məclisin deputatlarında, jurnalistika
alimlərində, media təmsilçilərində
və digər qonaqlarda şuşalıların
bu gün də Azərbaycan mədəniyyətini zənginləşdirən
sənətçilər yetirdiyi
barədə yetərli
təəssürat yaradıb.
Şuşa Dövlət Musiqili
Dram Teatrının aktyorlarının
ifasında ədəbi-bədii
kompozisiya və Emin Məmmədlinin ifasında “Ey Vətən” mahnısı
böyük maraqla qarşılanıb.
Yubiley məclisini giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsalə Fətəliyeva
Əhməd bəy Ağaoğlunun Şuşanın
çoxsaylı dahi yetirmələri arasında
öncül şəxsiyyətlərdən
olduğunu vurğulayıb,
şuşalıların görkəmli
hüquqşünas, publisist,
tənqidçi və
şərqşünas alim
olmuş həmyerliləri
ilə həmişə
öyündüklərini vurğulayıb.
BDU mətbuat tarixi
kafedrasının professoru
Nəsiman Yaqublu ölməz yubilyarın şanlı ömür yolu və mübarizə
hədəfləri barədə
məruzə ilə çıxış edərək
bildirib ki, böyük türkoloq və istiqlal mücahidi olmuş Əhməd bəy Ağaoğlunun ölməz
amalı və nurlu əməlləri milli ideallarda yaşayır.
Dövlət İdarəçilik Akademiyasının professoru
Elçin Əhmədov,
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Rövşən
Rzayev, BDU-nun jurnalistika
fakültəsinin kafedra
müdirləri – professorlar
Cahangir Məmmədli
və Allahverdi Məmmədli, professorları
Qulu Məhərrəmli
və Alxan Məmmədli, dosenti Aygün Əzimova, doktorantı Ruxsarə Məmmədova Əhməd
bəy Ağaoğlunun
dövlətçilik və
jurnalistika tariximizdə
sanballı xidmətlərindən
söz açıb, onun zəngin və dəyərli irsinin layiqincə araşdırılması və
çağdaş nəsillərə
çatdırılması ilə bağlı zəruri işlərdən
danışıblar.
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram
Səfərov görkəmli
həmyerlilərinin ömür
və mübarizə yollarının rayonda yeni nəsillərin təlim-tərbiyəsi üçün
örnək olduğunu
vurğulayıb, məcburi
köçkünlük şəraitində
rayonun mövcudluğunu
davam etdirən şuşalıların yurd
həsrətindən və
doğma yerlərə
qayıtmaq arzularının
bir an da
azalmadığından danışıb.
Əhməd bəy Ağaoğlu
nəslinin nümayəndəsi,
Təhsil Nazirliyinin əməkdaşı Rövşən
Ağayev amal və əməlləri ilə təkcə bir ailəni, şəhəri, ölkəni
deyil, bütün Türk dünyasını
şərəfləndirmiş nəsildaşının xatirəsinə
göstərilən yüksək
ehtirama görə minnətdarlığını bildirib.
Mərasim Bülbülcan adına Şuşa musiqi məktəbinin müəllimləri Siyavuş
Mehdiyev və Xəyalə Əliyevanın
ifasında yanıqlı
“Qarabağ şikəstəsi”nın
sədaları altında
sona yetib.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2019.-
9 iyun.- S.6.