Heydər Əliyevin qayıdışı
müstəqilliyimizin əbədiliyini təmin
etdi
Bildirmək istəyirəm
ki, Azərbaycan Respublikasının bugünkü ağır,
mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə
dərk edirəm. Bu vəzifəni üzərimə
götürərək, öz məsuliyyətimi anlayıram və
bunların hamısını rəhbər tutaraq əlimdən
gələni edəcəyəm. Mən burada böyük bir
nitq söyləmək niyyətində deyiləm. Yalnız bir
neçə kəlmə mütləq deməliyəm. Ali
Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti
olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi
özüm üçün ən əsas vəzifələrdən
biri hesab edirəm.
Ulu öndər Heydər Əliyevin Azərbaycan
Respublikası
Milli Məclisinin 15 iyun
1993-cü il
tarixli iclasındakı çıxışından
Azərbaycan
öz inkişaf yolunu Heydər Əliyevin simasında
görürdü və müraciət edərək, onu dəvət
etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi,
ömrünün böyük hissəsi geridə
qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət
və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul
etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın
müstəqil həyatı başladı.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müstəqillik
tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun – Milli Qurtuluş Günü
ölkəmizdə böyük təntənə ilə qeyd
edlir. Həmin gün Azərbaycan xalqı üçün
unudulmaz tarixlərdən və şanlı bayramlardan biridir.
İndiki nüfuzlu, güclü, müstəqil Azərbaycan
dövləti məhz Milli Qurtuluş Günü sayəsində
sayılıb - seçilən müasir dünya dövlətləri
sırasına qoşulmuşdur. Həmin gündən
başlayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqını, millətini və bütövlükdə, Vətənimizi
düçar olduğu ağır bəlalardan, məhv
olmaqdan qurtardı, müstəqil dövlətimizin sürətli
inkişafı, beynəlxalq aləmə inteqrasiyası
üçün bütün imkanlardan istifadə etdi. Torpağına,
xalqına, Vətəninə sonsuz məhəbbətlə
bağlı olan ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan
dövlətçiliyinin xilasının, bugünkü
müstəqilliyimizin əsasını qoydu.
Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı. Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
...SSRİ -nin süqutundan sonra onun tərkibində olan respublikalar kimi, Azərbaycan da öz müstəqilliyini bərpa etdi. İlk illərdə – ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb və çox ziddiyyətli proseslərin məngənəsində sıxılırdı. Həmin vaxt respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, qorxaqlığı, siyasi bacarığının olmaması, hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil dövləti idarə etməkdə təcrübəsizliyi vəziyyəti getdikcə ağırlaşdırır, ölkəni parçalanmaq həddinə çatdırırdı. Azərbaycan anarxiya, xaos, özbaşınalıq burulğanına düşmüşdü. Bir-birini tez-tez əvəz edən hakimiyyət nümayəndələri xalqın milli maraqlarından daha çox, özlərini düşünür, hakimiyyəti uzun müddət əllərində saxlamaq üçün müxtəlif yollara əl atırdılar. Bundan istifadə edən mənfur qonşumuz isə torpaqlarımızı hissə-hissə zəbt edirdi.
Qonşu dövlətlərlə münasibətlərin getdikcə pisləşməsi, daxildə ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin özbaşınalıqları, nəhayət, ölkəyə rəhbərlik edənlərin birincilik davası vəziyyəti son dərəcə gərginləşdirmişdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü təhlükə qarşısında qalmışdı. Bu gərginlik, hərc-mərclik ayrı-ayrı şəxslərin nəzarətində olan ordu hissələrinə də sirayət edirdi. Həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaqdansa, maddi maraqların əsirinə çevrilirdi.
1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçiliyini itirən, silahlı birləşmələrə nəzarət edə bilməyən o zamankı Azərbaycan iqtidarı çaşqın vəziyyətə düşmüşdü. Artıq respublikanın bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı qruplaşmalar açıq şəkildə mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirdilər. Ölkədə siyasi gərginlik gündən-günə dərinləşir, vətəndaş müharibəsi həddinə çatırdı. Artıq hakimiyyətin ən yüksək təbəqələrində qruplaşmaların yarandığı açıq-aydın özünü büruzə verirdi.
O vaxtkı iqtidarın hərbi təcrübəsi və bu sahədə təhsili, qabiliyyəti olmayan, lakin korpus komandiri vəzifəsinə qədər yüksəltdiyi şəxsin birincilik iddiasına düşməsi, qanunlara tabe olmaması, “dövlət içərisində dövlət yaratması” siyasi böhranı daha da dərinləşdirirdi. Gəncədə baş qaldıran həmin silahlı dəstə Müdafiə Nazirliyinin idarəçiliyindən çıxmış və qanunlara tabe olmurdu. Dövlətə qarşı açıq müharibə elan edən silahlı dəstə bir-birinin ardınca rayonları zəbt edir, öz adamlarını rəhbər təyin edərək mərkəzə yaxınlaşırdı.
O zamankı iqtidar ardıcıl olaraq məntiqsiz qərarlar qəbul etməklə vəziyyəti daha da gərginləşdirir, qarşıdurmanı gücləndirirdi. 1993-cü il iyunun 4-də Gəncədə başlayan silahlı münaqişənin alovları getdikcə bütün respublikanı bürüyürdü. Gəncədə, o cümlədən, Bakıya qədər bir sıra rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Müdafiə Nazirliyinə tabe olmayan 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə silahlı hərbi hissə arasındakı döyüş vəziyyəti son həddə çatdırdı.
Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, qorxaqlığı və qətiyyətsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi bu hadisəni kəskin pislədi və bununla əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək, səbirli, təmkinli olmaları tövsiyə olunur, müstəqilliyimizin qorunub saxlanılacağına böyük inam ifadə olunurdu.
Yaranmış son dərəcə ağır vəziyyət, respublikanın parçalanması təhlükəsinin artması, xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Çıxılmaz vəziyyətə düşmüş xalqın və başını itirmiş o vaxtkı iqtidarın yeganə ümid yeri Heydər Əliyev idi.
Vətənin həmin ağır günlərində xalq müdrik şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider vətənpərvər ziyalıların və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Vəziyyət
son dərəcə ağır idi. Respublika fəlakətin
bir addımlığında idi. Bu faktlar 1993-cü il iyunun 4-də
Gəncə şəhərində baş vermiş hadisələri
təhqiq edən deputat-istintaq komissiyasının yekun rəyində
də öz əksini tapırdı: “Respublikada son dərəcə
mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi
ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu,
qanunların işləməməsi, torpaqlarımızın
xeyli hissəsinin erməni işğalçıları tərəfindən
zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq
həddindən aşağı səviyyədə
yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına
talanması, sosial, siyasi və mədəni həyatda
qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik
xalqın səbrini son həddə çatdırmış
axırıncı bir ilin xarakterik əlamətləridir”.
1993-cü
il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri
ilə bağlı gərgin müzakirələr
başlandı. Gəncədəki ağır vəziyyətə
görə məsuliyyət daşıyan AXC iqtidarının
ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa
verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları
parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevə təklif etsələr də,
o, mövcud vəziyyəti yerində öyrənmək
üçün Gəncəyə gedəcəyini və
yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi.
Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə
birlikdə Gəncəyə yola düşdü.
Ümummilli
lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən
ölkədə yaradılacaq daxili sabitliyin təməlinə
çevrildi. Təbii ki, bu, çox riskli bir səfər idi.
Gəncədə Surət Hüseynovun ətrafına
toplaşmış silahlı dəstələr hər an ulu
öndərə sui-qəsd edə bilərdilər. Lakin o,
bundan qorxmadı, Vətəni, xalqı düçar
olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas
etmək, Azərbaycanı qorumaq üçün bu riskli səfərə
getdi.
Gəncədə
isə yerli sakinlər öz xilaskarını – ulu öndəri
gül-çiçəklə, böyük hörmət və
ehtiramla qarşıladılar. Yerli əhali küçələrə
çıxır, ulu öndərə inamını
nümayiş etdirir, onunla görüşür, belə
ağır məqamda onlara arxa-dayaq olduğuna görə
sevincini nümayiş etdirirdi.
İyunun
13-ü ulu öndərin xilaskarlıq missiyası qətiyyət
və cəsarət nümunəsi kimi tarixə
yazıldı. Heydər Əliyev iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı. Həmin vaxtdan etibarən ulu öndər
ölkədə daxili sabitliyin yaradılması istiqamətində
kifayət qədər uğurlu addımlar atdı, cəbhədə
düşmənə tutarlı cavablar verərək, onu atəşkəs
haqqında sazişi imzalamağa məcbur etdi, ölkənin
yeni neft strategiyasını hazırladı və bununla da beynəlxalq
aləmdə əlaqələrin genişləndirilməsinə
böyük zəmin yarandı. Azərbaycan tədricən
beynəlxalq aləmə inteqrasiya olundu və müstəqilliyimiz
qorunub saxlanılaraq əbədiyyətə çevrildi.
15 iyun
günü Azərbaycan xalqının tarixində ən
önəmli, yaddaqalan gündür. Çünki məhz həmin
gün hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi,
millətimizi bəlalardan qurtardı. Onun siyasi səriştəsi,
müdrikliyi, güclü iradəsi, böyük əzmi və
millətinə, Vətəninə olan sevgisi, dövlət
idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanı
çətin vəziyyətdən qurtardı. Ulu öndər
Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasındakı
çıxışında bütün potensialdan istifadə
edərək, Azərbaycanın müstəqilliyini əbədiyyətə
çevirməyi qarşıya mühüm vəzifə kimi
qoyduğunu bəyan etdi: “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi 1918-ci ildə yaranmış
ilk Azərbaycan Demokratik Respublikasının ənənələri
əsasında, müasir tələblərlə, dünyada
gedən proseslərlə bağlı olaraq təmin
olunmalıdır. Bu sahədə mən daim
çalışacağam və heç kəsin şübhəsi
olmasın ki, ömrümün bundan sonrakı hissəsini
harda olursa-olsun, yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf
etməsinə həsr edəcəyəm. Bununla əlaqədar
olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan
Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç
bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir
başqa dövlətin əsarəti altına düşməyəcək”.
Ulu öndər bəyan etdi ki, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyətə çevriləcək. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini -- hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək.
Bu gün dünya birliyində layiqli yer tutmuş, inkişaf etmiş dövlətlər sırasına qoşulmuş, beynəlxalq aləmdə söz sahibinə, nüfuzlu beynəlxalq qurumların fəal üzvünə çevrilmiş müstəqil Azərbaycanın bünövrəsi 15 iyun 1993- cü ildə möhkəm təməllər üzərində qurulub. Fəxr edir və qürur hissi keçiririk ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycan hazırda onun ən layiqli siyasi varisi Prezident İlham Əliyevin praqmatik düşüncəli fəaliyyəti nəticəsində dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır.
Mehdi ABDULLAYEV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
prorektoru, hüquq üzrə elmlər
doktoru
Xalq qəzeti.- 2019.- 9 iyun.- S.1; 3.