Azərbaycan kitabı baş
mükafatı qazandı
Milli Kitabxanada MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirildi. İclası Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. Sonra Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı Elbəy Əli diqqətə çatdırdı ki, MDB-nin dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının 2018-ci il noyabrın 28-dən 29-dək Düşənbədə keçirilmiş iclasında 2019-cu ildə Azərbaycanın Şuraya sədrliyi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunmuşdur.
Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda, kitabların dizaynı, mövzusu da nəzərə alınır.
Tədbirdə açıq səsvermə yolu ilə qalib nəşrlər müəyyən edildi.
Səsvermənin nəticələrinə əsasən, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının nəfis tərtibatlı nəşri (“Şərq-Qərb” nəşriyyatı) müsabiqənin Qran-pri mükafatına layiq görüldü. Bundan əlavə, “Birlik” nominasiyası üzrə “Qara Qarayevin “Yeddi gözəl” baletinin səhnə həyatının tarixi” nəşri (Natalya Dadaşova) I yerə, Mir Cəlalın “Publisistika” və “Ədəbi tənqid” kitabları xüsusi diplomla mükafatlandırıldı.
“Ölkəm” nominasiyasında “Vətənim Azərbaycan” (Aydın Aslanov və Rauf Hüseynzadə – “Şərq-Qərb” nəşriyyatı) kitabı II, “Uşaqlar və gənclər üçün kitab” nominasiyası üzrə “Klassiklərin əsərlərindən seçmələr” (“Renessans – A” nəşriyyatı) kitabı I yerə layiq görüldü. “İllüstrasiya sənəti” nominasiyası üzrə “Yuxunun sehri” (Aytən Yadigarlı), “Mədəni dialoq” üzrə “Dədə Qorqud kitabı” (Vatikan nüsxəsi) ikinci yeri qazandı.
“Elm və innovasiya” nominasiyasında Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” kitabı I yerə, Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı isə xüsusi diploma layiq görüldü.
“Məktəbli ədəbiyyatı və təhsil” nominasiyasında Müşfiq Xanın 6-11-ci siniflər üçün “Biologiya” nəşri birinci oldu, “Məktəblinin kitabxanası” seriyasından “Koroğlu” və “Dədə Qorqud” kitabları isə xüsusi diploma layiq görüldü. Müsabiqənin “Art kitab” nominasiyası üzrə Çingiz Qacarın “Köhnə Şuşa” kitabı II yeri tutdu.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 9
iyun.-S.5.